Məhkəmə qərarları › İş №2(103)-6001/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6001/2024

25.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6001/2024 25.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: “alimentin artırılması”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4511/2024 saylı, 26 avqust 2024cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(001)- 351/2021 saylı qətnaməsi ilə Rzayeva (Şükürova) Rəşadə Rəhim qızı ilə Cavabdeh arasında 04 dekabr 2007-ci il tarixdə Astara rayon Kakalos Kənd İcra Nümayəndəliyində bağlanmış, akt qeydləri kitabında 41 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan olan 20 may 2008-ci il təvəllüdlü X3 və 17 mart 2011-ci il təvəllüdlü X4 adlı uşaqların analarının yanında saxlanması və uşaqların yetkinlik yaşa çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 170 manat olmaqla, ümumilikdə 340 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(001)- 2337/2022 saylı qətnaməsi ilə Cavabdeh hər ay hər uşağa görə 185 manat olmaqla, ümumilikdə 370 manat sabit pul məbləğində alimentin tutularaq X1 ödənilməsi qət edilmişdir. Qətnamə cavabdehdən tutulacaq alimentin miqdarını müəyyən edərkən onun maddi vəziyyətini və aylıq əmək haqqının 300 manat olması ilə əsaslandırmışdır.

3. Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, İddiaçı "xxxx" MMC-də qeydiyyatçı-menecer işləyir və aylıq məvacibi 345 AZN təşkil edir.

4. Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də direktor vəzifəsini tutur və aylıq məvacibi 350 AZN təşkil edir.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(001)- 2337/2022 saylı qətnaməsinə əsasən övladları 20 may 2008-ci il təvəllüdlü X3 və 17 mart 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər uşağa görə tutulan 185 manat, cəmi 370 manat sabit pul məbləğində alimentin məbləğinin artırılaraq, hər ay, hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbində göstərir ki, hazırda alimentin məbləği qanun üzrə 235 manat məbləğində müəyyən edilmişdir. Uşaqları saxlamaqda maddi cəhətdən çətinlik çəkdiyindən alimentin artırılmasını xahiş edir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4511/2024 saylı, 26 avqust 2024-cü il tarixli qətnaməsi (hakim Səidə Məmmədova) ilə iddianın qismən təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(001)- 2337/2022 saylı qətnaməsi ilə 20 may 2008-ci il təvəllüdlü X3 və 17 mart 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 185 manat, cəmi 370 manat miqdarında alimentin dəyişdirilərək artırılması və alimentin məbləğinin, əvvəli hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər uşağa görə hər ay 225 (iki yüz iyirmi beş) manat, iki uşağa cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi; Cavabdeh mediasiya xərci kimi 50 (əlli) manat pul İddiaçı, dövlət rüsumu kimi 30 (otuz) manat pulun alınaraq dövlət nəfinə ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmə tərəflərin mövqeyini və gətirdiyi dəlilləri incəliyərkən müəyyən edir ki, iddiaçı öz tələbində qismən haqlıdır. Belə ki, qanunvericiliyin sadaladığımız normalarına əsasən, uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə alır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, həmçinin uşaqların mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, alimentin artırılması üçün qanuni əsasın olması barədə iddiaçının tələbi nəticə etibarı ilə qanuni və əsaslıdır. Bu, uşaqların layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkilinin təmin edilməsi zərurəti baxılan iddia tələbinin qismən təmin edilməsini mümkün edir. Konstitusiya və beynəlxalq-hüquqi aktlar ilə dövlətin üzərinə uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət etmək kimi pozitiv öhdəliyin qoyulması uşaqlıq dövrünün şəxsiyyətin formalaşmasının mühüm mərhələsi olmasından, məhz bu ərəfədə insanın mənəviyyatının, dünya görüşünün inkişaf etməsi, psixi və fiziki sağlamlığının bünövrəsinin qoyulmasından irəli gəlir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Lakin məhkəmə gəldiyi nəticəni təktərəfli qiymətləndirməməli, cavabdehin də mövqeyini diqqətdən qaçırmamalıdır. Cavabdehin iddianın təminini istisna edən hal kimi kredit öhdəliklərinin və digər xərclərinin mövcud olmasını bildirməsini – uşaqların saxlanmasının hər bir valideynin istisnasız vəzifəsi olması müddəasından irəli gələrək məhkəmə qəbul etmir və hesab edir ki, göstərilənlər iddianın rədd edilməsi üçün əsas deyil. Lakin unutmaq olmaz ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinin - valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Yəni yalnız cavabdeh atanı gələcəkdə ödənilməsi real görsənməyən aliment öhdəliyi ilə yükləməkdənsə, uşaların maddi ehtiyaclarının təmin olunmasında əmək qabiliyyətli olmaqla hazırda işləyən və rəsmi aylıq gəlirə malik olan iddiaçı ananın da iştirakını nəzərə almaq ədalətli olardı. Belə ki, işin hallarından və AZEMİS elektron məhkəmə portalından görünür ki, iddiaçının mülkiyyətində torpaq sahəsi və “Ford” minik markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Mülki iş materiallarında olan 14 may 2024-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”ndən görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 24,4 kv.metr olan mənzilin İddiaçı aid ½ hissəsinə görə İddiaçı 48000 manat ödəmişdir. Göründüyü kimi, iddiaçı ananın maddi durumu onun ərizəsində göstərdiyi kimi öz övladlarının saxlanılmasında cavabdehlə birgə iştirakını təmin edəcək qədər yetərsiz deyildir. Unutmaq olmaz ki, hazırda mübahisəsi gedən aliment yetkinlik yaşına çatmayan uşaqların saxlanılması məqsədilə təyin olunur və tərəflər arasında şəxsi prinsipial məqamlardan irəli gələn üstünlük və ya qazanc əldə etmək niyyətinə heç bir halda xidmət etmir. Aliment uşaqların layiqli, firəvan yaşayış səviyyəsi, təlim tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkilinin təmin edilməsi zərurəti daşıyır və işin faktiki hallarına, tərəflərin maddi vəziyyətinə uyğun görsənməyən yüksək məbləğin müəyyən edilməsi, artıq və ödənilməsi real olmayan aliment məbləği ilə tərəfi yükləməklə bərabər, qanuni qüvvəyə minmiş məhkəmə qərarının da gələcəkdə icrasız vəziyyətdə qalmasına şərait yaratmış olur.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv, iddia tələbinin isə təmin olunmamasını xahiş edib şikayətində göstərir ki, o, davamlı olaraq hər ay vaxtında aliment ödəyib. O, "xxxx" MMC-də direktor vəzifəsində işləyir, aylıq məvacibi 350 AZN təşkil edir. Qanunvericiliyin də tələbindən göründüyü kimi sabit pul məbləğinin miqdarı təyin olunarkən tərəflərin maddi və ailə vəziyyəti nəzərə alınmalıdır. Onun maddi vəziyyəti ağırdır. Alqısatqı müqaviləsinə görə bankdan pul götürdüyü üçün maddi vəziyyətində dəyişiklik olmuş, maddi vəziyyəti sonradan daha da pisləşmişdir. Hər ay 1554 manat məbləğində kredit ödəyir. Övladlarının daim qayğılarına qalıb. Konstitusiyanın 34-cü maddəsinin 4-cü bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Məcəllənin bu maddəsi valideynlərin hər ikisi üçün nəzərdə tutulmuşdur. İddiaçının maddi vəziyyəti onun maddi vəziyyətindən dəfələrlə yüksəkdir. Qətnamədə də qeyd olunduğu kimi iddiaçının mülkiyyətində torpaq sahəsi və “FORD” minik markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İddiaçının maddi vəziyyəti yaxşıdır. Bundan əlavə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(001)-351/2021 saylı qətnaməsinə əsasən Toyota Land-Cruiser minik markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı və Nissan X- Trail minik markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobillərin ½ hissəsi üzərində iddiaçının payı müəyyən edilmişdir. Qətnamə icraya yönəldiyi zamandan etibarən avtomobillər icraçının göstərişi ilə dayanacaqda saxlanılır. İddiaçının tələbi ilə avtomobillər üzərinə həbs qoyulub. Aralarında razılıq olmadığı üçün avtomobillər dayanacaqda saxlanılaraq yararsız vəziyyətə düşür. İddiaçının maddi vəziyyəti çox yaxşıdır, sadəcə məqsədi onun maddi vəziyyətini daha da pisləşdirməkdir. Azərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Maddi vəziyyəti son dövrlərdə daha ağırlaşmışdır. Yaşamaq üçün başqa evi olmadığına və evin bölgüsü ilə bağlı razılıq əldə edilmədiyinə görə evin iddiaçıya məxsus olan payını da almaq üçün 48000 manat məbləğində bankdan kredit götürüb. Aylıq məvacibin az olması, hər ay etdiyi kredit ödənişləri hətta özünün minimum tələbatını ödəməsinə imkan vermir. Bu hallar aşkar olduğu halda məhkəmə işə obyektiv yanaşmamış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun olmayan, ədalətsiz və qanunsuz qərar qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

10. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməməsini xahiş etdi.

11. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

12. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

13. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

14. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

15. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

16. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd).

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

18. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

19. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

21. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv olunması xahiş edilib, şikayətin məzmunundan isə görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni iddianın təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

22. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

23. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

24. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə alimentin artırılması ilə bağlı faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia haqlı sayılır.

25. Cavabdehin göstərdiyi dəlillər onu iddiaçı ilə rəsmi nikahdan olan uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin göstərdiyi dəlillər alimentin artırılmasının rədd edilməsi üçün birmənalı əsas ola bilməz. Çünki təyin olunmuş alimentin məbləği uşağın minimum yaşayış tələbatını ödəyə bilmir. Azərbaycan Respublikasında 2024-cü il üçün müəyyən olunmuş bir uşaq üçün yaşayış minimumu 235 manat olmuş və bu məbləğin azaldılması uşaqlarla bağlı Beynəlxalq Konvensiyaların tələblərinə də zidd olardı. Ona görə də hansısa maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasından söhbət gedə bilməz. Çünki uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir.

26. Uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Ona görə də cavabdehin şikayətində göstərdiyi hallar alimentin artırılmasının rədd edilməsi üçün əsas ola bilməzdi.

27. Məhkəmə tərkibi xüsusilə vurğulayır ki, cavabdehin apellyasiya şikayətinin dəlili kimi vurğuladığı maddi vəziyyətinin son dövrlərdə daha ağırlaşması, aylıq məvacibinin az olması, hər ay etdiyi kredit ödənişləri hətta özünün minimum tələbatını ödəməsinə imkan verməməsi məhkəmənin qanuni və ədalətli qətnaməsinin ləğvi üçün əsas ola bilməz, hətta valideyn kimi mənəvi baxımdan da müsbət qarşılanmayan haldır. Belə ki, bu halların həqiqi olması belə uşağın qanuni və mənəvi haqqı olan alimentdən yayınmaq üçün vasitə olmamalıdır. Əksinə övladının təməl xərclərini qarşılamaq üçün kifayət qədər maddi imkanı olmadığını bəyan etməsi ilə hər ay 1554 manat kredit ödəməsi bir-birinə uyğun olmayan, yəni bir-birini tamamlamayan hallar sayılır. Valideynlərin ayrılmasının uşağın psixoloji vəziyyətində yaratdığı natamamlıq hissi danılmazdır. Uşağın təməl xərclərinin cüzi hissəsini qarşılaması üçün artırılan aliment məbləğinin mübahisə predmeti olması atanın valideyn kimi öhdəliyindən yayınması təəsüratını yaradır. Ancaq cavabdeh də unutmamalıdır ki, iddiaçı ilə uğursuz nikah münasibətlərinin acısını uşaqlar çəkməməlidir.

28. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4511/2024 saylı, 26 avqust 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4511/2024 saylı, 26 avqust 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar