Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6008/2022 22.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nigar Kərəm qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli e-2(006)-2516/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Tərtər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 140799 №-li doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X8 Bakı şəhərində anadan olmuş, atası qrafasında Cavabdeh, anası qrafasında isə İddiaçı qeyd edilmişdir. Tərtər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 140800 №-li doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X9 Bakı şəhərində anadan olmuş, atası qrafasında Cavabdeh, anası qrafasında isə İddiaçı qeyd edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018- ci il tarixli 2(006)-1518/2018 saylı qətnaməsinə əsasən, X4 ilə Cavabdeh arasında xx.xx.20211-ci ildə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində bağlanmış və 291 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından anadan olan uşaqları xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 anaları X2 yanında saxlanılması, Cavabdeh uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq X3 ödənilməsi qət edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, İddiaçı Tərtər rayon Təhsil Şöbəsinin ümumi təhsil məktəbində müəllim vəzifəsində işləyir və əmək haqqı 799 manatdır. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2022-ci il tarixindən Cavabdeh yanacaq doldurma məntəqəsində əməliyyatçıxəzinədar işləyir, aylıq əmək haqqının məbləği 300 manatdır. Bakı 6 saylı Mediasiya təşkilatının “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışından görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün tutulan aliment məbləğinin artırılaraq, hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-1518/2018 saylı qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 iddiaçının yanında saxlanmaları, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Lakin, Cavabdeh tərəfindən ödənilən aliment xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2016- cı il təvəllüdlü X6 tələbatlarının ödənilməsi üçün kifayət etmir. Həmçinin son illərdə ölkə üzrə yetkinlik yaşına çatmayanların yaşayış minimumu da artırılmışdır. Uşaqların maddi tələbatlarını ödəmək tək qadın olaraq İddiaçı çox çətindir. İddiaçı bu məsələ ilə bağlı mediasiyaya da müraciət etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli e-2(006)- 2516/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, alimentin məbləği artırılaraq, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmənin mövqeyinə görə, məhkəmə yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün kifayət qədər maddi imkana malik olmaması barədə cavabdehin dəlillərini qəbuledilən hesab etmir. İstinad edilən hallar cavabdehi azyaşlı uşaqlarının saxlanılmasında üzərinə düşən valideynlik vəzifəsinin icrasından, o cümlədən aliment öhdəliyindən azad etmir, təyin olunan aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət edir. Bu baxımdan məhkəmə, “uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Miqdarı dəyişdirilmiş alimentin tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi gündən deyil, aliment məbləğinin artırılması barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə mövqeyini Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 112.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3, 220.4 və 233.4-cü maddələri, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bu münasibətlər üzrə hüquqi mövqelərinə istinadla əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsində icraat Qətnamədən narazı qalan Cavabdeh (Nümayəndə) apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal RayonMəhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)-2586/2022 saylı qətnaməsinin ləğv edilərək və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillər aşağıdakılardan ibarətdir: - tərəflər arasında alimentin miqdarının artırılması barədə saziş yoxdur. - məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq digər hallar, uşağın əvvəlki təminatının səviyyəsi məsələlərinə diqqət yetirilməmişdir. - Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsini öz icraatına qəbul edib, ona mahiyyəti üzrə baxmaqla, ərazi aidiyyəti qaydalarını pozmuşdur. - hazırkı qətnamə qanuni qüvvəyə minmiş olsa, iki müstəqil icra vərəqi icra edilməli olacaqdır. Bu halın özü də prosessual hüquq normasının düzgün tətbiq olunmadığını təsdiq edən dəlildir. Ona görə də hazırkı məhkəmə qətnaməsi qanuni və əsaslı sayıla bilməz. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkilinümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Son məhkəmə iclasının baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə: - 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiyası: - 17 (İİ). Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. - 34 (İV). Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsi: - 55.1. Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. - 75.1. valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. - 78.1. valideynlər arasında yetkinlik yaşınaçatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunu: - 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. - 19. Valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri əsasında yoxlayaraq qeyd edir ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüquqi vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1 və 78.2 maddələrinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, məhkəmə aliment tutularkən iddiaçının işləməsini, tərəflərin maddi və ailə vəziyyətini, hər bir uşağın öz anasının yanında yaşamasını, eyni zamanda diqqətəlayiq olan digər hallar nəzərə almaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlamaqla əsas götürülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən tərəflərin maddi vəziyyətini düzgün nəzərə almışdır. Belə ki, cavabdeh bir ata kimi övladlarının qayğısına qalmalı, onları zəruri vəsaitlə təmin etməli, onların təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşaqlarının tələbatını təmin etməlidir. Cavabdeh apellyasiya şikayətinə aliment barədə sazişin olmaması dəlilinə istinad etsə də, bildirilir ki, saziş aliment öhdəliyinin icrası ilə əlaqədar valideynlər arasındakı könüllü formada bağlanan əqddir. Aliment öhdəliyin icra etməli olan valideyndən aliment məcburi qaydada, yəni məhkəmə qərarı əsasında tutulur. İşdən də göründüyü kimi, tərəflər arasında aliment barədə saziş olmadığından cavabdehə məcburi qaydada alimentin ödənilməsinə cəlb edilmişdir. Belə olan halda, cavabdehin bu dəlili əsassız olaraq irəli sürüldüyündən təmin edilə bilməz. Cavabdehin digər dəlillərinə münasibətdə isə Kollegiya qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarında göstərilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedibgetməməsi də nəzərə alınmalıdır. Qərarda qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Kollegiya qeyd edir ki, tərəflərin birgə nikahında olan uşaqlara ilk dəfə aliment məbləği təyin edilərkən həmin dövr (təqvim ili) üçün nəzərdə tutulmuş uşaq üçün yaşayış minimumu həddində (154 manat) aliment təyin edilmişdir. Hazırda isə bu məbləğ 193 manat təşkil edir. “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanun Azərbaycan Respublikasında yaşayış minimumunun müəyyənləşdirilməsinin, ona dövlət təminatının, ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq yaşayış minimumunun yüksəldilməsinin prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Qanunun 1.0.2, 1.0.3-cü maddələrinə görə yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Əhalinin əsas sosial-demoqrafik qrupları - yaş-cins əlamətlərinə, sosial vəziyyətlərinə görə fərqlənən əhali qrupları (əmək qabiliyyətli əhali, pensiyaçılar, əlilliyi olan şəxslər, uşaqlar və s). Kollegiya qeyd edir ki, sabit məbləğdə müəyyən edilən aliment məbləğinin uşaqlar üçün həmin dövrün yaşayış minimumu həddində müəyyən edilməsi, uşağın minimum tələblatlarının tam təmin edilməsi yönəlmiş hüquqi tədbirdir. Belə olduqda isə cavabdeh bir valideyn kimi uşaqlarının maddi tələblatlarını ödəməyə məcburdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ərazi aidiyyətinin pozulması ilə bağlı dəlili ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikasının Azərbaycan Respublikasının MPM-nin 36.5-ci maddəsinə əsasən iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. İşin materiallarından görünür ki, iddiaçının qeydiyyatı Bakı şəhəri, Nəsimi rayonu ərazosodor və o qeyd edilən prosessual normanın tələblərinə müvafiq olaraq aliment məbləğinin artırılması barədə ərizə ilə yaşayış (qeydiyyat) yeri üzrə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin hazırki qətnamə qanuni qüvvəyə mindiyi halda iki müstəqil icra vərəqənin icra edilməsi və bunun prosessual hüquq normasının düzgün tətbiq olunmadığını təsdiq edən dəlili ilə bağlı qeyd edir ki, alimentin məbləğinin artırılması ilə bağlı yeni icra vərəqəsinin verilməsi iki müstəqil icra vərəqəsinin icra edilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, hazırki qətnamə qüvvəyə mindikdən sonra alimentin tutulması onun əsasında veriləcək icra vərəqəsi əsasında həyata keçiriləcəkdir. Beləliklə də, мəhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə almaqla, mübahisəni tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli e-2(006)- 2516/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-6008/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6008/2022
22.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver