Məhkəmə qərarları › İş №2(103)-6008/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6008/2023

24.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6008/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Cəfərova (Alcanova) Mətanət Molla qızının Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki iş üzrə (açar sözlər: alimentin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X5 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, iddiaçı Cəfərova (Alcanova) Mətanət Molla qızının Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2(007)-1542/2023 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh Füzuli oğlu ilə Cəfərova (Alcanova) Mətanət Molla qızının birgə nikahından .X4 06 yanvar 2020-ci il tarixdə Bakı şəhərində doğulmuşdur.

2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2(007)- 2219/20 nömrəli qətnaməsi ilə, iddia qismən təmin edilmiş, Cavabdeh 06 yanvar 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 28 iyul 2020-ci il tarixdən başlayaraq hər ay 170 manat sabit pul məbləğində aliment və 06 yanvar 2020-ci il təvəllüdlü X4 3 yaşına çatana qədər hər ay 50 manat sabit pul məbləğində pulun Cəfərova (Alcanova) Mətanət Molla qızının xeyrinə tutulması qət edilmişdir.

3. Cavabdeh ilə Cəfərova (Alcanova) Mətanət Molla qızı arasında bağlanmış nikah Bakı şəhəri Nizami Rayon Qeydiyyat şöbəsində 19 may 2021-ci il tarixdə pozulmuşdur.

4. E-sosialdan çıxarışdan görünür ki, Cavabdeh 14 saylı MKİS-də dalandar vəzifəsindən 16 iyun 2023-cü il tarixdə azad olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cəfərova (Alcanova) Mətanət Molla qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2(007)-2219/20 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq, birgə nikahdan doğulmuş 06 yanvar 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Füzuli oğlundan hər ay 220 manat sabit pul məbləğdə alimentin Cəfərova (Alcanova) Mətanət Molla qızının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, 05 noyabr 2018-cı il tarixdə 1 saylı Bakı “ASAN Xidmət Mərkəzi” qeydiyyat şöbəsi tərəfindən onunla Cavabdeh Füzuli oğlu arasında nikah bağlanmışdır. Birgə nihahdan 1 övladları var: 06 yanvar 2020-cı il təvəllüdlü X4. Ailə münasibətlərini qısa vaxtdan sonra cavabdehin təqsiri üzündən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Cavabdeh demək olar ki, ailəsinə qarşı çox etinasız olmuşdur. Uşağa isə tək başına baxmaq, onun ehtiyaclarını ödəmək qeyri-mümkündür. Bu səbəbdən də məhkəməyə müraciət edib uşağın saxlanılması üçün aliment tələb etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 avqust 2020-ci tarixli, 2(007 )-02219/20 nömrəli qətnaməsinə əsasən 06 yanvar 2020-cı il təvəllüdlü X1 üçün cavabdehdən hər ay 170 manat aliment tutulması qət edilmişdir. Hazırda cəmi 170 manat həcmində aliment uşağın təminatının normal ödənilməsi üçün yetərli deyildir. Cavabdeh müəyyən olunmuş aliment məbləğindən başqa uşağın saxlanılmasında heç bir maddi yardım göstərmir və onların problemləri ilə maraqlanmır. Onun hər ay uşağın saxlanması üçün 400 manata qədər xərci çıxır ki, bu məbləği də o, təkbaşına ödəməkdə çətinlik çəkir. Bundan əlavə o, kommunal ödənişlər etmək, bir sıra əlavə xərcləri ödəmək məcburiyyətində qalmışdır. Cavabdeh isə nə əlavə xərclərin ödənilməsində ona köməklik göstərir, nə də ki, uşağın maddi rifahının yüksəldilməsi üçün tədbirlər görür. Uşağın normal həyat yaşaması üçün hər cür qidalar, vitaminlər, uşaq əyləncələri, geyim əşyaları, məktəb ləvazimatları tələb olunur. Bütün bunları uşaq üçün təşkil etmək təkbaşına ona olduqca çətindir, hətta qeyri-mümkündür. Lakin, cavabdeh uşağın normal yaşayışını təmin etmək üçün bütün bunları təşkil olunmasında ona hər hansı bir köməklik göstərmir. Halbuki, cavabdeh kifayət qədər gəlirə malikdir və əgər o, öz valideynlik borcunu öz üzərində hissə edərsə bu zaman uşağı daha yaxşı saxlamaq üçün şərait yarada, daha yüksək məbləğdə aliment ödəyə bilər. Buna görə də uşaqların saxlanması üçün təyin edilmiş aliment məbləği artırılmalıdır.

7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2(007)- 1542/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

8. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlmişdir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalı, tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun olduğundan, iddia təmin edilməlidir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 76, 78, 112-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh qətnamədən şikayət verərək, ləğv edilib, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Şikayətinin dəlillərinə görə, iddiaçı ilə aralarında olan nikah məhkəmə qaydasında pozulduqdan və birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün aliment müəyyən edildikdən sonra o, müddətli əmək müqaviləsi əsasında Bakı şəhəri Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində dalandar peşəsində işləyirdi və aylıq əmək haqqı 374 manat təşkil edirdi. Əmək müqaviləsinin 16 iyun 2023-cü il tarixdə başa çatdığından xitam verilmişdir və həmin Birliklə aralarında yeni əmək müqaviləsi bağlanmamışdır. Hazırda işsizdir və iş axtaran kimi Dövlət Məşğulluq Xidmətində qeydiyyatdadır. Heç bir fəaliyyətlə məşğul olmadığına görə məhkəmə qətnaməsi ilə qət edilmiş aliment valideynlərinin gəlirləri hesabına ödənilir. Göründüyü kimi, məhkəmə qətnaməsi ilə aliment müəyyən edildikdən sonra iddiaçının ailə və maddi vəziyyətində heç bir dəyişiklik baş vermədiyi təqdirdə, bunun əksi olaraq onun ailə və maddi vəziyyəti ağırlaşmışdır. Əvvəlki qətnamənin qəbul edilməsindən çox vaxt keçməmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfin qətnamənin qəbul edildiyi vaxtdan bu vaxtadək maddi vəziyyəti və ya həyat şəraiti ilə bağlı vəziyyətini pisləşdirəcək, onun isə maddi vəziyyətini yaxşılaşdıracaq şəkildə heç nə dəyişməmişdir. Bunun əksini sübut edən hər hansı bir hal iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bir daha bildirir ki, özü bazarda fəhlə işləyir. Aylıq gəliri çox azdır. Məhkəmə qətnaməsi ilə qət edilmiş alimenti çox çətinliklə ödəyir. İddiaçının guya hansısa mağazada satıcı işləməyi barədə məhkəməyə təqdim edilmiş fotoşəkli bir neçə il bundan əvvəl çəkilmiş şəkildir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar; Maddə 76.2. Təyin edilmiş alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; Maddə 78.1 Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

15. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Qanunu: Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ... uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

16. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarı: “Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. ... - aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. - göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.”

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayəti ilə qətnamənin bütövlükdə ləğvi xahiş edildiyindən məhkəmə aktı şikayəti şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

21. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyinin birbaşa göstərişinə əsasən məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarı sonradan yalnız tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişdirilə bilər. Bununla belə, ölkədə uşaqlar üçün yaşayış minimumunun artırılması, əvvəlki məhkəmə qətnaməsi ilə tutulması qət edilmiş alimentin məbləğinin 170 manat olmasını, uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olduğunu nəzərə almaqla, birinci instansiya məhkəməsi tərəfindən alimentin məbləğinin dəyişdirilərək 220 manat məbləğdə müəyyən edilməsi ədalətli və qanuna uyğun hesab edilməlidir.

22. Bu mənada məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır.

23. Belə ki, cavabdehin hazırda rəsmi iş yerinin olmaması, real maddi vəziyyətinin aşağı olması onun valideynlik vəzifələrinin icrasından azad olmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqe də ondan ibarətdir ki, bu cür iddialara baxılarkən uşağın əvvəlki maddi təminatı səviyyəsinin qorunmasına diqqət göstərilməlidir.

24. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

25. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2(007)-1542/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2(007)-1542/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar