Məhkəmə qərarları › İş №2(103)-6009/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6009/2020

12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6009/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakları ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-2366/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən pensiyasının tam həcmdə tutulmasının dayandırılması və artıq hesablanmış faizlərin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, “xxxxxxxxx” ASC-nin Salyan filialından 43-15-11- 014660 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 48 ay müddətinə olmaqla xx.xx.2019-cu il tarixədək 2528 ABŞ dolları məbləğində kredit götürmüşdür. Qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərərək ödənişləri daim vaxtlı-vaxtında ödəmişdir. Məlum devalvasiyalardan sonra “xxxxxxxxx” ASC-nin Salyan filialından ona dollarla olan borcunu manata çevirilməsini təklif etmişlər və nəticədə onunla yeni, yəni xx.xx.2018-ci il tarixli, 102MGTK9988128AA nömrəli 2839 manat məbləğində kredit müqaviləsi bağlanmışdır. O, bundan sonra da bütün ödənişləri vaxtlı-vaxtında icra edirdi. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına uyğun olaraq sonradan ona 43-xx-xx-014660 saylı, 06.04,2015-ci il tarixli kredit müqaviləsinə əsasən dollarla götürdüyü kreditə görə kompensasiya da hesablanmış və 1200 manat məbləğində ona kompensasiya verilmişdir. Daha sonra ona yenidən “xxxxxxxxxdan” zəng olunmuş və onun 2800 manat kredit borcunun olduğu bildirilmişdir. Halbuki əgər onun o qədər kredit borcu var idisə, o zaman 1200 manat kompensasiya ona niyə və necə verilirdi. Çünki kompensasiya verilən şəxslərin əgər digər kredit borcları vardısa həmin şəxslərə kompensasiya verilmirdi və kredit borclarının ödənilməsinə yönəldilirdi. O, bununla bağlı dəfələrlə “xxxxxxxxxın” Salyan Filialı ilə əlaqə saxlasa da heç bir nəticəsi olmamışdır. Oradan ona artıq onun kreditinin “xxxxxxxxxxx”a verildiyi bildirilmişdir. Halhazırda da “xxxxxxxxxxx” tərəfindən heç bir Məhkəmə Qərarı olmadan onun pensiyası tam həcmdə tutulur. Bu tamamilə qanunsuz və ədalətsizdir. Pensiyanın müəyyən faizinin tutulmasını yenədə anlamaq olar, amma tam həcmdə tutulma heç bir məntiqə sığmır. Halbuki, borclunun gəlirinin hər hansı hissəsi (o cümlədən, yarısı) yalnız o şərtlə tutula bilər ki, vətəndaşın yaşayış minimumu toxunulmaz qalsın. Belə ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən yaşayış minimumundan, o cümlədən, “fiziki şəxslərin gəlirlərinin vergiyə və icbari ödənişlərə cəlb edilməyən həddinin əsaslandırılması” məqsədi üçün istifadə olunur. Nəhayət, ən başlıcası odur ki, “xxxxxxxxxxx” ASC-nin onun pensiyasını heç bir Məhkəmə qərarı olmadan, özbaşına olaraq tam həcmdə tutması Azərbaycan Respublikasının Konstitusiyasına ziddir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-2366/2020 saylı qətnaməsi ilə İddiaçı “xxxxxxxxx” ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh ASC-yə qarşı “tutmanın dayandırılması və artıq hesablanmış faizlərin silinməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-2366/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir”. Yaşayış minimumu təmin edilməyən vətəndaşın nəinki layiqli, ümumiyyətlə, hər hansı həyat səviyyəsindən danışmaq olmaz. Belə ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yaşayış minimumu ilk növbədə minimum istehlak səbətini, yəni “insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu”nu ehtiva edir. Deməli, minimum istehlak səbəti təmin olunmayan insanın həyatından və sağlamlığından söhbət belə gedə bilməz. O, təqaüdçü insandır, ikinci qrup əlil və şəkər xəstəsidir. Təqaüdlə dolanan, yaşlı və xəstə olan, başqa yerdən heç bir gəliri olmayan bir insanın təqaüdünün tam həcmdə bank tərəfindən tutulması onu aclığa, səfalətə, ölümə məhkum etmək deməkdir. Konstitusiyaya əsasən isə hər kəsin yaşamaq (27-ci maddə) və sağlamlığının qorunması (41-ci maddə) hüququ vardır. Beləliklə, hər kəsin gəliri özünün və himayəsində olan şəxslərin yaşayış minimumu həddində toxunulmazdır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanunun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Buna görə də gəlirinin yalnız yaşayış minimumundan artıq hissəsi tutula bilər. İşin faktiki hallarına tam və hüquqi qiymət verməyən Nəsimi rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnaməsində təəssüflər olsun ki, düzgün nəticəyə gələ bilməmiş, iş üzrə iddia tələbimin təmin olunmaması barədə qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh ASC-nin nümayəndəsi X3 apelyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinə olan etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-2366/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan İddiaçı ilə “xxxxxxxxx” ASC arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli 102MGTK9988128AA saylı kredit müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Bank iddiaçıya illik 29,84% faiz hesablanmaqla 36 ay müddətinə 2839 manat məbləğində borc verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndinə əsasən Borcalan bu Müqaviləni imzalamaqla razılığını bildirir ki, bu Müqavilə üzrə əsas və faiz borcları, habelə dəbbə pulu ilə bağlı borclar vaxtında ödənilmədiyi halda, borclar Borcalanın sərəncamı olmadan onun istənilən bank hesabından akseptsiz qaydada tutula (silinə) bilər. İş materiallarında olan xx xxxxxxx 2018-ci il tarixli ərizənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı “xxxxxxxxx” ASC-dən ona təyinatı digər kredit müqaviləsi üzrə borclarının ödənilməsi və şəxsi istehlak olan 2839.00 AZN məbləğində, 36 ay müddətinə nağd pul krediti verilməsi və onunla kredit müqaviləsi (irəlidə "Kredit müqaviləsi") bağlanmasını xahiş etmişdir. Kreditin qaytarılması və ondan istifadəyə görə faizlərin ödəniş mənbəyini aylıq gəlirlərim təşkil edəcəkdir. Ödəmə qabiliyyətinin yoxlanılması üçün Azərbaycan Respublikası Maliyyə X1 Mərkəzləşdirilmiş Kredit Reyestrindən haqqında olan bütün məlumatların alınmasına razılıq verir. Kredit müqaviləsi üzrə "xxxxxxxxx" ASC-nin tələb hüquqlarının Cavabdeh ASC-yə ötürülməsinə” (tələb hüququnun güzəştinə), bununla əlaqədar olaraq ona aid bank sirri təşkil edən məlumatların Cavabdeh ASCyə verilməsinə etiraz etmir və Kredit müqaviləsinin şərtlərinə əsasən qrafik üzrə aylıq ödəniş məbləğinin (ödənilməli olan əsas borc, hesablanmış faiz və dəbbə pulu), bütün borclarının onun Cavabdeh ASC-də olan hesablarından (o cümlədən hesablarına köçürülən əmək haqqı, təqaüd, yardım və digər vəsaitlərdən) akseptsiz qaydada (əlavə razılığı alınmadan) silinməsinə etiraz etmir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqaviləəsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1 maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, İddiaçı ilə “xxxxxxxxx” ASC arasında kredit müqaviləsi bağlanmış, Bank tərəfindən iddiaçıya kredit verilmiş, İddiaçı isə müqavilədə göstərilən şərtləri qəbul edərək imzalamışdır. Kredit müqaviləsi üzrə “xxxxxxxxx” ASC-nin tələb hüquqları Cavabdeh ASC-yə ötürülmüşdür. Hazırda iddiaçı həmin kredit müqaviləsi üzrə hesablanmış faiz məbləğlərini əsassız hesab edərək həmin borcun silinməsini və təqaüdünün tam həcmdə tutulmasının dayandırılmasını tələb edir. Kollegiya hesab edir ki, məhkəmə düzgün olaraq qeyd etmişdir ki, iddiaçı cavabdehlə könüllü şəkildə müqavilə bağlamaqla həmin müqavilədə nəzərdə tutulan şərtlərlə öz razılığını ifadə etmiş, bununla da kredit müqaviləsi üzrə borcunun ödənilməsi üzrə öhdəlik götürmüşdür. Hazırda o, kredit müqaviləsi üzrə faiz borcunun silinməsini xahiş etsə də, qeyd olunan borcun əsassız hesablanması barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilmədi. Ümumiyyətlə iddiaçı iddia tələbini əsaslandıra və iddia tələbi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilmədi. Məhkəmə iddia tələbinin təqaüdünün tam həcmdə tutulmasının dayandırılması hissəsi ilə əlaqədar düzgün olaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.5-ci bəndində Bankın Müştərinin əsas, faiz və digər borclarını onun sərəncamı olmadan, akseptsiz qaydada iddiaçının istənilən bank hesabından tuta bilməsi razılaşdırılmış, həmçinin iş materiallarında olan akseptsiz qaydada tutulma barədə xx.xx.2018-ci-ci il tarixli ərizə ilə də iddiaçının bütün borclarının onun Cavabdeh ASC-də olan hesablarından (o cümlədən hesablarına köçürülən əmək haqqı, təqaüd, yardım və digər vəsaitlərdən) akseptsiz qaydada silinməsinə etiraz edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətna-mə-sini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Qeyd olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)- 2366/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən hakim: imza: Hakimlər: imzalar: Əsli ilə düzdür: Hakim Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar