Məhkəmə qərarları › İş №2(103)-601/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-601/2024

02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-601/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-48/2023 saylı, 18 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı ASC ilə Cavabdeh1 arasında 17 iyun 2015-ci il tarixli, 285 saylı müqaviləyə əsasən, bank tərəfindən borc alana 24 ay müddətinə, illik 22% olmaqla, şəxsi mənzil təmiri üçün 6600 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə 17 mart 2016-cı il tarixli, 1 nömrəli əlavəyə əsasən kreditin qalıq məbləğinin ödəniş müddəti xx.xx.2019-cu il tarixədək uzadılmış və illik faiz dərəcəsi 22% dən 16%-ə endirilmişdir. Cavabdeh2 və X6 ilə İddiaçı ASC arasında ayrı-ayrılıqda bağlanmış 17 iyun 2015-ci il tarixli, 285/1 və 285 saylı zaminlik müqavilələrinə əsasən, cavabdehlər Cavabdeh2 və X6 17 iyun 2015-ci il tarixli, 285 saylı kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 öhdəliklərinin icrası üçün məsuliyyəti öz öhdəsinə götürmüşlər. Hazırda iddiaçı borc məbləğini tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 müştərək qaydada cəmi 11548,55 ABŞ dolları borcun, bundan 5695,00 ABŞ dolları əsas, 4957,97 ABŞ dolları faiz, 156,93 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 738,65 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 149 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 285 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə, illik 22% ödənilmək şərtilə 6600 ABŞ dolları məbləğində kredit verilmişdir və həmin kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla kreditin qalıq məbləğinin ödəniş müddəti 1 saylı kredit müqaviləsinə əlavə ilə xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Kredit müqaviləsinin təminatı olaraq X6 və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəni məhkəmədənkənar qaydada həll etmək məqsədilə Bank tərəfindən cavabdehlərə qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdeh tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. xx.xx.2022-ci il tarixə Cavabdeh1 285 nömrəli, xx.xx.2015-ci il tarixli kredit üzrə cəmi borcu 11548,55 ABŞ dolları təşkil edir. Borcalan kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********16 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavadeh tərəfindən ödəniş qaydasını pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)- 1872/2022 saylı qərardadı ilə cavabdeh X4 aid hissədə iş üzrə icraata həmin cavabdehin xx.xx.2020-ci il tarixdə ölməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən xitam verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-48/2023 saylı, 18 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 149 (yüz qırx doqquz) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, mülki iş üzrə məhkəmə tərəfindən dəfələrlə - Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il, xx.xx.2023-cü il tarixli qərardadları ilə ekspertiza təyin olunmasına baxmayaraq, iddiaçı tərəfindən ekspertiza keçirilməsi üçün zəruri olan sənədlər tam təqdim edilməmiş, bu səbəbdən ekspertizanın keçirilməsi həvalə olunan orqanlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi və Azərbaycan Respublikası Auditorlar Palatası ekspertiza keçirməkdən imtina etmişlər. Ekspertiza keçirilməsi mümkün olmadığından iddia tələblərinin düzgünlüyü təsdiq edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/515 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı məlumatlarında Cavabdeh1 İddiaçı ASC-yə olan borcu əsas borc üzrə- 5695 ABŞ dolları, faiz borcu üzrə 4957,97 ABŞ dolları təşkil edir. Məhkəmə hesab etmişdir ki, həmin rəy mötəbər sübut növü kimi qəbul edilə bilməz. Belə ki, maliyyə arayışında göstərilən rəqəmlər ekspert tərəfindən iddiaçı tərəfindən ekspertiza keçirilməsi üçün zəruri olan sənədlər təqdim edilmədən və həmin sənədlər əsasında yoxlanılmadan verilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia təmin edilə bilməz və rədd edilməlidir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7, 472.1, 739.1, 739.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5, 107 və 119.1-ci maddələrinə əsaslandırmışdır. Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tələb edilən zəruri hesab olunan hesabdan çıxarış mülki iş üzrə elektron məhkəmə sisteminin “sənədlər” bölməsinə xx.xx.2022-ci il tarixdə əlavə edilmişdir. Ekspert rəyi isə ekspert Abdullayev Əli tərəfindən xx.xx.2023-cü il tarixdə verilmişdir. 9/515 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyinin tədqiqat prosesinin təsviri hissəsində qeyd edilən “iş materilları ilə tanışlıq zamanı müəyyən edildi ki, həmin materiallarda kredit verilən tarixdən hal-hazıradək müddətləri əhatə edən hesabdan çıxarış məlumatları mövcud deyildir” cümləsinə münasibətdə qeyd edilməlidir ki, ya hesabdan çıxarış məhkəmə tərəfindən ekspertə təqdim edilməyib, ya da ekspert cavabdehin iki kredit borcu üzrə edilmiş ödənişlərdən mübahisəsi gedən kredit üzrə hansı silinmələr aparıldığını müəyyən edə bilmədiyi üçün belə bir ifadə işlətmişdir. Çünki bütün ödənişləri əhatə edən hesabdan çıxarış məhkəməyə tam şəkildə təqdim olunmuşdur. Daha sonra "xxxx" MMC-yə müstəqil auditor hesabatının verilməsi üçün sənədlər məhkəmə tərəfindən göndərilmiş və məhkəmə sisteminə əlavə edilmiş hesabdan çıxarış olmasına baxmayaraq yenidən tələb edildiyi üçün hesabatda da qeyd edildiyi kimi "xxxx" vasitəsilə hesabdan çıxarış auditor şirkətinə göndərilmiş, lakin MMC tərəfindən ödəniş edilmədiyi halda müvafiq tarixlərdə edilməmiş ödənişlərin hesabdan çıxarışının olmaması səbəbindən rəy verməkdən imtina edilmişdir. Əlavə olaraq qeyd edilir ki, eyni hesabdan çıxarış məlumatları ilə cavabdehin digər kredit borcu barədə iddia tələbi üzrə mülki işdə ekspertiza keçirilmiş, ekspert tərəfindən rəy verilmiş və məhkəmə tərəfindən iddia tələbinin qismən təmini barədə qətnamə qəbul edilmişdir. Prosessual qanunverciliyin tələblərindən də göründüyü kimi ekspertin və audit rəyi məhkəmə üçün məcburi deyildir və ekspert rəyinin olmaması iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Mülki işin apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7153/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının əməkdaşı mütəxəssis qismində cəlb edilməklə iş üzrə əlavə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması və iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16-16/2 9/9920/2023 saylı, 19 fevral 2024-cü il tarixli məktubu ilə ekspert rəyi daxil olmuş və iş üzrə icraatın dayandırılmasına əsas olmuş zərurət aradan qalxdığı üçün iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamə tam yoxlanılır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.5. Əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirsə, o, icranı sübuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən çəkinməkdən ibarət olmasın.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0.1. Zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (köhnə redaksiya) 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (köhnə redaksiya)

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüququ münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləüv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzıün tətbiq edilməməsi; məhkəmənin ıəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən mübahisəni və iş materiallarını kifayət qədər araşdırmamış eləcə də maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 17 iyun 2015-ci il tarixli, 285 saylı müqaviləyə əsasən, bank tərəfindən borc alana 24 ay müddətinə, illik 22% olmaqla, şəxsi mənzil təmiri üçün 6600 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.5-ci maddəsinə əsasən, borcalan kredit və ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1% cərimə və vaxtı keçmiş kredit üzrə 44% ödəyir. Kredit müqaviləsinə 17 mart 2016-cı il tarixli əlavə №1 əsasən kreditin qalıq məbləğinin ödəniş müddəti xx.xx.2019-cu il tarixədək uzadılmış və illik faiz dərəcəsi 22% dən 16%-ə endirilmişdir. Cavabdeh2 və X6 ilə İddiaçı ASC arasında ayrı-ayrılıqda bağlanmış 17 iyun 2015ci il tarixli, 285/1 və 285 saylı zaminlik müqavilələrinə əsasən, cavabdehlər Cavabdeh2 və X6 17 iyun 2015-ci il tarixli, 285 saylı kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 öhdəliklərinin icrası üçün məsuliyyəti öz öhdəsinə götürmüşlər (X6 vəfat etdiyindən ona münasibətdə iş üzrə icraata xitam verilmişdir). Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə nəticəyə gələrkən mövqeyi ondan ibarət olmuşdur ki, mülki iş üzrə məhkəmə tərəfindən dəfələrlə- Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il, xx.xx.2023-cü il tarixli qərardadları ilə ekspertiza təyin olunmasına baxmayaraq, iddiaçı tərəfindən ekspertiza keçirilməsi üçün zəruri olan sənədlər tam təqdim edilməmiş, bu səbəbdən ekspertizanın keçirilməsi həvalə olunan orqanlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi və Azərbaycan Respublikası Auditorlar Palatası ekspertiza keçirməkdən imtina etmişlər. Ekspertiza keçirilməsi mümkün olmadığından iddia tələblərinin düzgünlüyü təsdiq edilməmişdir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/515 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı məlumatlarında Cavabdeh1 İddiaçı ASC-yə olan borcu əsas borc üzrə-5695 ABŞ dolları, faiz borcu üzrə 4957,97 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, həmin rəy mötəbər sübut növü kimi qəbul edilə bilməz. Belə ki, maliyyə arayışında göstərilən rəqəmlər ekspert tərəfindən iddiaçı tərəfindən ekspertiza keçirilməsi üçün zəruri olan sənədlər təqdim edilmədən və həmin sənədlər əsasında yoxlanılmadan verilmişdir. İddiaçı tərəf apellyasiya şikayətində bildirmişdir ki, mülki iş üzrə elektron məhkəmə sisteminin “sənədlər” bölməsinə xx.xx.2022-ci il tarixdə əlavə edilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, həqiqətən də işə birinci instansiya məhkəməsində baxılan dövrdə iddiaçı tərəfindən “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə hesabdan çıxarış təqdim edilmiş, lakin apararılmış ekspertiza tədqiqatları zamanı hesabdan çıxarışa istinad edilməmiş, ekspert tərəfindən verilmiş rəyi isə birinci instansiya məhkəməsi zəruri sənədlərin tədqiq edilməməsi əsası ilə sübut növü kimi qəbul etməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş ekspert rəyi kifayət qədər aydın və tam olmadığından eləcə də xüsusi bilik tələb edən sualların izah ediməsi zərurəti yarandığından, hazırki mülki iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılması məqsədi ilə iş materiallarında olan hesabdan çıxarış diqqətə alınmaqla apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)- 7153/2023 saylı qərardadı ilə Mərkəzi Bankın nümayəndəsi cəlb edilməklə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 fevral 2024-cü il tarixli, 9/9920 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 285 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2019-cu il tarixə (müqavilənin bitdiyi tarixə) əsas borc üzrə 5.695,00 ABŞ dolları, faiz borcu üzrə 2.789,91 ABŞ dolları, xx.xx.2022-ci il tarixə ( maliyyə arayışı tərtib olunan tarixə) əsas borc üzrə 5.695,00 ABŞ dolları, faiz borcu üzrə 2.789,91 ABŞ dolları, faiz borcu (illik 5%) 727,69 ABŞ dolları, xx.xx.2022-ci il tarixə (iddia ərizəsi verilən tarixə) əsas borc üzrə 5.695,00 ABŞ dolları, faiz borcu üzrə 2.789,91 ABŞ dolları, faiz borcu (illik 5%) 756,66 ABŞ dolları, xx.xx.2023-cü il tarixə (qətnamənin qəbul edildiyi tarixə) əsas borc üzrə - 5.695,00 ABŞ dolları, faiz borcu üzrə 2.789,91 ABŞ dolları və faiz borcu (illik 5%) 1.210,98 ABŞ dolları. Aparılmış tədqiqatın dəyəri isə 50 (əlli) manat təşkil etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən işə birinci instansiya məhkəməsi baxılan dövrdə tərəflər arasında bağlanmış kredit müqaviləsi, hesabdan çıxarış təqdim edilmişdir. Birinci instansiya məhkəməsi isə borcun müəyyən edilməsi üçün ekspertiza təyin etsə də təqdim edilmiş rəyi - iddiaçı tərəfindən ekspertiza keçirilməsi üçün zəruri olan sənədlər təqdim edilməməsi əsası ilə sübut kimi qəbul etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktlar tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlinməsinə səbəb olmaqla məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır. Beləliklə işin faktiki halları ilə müəyyən edilir ki, Cavabdeh1 İddiaçı ASC ilə bağladığı 17 iyun 2015-ci il tarixli, 285 saylı müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçı banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh1 risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə hesablanmış əsas, faiz, eləcə də cərimə borcu, İddiaçı ASC-yə ödəməlidir. Bununla yanaşı məhkəmə kollegiyası cavabdehdən tutulmalı olan borcun məbləğinə münasibətdə qeyd edir ki, iddia tələbi qismən əsaslı olmuşdur. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 285 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə cavabdehə 24 ay müddətinə, illik 22% ödənilmək şərtilə 6600 ABŞ dolları məbləğində kredit verilmişdir və həmin kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla kreditin qalıq məbləğinin ödəniş müddəti 1 saylı kredit müqaviləsinə əlavə ilə xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə borc barədə 19 yanvar 2022-ci il tarixli bildirişin göndərilməsi iş materiallarından müəyyən olunmadığı üçün hesablanmış əsas və faiz borcu müqavilənin sonunadək, cərimə borcu və illik 5 % məbləğ isə maliyyə arayışı verilən tarixədək hesablanmalıdır. Bakı Apellyasiya Məhləməsinə təqdim olunmuş rəyin şübhə altına alınması eyni zamanda sübut kimi qiymətləndirilməməsi üçün əsaslar olmamışdır. Göründüyü kimi tərəflər arasında olan kredit müqaviləsi xx.xx.2019-cu il tarixədək qüvvədə olmuş və həmin tarixdə cavabdehin əsas borc üzrə 5.695,00 ABŞ dolları, faiz borcu üzrə isə 2.789,91 ABŞ dolları borcunun olması ekspert rəyi ilə müəyyən edilmişdir. Bundan başqa iddianın cərimə borcu ilə məhkəmə kollegiyası qeyd edir ki, cərimənin (dəbbə pulu) ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Kollegiya qeyd edir ki, müqavilə şərtlərinə əsasən, cərimə borcunun iddia tələbinə uyğun olaraq 156.93 ABŞ dolları müəyyən edilməsi ağlabatandır. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə illik 5 faiz dərəcəsi ilə əldən çıxmış faydanın tutulması hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.1 və 443.2-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən 727,69 ABŞ məbləğində əldən çıxmış fayda tutularaq, iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən tutulmalı olan borcun məbləği əsas borc üzrə 5.695,00 ABŞ dolları, faiz borcu üzrə 2.789,91 ABŞ dolları, cərimə isə 156,93 ABŞ dolları və illik 5% olan 727,69 ABŞ dolları olmaqla cəmi borcun məbləği, cəmi 9.369,53 ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, müəyyən edilmiş cəmi 9.369,53 ABŞ dolları məbləğində borc yalnız - Cavabdeh1 tutulmalı, iddia tələbi zamin - Cavabdeh2 münasibətdə rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh2 və X6 ilə İddiaçı ASC arasında ayrıayrılıqda bağlanmış 17 iyun 2015-ci il tarixli, 285/1 və 285 saylı zaminlik müqavilələrinə əsasən, cavabdehlər Cavabdeh2 və X6 17 iyun 2015-ci il tarixli, 285 saylı kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 öhdəliklərinin icrası üçün məsuliyyəti öz öhdəsinə götürmüşlər. (Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)- 1872/2022 saylı qərardadı ilə cavabdeh X4 aid hissədə iş üzrə icraata həmin cavabdehin xx.xx.2020-ci il tarixdə ölməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən xitam verilmişdir.) Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 477.0.4 maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmin maddəyə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. İş materiallarında olan 17 iyun 2015-ci il tarixdə bağlanmış «Zaminlik müqaviləsi»ndən görünür ki, müqavilədə zaminliyin müddəti göstərilməmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, kreditin qalıq məbləğinin ödəniş müddəti xx.xx.2019-cu il tarixədək uzadılmış və illik faiz dərəcəsi 22% dən 16%-ə endirilməsinə dair kredit müqaviləsinə 17 mart 2016-cı il tarixli, 1 nömrəli əlavədə Cavabdeh2 zamin kimi imzası yoxdur. Beləliklə, zaminlik müqaviləsində zaminliyin verilmə müddəti təyin edilmədiyindən zaminliyə onun təmin etdiyi öhdəliyin (kredit öhdəliyinin) icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. İş materiallarından görünür ki, kredit öhdəliyinin icrası vaxtı başa çatmış, hazırkı iddia isə 25 fevral 2022-ci il tarixdə verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, bank zaminə qarşı 17 iyun 2018-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüquqdan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün, qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 470.2-ci maddəsində zaminlik müqaviləsinin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlanmasının mümkünlüyü nəzərdə tutulmuşdur. Bu zaman nəzərə almaq lazımdır ki, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər… Qanunverici borclunun kreditor qarşısında öhdəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur. Eyni zamanda, zaminlik müqaviləsinin aksessor xarakterli olduğunu və mövcud olmayan öhdəliyin icra edilməsinin mümkün olmamasını nəzərə alaraq, gələcəkdə yaranacaq öhdəliyi təmin edən zaminlik müqaviləsinin tərəflərinin qarşılıqlı hüquq və vəzifələri belə müqavilənin bağlandığı andan deyil, zaminliklə təmin olunmalı əsas öhdəliyin yarandığı andan əmələ gəlir. Borclu tərəfindən zaminliklə təmin olunmuş öhdəliyin pozulmasına dair kreditorun zaminə qarşı tələbi yalnız MM-in 472.1-ci maddəsində göstərilən hallarda irəli sürülə bilər.» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ” 25 iyul 2019-cu il tarixli Qərarından göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 ilə bağlanılmış zaminlik müqaviləsi üzrə zaminlik konkret müddət təyin edilmədən verildiyindən Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən LPO İddiaçı ASC Cavabdeh2 ilə bağlanmış 17 iyun 2015ci il tarixli zaminlik müqaviləsinin qüvvədə olma müddəti əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir illik müddət tətbiq edilməli və mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından, eləcə də, zaminin kredit müqaviləsinin uzadılmasına dair əlavə razılaşmadan məlumatı və əlavədə imzası olmadığı üçün iddia tələbi zamin - Cavabdeh2 münasibətdə rədd edilməlidir. Bununla da apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməklə Cavabdeh1 LPO İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 5.695,00 ABŞ dolları, faiz borcu üzrə 2.789,91 ABŞ dolları, 156,93 ABŞ dolları cərimə və illik 5 % olan 727,69 ABŞ dolları olmaqla, cəmi 9.369,53 ABŞ dolları ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) tutulmalı, qalan hissədə isə iddia tələbi rədd edilməlidir. Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi üçün ödənilmiş 149 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Ekspertiza xərci olan 100 manat (50+50) cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi: İddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-48/2023 saylı, 18 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 285 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi əsasən əsas borc üzrə 5.695,00 ABŞ dolları, faiz borcu üzrə isə 2.789,91 ABŞ dolları, ABŞ dolları, 156,93 ABŞ dolları cərimə və illik 5 % olan 727,69 ABŞ dolları olmaqla, cəmi 9.369,53 ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) Cavabdeh1 iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. İddia ərizəsi üçün ödənilmiş 149 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza xərci olan 100 manat (50+50) cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar