Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6011/2021 16.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, Cavabdeh2 nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə mübahisələr" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 03.03.2021-ci il tarixli, 2(003)- 782/2021 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Mehrəliyeva Mətanət Əjdər qızına qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Mehrəliyeva Mətanət Əjdər qızından müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 021R********** saylı kredit razılaşması və ona əlavə edilmiş sazişlər üzrə 13.720,12 ABŞ dolları məbləğində kredit borcu, 14.155,31 ABŞ dolları məbləğində faiz borcu və 15.261,16 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumiliklə cəmi 43.136,59 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 04 dekabr 2012-ci il tarixli 21L000001451 saylı kredit müqaviləsinə əsasən 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 25 dekabr 2014-cü il tarixli 021R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 19.200 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 08.04.2015-ci il tarixli 021R**********S saylı, 06.10.2015-ci il tarixli 021R**********8SB saylı 18.03.2016-cı il tarixli 021R**********SC saylı, 10.06.2016cı il tarixli 021R**********SD saylı, 11.11.2016-cı il tarixli 021R**********SE saylı, 20.02.2017-ci 11 tarixli 021R**********SF saylı, 10.04.2017-ci il tarixli 021R**********SF saylı, 19.06.2017-ci il tarixli 021R**********SH saylı, 23.08.2017-ci il tarixli 021R**********Sİ saylı, 20.12.2017-ci il tarixli 021R**********ST saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 16.10.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 5479,88 ABŞ dolları ödəmiş, onun 13720,12 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla, ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 06.10.2020-ci il tarixə hesablanmış faiz borcu 14.155,31 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. 06.10.2020-ci il tarixə hesablanmış cərimə 15261,16 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndin əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərilərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 03.03.2021-ci il tarixli, 2(003)-782/2021 sayı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 13.720,12 ABŞ dolları məbləğində kredit borcu, 10.330,45 ABŞ dolları məbləğində faiz borcu, 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 24350,57 (iyirmi dörd min üç yüz əlli ABŞ dolları, əlli yeddi sent) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti vermişlər. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı hakim tərəfindən bir sıra maddi və prosessual normaların tələbləri kobud şəkildə pozulmuşdur. Kreditə götürülmüş pul vəsaitinin qaytarılmadığından Cavabdeh1la iddiaçı arasında mövcud olan 25.12.2014-cü il tarixli 021R********** saylı kredit razılaşmasına və ödəniş planına 10 dəfə əlavə sazişlərlə dəyişiklik edilmişdir. İddia ərizəsi ilə bağlı onun tərəfindən məhkəməyə 23.02.2021-ci il tarixdə rəsmi qaydada etiraz təqdim edilmiş və etirazda qüvvədə olan qanunvericiliyin tələbləri açıq şəkildə pozulduğu göstərilmişdir. Həmçinin, etiraz ərizəsində iddia ərizəsinin ona aid olan hissədə təmin edilməməsini xahiş etməsinə baxmayaraq, hakim tərəfindən ərizəsi əsassız olaraq nəzərə alınmamış və yuxarıda göstərilən borc pul vəsaitinin ödənilməsində cavabdeh qismində cəlb edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, qətnamənin ona aid olan hissədə qismən ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-782/2021 saylı iş üzrə 03.03.2021-ci il tarixli qətnaməsi qanunsuz və əsassız olduğuna görə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İddiaçı QSC ilə aralarında bağlanan 04 dekabr 2012-ci il tarixli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 25.12.2014-cü il tarixli kredit razılaşması əsasında 36 ay müddətinə 19200 ABŞ dolları məbləğində kredit götürülmüşdür. Məhkəmə düzgün olmayaraq 1370,12 ABŞ dolları məbləğində kredit borcu, 10330,45 ABŞ dolları məbləğində faiz borcu hissəsində iddianı əsaslı hesab etmiş və həmin hissədə iddia tələbini təmin etmişdir. Halbuki, iş materiallarından görünür ki, 25.12.2014-cü il tarixdən 25.12.2017-ci il tarixədək olan müddətdə banka 19.200 ABŞ dolları əsas kredit borcu, 8798,71 ABŞ dolları faiz borcu, 192 ABŞ dolları komissiya haqqı borcu olmaqla, cəmi 27998,71 ABŞ dolları məbləğində borc ödəməli idi. Məhkəmə öz qətnaməsində 5479,88 ABŞ dolları məbləğində borcun ödənildiyini göstərmiş, kredit müqaviləsinə əsasən tutulmalı faiz borcunun məbləğinin 8798,71 ABŞ dolları təşkil etdiyi halda, məhkəmənin hansı hesablama qaydasına əsasən 10330,45 ABŞ dolları məbləğində faiz borcunu müəyyən etdiyi aydın deyildir. Ona görə də hesab edir ki, banka etdiyi ödənişlər düzgün nəzərə alınmamış, ödənişlərin hansı qaydada əsas borcdan və faiz borcundan silindiyi dəqiq müəyyən edilməmişdir. Məhkəmə işi tam, hərtərəfəli və obyektiv araşdırmaq əvəzinə, iddiaçının təqdim etdiyi maliyyə arayışında göstərilən məbləği qəbul etmiş və iş üzrə hər hansı məhkəmə-mühasibatlıq ekspertizası təyin etmədən 8.798,71 ABŞ dolları məbləğində faiz borcunu şişirdərək 10.330,45 ABŞ dolları məbləğinə çatdırmışdır. O, 5479,88 ABŞ dolları məbləğində ödəniş etmiş və bu ödənişin hansı qaydada əsas və faiz borcdan silindiyi aydın deyildir. Həmçinin, zaminlərə aid hissədə də iddia tələbi tamamilə əsassız və qanunsuz olmuşdur. Belə ki, zaminlər 04.12.2012-ci il tarixli kredit xətti müqavilə üzrə öhdəlik götürmüşdür. Bundan sonra isə 25.12.2014-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Daha sonra bankla aralarında bir neçə dəfə müxtəlif tarixlərdə razılşama müqaviləsi bağlanmışdır. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 isə həmin razılaşmalara və 25.12.2014-cü il tarixdə kredit müqaviləsinə zamin olmamışlar. Onların həmin müqavilə və razılaşmalardan xəbəri olmamışdır. Məhkəmə zaminlərdən pulun tutulması hissəsində düzgün olmayan nəticəyə gəlmiş, həmin hissədə gəldiyi nəticəni kifayət qədər əsaslandırmamış, zaminlərə aid hissədə iddia müddətinin ötüb-ötmədiyini aydınlaşdırmamışdır. Belə ki, öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminlərə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Qeyd edilənləri nəzərə alaraq, qətnamənin ləğv edilərək, əsas və faiz borcuna münasibətdə qismən təmin edilməsi və zaminlərə aid hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi-vəkili X2 apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı nümayəndəsi və digər cavabdehlər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki-Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarında olan 21L000001451 saylı 04 dekabr 2012-ci il tarixli müqavilədən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan 25 dekabr 2014-cü il tarixli 021R********** saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 19.200 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarına əlavə olunmuş 25 dekabr 2014-cü il tarixli ödəniş planından görünür ki, Cavabdeh1 25 dekabr 2014-cü il tarixdən 25.12.2017-ci il tarixədək İddiaçı QSC-yə 19200 ABŞ dolları əsas kredit borcu, 8798,71 ABŞ dolları faiz borcu, 192 ABŞ dolları komisiya haqqı borcu olmaqla, cəmi 27998,71 ABŞ dolları məbləğində borcu ödəməli idi. İş materiallarında olan kreditin verilməsi barədə qəbzin surətindən aydın olur ki, Cavabdeh1 19.200 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan 08.04.2015-ci il tarixli 021R**********S saylı, 06.10.2015- ci il tarixli 021R**********8SB saylı, 18.03.2016-cı il tarixli 021R**********SC saylı, 10.06.2016cı il tarixli 021R**********SD saylı, 11.11.2016-cı il tarixli 021R**********SE saylı, 20.02.2017-ci 11 tarixli 021R**********SF saylı, 10.04.2017-ci il tarixli 021R**********SF saylı, 19.06.2017ci il tarixli 021R**********SH saylı, 23.08.2017-ci il tarixli 021R**********Sİ saylı, 20.12.2017ci il tarixli 021R**********ST saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Eyni zamanda, işə əlavə olunmuş zaminlik müqavilələrindən görünür ki, əsas borclu Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrası digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zaminliyi ilə təmin edilmiş və onlar bank qarşısında əsas borclu ilə birgə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 30.11.2020-ci il tarixi maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı QSC-yə 25 dekabr 2014-cü il tarixli, 021R********** saylı kredit razılaşması üzrə 13720,12 ABŞ dolları məbləğində kredit borcu, 14155,31 ABŞ dolları məbləğində faiz borcu və 15261,16 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumiliklə cəmi 43136,59 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan 26.02.2021-ci il tarixi maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı QSC-yə 25 dekabr 2014-cü il tarixli, 021R********** saylı kredit razılaşması üzrə 13720,12 ABŞ dolları məbləğində kredit borcu, 10330,45 ABŞ dolları məbləğində faiz borcu və 6677,92 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumiliklə cəmi 30728,49 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş İddiaçı QSC tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvanlanmış 05.10.2020-ci il tarixli xəbərdarlıqların surətindən görünür ki, bank cavabdehləri borc barədə xəbərdar etmiş və ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (ABŞ dolları və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Mülki Məcəllənin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılırSadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Hazırkı iş üzrə iddiaçı "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsində isə belə bir şərt nəzərdə tutulmamışdır. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-nin “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Ən nəhayət, istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələb etdiyi faiz məbləği yalnız kredit müqaviləsinin icra müddətinin bitdiyi tarixədək, yəni 16 sentyabr 2019-cu ilədək hesablanmış və 10330,45 ABŞ dolları həddində tutulmalıdır. İş üzrə digər cavabdehlər olan Cavabdeh2, Cavabdeh3 və Mehrəliyeva Mətanət Əjdər qızı kredit razılaşması və ona əlavə edilmiş sazişlər üzrə alınmış 19200 ABŞ dollarına görə zamin olduqlarından, məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar və kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin əsas borclu ilə yanaşı, onlardan da müştərək qaydada tutulması doğru olmuşdur. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına dair 11 oktyabr 2019-cu il tarixli Qərardadına əsasən Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 470.2-ci maddəsinin “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılmış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülür. Mülki Məcəllənin 472.1ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarına və Mülki Məcəllənin 472.1-ci maddəsinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, zamin zaminlik müqaviləsi bağlandığı andan öz üzərinə öhdəlik götürmüş olur, lakin bu öhdəlik üzrə zaminin məsuliyyəti borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə yaranır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. Zaminliyə xitam verilməsi halları Mülki Məcəllənin 477-ci maddəsində göstərilmişdir. Belə ki, həmin Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Konstitusiya Məhkəməsinin bu hala dair qərarında qeyd olunan mövqeyə əsaslanmaqla məhkəmə qeyd edir ki, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 04 dekabr 2012-ci il tarixli 21L000001451 saylı kredit xətti müqaviləsinə əsasən ona 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 25 dekabr 2014-cü il tarixli kredit razılaşması əsasında 36 ay müddətinə 19.200 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərilərinə məsuliyyət götürmüşlər. Hazırki iş üzrə zaminlərin əlavə sazişlər bağlanarkən məlumatlarının olmaması halına istinad edilməklə həmin kredit razılaşması üzrə zaminliklərinə xitam verilməsi qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası Cavabdeh2 apellyasiya şikayəti üzrə onu qeyd etməyi zəruri sayır ki, zaminlər kredit xətti müqaviləsində göstərilən 04 dekabr 2012-ci il tarixdən başlayaraq, sonrakı 10 il müddətində və 30.000 ABŞ dolları məbləğində əsas borcluya veriləcək kredit borcları üzrə öhdəliyin borclu tərəfindən yerinə yetirilməyəcəyi halda birgə məsuliyyət daşımalarını qəbul etmişlər. Bununla da, hazırda həmin xətt müqaviləsi çərçivəsində borcluya müxtəlif vaxtlarda kreditlərin verilməsi barədə razılaşmalardan məlumatsız olmalarına istinad etməsi əsassızdır. Eyni zamanda zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarının, yəni kreditin ümumi məbləğinin artırılması, kreditin faizinin artırılması, kreditin valyutasının dəyişdirilməsi, kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar müəyyən edilmir. Məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayəti üzrə onu qeyd etməyi zəruri sayır ki, iş üzrə sübutlarla onun öhdəliyini lazımınja ijra etməsi öz təsdiqini tapmamışdır. Belə olan halda, iddiaçı onun tərəfindən edilmiş ödənişləri öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halında ödəyəcəyini vəd etdiyi cərimənin, faizlərin hesabına daxil etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4-ci maddəsinə görə əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apelyasiya şikayətində göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas deyildir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03.03.2021-ciil tarixli, 2(003)-782/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6011/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6011/2021
16.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver