Məhkəmə qərarları › İş №2(103)-6011/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6011/2025

04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6011/2025 04.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2404/2025 nömrəli 25 avqust 2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ondan borca aldığı 25000 manat pul, 320 manat məbləğdə hüquqi yardım və ödənilən 166 manat məbləğdə dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)- 2404/2025 nömrəli qətnaməsinə əsasən iddianın təmin edilməsi, 25000 manat məbləğdə pul, 320 manat hüquqi yardım haqqı və 166 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 25486 manat məbləğdə pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən şikayət verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin qismən təmin edilərək cavabdehdən 13000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 avqust 2025-ci il tarixli 2(004)- 271/2024 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti geri qaytarılmışdır. Hazırda həmin qərardaddan cavabdeh şikayət vermiş, məhkəmənin 19 sentyabr 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə xx.xx.2025-ci il tarixdə elektron kabinetə yüklənmişdir. Bu barədə məhkəmə aktının proses iştirakçısına imzalanması barədə ona xx.xx.2025-ci il tarixdə e-mailinə mesaj göndərilmiş və bu barədə iş materiallarında məktub da vardır. Həmin məktubu və e-mailə gələn məlumatı iş materiallarına əlavə etmişdir. Bu məlumata əsasən məhkəmənin qətnaməsinin şikayət verilməsi müddəti xx.xx.2025-ci il tarixdən hesablanmaqla xx.xx.2025-ci il tarixdə qanuni qüvvəsini alır. Lakin nədənsə məhkəmə xx.xx.2025-ci il tarixdə qanuni qüvvəsini almamış qətnaməni icraya yönəltmişdir. xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Lakin məhkəmə elektron kabinetə yüklənmiş məlumata əhəmiyyət verməmişdir. İddiaçının nümayəndəsi-vəkili Nümayəndə1 şikayətə etiraz təqdim edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və şikayət onları verən şəxsə qaytarılır. Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmalıdır. MPM-nin 135.5-ci maddəsinə görə Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli qətnaməsi 19 iyul 2025-ci il tarixdə cavabdehin nümayəndəsi-vəkili Nümayəndə2 “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. Nümayəndə2 tərəfindən apellyasiya şikayəti isə 22 avqust 2025ci il tarixdə, yəni müddət ötürüldükdən sonra verilmişdir. Göründüyü kimi, apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülmüş və müddətin bərpa edilməsinə dair ərizə təqdim edilməmişdir. Kollegiya apellyasiya şikayətinin qaytarılması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə şikayəti geri qaytarmaqda doğru qənaətə gəlmişdir. Şikayətin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli qətnaməsi 19 iyul 2025-ci il tarixdə cavabdehin nümayəndəsi-vəkili Nümayəndə2 “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməsi barədə çıxarış xx.xx.2025-ci il tarixdə iş materiallarına əlavə edilməsi üçün çap edilmişdir. İddiaçının nümayəndəsi-vəkili tərəfindən təqdim edilən ekran görüntülərindən də görünür ki, məhkəmə aktı tərəflərin elektron kabinetinə yerləşdirilmişdir. Beləliklə, şikayətin təmin edilməsi üçün əsas yoxdur, ona görə də şikayət təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2404/2025 nömrəli 25 avqust 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar