Məhkəmə qərarları › İş №2(103)-6014/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6014/2023

11.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6014/2023 11.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ilk iddia tələbi, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: alimentin artırılması, xəstliklə bağlı əlavə xərc) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İlk iddia üzrə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması və xəstəlik xərclərinə görə cəlb olunma” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin azaldılması” tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(006)-789/2023 nömrəli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə Cavabdeh arasında 17 iyun 2019-cu il tarixdə nikah bağlanmışdır. Tərəflərin birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X8 doğulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli, 2(006)-1523/2020 saylı qətnaməsinə əsasən İddiaçı “alimentin miqdarının artırılması” tələbinin qismən təmin edilməsi, alimentin məbləğinin artırılaraq xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Cavabdeh X4 yetkinlik yaşına çatana qədər əlavə xərc kimi hər ay 30 manat sabit pul məbləğinin tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı hazırda Bakı şəhəri üzrə Təhsil İdarəsində maşın operatoru, paltaryuyan vəzifəsində çalışır, əmək haqqı 359,0 manat təşkil edir. Cavabdeh FHN X12 Xidməti Sabunçu Rayon X12 hissəsinin 21 nömrəli yanğından mühafizə bölməsində yanğınsöndürən vəzifəsində xidmət edir və onun aylıq əmək haqqı 582.63 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından olan 07 dekabr 2016-cı il təvəllüdlü X1 üçün hər ay 250 (iki yüz əlli) manat məbləğində alimentin, həmçinin onun xəstəlik xərcinin qarşılanması üçün hər ay 500 (beş yüz) manat məbləğində xəstəlik xərcinin, məhkəməyə müraciət üçün çəkdiyi 170 (yüz yetmiş) manat məbləğində xərcin, 30 (otuz) manat məbləğində mediasiya xidmət haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli, 2(006)-1523/2020 saylı qətnaməsi ilə 07 dekabr 2016-cı il təvəllüdlü X1 üçün cavabdehdən aylıq 170 (yüz yetmiş) manat məbləğində alimentin, 30 (otuz) manat məbləğində xəstəlik xərcinin tutularaq ona ödənilməsi qərara alınmışdır. Ödənilən aylıq 200 manat məbləğ uşağın nəinki xəstəlik xərcinin, heç gündəlik ehtiyaclarının ödənilməsinə kifayət etmir. Qızı lokalizə olunmuş (fokal) pasial idiop-epilepsiya və epileptik sindromlar xəstəliyindən əziyyət çəkir. 3 aydan bir mütləq həkim müayinəsindən keçməlidir. Hər 3 aydan bir həkim qəbuluna iddiaçı tərəfindən 800 manat məbləğində ödəniş edilir. Uşağın qəbul etdiyi dərmanların minimum qiyməti 70 manat məbləğindədir. Dövri olaraq verilən analizlər, tibbi avadanlıqların müayinəsi 600-700 manat vəsait tələb edir. Uşağın təkcə aylıq xəstəlik xərcləri 500 manat civarındadır. Uşağın qida, geyim və s. saxlanma xərcləri bu məbləğə daxil deyildir. Uşağın xəstəlik xərclərini dost-tanışdan borc almaq hesabına çətinliklə qarşılayır. Xəstəlik genetik xarakter daşıdığından müayinə və müalicəsi yalnız Türkiyə Cumhuriyyətində aparılır. 3 aydan bir uşağı ora aparmaq məcburiyyətində qalır. Gediş-gəliş xərcləri də xəstəlik xərclərinə əlavə edilir. Cavabdehin isə müntəzəm aylıq gəliri vardır, maddi durumu yaxşıdır. Tərəfindən mediasiya prosesinin keçirilməsi üçün 30 manat məbləğində haqq ödənilmişdir. Həmçinin, tərəfindən məhkəməyə müraciət üçün (sənədlərin hazırlanması üçün) hüquq şirkətinə 170 manat məbləğində xərc çəkilmişdir.

4. Eyni zamanda, iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin azaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməklə 07 dekabr 2016-cı il təvəllüdlü X2 üçün ondan hər ay 170 manat alimentin 150 manatadək azaldılması və 30 manat müalicə xərcinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, icraatda olan ilkin iddia üzrə İddiaçı ona qarşı alimentin artırılması tələbinə dair iş üzrə cavabdeh olaraq hesab edir ki, ilkin iddia rədd edilməklə “alimentin azaldılması tələbinə dair” verdiyi qarşılıqlı iddia tələbi təmin edilməlidir. Belə ki, Nəsimi rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən 07 dekabr 2016-cı il təvəllüdlü X2 üçün ondan hər ay 170 manat alimentin və 30 manat müalicə xərcinin tutulması qət edilmişdir. İddiaçı heç bir əsas olmadan hazırda alimentin 200 manatadək artırılması ilə məhkəməyə müraciət etmişdir. Halbuki, o, FHN-nin yanğından mühafizə xidmətində işləyir, rəsmi əmək haqqı ayda 582.63 manatdır, onun əmək haqqında artım qeydə alınmamış, həmçinin yeni nikaha daxil olmuş və yeni nikahından iki övladı-xx.xx.2020-ci il təvəllüdlü X10 və xx.xx.2022-ci il tarixli X9 dünyaya gəlmişdir. Nikah haqqında şəhadətnaməyə əsasən xx.xx.2017-ci il tarixində rəsmi nikaha girməklə ailə qurmuşdur. Əlavə olunmuş FHN-nin X12 İdarəsinin Sabunçu rayon X12 Hissəsinin xx.xx.2022-ci il tarixli 37/34-385 saylı məktubuna əsasən onun əmək haqqı ayda 582.63 manat olması təsdiq edilmişdir. Göründüyü kimi onun ailə və maddi vəziyyəti alimentin artırılmasına imkan vermir, əksinə alimentin məbləğinin azaldılması üçün ciddi əsaslar mövcuddur. Belə ki, əmək haqqında artım olmasa da, onun əlavə iki övladı da anadan olmuş və onun himayəsindədirlər. Onların da saxlanması üçün ona əlavə xərclər tələb olunur. Odur ki, hesab edir ki, ondan tutulan 200 manat aliment azaldılmalıdır.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-789/2023 nömrəli qətnaməsi ilə (hakim X11) ilk iddia ərizəsinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-1523/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-1523/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş əlavə xərcin məbləğinin artırılaraq xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay əlavə xərc kimi 150 (yüz əlli) manat sabit pul məbləğinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş 170 (yüz yetmiş) manat məbləğində hüquqi xidmət haqqı və 30 (otuz) manat məbləğində mediasiya xərcinin Cavabdeh İddiaçı xeyrinə tutulması, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin azaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, uşağın saxlanılması üçün zəruri olan maddi təminatın həm də uşağın atası kimi cavabdehin vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyətini, diqqətəlayıq olan digər maraqları, uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə xx.xx.2016-cı il təvəllüdlü X1 üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin artırılaraq 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab etmişdir. Məhkəmə, xx.xx.2016-cı il təvəllüdlü X4 nevroloji xəstəlikdən əziyyət çəkdiyini, bununla bağlı ambulator müalicə aldığı, dolayısıyla uşağın davamlı tibbi müayinə və müalicəsinin zəruriliyini, buna əlavə vəsait xərclənməsini və həmin xərclərin qarşılanmasının cavabdehin də borcu olduğunu nəzərə alaraq, hesab etmişdir ki, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X4 müalicə olunması üçün hər ay 150 (yüz əlli) manat məbləğində xərc tutulmalıdır. Məhkəmə eyni zamanda uşağın əvvəlki təminat səviyyəsinin maksimal saxlanılmasının zəruriliyini, xəstəliyi ilə əlaqədar davamlı ambulator müalicələrdə iştirak etdiyini və bunun üçün vəsait xərcləndiyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin azaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci, 81-ci,112.1-ci maddələrinə, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi, BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsi və “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan birinci instansiya məhkəməsi iş üzrə zəruri araşdırma aparmamış, uşağın xəstəliyin vəziyyətini müəyyən etmək üçün ekspertiza təyin etsə də ekspertin cavabını almadan iş üzrə qətnamə çıxarmaqla işi sadəcə iddiaçının xeyrinə həll etmiş bununla da maddi və prosessual hüquq normalarının tələbini kobud pozmuşdur. Belə ki, əlavə olunmuş “X20” X17 məktubuna əsasən X3 generalizə olunmuş epilepsiyanın və epilektik sindromların digər növlərinin diaqnozunun ağır xəstəliyə aid olub-olmaması rəyini X21 yox Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası müəyyən edir, göstərməklə rəy verilməsindən imtina edilmişdir. Bundan sonra məhkəmə hər hansı sübut iş materiallarına əlavə etmədiyi halda alimentin və xəstəliyə görə tutulan 30 manat pulun heç bir əsas və ya sübut olmadan 150 manatadək artırılması qərarına gəlmişdir ki, bu da qanunsuz və əsasızdır. Bundan əlavə məhkəmə alimenti də artırmaqda haqlı olmamışdır. Belə ki, iş materiallarında alimentin artırılması üçün hər hansı əsas və ya sübut yoxdur. Əksinə cavabdeh və qarşılıqlı iddiaçının əmək haqqısı haqqında arayış məhkəməyə təqdim olunmuş və ilk qətnamə çıxdıqdan sonra əlavə iki övladının da olması barədə sübutları da məhkəməyə təqdim edərək hazırda alimentin qismən azaldılmasını xahiş olunmuşdur. Məhkəmə aliment məbləğini sabit pul məbləğində deyil, əmək haqqının və digər gəlirlərinin dördə bir hissəsi kimi təyin etməli olduğu halda, buna qiymət verməmiş və qanunun bu barədə də göstərişlərinə məhəl qoymamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iddiaçı apellyasiya şiakyətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

13. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, iddiaçı tərəfindən elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlanaraq, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

15. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarına əsasən Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, xəstəliklə bağlı çəkilməli olan övladlara münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76-cı, 78-ci və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarına əsasən ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası: birincisi - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında, ikincisi - sabit pul məbləğində tutulması müəyyən edilmişdir. Bundan əlavə ailə qanunvericiliyində valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir, yəni birincisi aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ikincisi - aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa, üçüncüsü - aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa və dördüncüsü - alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Eyni zamanda, qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

17. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

e) Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır. ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

23. Kollegiya qeyd edir ki, cavabdehin hazırki iş üzrə qətnamədən verdiyi apellyasiya şikayətinin dəlili əsaslı hesab edilə bilməz. Əvvəla, ailə qanunvericiliyinin müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu isə uşağın əvvəl yaşadığı şəraiti, maddi cəhətdən ehtiyaclarının qarşılanmasında hər hansı əksiklik olmaması, yaranmış istənilən vəziyyətin onun istər mənəvi, istər sağlamlıq, istərsə də maddi cəhətdən ona təsirinin olmamasına maximum təsir etməmisinə yönəlmişdir.

24. Məhkəmə kollegiyası cavabdehin yeni nikaha girməklə həmin nikahdan da iki uşağının olması, eləcə də əmək haqqının az olması barədə dəlilinə qiymət verərək qeyd edir ki, alimentin miqdarını müəyyən edən əvvəlki məhkəmə qətnaməsinin (2020-ci il) qəbul edilməsindən 4 ilə yaxın müddət ötmüş, o cümlədən uşaqların valideynlərdən birinin himayəsində olması, onlara qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin üzərinə düşməsinə, uşaqların qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın almaq hüquqlarının olmasına dair hallar nəzərə alınmalı və cavabdehin yaşayış minimumu həddində aliment verilməsinə etirazı əsassız hesab edilməlidir. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Odur ki, sadalanan halları və uşağın artan təlabatlarını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən uşağın saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması ədalətli və uşağın mənafeyinə uyğundur.

25. Eyni zamanda cavabdehin maddi imkanının artırılması tələb edilən alimenti ödəmək üçün kifayət etməməsi, başqa nikahdan 2 uşağının da olması barədə dəlilinə münasibətdə nəzərə alınmalıdır ki, bu hal onu övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin daha az məbləğdə müəyyən edilməsi üçün mütləq əsas kimi qəbul edilməməlidir.

26. “X21” PHŞ-nin X6 xx.xx.2023-cü il tarixli Epikrizindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X5 əsas xəstəlik kimi G40.4 generalizə olunmuş epilepsiyanın və epileptik sindromların digər növləri (PCDH 19 gendə patoloji dəyişiklikləri mənşəli), yanaşı xəstəlik kimi F06.6 emosional və davranış pozuntusu R16 hepatomeqaliya diaqnozu qoyulmuşdur. Hətta epikrizdə qeyd edilmişdir ki, uşaq müalicə alsa da, sonradan vəziyyəti pisləşib, qıcolma tutumaları çoxalıb. Tutma zamanı qıcolma tutmaları olur uşaq huşuni itirir və gözlərində dairəvi klonik qıcolmalar olur. Tutma müddət 5 dəqiqəyə kimi olur. Bununla yanaşı uşaqda ananın yanında məhkəmə iclasında olarkən uşaqda qeyri adekvat hərəkətlərin olması, qışqırma və bu kimi qeyri-müəyyən hərəkətlərin olması da müşahidə edilmişdir.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarında xx.xx.2016-cı il təvəllüdlü X4 xəstəliyinin təsdiq edən tibbi epikrizlər mövcud olduğundan və uşaqda xəstələyin olması hətta vizual müşahidə halında belə göründüyündən ekspertiza keçirilməsinə zərurət yoxdur. Belə ki, uşaqda ananın yanında məhkəmə iclasında olarkən uşaqda qeyri adekvat hərəkətlərin olması, qışqırma və bu kimi qeyrimüəyyən hərəkətlərin olması da müşahidə edilmişdir. İddiaçı təqdim etdiyi qəbzdən və kart hesabından həkimə göndərilən, dərman vasitəsinin alınmasına ödənilən məbləğlərdən də göründüyü kimi, kifayət qədər məbləğlərdə ödənişlər edilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, xx.xx.2016-cı il təvəllüdlü X4 xəstəliyinin müalicəsi ilə bağlı əlavə xərc formasında cavabdehdən iddiaçının iddia tələbində qeyd edilən məbləğdə olmasa da, cavadehin uşağının 150 manat civarında müalicə xərclərində iştirakı ədalətli və ağlabatandır.

28. Eyni zamanda cavabdehin alimentin sabit pul məbləğində deyil, əmək haqqının və digər gəlirlərinin dördə bir hissəsi kimi təyin edilməli olmasına dair münasibətdə isə məhkəmə kollegiyası vurğulayır ki, qanunvericinin yuxarıda göstərilən normalarında müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Qeyd edilən hal cavabdehin bu dəlilinin də əsassız olduğunu təsdiq etmiş olur.

29. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə almaqla belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir.

30. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti məbləğ etibarı ilə beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.

31. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-789/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar