Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6015/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikasının Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: daşınmaz əmlakın üzərinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikasının Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “daşınmaz əmlakın üzərinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1798/2023 nömrəli 05 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. 24.04.2013-cü il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X1 şəhəri Kəpəz rayonu Taqi Arani küçəsi 65 ünvanında yerləşən ümümi sahəsi 227,4 kv.m. olan qeyri-yaşayış sahəsini alıcı İddiaçı mülkiyyətinə vermişdir. RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzrə xüsusi mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 aprel 2016-cı il tarixli 5(009)-325/2016 saylı qərarı ilə Füzuli Əliyevin bacısının əri İddiaçı adına rəsmiləşdirilmiş ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmuşdur.
3. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun 2016-cı il tarixli 5(103)-25/16 saylı qərarı ilə müdafiəçi X13 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 18 mart 2016-cı il tarixli 5(009)-294/2016 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. 09 sentyabr 2016-cı il tarixli şahidin dindirmə protokolundan görünür ki, İddiaçı sözügedən cinayət işi üzrə şahid qismində dindirilmiş və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyət məsələləri ilə bağlı ona suallar verilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2019-cu il tarixli 1- 1(102)- 01 saylı qərarı ilə Bakı Hərbi Məhkəməsinin məhkumlar X7, X8, X14, X6, X10, X15, X5 və qeyrilərinin barəsində olan 23 aprel 2018-ci il tarixli hökmü məhkumlar S.Qurbanov, F.Əliyev, Z.Məmmədov, N.Alıyev, T.Quliyev, F.Atayev və A.Şirəliyev aid hissədə dəyişdirilmədən və apellyasiya şikayətlərinin təmin edilmədən saxlanılması qərara alınmışdır.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən İddiaçı və digərlərinə ünvanlanmış 20 may 2019-cu il tarixli, 3h-30/2019 nömrəli məktubda göstərilmişdir ki, F.Z.Əliyev və müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmiş, həmin şikayətdə əmlakların dövlət nəfinə əvəzsiz müsadirə olunması mübahisələndirilmiş və kassasiya şikayətinə baxılan zaman həmin əmlaklarla bağlı dəlillər qiymətləndiriləcəkdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli 1-1-(102)-2/2021 saylı qərarı ilə məhkum X8 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, məhkum X8 barəsində Bakı Apellyasiya Məhkəməsinin hərbi kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı qismən, yəni əmlaklara dair tətbiq edilmiş xüsusi müsadirəyə aid hissədə dəyişdirilmiş, məhkum X4 və qohumlarının adına olan Gəncə şəhəri Kəpəz rayonu Nizami küçəsi “Xalça” firma mağazasının cənub hissəsində yerləşən qeyri-yaşayış binasının (Gəncə şəhəri Nizami rayonu Nizami küçəsi ilə Əhməd Cəmil küçəsinin kəsişməsindəki 131,2 m2 torpaq sahəsində yerləşən 111,3 kv.m faydalı sahəsi olan mağaza), Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən daşınmaz əmlakın, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,06 ha torpaq sahəsinin, Göygöl rayonu Qızılca kəndində yerləşən 0.32 ha torpaq sahəsinin, Qusar rayonu Duztahir kəndində yerləşən 0,74 ha, 0,85 ha, 0,76 ha, 0,42 ha, və 0,30 ha torpaq sahələrinin, ünvan 3 ünvanında yerləşən evin, ünvan 4 ünvanında yerləşən evin, ünvan 5rləşən qeyri-yaşayış sahəsinin və ünvan 6 ünvanında yerləşən evin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair müddəalar Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarından və Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmündən xaric edilmiş, həmin əmlakların üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs ləğv olunmuş, kassasiya şikayətləri qalan hissədə təmin edilməmiş və qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 (indiki Gəncə şəhəri Nizami və Azərbaycan Bayrağı küçələrinin kəsişməsi) ünvanında yerləşən ümumi sahəsi 225,1 kv.m olan qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi, həmin əmlakın müsadirə siyahısından çıxarılaraq, əmlakın üzərində onun sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsinə məhdudiyyətlərə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi belə əsaslandırılmışdır ki, ünvan 1 (indiki Gəncə şəhəri Nizami və Azərbaycan Bayrağı küçələrinin kəsişməsi) ünvanında yerləşən ümumi sahəsi 225,1 kv.m olan qeyri-yaşayış sahəsi xx.xx.2013-cü il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən (Seriya RN № 0158502) verilmiş 08 may 2013-cü il tarixli çıxarışa əsasən onun mülkiyyətindədir. Adı çəkilən qeyriyaşayış sahəsinə dair xx.xx.2013-cü il tarixli Daşınmaz Əmlakın Texniki Pasportu da mövcuddur. Həmin ünvanda yerləşən qeyri-yaşayış sahəsini 2006-2007-ci illərdə dostu Məmməd Zeynalovdan 20.000 manata rəsmiləşdirmədən, məbləğini hissəhissə ödəyərək almışdır. M.Zeynalovun vəfatından sonra isə onun varisi Samir Zeynalovla rəsmi 24 may 2013-cü ildə alqı-satqı müqaviləsi bağlayaraq qeyri-yaşayış sahəsini öz mülkiyyətinə keçirmişdir. 2016-cı ildə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən yolun genişləndirilməsi ilə əlaqədar həmin əmlakın ön hissəsi sökülmüşdür. Lakin anidən və heç bir məlumatı olmadan adı çəkilən ünvanda yerləşən əmlak üzərinə həbs qoyulduğunu öyrənmişdir. Bir neçə hüquqşünasın köməyi ilə aydınlaşdırmışdır ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti əsasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 5(009)-237/2016 saylı, 04 mart 2016-cı il tarixli qərarı ilə həyat yoldaşı X2 qardaşı X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1 və 341.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair ********* №-li cinayət işinin istintaqının davam etdiyi müddət ərzində X4 qohumlarına məxsus bir sıra əmlaklar, o cümlədən ona məxsus adı çəkilən əmlak üzərinə həbs qoyulmuşdur. Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, 23 aprel 2018-ci il tarixli hökmü ilə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, habelə ona məxsus olan əmlakın, yəni ünvan 1 (indiki Gəncə şəhəri Nizami və Azərbaycan Bayrağı küçələrinin kəsişməsi) ünvanında yerləşən ümumi sahəsi 225,1 kv.m olan qeyri-yaşayış sahəsinin də məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmişdir. Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı xx.xx.2018-ci il tarixli hökmü maraqlı şəxs kimi ona təqdim edilməsə də, sonradan onun surətini əldə edərək, əmlakının xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hissəsindən apellyasiya şikayəti vermişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 1-1(103)-40 saylı 18 oktyabr 2018-ci il tarixli qərarı ilə hökmdən maraqlı şəxs qismində verdiyi apellyasiya şikayəti icraata qəbul edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 383-cü maddəsində məhkəmənin hökmündən apellyasiya şikayəti vermək səlahiyyətinə malik olan şəxslərin dairəsi konkret göstərilmiş və həmin normaya əsasən məhkəmə hökmündən maraqlı şəxslərin apellyasiya şikayəti vermək hüququna malik olması öz əksini tapmamışdır. Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı 23 aprel 2018-ci il tarixli hökmündən məhkum X8 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 1-1(103)-01 saylı 08 fevral 2019-cu il tarixli qərarı ilə təmin edilməmiş və həmin qərar qanuni qüvvəyə minmişdir. Beləliklə, iddiaçının konstitusion xarakterli mülkiyyət hüququ Bakı Hərbi Məhkəməsinin 1(093)- 7/2018 saylı 23 aprel 2018-ci il tarixli hökmü və həmin hökmü qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 1-1(103)-01 saylı 08 fevral 2019-cu il tarixli qərarı ilə kobudcasına pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 1- 1(103)- 01 saylı 8 fevral 2019-cu il tarixli qərarından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasına təqdimat verilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 may 2019-cu il tarixli 3h-30/2019 nömrəli məktubu ilə Bakı Apelyasiya Məhkəməsinin 1- 1(103)-01 saylı 8 fevral 2019-cu il tarixli qərarından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasına təqdimat verilməsindən imtina edilmiş, məhkum X8 barəsində olan cinayət işi üzrə çıxarılmış məhkəmə qərarlarından məhkum F.Əliyev və müdafiəçisi tərəfindən cinayət işi ilə bağlı kassasiya şikayəti verildiyini və bu kassasiya şikayətinə baxıldığı zaman əmlaklarla bağlı dəlillərin qiymətləndiriləcəyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 1- 1(102)-2/2021 saylı 08 iyun 2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 08 fevral 2019-cu il tarixli qərarı və Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmü qüvvəsində saxlanılmış, ona məxsus əmlak məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlaklar siyahısından çıxarılmamışdır.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 05 iyul 2023-cü il tarixli 2(006)-1798/2023 nömrəli qətnaməsi ilə (hakim İlqar Qaralov) iddia təmin edilməmişdir.
11. Məhkəmə göstərmişdir ki, sözügedən əmlak üzərinə həbs qoyulmasını şərtləndirən vacib əsaslardan biri məhz həmin əmlakların cinayət yolu ilə əldə edilmiş əmlak hesabına əldə edilmiş olmasıdır. Həbsdən azad edilməsi xahiş olunan əmlakın məhz təqsirləndirilən şəxs tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlak olduğu iş materialları ilə öz təsdiqini tapır. Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmü ilə dövlət nəfinə xüsusi müsadirə olunmuş ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin mülkiyyətçisi kimi rəsmiləşdirilmiş İddiaçı müvafiq cinayət işi üzrə cinayət mühakimə icraatı zamanı işdə iştirak etməyə cəlb olunmuş, eyni zamanda həmin əmlakın cinayət nəticəsində əldə olunub-olunmamasına hüquqi qiymət verilmişdir. Əmlakların dövlət nəfinə əvəzsiz müsadirə olunması mübahisələndirilən kassasiya şikayətinə baxılan zaman Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2021-ci il tarixli, 1-1(102)-2/2021 saylı qərarı ilə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 225,1 m2 olan qeyri-yaşayış sahəsi ilə bağlı dəlillərə də qiymət verilərək onun məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair məhkəmənin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
12. Məhkəmə gəldiyi nəticəni Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarına, Cəzalarin İcrası Məcəlləsinin 183.2, Cinayət Prosessual Məcəllənin 248.1.1, 253, 299.3.2, Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətinə görə qətnamə qanunsuz və əsassızdır.
b) Ape.lyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
17. Üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin
19. Maddə 183.2. Məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir.
20. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarında qeyd olunan hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinin mənasına görə, cinayət işi üzrə icraat zamanı təqsirləndirilən şəxsə məxsus və müsadirə olunan əmlakın cinayətin törədilməsi nəticəsində əldə olunmasını və ya bu əmlakdan əldə olunmuş gəlir olmasını, yaxud cinayətin törədilməsi üçün istifadə olunan və ya istifadəsi nəzərdə tutulan silah, alət və ya sair vasitələr olmasını, habelə təqsirləndirilən şəxsə məxsus olmasa da, onun törətmiş olduğu cinayət nəticəsində əldə olunmuş əmlak olmasını təsdiq edən hallar sübuta yetirilməlidir. Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə müvafiq olaraq cinayət işi üzrə icraatda iştirak etməyən, məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin xüsusi müsadirə edilməli olan əmlakın kimə mənsub olması haqqında iddiası üzrə işə baxan məhkəmə üçün qanuni qüvvəyə minmiş hökm yalnız cinayət hadisəsinin olubolmaması və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi hissəsində preyudisial xarakter daşıyır. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsi müsadirə olunması müəyyən olunmuş konkret əmlakın hökmdə göstərilməsinin üçüncü şəxslərə mülki məhkəmə icraatı qaydasında bu əmlaka dair öz mülkiyyət hüquqlarını sübut etməyə maneə yaratmasına səbəb olmur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyyət hüququ ilə xx.xx.2013-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı qohumu olan X8 Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, 23 aprel 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ona məxsus olan əmlaklar, o cümlədən, ünvan 1 (indiki Gəncə şəhəri Nizami və Azərbaycan Bayrağı küçələrinin kəsişməsi) ünvanında yerləşən ümumi sahəsi 225,1 kv.m olan qeyri-yaşayış sahəsinin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmişdir. Həmin hökmdən verilmiş apellyasiya şikayəti təmin olunmamış, kassiyasiya şikayəti isə qismən təmin olunsa da sözügedən əmlakla bağlı hissədə şikayət təmin olunmamışdır. Hazırda iddiaçı mülki məhkəmə icraatı qaydasında əmlakın ona mənsub olmasını mübahisələndirir.
30. Əmlakların dövlət nəfinə əvəzsiz müsadirə olunması mübahisələndirilən kassasiya şikayətinə baxılan zaman Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2021-ci il tarixli 1-1(102)-2/2021 saylı qərarı ilə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 225,1 kv.m olan qeyri-yaşayış sahəsi ilə bağlı dəlillərə də qiymət verilərək onun məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair məhkəmənin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
31. Göründüyü kimi iddiaçının hazırda azad olunmasını tələb etdiyi əmlakla bağlı dəlillər əsasında da araşdırma aparılmış və həmin əmlaka münasibətdə məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmaqla hazırda mübahisəli olan əmlak azad edilməmişdir.
32. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. İddiaçının hazırki tələbi əsassız olmuşdur.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1798/2023 nömrəli iş üzrə 05 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.