Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6016/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh1 tərəfindən verilmiş verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun xeyrinə 14.255,40 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 4779,64 ABŞ dolları faiz, 18.639,49 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixə kimi 1797,84 ABŞ dolları gecikdirilmiş vaxt üçün illik 5% olmalqa, cəmi 39.472,37 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, LPO İddiaçı ASC-nin xeyrinə Cavabdeh1 14.255.40 ABŞ dolları əsas, 4779.64 ABŞ dolları faiz, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 1797.84 ABŞ dolları və 1000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 21.829,88 ABŞ dolları borcun (qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə) və ödənilmiş dövlət rüsumuna görə 30 manatın tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı LPO İddiaçı ASC, apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, tərəflər arasında bağlanmış zaminlik müqaviləsinə əsasən, müqavilə tərəflər öz öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Mülki Məcəllədə müqavilənin həm “müddəti”, həm də “qüvvədə olma müddəti” anlyışları fərqləndirilir. MM-in 399.3-cü maddəsinə görə, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənlədirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, tərəflər arasında bağlanmış zaminlik müqaviləsinə əsasən müqavilə müddətinin bitməsi və əsas öhdəliyin icra anının başa çatmasından sonrakı bir il ərzində zaminə qarşı iddia qaldırılmaması zaminliyə xitam verilməsi üçün əsas sayılmır. Digər tərəfdən, məhkəmə, qətnaməni cərimə hissəsində azaldarkən MM-in 467-ci maddəsi ilə əsaslandırmışdır. Həmin maddəyə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə, bu normaya istinad etsə də, onun ikinci- “tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır” hissəsini mübahisəli münasibətə tətbiq etməmişdir. Çünki dəbbə pulunun 1000 ABŞ dolları müəyyən edilməsi, tələb edilən dəbbə borcu ilə müqayisədə tənasübsüz surətdə azdır, kreditorun mənafeləri nəzərə alınmamışdır. Cavabdeh1 da, apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə cavabdehin iştirakı olmadan, onun iddiaya münasibətini öyrənmədən qətnamə çıxarmış, cavabdehin iştirakını təmin emtək üçün cəhd də göstərməmiş, bununla da prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə, maddi hüquq normalarını da pozmuşdur. Belə ki, iddiaçının kredit müqaviləsi üzrə əsas borca görə tələb etdiyi faiz məbləği şişirdilmiş və düzgün hesablanmamışdır. Kredit ödənişləri üzrə silinmə ardıcıllığı iddiaçı tərəfindən düzgün aparılmamışdır. Onun iştirakını təmin edilmədiyindən məhkəmə prosesində bu halın araşdırılması üçün vəsatət təqdim edə bilməmişdir. Məhkəmə ədalətli qətnamə çıxarmaq üçün öz təşəbbüsu ilə ekspertiza təyin edə bilərdi. Digər tərəfdən, məhkəmə cərimə pulunu iddia tələbi üzrə tam təmin etməsə də, düzgün nəticəyə gəlməmişdir. Belə ki, mövcud vəziyyəti nəzərə alaraq cavabdehi dəbbə pulundan tam şəkildə azad etməli idi. Bundan əlavə, bank yalnız cərimə pulunun deyil, faizlərin hesablanmasında da, ciddi pozuntuya yol vermişdir, faizləri hesablayarkən MM-in 445.7-ci maddəsinin tələbini pozmuşdur. Belə ki, iddiaçı faizləri hesablayarkən faizdən faiz tutmuşdur. Bu halda, məhkəmə mühasibatlıq ekspertizası təyin edə, hesablamaların nə dərəcədə doğru aparıldığını araşdıra bilərdi. İddiaçı qəsdən məhkəməyə gec müraciət etmişdir ki, onun bu hərəkətinə görə cavabdehə gecikdirilmiş müddətə görə faiz hesablanması qanunsuzdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, öz apellyasiya şikayətlərinin dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını, cavabdehin şikayətinin isə rədd olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə,İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-cü il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya illik 24% dərəcəsi ilə, 24 ay müddətinə 19.000 ABŞ dolları kredit verilmiş və tərəflər arasında ödəniş qrafiki razılşdırılmışdır. Cavabdeh2,Cavabdeh3 xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi ilə, Cavabdeh1 Bank qarşısında olan öhdəliklərinin tamamilə icra edilməsinə görə məsuliyyəti üzərinə götürmüş və kredit müqaviləsinə əsasən borclunun götürdüyü kredit borcu və faizlərin vaxtında qaytarılmasına zamin kimi təminat vermişlər. Cavabdeh1, öhdəliyin icrasını gecikdirərək, borcunu qrafik üzrə qaytarmamışdır. xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 xx.xx.2019-cu il tarixətələbdə göstərilən məbləğlərdə borcu qalmışdır. Qeyd olunanlar iddia ərizəsi, xx.xx.2015-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi, xx.xx.2015-cü il tarixli, 280011662/ZM nömrəli zaminlik müqaviləsi, xx.xx.2019cu il tarixli, **********844 saylı maliyyə arayışı və işdə olan digər sənədlərlə təsdiqlənir. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh1 iddiaçının xeyrinə qətnamədə göstərilən borc məbləğlərinin tutulması qanuni və əsaslıdır. Belə ki, Mülki Məcəllənin 739.1-ci və 741-ci maddələrinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Hazırda iddiaçı, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin cəriməni tənasübsüz surətdə azaltmaqla və zaminlərə münasibətdə iddianı təmin etməməklə düzgün qənaətə gəlmədiyini bildirərək, qətnaməni mübahisələndirir. Cavabdeh isə, şikayətində işə onun iştirakı olmadan baxıldığını, faiz məbləğinin şişirdildiyini, cərimənin düzgün hesablanmadığını və qanunsuz olaraq faiz məbləğindən faiz tutulduğunu bildirir. Kollegiya, cərimə borcuna dair şikayətlərin dəlillərinə birlikdə qiymət verərək, bildirir ki, Mülki Məcəllənin 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Hazırkı iş üzrə isə maliyyə arayışı ilə müəyyən edilmiş və bank tərəfindən tələb olunan, 14.255,40 ABŞ dolları əsas borca görə tutulan 18.639,49 ABŞ dolları cərimə borcu tənasübsüz dərəcədə yüksək məbləğ sayıldığı üçün onun məbləği rayon məhkəməsi tərəfindən azaldılaraq 1000 ABŞ dolları müəyyən edilmişdir. Kollegiya, bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, cərimənin məbləğinə dair hər iki tərəfin apellyasiya şikayəti əsassızdır və rədd edilməlidir. İddiaçının apellyasiya şikayətinin zamin Cavabdeh2 və Cavabdeh3 aid hissəsi ilə bağlı məhkəmə kollegiyası bildirir ki, İddiaçı ASC, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, həmin cavabdehlərdən kredit borcunun tutulmamasını tələb etməkdə haqlı deyil. Belə ki, İddiaçı ASC, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı tələbini xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əsaslanmaqla irəli sürmüşdür. Həmin müqavilənin 1.1-ci bəndinə görə, əqdin predmeti eyni tarixli ********* saylı kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminlərin öz üzərinə götürməsidir. Göründüyü kimi, İddiaçı ASC iləCavabdeh2 və Cavabdeh3 arasında zaminlərlə əsas borclunun birgə məsuliyyətini özündə ehtiva edən müstəqil zaminlik müqaviləsi bağlanmışdır. Mülki Məcəllənin 470.1-ci və 472.1-ci maddələrinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Kollegiya vurğulayır ki, müqavilə dedikdə, tərəflərin arzu edilən hüquqi nəticə əmələ gətirmək üçün bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Zaminlik də kreditorla zamin arasında bağlanan müstəqil müqavilədir və onlar arasındakı hüquqi əlaqənin yeganə əsasıdır. Bu müqaviləyə görə, zamin, əsas borclunun öhdəliyini yerinə yetirməyəcəyi təqdirdə həmin öhdəliyi özünün icra edəcəyi barədə kreditora şəxsi təminat verir. Zaminlik müqaviləsinin mühüm əlamətlərindən biri də odur ki, zamin qayda olaraq əvəzsiz şəkildə kreditor qarşısında öhdəlik götürür. Bu müqavilə ilə kreditor, adətən zaminə qarşı öhdəlik daşımır, yəni zamin qarşılıqsız borclanır. Bu səbəbdən, qanunverici, zaminliyin yaranma və aradan qalxma əsaslarını dəqiqliklə müəyyən etmiş, zaminin qorunması üçün bir sıra təminatlar nəzərdə tutmuşdur. Bunlara zaminliyin özünün etibarsızlığına dair müdafiə imkanları, onun növünə görə mübahisələr, zaminliyə xitam verilməsi əsasları və s. aiddir. Zaminliyin qanuni təminatlarından biri də onun konkret müddətə bağlı olmasıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyində zaminliyin müddətlərinin yuxarı həddi dəqiq müəyyən edilmişdir. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi, qayda olaraq zaminliyin verildiyi müddət müqavilədə göstərilməlidir. Qanun, bunun göstərilməməsi imkanını nəzərdə tutsa da, müddətin göstərilmədiyi təqdirdə zaminliyin xitamı üçün konkret müddətlər müəyyən etmişdir. Bu müddətlər, zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür. Həmin müddətlər keçdikdə zaminliyə qanuna əsasən avtomatik xitam verilir. Bunun üçün ayrıca iddia qaldırılmasına və məhkəmə qərarının çıxarılmasına gərək yoxdur. Bundan əlavə, tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 5.1.4-cü bəndinə əsasən, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 (bir) il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Baxılan işdə zaminlik müqaviləsi ilə təminat verilən kredit müqaviləsinin icra müddəti dəqiq şəkildə göstərildiyindən, Kollegiya, MM-in 477.0.4-cü maddəsinin ikinci cümləsində göstərilən qaydanı hazırkı işə tətbiq edir. Çünki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, kredit 24 ay (müqavilənin 2.3-cü bəndi) müddətinə verilmişdir. Dolayısı ilə, kredit müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2017-ci ildir. Əsas öhdəliyin icra vaxtını həmin tarixdən hesabladıqda iddiaçı, zaminlər Cavabdeh2 və Cavabdeh3 qarşı bir il ərzində xx.xx.2018-ci ilədək iddia irəli sürməli idi. Lakin LPO İddiaçı ASC, həmin dövrdə zaminlərə qarşı iddia qaldırmasına dair sübutu məhkəməyə təqdim etməmişdir. Hazırkı iddia isə qeyd olunan müddətin bitdiyi tarixdən iki il yeddi ay keçdikdən sonra, yəni xx.xx.2019-cu ildə irəli sürülmüşdür. Bu hal ona dəlalət edir ki, kreditor İddiaçı ASC, zaminlik müqaviləsi ilə təmin edilən əsas öhdəliyin icra müddəti çatdığı gündən bir il ərzində zaminlər Cavabdeh2 və ElnurHüseynova qarşı iddia qaldırmadığı üçün sonuncuların zaminliyinə xx.xx.2018-ci il tarixdə qanuna əsasən xitam verilmişdir. Belə olan halda, zaminlikləri aradan qalxdığı üçün onlar, hazırkı tələb üzrə iddiaçı qarşısında zamin kimi məsuliyyət daşıya bilməz. Məhkəmə kollegiyası, zaminlik müqaviləsinə əsasən, tərəflərin müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək bu müqavilənin qüvvədə qalması barədə iddiaçının mövqeyini əsaslı saymır. Əvvəla, ona görə ki, tərəflər arasında bağlanmış zaminlik müqaviləsində belə bir şərt nəzərdə tutulmayıb. Digər tərəfdən, müqavilə ilə razılaşdırılsaydı belə, bu şərt etibarsız olmalqa, heç bir hüquqi qüvvəyə malik ola və hüquqi nəticə yarada bilməzdi. Çünki, bu müddəa, məzmun etibarilə öhdəlik institutunun mahiyyətinə, məqsəd və funksiyalarına, habelə zaminliyin müddətə görə xətm olmasına dair Mülki Məcəllənin 477.0.4-cü maddəsinə aşkar şəkildə ziddir. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə isə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Kollegiya, cavabdehin apellyasiya şikəyətinə münasibətdə bildirir ki, cavabdeh faiz məbləğinin şişirdildiyini bildirsə də, bu faktı təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Əksinə, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixə cavabdehin əsas borcunun 14.255,40 ABŞ dolları, faiz borcunun4779,64 ABŞ dolları etməsini təsdiqləyən sübut kimi maliyyə arayışı verilmişdir. Eyni zamanda, cavabdeh məhkəmə prosesində iştirakının təmin edilmədiyini bildirsə də, işdən görünür ki, xx.xx.2019-cu il tarixli məhkəmə iclasında iştirak etmiş və digər iclasların yeri və vaxtı barədə bildirişlər işdə olan ünvanı üzrə göndərilməklə, məhkəmə tərəfindən cavabdehin məlumatlandırılması üçün lazımı tədbirlər görülmüşdür. Göründüyü kimi, cavabdehin şikayətində istinad etdiyi hallarla bağlı sübutlarını məhkməyə təqdim etmək, ekspertizanın keçirilməsi barədə vəsatət vermək imkanı olduğu halda, bunu etməmişdir. Kollegiya, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi hesablanmış faiz borcunun tutulmasının əsaslı olmaması hissəsində də cavabdehin mövqeyini əsaslı saymır. Ona görə ki, bankın müqavilə müddəti başa çatdığı tarixdən əsas borcun illik 5% miqdarında məbləğ tələb etmək hüququ qanunda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Diqqətə alınmalıdır ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarı). Kollegiya vurğulayır ki, qeyd olunan normada nəzərdə tutulmuş illik 5 faiz, pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə hər hansı şərtdən asılı olmayaraq hesablanan minimum qanuni faizdir. Bu səbəbdən, hər hansı obyektiv və ağlabatan əsas olmadan, qanuna əsasən hesablanmalı gecikdirmə faizi (illik 5%) azaldıla və ya silinə bilməz. Odur ki, qeyd olunanlara əsasən, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi, işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin və Cavabdeh1 apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6668/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6016/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6016/2020
26.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver