Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6017/2022 16.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Bağırova (Şərifova) Səriyə İsrayil qızına qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 iyun 2022-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) İddia barədə məlumat
1. İddiaçı Bank cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış FR/47418/69 saylı “Güzəştli kredit müqaviləsinin” ləğv edilməsi, həmin müqavilə üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 5.331,68 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 105,69 manat, cəmi isə 5.437,27 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 75 manat məbləğində pulun cavabdehdən Bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Güzəştli kredit müqaviləsinə” əsasən cavabdeh illik 1 faiz dərəcəsi ilə 5.339,38 manat məbləğində pulu Bankdan 60 ay müddətinə borc götürmüşdür. Müqavilə şərtinə görə, cavabdeh, Banka olan borcunu aybaay və hissə-hissə Banka ödəməli idi, lakin o, Bank qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməmiş, Banka olan borcunu qeyd edilən qaydada ödəməmişdir. Nəticədə cavabdehin iddiaçı Banka iddia ərizəsində qeyd edilən növlərdə və məbləğlərdə borcu yaranmışdır. Borcun ödənilməsi məqsədi ilə Bankın cavabdehə dəfələrlə etdiyi müraciətlər nəticə verməmiş və bu səbəbdən də Bank hazırki iddia ilə məhkəməyə müraciət etmək və bu zaman 75 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsini, Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli FR/47418/69 saylı “Güzəştli kredit müqaviləsinin” ləğv edilməsini, həmin müqavilə üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 5.331,68 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 105,59 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 75 manat məbləğində pulun cavabdehdən Bankın xeyrinə tutulmasını qət etmişdir. c) Apellyasiya şikayəti barədə məlumat
4. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd olunan əsas və faiz borcunun hesablanması xüsusi bilik tələb olunmasına baxmayaraq, işə baxmış Rayon Məhkəməsi iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etməmişdir. Buna görə də, cavabdeh hesab edir ki, ondan tutulması tələb olunan borcun düzgün müəyyənləşdirilməsi üçün hazırki iş üzrə mühasibatlıq ekspertizası təyin olunmalı və ekspert rəyi əsasında iş üzrə yeni və ədalətli qərar qəbul edilməlidir. d) Apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və onların izahatı barədə məlumat
6. Cavabdeh işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
7. İddiaçı Bankın nümayəndəsi, apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. e) İş materiallarına əlavə edilmiş sənədlər barədə məlumat
8. İddiaçı Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Güzəştli kredit müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, cavabdeh həmin müqaviləyə əsasən Bankdan illik 1 faiz dərəcəsi ilə 60 ay müddətinə 5.339,38 manat məbləğində pulu borc olaraq götürmüşdür.
9. “Kredit müqaviləsinin” şərtlərindən görünür ki, cavabdeh üzərinə öhdəlik götürmüşdür ki, Bankdan aldığı krediti müqavilə və müqavilənin ayrılmaz hissəsi olan “Ödəniş cədvəli” üzrə Banka aybaay və hissə-hissə ödəyəcək.
10. Bank tərəfindən təqdim edilmiş xx.xx.2013-cü il tarixli “Maliyyə arayışdan” görünür ki, cavabdehin iddiaçı Banka ödənilməmiş 5.331,68 manat məbləğində əsas kredit borcu, 105,59 manat məbləğində əsas kredit borcuna hesablanmış faiz borcu var.
11. İşdə olan məktublardan görünür ki, Bank borcun ödənilməsini cavabdehlərdən dəfələrlə tələb etmişdir. f) Məhkəmənin mövqeyi
12. Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Lakin hazırki iş üzrə cavabdeh iddiaçı Banka borcunun olmadığı ümumiyyətlə iddia etməməşdir.
13. Mülki Məcəllənin tələblərinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (maddə 445.1.). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2.1.). Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.).
14. Qeyd edilən maddi hüquq normalarının tələblərindən mövcud mülki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, borcalan olan cavabdeh icra etmədiyi öhdəliklərə görə Bank qarşısında məsuliyyət daşıyır və Banka olan borclarını ödəməlidir.
15. Bankın xeyrinə tutulmalı olan pul vəsaitinin məbləğinə gəldikdə isə qeyd edilməlidir ki, cavabdehin dəlilləri borcun məbləğinin düzgün hesablanmaması ilə bağlıdır. Cavabdeh bildirir ki, işə Rayon Məhkəməsində baxılan zaman borcun məbləğinin düzgün müəyyən edilməsi üçün Rayon Məhkəmə öz təşəbbüsü ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin etməli olduğu halda, bunu etməmişdir. Odur ki, apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir.
16. Cavabdehin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, mülki iş materiallarından, o cümlədən cavabdehin özünün Rayon Məhkəməsinə təqdim etdiyi 60 saylı Mənzil- Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, cavabdeh, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır və həmin ünvanda yaşayır. İşə baxmış Rayon Məhkəməsi də, məhkəmə baxışı iclasının yeri və vaxtı barədə məlumatı özündə əks etdirən və kağız daşıyıcıda olan məhkəmə bildirişlərini həmin ünvan üzrə göndərmişdir.
17. Bundan başqa iş materiallarından görünür ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə məlumatı özündə əks etdirən elektron məhkəmə bildirişlərini (“sms” bildiriş) cavabdehin adına olan mobil telefon nömrəsinə də, göndərmişdir.
18. Odur ki, qeyd edilənlərə əsasən hesab edilməlidir ki, cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuşdur.
19. Lakin cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclalarında iştirak etməmişdir. Odur ki, hazırda ekspertizanın təyin olunması barədə vəsatətinin təmin olunması MPM-nin 372.2-ci maddəsinin tələbləri baxımından yolverilməzdir. Çünki yeni bu kimi rəy artıq yeni sübut hesab ediləcək.
20. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh borcun məbləğinin düzgün hesablandığını şübhə altına alsa da, bu xüsusatı təsdiq edə və müəyyən edilmiş borcun məbləğini şübhə altına ala biləcək sübutları (məsələn: adi riyazi hesablamanı və ya mütəxəssisin verdiyi hesablamanı) Məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Digər tərəfdən qeyd edilməlidir ki, məhkəmə öz təşəbbüsü ilə sübut toplamır. Belə ki, MPM-nin 9.3-cü maddəsinə görə, hakim (məhkəmə) bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. g) Apellyasiya baxışının nəticəsi
22. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar yoxdur.
23. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
24. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
26. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ
Cavabdeh Bağırova (Şərifova) Səriyyə İsrafil qızının apelyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 iyun 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh S.Bağırova (Şərifova) tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.