Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6018/2022 16.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: aliment) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli 2(001)-2294/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 16 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh anasıdır.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 noyabr 2016-cı il tarixli, 2(001)- 9376/2016 saylı qətnaməsi ilə iddiaçının saxlanılması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq, cavabdehdən iddiaçının xeyrinə hər ya 30 manat sabit pul məbləğində aliment tutulmuşdur.
3. Cavabdehdən iddiaçının xeyrinə aliment tutulan zaman cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin əməkdaşı olmaqla müntəzəm aylıq gəlirə malik olmuş və hər ay əmək haqqı almışdır.
4. İddiaçı hər ay xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" ASC-yə 156,93 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" ASC-yə 100,05 manat məbləğində ödəniş etmək öhdəliyi daşıyır.
5. Cavabdeh ilə X1 adlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli kirayə müqaviləsinə əsasən isə cavabdeh öz ailəsi, yəni arvadı X2, uşaqları xx.xx.2004-cü il təvəllüdlü X8 və xx.xx.2007-ci il təvəllüdlü X6 ilə birlikdə hazırda yaşadığı mənzilə görə hər ay 300 manat kirayə haqqı ödəyidir. Onun mülkiyyətində hər hansı əmlakın olduğu müəyyən edilmir.
6. Cavabdehin arvadı ilə “Yeni şəfəq” kursu arasında 2021-ci ilin sentyabr ayında bağlanmış müqavilələrə əsasən X5 və X3 tədris xidməti haqqı qismində hər ay müvafiq olaraq 130 manat və 160 manat məbləğində pul ödənilir. Tədris xidmətinin göstərilməsi ilə bağlı müqavilələr cavabdehin arvadı ilə bağlansa da, onun əmək münasibətlərində olmaması və bu baxımdan hər hansı gəlir əldə etməməsi səbəbindən bu məsələ ilə bağlı xərclər də cavabdeh tərəfindən (ümumi ailə büdcəsi hesabına) qarşılanır.
7. Cavabdehin arvadının müalicəsi ilə bağlı vəsaitlər də eyni qaydada ödənilir.
8. İddiaçı hər ay həm yaşa görə əmək pensiyası, həm müharibə veteranları üçün nəzərdə tutulmuş müavinət, həm də 30 manat məbləğində aliment alır.
9. İddiaçı öz mülkiyyətində olan mənzildə yaşayır.
10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-72/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh və onun ailə üzvlərinin iddiaçının mülkiyyətində olan həmin mənzilə köçürülməsi qət edilmişdir. Cavabdehin həmin mənzildə öz iradəsinə uyğun olaraq yaşamaması, yəni orada yaşamaqdan imtina etməsi müəyyən edilmir.
11. İddiaçının cavabdehdən başqa daha iki uşağı var. Lakin iddiaçı onlardan hər hansı məbləğdə aliment tələb etmir və heç vaxt tələb etməmişdir. Əksinə iddiaçı onların özlərini dolandırmaq üçün vəsaiti çətinliklə əldə etdiyini bildirir. İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-9376/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq, Cavabdeh hər ay tutulan alimentin 120 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 1990-cı ilədək nikahda olmuş, lakin nikah və ondan sonraki vaxtlarda da üç azyaşlı övladları yalnız onun himayəsində olublar. Onları saxlamaq üçün əzab-əziyyət çəkmişdir. Cavabdeh onun ən kiçik övladıdır və onun sağlam böyüməsi üçün bütün gücünü, cavanlığını sərf etmişdir. Hazırda o, əmək qabiliyyəti olmayan və maddi yardıma böyük ehtiyacı olan, ahıl yaşda xəstə bir anadır. Digər iki övladı işləmir va iş düşəndən-düşənə fərdi çalışıb özlərini ancaq dolandırırlar. Cavabdeh hərbçidir, qazancı 1000 manatdan yüksək olmasına baxmayaraq, anasını təminatsız qoymaqdan çəkinmir, bu səbəbdən məhkəməyə müraciət edib saxlanması üçün ondan aliment tələb edir. Alimentin miqdarı az olsun deyə, Emil məhkəməyə təqdim etdiyi maaş haqqında arayışa qazancının miqdarını əskik yazdırmışdır. Tutulmuş 30 manat 2016-cı ildə nəyə isə yarayıb, hansısa tələbatını qarşılaya bilərdi. Bu gün isə qiymətlərin sıçrayış etdiyi bir zamanda, bu məbləğ nəyinki cüzi hətta, gülünc doğuran bir məbləğə çevrilib. 30 manata bu gün o, yalnız ən ucuz bir dərmanının pulunu ödəmək imkanındadır. Yaşının təminatı demək olar ki, sıfırdadır. Ahıl və xəstə halında yaşayışı dözülməz səviyyədədir. Bu səbəbdən oğlundan aldığı alimentin miqdarınnn artırılmasına böyük ehtiyacı yaranmışdır.
14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 aprel 2022-ci il tarixli 2(001)-2294/2022 saylı qətnaməsi ilə (hakim Fuad Abdıyev) iddia rədd edilmişdir.
15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehdən iddiaçının xeyrinə aliment tutulan zaman cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin əməkdaşı olmaqla müntəzəm aylıq gəlirə malik olmuş və hər ay əmək haqqı almışdır. Lakin 2020-2022-ci illər ərzində onun kirayə, kredit, təhsillə bağlı xidmət müqavilələri üzrə öhdəlikləri yaranmış, təqaüdə çıxması səbəbindən hər ay aldığı əmək haqqı daha az məbləğdə pensiya məbləği ilə əvəzləşdirilmişdir. Belə ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli əmri ilə cavabdeh ordu sıralarından ehtiyata buraxılmış və hazırda əvvəllər aldığı əmək haqqından daha az məbləğdə pensiya alır. Onun bu məbləğdən başqa hər hansı başqa gəlir əldə etməsi müəyyən edilmir. 2016-cı ildə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan alimentin miqdarı məhkəmə tərəfindən müəyyən olunduqdan sonra ötən dövr, xüsusilə də 2020- 2022-ci illər ərzində xərclər baxımından cavabdehin həm ailə, həm də maddi vəziyyəti ağırlaşmışdır ki, yaxşılaşmamışdır. Belə olan halda, müəyyən edilmiş aliment məbləğinin artırılması üçün hər hansı əsas yaranmış olmur. Bu səbəbdən məhkəmə iddianı əsassız hesab etmiş və onun rədd edilməsi qənaətinə gəlmişdir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin V bəndi, Ailə Məcəlləsinin 82.1-82.4, 112.1, Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
17. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Əsasları iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətində göstərilmişdir ki, son zamanlar xəstəliyi ağırlaşmağa başlamışdır və bu səbəbdən müalicə, dərmanlar çox xərc tələb edir. Təqaüdü isə, bu xərcləri heç cür qarşılaya bilmir. Onda olan məlumata əsasən Emil təqaüdə çıxsa da işini davam edir və əldə etdiyi qazanc 1000 manatdan çox təşkil edir. Məhkəmə hesab etmişdir ki, cavabdeh iki kredit üzrə (102+156) 252 manat borc ödəyir. Bundan əlavə 300 manat kirayə haqqı, 320 manat məktəbdən kənar, iki övladının təhsil kursları üçün, ümumilikdə hər ay 872 manat ödəniş etmək qabliyyətindədir. Bu məbləğin üzərinə gündəlik azuqə, geyim, əyləncə və sair xərclər əlavə edilərsə məlum olar ki, cavabdeh ailəsinin saxlanması üçün hər ay 2000 manata yaxın pul xərcləyir. İddiaçının isə aylıq müavinatı 380 manat təşkil edir. Hakim araşdırma aparmadan qətnamədə cavabdehin dili ilə bu məbləği 500 manat civərində göstərir və əgər kommunal ödənişləri, gündəlik azuqə, tələb olunan paltarlara pul xərcləməsə belə, aldığı müavinat yalnız müalicə xərclərinin bir hissəsini qarşılaya bilir. Cavabdeh məhkəmə gedişatının tamamlanmasına az qalmış, xx.xx.2022-ci il tarixli kirayə müqaviləsini məhkəməyə təqdim edib nəzərə alınmasını xahiş etmişdir. Hakim, cavabdehin hansı ehtiyacdan tələsik məhkəmə gedişatı zamanı belə bir müqavilə bağlamasının səbəbini araşdırmadan, bu yalan əsaslı sənədi dəlil kimi qəbul edib cavabdehin xeyrinə qiytmətləndirmişdir. Hakim qətnamədə cavabdehin xeyrinə olan dəlil qismində cavabdehin himayəsində iki uşağının olmasını göstərmişdir. Bu uşaqların anası var və o, övladlarının saxlanmasında cavabdeh qədər öhdəliklidir. Qətnamədə növbəti dəlil kimi, digər övladlarının onu saxlamaq öhdəliyinin olması göstərilib. Lakin, məhkəmədə onların nədən və hansı səbəbdən iddiaçıya maddi yardım etmədiklərini hakim araşdırmaq istəməmişdir. Cavabdehdən başqa olan iki övladından biri ümumiyyətlə uzun illər öncə ölkəni tərk edib və onun haqqında heç bir məlumat yoxdur. Qızı isə ərindən boşandıqdan sonra azyaşlı övladı ilə tək qalıb və uşağını çox böyük əziyyətlə böyüdür. Bu səbəbdən, onun iddiaçıya maddi yardım göstərmək imkanı yox səviyyəsindədir. Məhkəmə nəticəyə gəlmişdir ki, alimentin hər hansı bir məbləğdə artırılması ağır maddi vəziyyətdə olan cavabdehin durumunu pisləşdirir. Lakin, ailənin gündəlik maddi təlabatından əlavə cavabdeh tərəfindən hər ay xərclənən 872 manat pul maddi durumunun normadan artıq olmasının göstəricisi olsa belə məhkəmə bu hala əhəmiyyət verməyib. Birmənalı olaraq cavabdehin maddi vəziyyətini əsaslı subut gətirmədən ağır qiymətləndirmişdir. Məhkəmədə dəfələrlə cavabdehin onun mülkiyyəti olan evdə yaşamamasının səbəbinin evin onun adına keçirmək tələbinin olmasını bildirsə də məhkəmə araşdırmadan, cavabdehin kirayədə yaşamasını əsaslı dəlil kimi qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Cavabdehin nümayəndəsi (eyni zamanda birinci instansiya məhkəməsində vəkili) Vəkil tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. O, apellyasiya şikayətinin təmin ediləməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. O, iş materiallarına uyğun izahat verərək bildirmişdir ki, hər ay 268 manat yaşa görə pensiya, 80 manat müharibə veteranlarına verilən Prezident təqaüdü, 30 manat cavabdehdən aliment, eyni zamanda əlavə olaraq hər 3 aydan bir 300 manat maddi yardım adır.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. O, aldığı pensiyanın özünün və ailəsinin maddi tələblərini ödəmək üçün kifayət etmədiyinə görə bu yaxınlarda hərbi hissədə mülki işçi kimi işə qəbul olunduğunu bildirdi. Hazırda 732 manat pensiya, 80 manat müharibə veteranlarına verilən Prezident təqaüdü və 540 manat əmək haqqı alır. Cavabdeh öz evində yaşayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2013-cü il tarixli qətnaməsi ilə onun və ailə üzvlərinin hazırki iş üzrə iddiaçıya qarşı iddiası təmin olunaraq, mənzilə köçürülmələri qət edilsə də, cavabdeh onları mənzilə buraxmır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
22. Maddə 34, bənd «v». Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsi
23. Maddə 82.1. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar.
24. Maddə 86.2. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur.
25. Maddə 86.3. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir.
26. Maddə 86.4. Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır.
27. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
34. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
36. Göründüyü kimi qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
37. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
38. Məhkəmə haqlı olaraq göstərmişdir ki, 2016-cı ildə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan alimentin miqdarı məhkəmə tərəfindən müəyyən olunduqdan sonra ötən dövr, xüsusilə də 2020-2022-ci illər ərzində xərclər baxımından cavabdehin həm ailə, həm də maddi vəziyyəti ağırlaşmışdır ki, yaxşılaşmamışdır. Belə olan halda, müəyyən edilmiş aliment məbləğinin artırılması üçün hər hansı əsas yaranmış olmur.
39. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna iddiaçı və cavabdehin maddi gəlirləri barədə ünvanladığı sorğuya cavab olaraq, onların Mərkəzləşdirilmiş elektron informasiya sistemində sosial ödəniş (pensiya, sosial müavinət, təqaüd) alan şəxslərə dair informasiya bazalarında həm yaşa görə əmək pensiyaçısı, həm də müharibə veteranları üçün nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü kimi qeydiyyatda olmaları müəyyən edilmişdir. Əmək haqqı alıb-almamaları barədə məlumatların təqdim edilməsi Fondun səlahiyyətinə aid olmadığı qeyd edilmişdir.
40. Bununla belə, iddiaçı və cavabdeh maddi gəlirləri barədə məhkəmə iclasında izahat vermişlər. Tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, iddiaçı hər ay 268 manat yaşa görə pensiya, 80 manat müharibə veteranlarına verilən Prezident təqaüdü, 30 manat cavabdehdən aliment, eyni zamanda əlavə olaraq hər 3 aydan bir 300 manat maddi yardım alır. Cavabdeh isə 732 manat pensiya, 80 manat müharibə veteranlarına verilən Prezident təqaüdü və 540 manat əmək haqqı alır.
41. Cavabdehin maddi gəlirləri 2016-cı ildən hazırki vaxtadək artmamışdır. O, 2016-cı ildə işlədiyi işdən azad edilmişdir. Hazırda əmək pensiyaçısı kimi qeydiyyatda olmaqla, özünün və ailəsinin maddi tələbatını qarşılamaq məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində mülki işçi kimi işə başlamışdır.
42. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.
43. Göründüyü kimi iddiaçının maddi gəlirləri 2022-ci üçün ölkə üzrə yaşayış minumumundan yüksəkdir. Cavabdeh isə özünün və ailəsinin maddi tələbtlarını qarşılamaqla yanaşı, iddiaçı hər ay 30 manat miqdarında aliment ödəyir. Nəzərə almaq lazımdır ki, iddiaçının cavabdehdən başqa 2 övladı var. Lakin iddiaçı digər övladlarına qarşı oxşar tələblə heç vaxt çıxış etməmişdir. Əksinə, qızının və onun uşaqlarının saxlanmasına köməklik göstərir. Konstitusiyanın tələbinə görə isə 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. Lakin iddiaçı öz xərclərinin əvəzini yalnız iddiaçıdan tələb edir. Halbuki, iddiaçı maddi ehtiyaclarının qarşılanmasını digər 2 övladından tələb edə bilər.
44. İddiaçının apellyasiya şikayətində qeyd etdiyi hallar əmək qabiliyyətli uşaqların əmək qabiliyyəti olmayan valideynlərini saxlanılması üçün müəyyən edilmiş alimentin artırılmasına əsas vermir.
45. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyil.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2294/2022 saylı iş üzrə 29 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.