Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-602/2020 15.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı və iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi (direktoru) X11 və cavabdehin vəkili X4 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-583/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus “STOM klinik” Stomatoloji Klinikasının əməkdaşları tərəfindən dişlərinin yanlış müalicəsi və keramik diş protezlərinin qoyulması nəticəsində sağlamlığına dəymiş zərərin aradan qaldırılması üçün cərrahi əməliyyatlarına, dərman və sair xidmətlər üçün xərclədiyi 1000 manat maliyyə vəsaitinin, sağlamlığının bərpası məqsədi ilə ehtiyac olan müalicə, cərrahiyə əməliyyatı və implant dişlərin qoyulması üçün 35000 manat maliyyə vəsaitinin, eləcə də mənəvi ziyana görə 10000 manat maliyyə vəsaitinin, cəmi 46000 manat maliyyə vəsaitinin Cavabdeh-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(006)-583/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh-dən vurulmuş maddi ziyana görə 15000 manat, mənəvi zərərə görə 1000 manat, cəmi 16000 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (direktoru) X13 və cavabdehin vəkili X8 apellyasiya şikayətini müdafiə etdilər, İddiaçı və iddiaçının nümayəndəsi və vəkili X3 isə apellyasiya şikayətinə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini, iddianın qismən təmin edildiyini və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İddiaçı bildirir ki, o, dişlərinin müalicəyə və protez qoyulmasına ehtiyacı olduğu üçün xx xxxx 2017-ci il tarixdə stomatologiya xidməti göstərən cavabdeh ”Cavabdeh” MMC-nin “STOM klinik” Stomatoloji Klinikasında diş həkimi X9 müraciət etmişdir. Həmin həkim ona üst çənəsində 10 dişini müalicə edərək keramikadan hazırlanmış protez, alt çənəsində yeddi dişini müalicə edərək hər tərəfə bir diş protezi artırmaqla doqquz keramikadan hazırlanmış diş protezi qoymuşdur. Bütün bunlara görə 646 manat pul ödəmişdir. Sonradan onun dişlərində ağrılar başlamış, o, bununla bağlı həkim Günel Əliyevaya müraciət etmiş, lakin onun müalicələri nəticə verməmiş və o, məcbur qalıb müxtəlif həkimlərə və sonda 2018-ci ilin fevral ayında Azərbaycan Dövlət X2 Klinikasının professoru Çingiz Rəhimova müraciət etmişdir. Onun tərəfindən müalicə aparılmış və xx.xx.2108-ci il tarixdə əməliyyat olunmuşdur. Əməliyyat nəticəsində onun mövcud olan bütün 17 dişinin hamısı çəkilmişdir. O, əməliyyatla bağlı 500 manat, rentgen, dərman və digər xərclər üçün 500 manat, cəmi 1000 manat vəsait xərcləmişdir. Lakin yenidən ağrıları baş qaldırmış, panorama rentgendən sonra onun çənəsində problemlərin qaldığı müəyyən olunmuş və təkrar əməliyyat olunmuşdur. Bir müddət sonra üçüncü dəfə xx.xx.2018-ci il tarixdə əməliyyat olunmuşdur. Hal-hazırda da onun çənəsində ağrılar davam edir. Onun çənəsində aparılacaq yeni cərrahiyyə əməliyyatı və dişlərinin implant köməyi ilə bərpasına zəruri ehtiyac vardır. “STOM klinik” Stomatoloji Klinikasında diş həkimi X5 xətaları nəticəsində o, 17 dişini itirmiş, çənə sümüyü zədələnmiş və üç dəfə əməliyyat olunmuşdur. Bununla bağlı onun başqa orqanları da zərər görmüş və artıq onda ürək ağrıları baş qaldırmış, ümumiyyətlə sağlamlığına kifayət qədər ziyan dəymişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçının 4 ədəd xroniki periodontit diaqnozu qoyulan dişi kanalların yuyulması üsulu ilə müalicə olunmuş, germetiklə bağlanmış, müvəqqəti dişlər otuzdurulmuş, həmçinin 2 ədəd dişi plomblanmışdır. Bundan sonra iddiaçı diş ətinin qanaması və qapaqların laxlanması şikayəti ilə müraciət etmiş, iddiaçıya təkrar müalicə təklif olunmuş, lakin o, bundan imtina etmiş və onun tələbi ilə ödədiyi 646 manat geri qaytarılmışdır. Bundan sonra iddiaçı digər klinikada müalicə olunmuş və bütün dişlərini çəkdirmişdir. İddiaçının 17 ədəd dişin çıxarılması ilə cavabdeh klinika tərəfindən aparılan müalicə arasında hər hansı əlaqə yoxdur. İddiaçını müalicə edən həkimin arayışında da göstərilmişdir ki, həmin dişlər iddiaçının təkidi ilə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 1096, 1097.1, 1112-ci maddələri təşkil edir. Həmin maddələrin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır (maddə 1096). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1). Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir (maddə 1112). Qeyd olunan maddi hüquq normalarına görə iddianın əsaslı hesab edilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: iddiaçıya tibbi xidmətlərin göstərilməsi nəticəsində zərərin dəyməsi, zərərin cavabdeh tibb müəssisəsinin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran tibb müəssisəsinin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Hazırkı işdə də bu əsaslar mövcuddur. Belə ki, birinci instansiya məhkəməsinin qərardadı əsasında Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya EET Birliyi tərəfindən xx.xx.2019-cu il tarixli 29/KEŞ saylı canlı şəxsin məhkəmə-tibbi ekspertizası rəyi verilmişdir. Həmin rəyə əsasən İddiaçı adına “Stom Klinika”da hər hansı tibbi sənəd tərtib edilmədiyindən, ona təyin edilmiş diaqnoz aparılmış müayinə, müalicələr və üzərində icra edilmiş stomatoloji prosedurlar haqqında fikir söylənilməsi mümkün olmamışdır. Lakin aparılmış mütəxəssis müayinəsi zamanı xəstənin ağız boşluğunda stomatoloji manipulyasiyaların icra olunduğu müəyyən edilmişdir. İddiaçı məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsasən, hal-hazırda onda aparılmış ilkin stomatoloji müayinə və müalicələr zamanı dişlərin kanallarının natamam, normadan artıq doldurulması nəticəsində dişlərin çəkilməsinə və kuretaj əməliyyatının icra olunmasına səbəb olmuşdur. Hazırda İddiaçı yenidən cərrahiyyə əməliyyatının icrasına ehtiyac olmasa da, çənələrdə distal implantasiyaların aparılmasına zərurət vardır. Müalicələrlə əlaqədar hansı vəsaitin tələb olunduğu məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil. İddiaçı “STOM Klinika”da göstərilmiş tibbi yardımlardan sonra onun sağlamlığında yaranmış digər şikayətlər (yuxarı və aşağı ətraflarda, ürək nahiyəsində olan ağrılar, yuxusuzluq və əsəbilik) subyektiv xarakter daşıdığından həmin şikayətlərin obyektiv olaraq qiymətləndirilməsi mümkün olmamışdır. Apellyasiya baxışı zamanı iş üzrə əlavə məhkəmə tibb ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X12 Təcrübə və Tədris Birliyi tərəfindən xx.xx.2020-ci il tarixli 95 saylı rəy verilmişdir. Həmin rəyə əsasən “Stom Klinika”da İddiaçı adına hər hansı tibbi sənəd tərtib edilmədiyindən, orada ona göstərilmiş tibbi yardımlar haqqında hazırda fikir söyləmək mümkün olmadı. Mütəxəssis müayinələri zamanı xəstənin ağız boşluğunda stomatoloji manipulyasiyaların icra olunduğu müəyyən edilmişdir. Müdafiə Nazirliyinin Baş Hərbi Kliniki hospitalının üz-çənə cərrahı R.Əzizov xx.xx.2020-ci il tarixdə İddiaçım müayinə edərkən, onun ağız boşluğunun selikli qişasında hər hansı patologiya aşkar etməsə də, xx.xx.2019-cu il tarixdə ATU-nun Tədris-Cərrahiyyə Klinikasında müayinəsi zamanı diş kanallarının natamam və normadan artıq doldurulması nəticəsində dişlərin çəkilməsi və küretajı əməliyyatı icra olunduğu və əməliyyatdan sonrakı rentgenoloji görüntüdə iltihabi prosesə səbəb olan patologiyanın olmaması müəyyən edilmişdir. İddiaçı ATU-nin Stomatoloji Klinikasına xx.xx.2018-ci il tarixdə klinikaya müraciət edərkən Kliniki və rentgenoloji müayinələrdən sonra ona “12, 21, 31 dişlərin xroniki periodontiti” diaqnozu qoyulmuş, 12, 21, 31-ci dişlərin ekstraksiyası və ya zirvəsinin rezeksiyası, digər dişlərin isə konservativ müalicəsi təklif olunaraq yerli keyləşdirmə altında həmin tarixdə “31, 32, 33, 34, 41, 42, 43-cü dişlərin ekstraksiyası” və xx.xx.2018-ci il tarixdə “11, 12, 13, 15, 16, 17, 21, 23, 24, 26-cı dişlərin ekstraksiyası” əməliyyatı icra olunmuşdur. İddiaçı adına “Stom Klinika”da hər hansı tibbi sənəd tərtib edilmədiyindən, onun ağız boşluğunda aparılmış cərrahiyyə əməliyyatları ilə göstərilmiş tibbi yardımlar arasında səbəbli əlaqənin olub-olmaması haqqında fikir söyləmək mümkün olmadı. İddiaçınm subyektiv şikayətləri əsasında sağlamlığında qeyd etdiyi problemlərin (qaraciyər böyüməsi, böyrək kistası, yuxusuzluq və s.), ağız boşluğunda aparılmış tibbi manipulyasiyalarla səbəbli əlaqəsi yoxdur. Eyni zamanda hazırki apellyasiya baxışı zamanı Azərbaycan Dövlət X2 Klinikasının professoru, ağız və üz-çənə cərrahı Çingiz Rəhimovdan mütəxəssis rəyi alınmış və rəydə bildirilmişdir ki, xəstə İddiaçı xx.xx.2018-ci il tarixində X6 Stomatoloji Klinikasına müraciət etmişdir. Kliniki və rentgenoloji müayinələrdən sonra xəstədə dəfələrlə müalicə olunmuş 11, 12, 13, 15,16, 17, 21, 23, 24, 26, 31,32, 33, 34, 41, 42, 43-cü dişlərin xroniki periodontiti diaqnozu qoyulmuşdur. Bəzi dişlərdə plomb materialı dişlərin zirvəsindən kənarda (çənə sümüyündə) qeyd edilirdi. Xəstəyə 12, 21, 31-ci dişlərin ekstraksiyası və ya diş zirvəsinin rezeksiyası, bəzi dişlər nahiyəsində çənədən yad cismin (plomb materialının) küretaj yolu ilə çıxarılması, digər dişlərin isə konservativ müalicəsi təklif olundu. Xəstə müalicə prosesindən yorulduğunu və təkidlə bütün dişlərin çıxarılmasını tələb edirdi. Xəstənin təkidi ilə xəstəyə yerli keyləşdirmə altında xx.xx.2018-ci il tarixində 31, 32, 33, 34, 41, 42, 43-cü dişlərin ekstraksiyası, çənədən yad cismin çıxarılması, sümüyün küretajı və xx.xx.2018-ci il tarixində 11, 12, 13, 15, 16, 17, 21, 23, 24, 26-cı dişlərin ekstraksiyası əməliyyatı aparılmışdır. Xəstəyə müvafiq təyinatlar verilmişdir. Göründüyü kimi hər iki ekspert rəyi ilə təsdiq olunur ki, iddiaçının xx.xx.2019-cu il tarixdə ATU-nun Tədris-Cərrahiyyə Klinikasında müayinəsi zamanı diş kanallarının natamam və normadan artıq doldurulması müəyyən edilmişdir. Həmçinin iddiaçını bilavasitə müalicə etmiş həkim-stomatoloq tərəfindən verilmiş mütəxəssis rəyi ilə təsdiq olunur ki, xx.xx.2018-ci il tarixdə keçirilən müayinə zamanı iddiaçının bəzi dişlərində plomb materialı dişlərin zirvəsindən kənarda (çənə sümüyündə) qeyd edilirdi. Eyni zamanda cavabdeh klinika tərəfindən iddiaçının adına tərtib olunmuş stomatoloji pasiyentin tibbi kitabçasının surətində iddiaçıya aşağıdakı müalicənin aparılması qeyd olunmuşdur: - xəstənin 11, 12, 21, 31-ci dişlərin periondontitin müalicəsi, kanalların beloderlə yuyulması, 23-24-cü dişlərin plomblanması. 11, 12, 21, 31-ci periodontit dişlərin metapeks ilə germetik bağlanması, dişlərin müvəqqəti otuzdurulması. Qeyd olunanlara əsasən müəyyən olunur ki, iddiaçının dişlərinin ekstraksiyasına (çıxarılmasına) əsas səbəb diş kanallarının natamam və normadan artıq doldurulması nəticəsində plomb materialının dişlərin zirvəsindən kənarda (çənə sümüyündə) yerləşməsi olmuşdur. Eyni zamanda cavabdeh klinikada yalnız 23-24-cü dişlərin plomblanması təsdiq olunur. Belə ki, bu hal iddiaçının adına olan tibbi kitabçada qeyd olunmuşdur. Digər dişlərin cavabdeh klinikada plomblanması isə hər hansı sübutla təsdiq olunmur. Çünki iddiaçı tərəfindən bunu təsdiq edən sübutlar təqdim edilməmişdir. İddiaçının məhkəmə iclasında baxış üçün təqdim etdiyi rentgen foto-şəkilləri isə bu halı təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Ona görə ki, iddiaçının cavabdeh klinikadakı müalicəsi 2017-ci ilin avqust ayında aparılmış, həmin rentgen foto-şəkilləri isə 2018-ci ilin mart ayında çəkilmişdir. Cavabdehin nümayəndəsi də təqdim edilən sübutu mübahisələndirmiş və vaxt fərqini əsas gətirərək, həmin rentgen foto-şəkillərini klinikada aparılan müalicənin nəticəsini əks etdirən sübut kimi qəbul edilməsinə etiraz etmişdir. Belə olan halda isə həmin rentgen foto-şəkilləri məhz cavabdeh klinikada aparılan müalicəni əks etdirən sübut kimi qəbul edilə bilməz. Beləliklə, cavabdeh klinikada iddiaçının 17 dişinin deyil, cəmi 2 dişinin plomblanması sübut olunur. Eyni zamanda ekspert və mütəxəssis rəyləri ilə təsdiq olunur ki, həmin dişlərin plomblanması düzgün həyata keçirilməmiş və bu da dişlərin çəkilməsinə və kuretaj əməliyyatının icra olunmasına səbəb olmuşdur. Həmçinin iddiaçıda yenidən cərrahiyyə əməliyyatının icrasına ehtiyac olmasa da, çənələrdə distal implantasiyaların aparılmasına zərurət vardır. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehdən 2 dişin düzgün müalicə edilməməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi kimi dişlərin implantasiyası və müalicə xərcləri ilə əlaqədar olaraq (dişlərin implantasiyasının orta qiymətinin 700 manat olması nəzərə alınmaqla) 1400 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Ona görə də kollegiya hesab edir ki, maddi zərərin tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Bununla yanaşı kollegiya hesab edir ki, mənəvi zərərin tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx xxxxxx 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya»nın müddəaları və X15 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 4-cü bəndində isə göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi ziyanın ödənilməsini tələb etmək hüququnu istisna etmir. İşin hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, yuxarıda qeyd olunanlara əsasən cavabdeh tərəfindən iddiaçıya maddi zərərin vurulması tam təsdiq olunur. Bundan başqa cavabdehin hərəkətlərinə görə iddiaçının sağlamlığında əlavə problemlər yaranmış, bununla bağlı müəyyən müddət fiziki ağrılara məruz qalmış, başqa həkimə müraciət edərək əlavə müalicə olunmuş və nəticədə iddiaçının həyatının adi axarının gedişi dəyişmişdir. Ümumi həyat təcrübəsinə görə isə qeyd olunan hallarda mənəvi sarsıntının keçirilməsi mübahisəsizdir. Lakin kollegiya hesab edir ki, bu hissədə də iddia qismən təmin edilməlidir. Belə ki, qeyd olunan Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunan halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq mənəvi zərərin əvəzi kimi 1000 manat ağlabatan məbləğ kimi müəyyənləşdirilmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi maddi zərərin tutulması hissəsində dəyişdirilməli, mənəvi zərərin tutulması hissəsində isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-583/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxx 2019-cu il tarixli qətnaməsi maddi zərərin tutulması hissəsində dəyişdirilsin. Cavabdeh-dən maddi zərərin əvəzi olaraq 1400 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamə mənəvi zərərin tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2(103)-602/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-602/2020
15.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver