Məhkəmə qərarları › İş №2(103)-602/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-602/2022

21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-602/2022 21.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2926/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı açıq səhmdar cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı kredit müqaviləsinə xitam verilməsi və kredit müqaviləsi üzrə borcun tutulması barədə iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-nin “Nur” filialı ilə Cavabdeh1 arasında bağlanmış 24.04.2019cu il tarixli № Özəl (1) F7_538/K-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 “Bank”a olan 6397,75 manat əsas, 1076,05 manat faiz, 1753,91 manat cərimə, cəmi 9227,71 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2926/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi - cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada 6397,75 (altı min üç yüz doxsan yeddi manat, yetmiş beş qəpik) əsas, 1076,05 (min yetmiş altı manat, beş qəpik) faiz, 150 (yüz əlli) manat cərimə, 30(otuz) manat ödənilmiş dövlət rüsumu, cəmi 7653,80 (yeddi min altı yüz əlli üç manat, səksən qəpik) manat alınaraq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və apellyasiya şikayətinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, bank ilə arasında bağlanmış 24.04.2019-cu il tarixli kredit müqaviləsi 24 ay müddətinə bağlanmışdır, yəni müqavilənin müddəti 24.04.2021-ci il tarixdə bitmişdir. Məhkəmə isə əsas borcuna hesablanmış faizlərin 24.04.2021-ci il tarixə qədər hesablanmalı olduğunu nəzərə almayaraq, ödənişlərini, borcu əsasında yazılmış faizləri və cəriməni, həmçinin əsas borcunu düzgün hesablamamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə ilk öncə iştirakını təmin etməli, mövqeyini öyrəndikdən sonra iş üzrə məhkəmə mühasibatlq ekspertizası təyin etməli, ekspert banka olan ödənişlərini hesabladıqdan sonra qalan əsas borcunu və həmin borca hesablanmış faizlərin düzgün hesablanıbhesablanmamasını müəyyən edərək məhkəməyə müvafıq ekspert rəyini təqdim etməli idi. Məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, Cavabdeh1la məhkəmə iclasına gəlməmişdən əvvəl əlaqə saxlamış və məhkəmə iclasına getməyini təklif etmiş, lakin sonuncu beli ağrıdığından məhkəməyə gəlməyəcəyini ona bildirmişdir. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı ASC-nin nümayəndəsi, eləcə də digər cavabdehlər Cavabdeh1, Cavabdeh3 məhkəmə iclasında iştirak etmirlər. İddiaçı ASC-nin nümayəndəsi X2 elektron kabinet vasitsilə məhkəməyə ünvanladığı ərizəsində məhkəmə proseslərinin çoxluğu ilə əlaqədar hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş və hazırki məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Digər cavabdehlər isə məhkəmə iclasında iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməyiblər. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 319.1, 442, 443.1, 448.1, 449.1, 470.1, 472.1, 467 və 739-cu maddələrinə istinad edərək iddianı qismən təmin edərkən qənaətini bununla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 24.04.2019-cu il tarixli, № Özəl (1) F7_538/K-19 saylı kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 25% olmaqla, 10.000 manat məbləğində kredit verilmiş, zaminlər Cavabdeh3 və Cavabdeh2 borclu Cavabdeh1 kredit təşkilatı qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşımaları barədə öz üzərlərinə öhdəliklər götürmüşlər. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və zamin adlandırılan fiziki şəxslər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 24.04.2019-cu il tarixli № Özəl (1) F7_538/Z-19 saylı kredit müqaviləsinə 1 saylı Əlavəyə əsasən tərəflər arasında bağlanmış 24.04.2019-cu il tarixli kredit müqaviləsi üzrə 6422.79 AZN ödənişinə 24.09.2020-ci il tarixədək güzəştin verilməsi və borcalan tərəfindən həmin tarixədək yalnız faiz borcunun ödənilməsinin təmin edilməsi, kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafikin ləğv edilməsi və qalıq əsas borcun və hesablanacaq faizlərin ödənilməsi üçün Əlavə №2 formasında yeni ödəniş qrafikin tərtib edilməsi, borcalan tərəfindən aylıq ödənişlər yeni qrafik əsasında aparılması, kredit müqaviləsinin 2.1 bəndində dəyişiklik edilməsi barədə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 razılığa gəlmişdilər. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və zamin adlandırılan fiziki şəxslər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 24.04.2019-cu il tarixli № Özəl (1) F7_538/Z-19 saylı kredit müqaviləsinə 1 saylı Əlavəyə əsasən tərəflər bu əlavəni imzalamaqla, zaminlik müqaviləsi ilə təmin edilmiş, borcalan Cavabdeh1 ilə bank arasında bağlanmış kredit müqaviləsinə dəyişiklik edilməsi barədə hər bir tərəfin məlumatlı olmasını və həmin dəyişiklik üzrə öhdəlikləri qəbul etdiklərini bəyan etdiklərini bildirmişlər. Zaminlik müqaviləsi ilə təmin edilmiş kredit müqaviləsinə edilmiş dəyişikliyin mahiyyəti həmin kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafikinin ləğv edilməsi, qalıq borcun ödənişinə 24.09.2020-ci il tarixədək güzəşt edilməsi, güzəşt müddəti ərzində yalnız faiz borcunun ödənilməsi, həmin tarix bitdikdən sonra həm əsas, həm də faiz borcunun ödənilməsi üçün yeni ödəniş qrafikin tərtib edilməsi bildirilmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh1 apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün deyil, dəyişdirilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Cavabdeh1 apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin nəticə hissəsində qətnamənin ləğv edilməsi nəzərdə tutulsa da, şikayətin obyektini qətnamənin tam hissəsi, yəni iddianın təmin edilməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız borcun düzgün hesablanmaması üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, faiz borcunun məbləği istisna olmaqla birinci instansiya məhkəməsinin iddianı təmin etməklə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 9/9493 saylı, 21.01.2022-ci il tarixli rəyinə əsasən 24.04.2019-cu il tarixli kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 İddiaçı ASC-yə olan borcu 24 aprel 2021-ci il tarixə 7.333,36 AZN (əsas borc üzrə - 6.400,02 AZN; faiz borcu üzrə - 933,34 AZN). 05 may 2021-ci il tarixə isə 7.382,25 AZN (əsas borc üzrə - 6.400,02 AZN; faiz borcu üzrə - 982,23 AZN) təşkil edir. Göründüyü kimi, ekspert rəyində əsas borcun məbləği tələb ediləndən artıq müəyyən edilsə də, faiz borcunun məbləği müqavilə müddətinə, yəni 24 aprel 2019-cu il tarixə 933,34 manat müəyyən edilmişdir. Lakin birinci instansiya məhkəməsi faiz borcunun məbləğini maliyyə arayışında göstərilən 05 may 2021-ci il tarixə olan 1076.05 manatı əsas götürmüşdür. Göründüyü kimi, faiz borcunun məbləği ilə bağlı şikayətin dəlilləri qismən əsaslı olduğundan həmin məbləğ azaldılaraq 933.34 manat müəyyən edilməlidir. İkincisi, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsi tərəfindən cərimənin azaldılması əsassız olmamışdır. Tərəflər cərimə ilə bağlı şərti bağladıqları müqavilədə razılaşdırmışlar. Ancaq iddiaçının tələb etdiyi cərimə faiz borcundan təxminən dəfə çox olduğundan azaldılması düzgün olmuşdur. Belə ki, bu azalma iddiaçının həm əmlak, həm də bütün əsaslı mənafelərinə zərər vurma təhlükəsi yaratmır. Çünki, iddiaçının özü də cərimənin həqiqətən də qeyd olunan məbləğdə olması barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyindədə kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmadığı göstərilmişdir. Bununla yanaşı, cavabdehin də əmlak mənafeləri nəzərə alınmaqla onun həddindən artıq dərəcədə maliyyə məsuliyyətinə cəlb edilməsi də yolverilməzdir. Belə ki, tələb edilən cərimə məbləği də açıq-aşkar əsas və faiz borcuna adekvat olmamışdır. Çünki, eyni müqavilə üzrə əsas və faiz borcu və cərimə tələb edilməsi və bütün tələblərin tam təmin edilməsi istər-istəməz cavabdehin maddi vəziyyətini ağırlaşdırmaya bilməz. Buna baxmayaraq, cərimə məbləği məhkəmə tərəfindən kifayət qədər azaldılmış və onun bir qədər də azaldılmasına əsas yoxdur. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2926/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsi qismən, yəni faiz borcunun məbləği hissəsində dəyişdirilməli və faiz borcu azaldılaraq 933.34(doqquz yüz otuz üç manat otuz dörd qəpik)manat, əsas və faiz borcun, eləcə də cərimənin cəmi isə 7481,09(yeddi min dörd yüz səksən bir manat, doqquz) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2926/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsi qismən, yəni faiz borcunun məbləği hissəsində dəyişdirilsin və faiz borcu azaldılaraq 933.34(doqquz yüz otuz üç manat otuz dörd qəpik)manat, əsas və faiz borcun, eləcə də cərimənin cəmi isə 7481,09(yeddi min dörd yüz səksən bir manat, doqquz qəpik) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri - 50 (əlli) manat Cavabdeh1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar