Məhkəmə qərarları › İş №2(103)-6020/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6020/2025

19.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6020/2025 19.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-6020/2025 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X10 və X5 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil1, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3622/2025 saylı, 22 avqust 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 19 noyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 110.000 manat məbləğində pulun və 400 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh təxminən 25 ildir ki tanıyır, iddiaçı cavabdehlə qeyri-rəsmi yaxın münasibətdə olmuş, Cavabdeh 160 nömrəli klassik gimnaziyada rəsmxət müəlliməsi işləmişdir. Qeyd etmək istəyir ki, son üç ilədək iddiaçı ilə cavabdehin münasibətləri yaxşı olmuş, Cavabdeh bütün problemlərinin həll olunmasında iddiaçı ona yardımçı olmuş, təxminən 10-15 il Cavabdeh oğlu ilə birlikdə iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən mənzildə yaşamışdır. Daha sonra, yəni 2016cı ildə cavabdeh Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda yerləşən 105 kv.m ölçüdə, 3 otaqlı mənzili 105.000 manata almaq istəmiş, lakin buna pul vəsaiti çatmadığından iddiaçıdan 50.000 manat məbləğində borc pul istəmişdir. Sözügedən mənzilə görə ödənilmiş məbləğin 55.000 manat olan hissəsini isə cavabdeh öz vəsaiti hesabına ödəmişdir. Bundan başqa sözügedən mənzilin təmiri və mənzil üçün bir sıra avadanlıqların alınması üçün də 70.000 manat məbləğində pul vəsaitini iddiaçı borc olaraq cavabdehin xahişi ilə onun əvəzinə ödəmişdir. Bununla da iddiaçının cavadehə borc kimi verdiyi pul məbləği 120.000 manat təşkil edir. Cavabdeh bu borc məbləğini iddiaçıya iki il ərzində hissə-hissə qaytaracağına söz vermişdir. İddiaçı cavabdehin səmimiyyətinə inanıb sözügedən mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına qeydiyyata alınmasına etiraz etməmişdir. Daha sonra, 2023-cü ildə cavabdeh iddiaçıya ümumi borc məbləğindən 10.000 manat məbləğində pul qaytarmış, lakin borcun 110.000 manat olan hissəsini isə dəfələrlə iddiaçının etdiyi müraciətlərə baxmayaraq, müxtəlif bəhanələr gətirərək qaytarmaqdan yayınmış, sonda isə iddiaçının telefon zənglərini cavablandırmayaraq, telefon nömrələrini dəyişdirmişdir. Bu səbəbdən iddiaçı aidiyyəti üzrə Bakı şəhər Xətai RPİ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. İddiaçının ərizəsi əsasında Xətai RPİ-nin İstintaq şöbəsində araşdırma başlanılmışdır. Araşdırma zamanı Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin müstəntiqi X2 xx.xx.2004-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsini rəhbər tutaraq cinayət işinin başlanmasının rədd olunması qərara alınmışdır. Araşdırma zamanı cavabdeh izahat verərək bildirmişdir ki, sözügedən mənzilin təmiri ilə əlaqədar ustaların zəhmət haqqısını, material və avadanlıqların alınması xərclərini iddiaçı ödəmişdir və iddiaçının ödədiyi həmin pul məbləğlərini güya cavabdeh özü iddiaçıya vermişdir ki, onun əvəzindən ödəsin, lakin inandırıcı olmayan bu mövqeyini heç bir sübutla təsdiq edə bilməmişdir. Araşdırma zamanı dəvət olunmuş sözügedən mənzildə təmir işlərini həyata keçirən ustalar - Şahbazov Fərhad Vəkil oğlu, X3, X11, X16 və X7 izahat verərək təsdiq etmişlər ki, onlara gördükləri işə görə zəhmət haqqı kimi pul, təmir üçün materialların və digər avadanlığın alınmasına görə pul İddiaçı tərəfindən ödənilmişdir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan şəxsləri - Şahbazov Fərhad Vəkil oğlunu (tel:*** *** ** **), X1 (tel:*** *** ** **), X6 (tel:*** *** ** **), X12 (tel:*** *** ** **) və X4 (tel:*** *** ** **) şahid qismində dəvət edərək dindirilmələri barədə qərardad qəbul edilməsini xahiş edir.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3622/2025 saylı, 22 avqust 2025ci il tarixli qətnaməsi ilə (hakim Aynur Abdullayeva) iddia təmin edilməmişdir.

4. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 329.2, 329.3, 385.1, 389.1, 442, 739.1, 739.2, 740.1, 740.2, 742.1, 1091.1, 1091.2, 1092.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq qeyd edilmişdir ki, işin hallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh uzun müddət yaxınmünasibətlərdə olmuşlar, iddiaçı dəfələrlə cavabdehə qiymətli əşyalar hədiyyəetmişdir, lakin iddiaçının bu hədiyyələrlə bağlı heç bir tələbi yoxdur. Lakin mənzilin alnmasına görə cavabdehə verdiyi 50000 manat və mənzilin təmirinə çəkdiyi 70000 manat xərclə bağlı onların arasında razılaşma olduğuna görə cavabdeh həmin məbləği qaytarmaq öhdəliyini üzərinə götürüb. Belə olan halda həmin məbləğin qaytarılmasından cavabdehin imtina etməsi əsassız varlanma kimi qiymətləndirilməlidir. Məhkəmə bu halı da nəzərə almayaraq, qərəzli olaraq cavabdehinmövqeyinə üstünlük vermiş və qanunsuz qətnamə qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

10. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

11. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

12. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər.

13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

15. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

16. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.

17. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

18. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

21. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

22. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

23. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamənin qanunililiyi və əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

33. Belə ki, iş materilallarında olan Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X8 Gündüz Akif oğlunun müraciəti əsasında daxil olmuş HK-1-711 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, araşdırma zamanı izahatı alınmış ünvan 3 ünvanında yaşayan İddiaçı bildirmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla hazırda ailəsi ilə birlikdə həmin ünvanda yaşayır, heç bir yerdə işləmir, əvvəllər məhkum olunmamışdır. Cavabdeh təxminən 20 ildir tanıyır, onunla qeyrirəsmi yaxın münasibətdə olmuş, Cavabdeh 160 nömrəli klassik gimnaziyada rəsmxət müəlliməsi işləmiş, son üç ilədək onunla münasibətləri yaxşı olmuş, Cavabdeh bütün problemlərinin həll olunmasında köməklik göstərmiş, hətta ona müxtəlif qızıl əşyaları, bahalı geyim paltarları almış və onu bir neçə xarici dövlətlərdə istirahətə aparmış, təxminən 10-15 il Cavabdeh oğlu Mirsalehlə birlikdə ona məxsus ünvan 5 ünvanda yerləşən 7 saylı mənzildə yaşamış, 2016-cı ildə hər ikisinin maddi hesabına Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 29 ünvanda yerləşən 105 kv metrlik 3 otaqlı 224 saylı mənzili 105.000 manata almış, həmin məbləğin 50.000 manatı ona, 55.000 manatını isə Cavabdeh məxsus olmuş, belə ki, Cavabdeh Q.Qarayev prospektində yerləşən bir otaqlı mənzilini 55.000 manata satıb həmin məbləği düzəltmiş, qeyd olunmuş 3 otaqlı mənzili öz şəxsi vəsaiti hesabına «Evro» təmir etdirərək içərisinə bəzi əşyalar almaqla bərabər 70.000 manat da xərc çəkmiş, ancaq Rəna ilə danışıb razılaşdığı kimi həmin mənzili adına rəsmiləşdirmiş və təxminən iki il ərzində Cavabdeh 120.000 manatını qaytaracağına söz vermiş, 2023-cü ildə Cavabdeh həmin məbləğdən cəmi 10.000 manat qaytararaq yerdə qalan 110.000 manatını isə müxtəlif bəhanələr gətirərək verməmiş, sonda isə telefon zənglərini belə cavablandırmayaraq nömrələrini dəyişmiş, hətta Rəna çəkəcəyi xərcin üstündə əlavə qazanc verəcəyinə söz vermişdir.

34. xx.xx.2016-cı il tarixli mədaxil qəbzin surətindən görünür ki, Cavabdeh məxsus olan ******************** nömrəli hesaba 54.010 manat məbləğində mədaxil olunmuşdur.

35. xx.xx.2016-cı il tarixli mədaxil qəbzin surətindən görünür ki, Cavabdeh məxsus olan ******************** nömrəli hesaba 50.000 manat məbləğində mədaxil olunmuşdur.

36. xx.xx.2016-cı il tarixli mədaxil qəbzin surətindən görünür ki, Cavabdeh məxsus olan ******************** nömrəli hesabdan 104.000 manat məbləğində məxaric olunmuşdur.

37. Cavabdeh (“Satıcı”) ilə X13 (“Alıcı”) arasında bağlanmış xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, “Satıcı” Cavabdeh ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 28,9 kv.m olan mənzili 50.000 manat müqabilində “Alıcıya” satmışdır

38. Birinci instansiya məhkəmə iclasında şahid qismində iştirak edən X14 ifadəsində bildirmişdir ki, Cavabdeh ilə 25 ildir ki, ailəvi dostdur. 2017-ci ildə Rəna evini təmir edəndə ondan 10.000 manat məbləğində borca pul götürüb. Sonra pulu ona qaytarıb.

39. Birinci instansiya məhkəmə iclasında şahid qismində iştirak edən X11 ifadəsində bildirmişdir ki, İddiaçı ilə dostdurlar, yoldaşdırlar. Özü ustadır, mərmər ustasıdır. O, Gündüzün sifarişi ilə evdə təmir işləri aparıb, evdə mərmər kəsmişdir. Gündüz ona 1.500 manat iş pulu vermişdir. Materialları Gündüz almışdır

40. Birinci instansiya məhkəmə iclasında şahid qismində iştirak edən X9 ifadəsində bildirmişdir ki, Cavabdeh ilə 18 ildir ki, rəfiqədirlər. O, 1990-cı illərdən Gündüz Məmmədovu tanıyır. Sonuncu ərinin dostudur. 2016-cı ilin yaz aylarında Rəna xanım ev almışdı və onun təmirə pulu çatmamışdır. Rəna ona müraciət etmişdir və o da ona 10.000 manat pul vermişdir. 2021-ci ildə Rəna pulu qaytarıb.

41. Birinci instansiya məhkəmə iclasında şahid qismində iştirak edən X16 ifadəsində bildirmişdir ki, o, 20 ildir ki, Gündüz müəllimin dostudur. Özü kondisioner ustasıdır. Gündüzün sifarişi ilə yaşayış evinə 3 ədəd kondisioner quraşdırmışdır və onların borularını çəkmişdir. O, buna görə 500 manat əmək haqqı almışdır. 700-800 manat materialların xərci idi.

42. Birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşan kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

43. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki hazırkı iş üzrə ilk növbədə iddia tələbinin, ümumiyyətlə, qanuni əsası yoxdur.

44. Belə ki, iddiaçı öz tələbini cavabdehə özünə ev alması üçün borc pul verməsi və həmin borc müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi ilə əsaslandırmışdır. Buna görə də ilk növbədə tərəflərin arasında etibarlı borc münasibətlərinin olub-olmaması müəyyənləşdirilməli, olduğu təqdirdə tərəflərin bu müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra edib-etməmələri yoxlanılmalıdır.

45. Belə ki, Mülki Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

46. Həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Göstərilən Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

47. Qeyd edilən normaların məzmunundan da göründüyü kimi əqdin etibarlı hesab olunması və ondan irəli gələn öhdəliklərin icrasının tələb olunması üçün bir sıra şərtlərlə yanaşı, həmin əqdin bağlanmasına dair forma şərtlərinə də əməl edilməsi mühüm rol oynayır.

48. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

49. Hazırki işin hallarından da göründüyü kimi iddiaçı tərəflər arasında borc münasibətlərinin mövcud olduğunu və cavabdehin özünə ev alması üçün ona borc verdiyini bildirsə də, onların arasında hər hansı yazılı əqd bağlanmamış, borc müqavilələri üçün qanunvericiliklə müəyyən edilmiş forma tələbləri mövcud olsa da, bu tələblərə əməl edilməsi ilə bağlı hər hansı sübut iş materiallarında aşkar edilməmişdir.

50. Kollegiya qeyd edir ki, qanunvericiliklə dəyəri 3000 manatdan çox olan borc müqaviləsinin yazılı qaydaya bağlanmasının təsbit edilməsinin məqsədi də tərəflər arasında bu cür mübahisələrin yaranmaması və tələbkarın öz hüquqlarını müdafiə edə bilməsi üçün qanunvericiliklə bir növ qoruma altına alınması ilə bağlıdır.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir.

52. Qeyd edilənlərdən də göründüyü kimi iddiaçı ilə cavabdeh arasında etibarlı borc münasibətləri yaranmamış, bu münasibətlərin mövcudluğuna və həcminə dair müddəalar hər hansı formada əks olunmamışdır.

53. O cümlədən kollegiya qeyd edir ki, iddianın hüquqi əsası borc müqaviləsi mövcud olmadığından müvafiq olaraq əsassız varlanmadan irəli gəlmiş olsa idi belə, sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, bu varlanmaya dair mötəbər sübutlar təqdim etməmişdir.

54. Belə ki, Mülki Məcəllənin 1091.1 və 1091.2-ci maddələrinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

55. Hazırki halda iddiaçı tərəfindən cavabdehin əsassız varlanmasına dair də məhkəməyə mötəbər hər hansı dəlil təqdim edilməmiş, tələbini əsaslandıran bütün hallar şahid ifadələrindən və təyinatı qeyd olunmayan mədaxil qəbzlərindən ibarət olmuşdur. Dindirilmiş şahidlərin ifadələrinə münasibətdə isə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

56. İlk növbədə qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericilik formal həqiqət prinsipi əsasında qurulur ki, bu da mahiyyət etibarilə onu deməyə əsas verir ki, məhkəmələr iddia tələbini araşdırılması zamanı tərəflərin təqdim etdiyi sübutlarla işə baxmaqda haqlıdır.

57. Lakin qeyd olunan halların mötəbər hesab olunması üçün həmin sübutlar bir sıra şərtlərə cavab verməli, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

58. Hazırki iddia tələbinin predmeti qismində pul tələbi çıxış edir və kollegiya bu halların əsası qismində iddiaçı tərəfindən çıxış edən şahid ifadəsi ilə bağlı qeyd edir ki, hazırki iş üzrə izahat verən şahidlərin mülahizələri, iddiaçı tərəfindən qeyd olunan hüquqi faktı təsdiqləmir. Belə ki, şahid izahatlarında, tələbin həcmini təşkil edən 110.000 manatın, həmçinin təyinatının iddia tələbində qeyd olunan mənzil alqısatqısı və s. hallarla əlaqəli olması təsdiqlənməmişdir.

59. Həmçinin qeyd edilməlidir ki, həcmi bu qədər böyük olan pul tələbi üzrə sadəcə şahid ifadələri ilə çıxış edilməsi iddianın mötəbər əsaslara söykəndiyini deməyə kifayət edə bilməz. Belə ki, təqdim edilən mədaxil və məxaric qəbzlərində də cavabdehin həmin vəsaitlərlə bağlı müvafiq əməliyyatları aparmasının təyinatı qeyd edilməmiş, yəni həmin əməliyyatların məhz iddiaçı tərəfindən ona verilmiş məbləğ hesabına həyata keçirilməsi öz təsdiqini tapmamışdır.

60. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

61. Belə ki, məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

62. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.

63. Qeyd olunanlara əsasən kollegiya, birinci instansiya məhkəməsinin mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəldiyi qənaətinə gəlir və hesab edir ki, hər iki apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

64. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

65. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

66. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

67. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

68. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

69. Kollegiya hesab edir ki, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3622/2025 saylı, 22 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar