Məhkəmə qərarları › İş №2(103)-6022/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6022/2022

11.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6022/2022 11.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Eyvazov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədova və Fuad Fikrət oğlu Babayevdan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2(001)- 358/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mənzilindən axıdılan suyun nəticəsində yararsız hala düşmüş mənzilinin təmir işləri üçün tələb olunan 8000 manat məbləğində pulun, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2(001)- 358/2022 saylı qətnaməsi ilə (hakim Fuad Abdıyev) iddia qismən təmin edilərək, suyun axıdılması nəticəsində vurulmuş maddi zərərə görə Cavabdeh 2829 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaitinin 25 manat hissəsinin İddiaçı, 25 manat hissəsinin isə Cavabdeh tutularaq dövlət hesabına tutulması qət edilmişdir. Cavabdeh, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclaslarından xəbərinin olmaması, çəkişmə prinsipinə riayət olunmaması, suyun məhz onun mənzilindən axmasına dair sübutların olmaması, ekspertiza rəyinin əsassız olması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, onun mənzilinə yuxarı mərtəbədən su axıdılmış, ondan da həmin su iddiaçının mənzilinə axmışdır. Bu səbəbdən də onun təqsiri yoxdur. Eksperti tərəfindən onun mənzilinə baxış keçirilmiş, lakin su axma halı müəyyən olunmamışdır. Hesab edir ki, iddia rədd olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, dəfələrlə cavabdehin yaşadığı mənzildən onlara su axmış, hər dəfə etirazını bildirmiş, lakin ona kobud cavab verilərək, suyun axıntısı dayandırılmamışdır. Bu səbəbdən də sonda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində (iddianın təmin olunan hissəsində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflərin qonşu olması, yəni iddiaçının ünvan 1 ünvanında, cavabdehin isə iddiaçıya məxsus mənzilin bir mərtəbə üst mənzilində qeydiyyatda olmaqla yaşaması işin mübahisə olunmayan hallarıdır. Həmçinin, işdə olan 1 saylı MKİS tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, iddiaçının şikayəti üzrə onun mənzilinə baxış keçirilmiş, baxış zamanı aşkar olunmuşdur ki, həmin mənzilə üst mərtəbədə yerləşən 48 saylı mənzildən su axıntısı olmuş, nəticədə 46 saylı mənzilə maddi ziyan dəymişdir. İddiaçının bildirməsinə görə 48 saylı mənzildə yaşayan qonşuya dəfələrlə xəbərdarlıq etsə də suyun axıntısı dayanmamış, onnu şqarşısı alınmamışdır. İşdə olan ekspertiza rəyindən (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/948 saylı ekspert rəyi) görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 21 saylı evin, 46 saylı mənzilin dəhliz və mətbəx tikililərinin konstruktiv elementləri üzərində qusurların əmələ gəldiyi, həmin qüsurların su sızma nəticəsində yaranmasına xarakterik olduğu müəyyən edilmiş, 46 saylı mənzilə su sızması 48 saylı mənzilin su-kanalizasiya borusunda mümkün olan nasazlıqlar səbəbindən yarana bilər və su sızmanın aradan qaldırılması üçün 48 saylı mənzilin hamam və ayaqyolu tikililərində, həmçinin, sukanalizasiya borularında müvafiq təmir işləri aparılmalıdır. 46 saylı mənzilin tikililərində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2829 manat məbləğində müəyyən olunmuşdur (aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir). Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən qeyd etmişdir ki, iddiaçı uzun müddətdir ki, onun mülkiyyətində olan mənzilin sanitar qovşağına və dəhlizinə cavabdehin yaşadığı mənzildən su axıdıldığını, bu barədə qonşuları məlumatlandırmasına, bu halın qarşısının alınması üçün polis orqanına, 1 nömrəli MKİS-ə məlumat verilməsinə baxmayaraq, hər hansı tədbirin görülmədiyini, o cümlədən suyn axıdılması mənbəyinin müəyyən edilmədiyini, 1 saylı MKİS tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktda onun mənzilinə cavabdehin mənzilindən suyun axıdıldığının öz təsdiqini tapdığını bildirir və bunun nəticəsində mənzilinə 8000 manat məbləğində maddi zərərin vurulduğunu iddia edərək, bu məbləğin cavabdehdən tutulmasını tələb edir. Bakı şəhəri Binəqədi rayon 1 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2021-ci il tarixli aktında iddiaçının mülkiyyətində olan mənzilə həmin mənzilin üstündə yerləşən 48 saylı mənzildən suyun axıldığı, nəticədə 46 saylı mənzilin tavan hissəsinin saraldığını, emulsiyasının qopduğu, elektrik naqillərinin zədələndiyi və bununla da həmin mənzilə maddi ziyan dəydiyi göstərilmişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası əsasında aparılmış ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş ekspert rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 21 saylı evin, 46 saylı mənzilin dəhliz və mətbəx tikililərinin konstruktiv elementləri üzərində qusurların əmələ gəldiyi, həmin qüsurların su sızma nəticəsində yaranmasına xarakterik olduğu müəyyən edilmiş, 46 saylı mənzilə su sızması 48 saylı mənzilin su-kanalizasiya borusunda mümkün olan nasazlıqlar səbəbindən yarana bilər və su sızmanın aradan qaldırılması üçün 48 saylı mənzilin hamam və ayaqyolu tikililərində, həmçinin, sukanalizasiya borularında müvafiq təmir işləri aparılmalıdır. 46 saylı mənzilin tikililərində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2.829 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, iddiaçının mülkiyyətində olan mənzilə həmin mənzilin üstündə yerləşən və cavabdehin yaşadığı mənzildən su axıdılmışdır. Başqa sözlə, iddiaçının mənzilinə ziyan cavabdehin yaşadığı mənzildən suyun axıdılması nəticəsində vurulmuşdur. Lakin məhkəmə iddia üzrə tələb edilən zərər məbləği ilə razılaşmır. Belə ki, iddiaçı onun mülkiyyətində olan mənzilə məhz 8000 manat məbləğində maddi zərərin vurulduğunu bildirsə də, bu halı təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edə bilmir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddiaçıya vurulmuş maddi zərərin məbləği müəyyən edilərkən, ekspert rəyi əsas götürülməli və həmin rəydə göstərilən 2829 manat məbləğində vəsait iddiaçının mənzilinə vurulmuş maddi ziyanın aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyəri qismində müəyyən edilməklə, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, … digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Oxşar norma, həmçinin Mənzil Məcəlləsinin 29.4-cü maddəsində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Hazırki işin hallarından və araşdırılmış sübutlardan isə qeyd edilən halların mövcudluğu müəyyən olunmuşdur. Belə olan halda isə cavabdehin təqsirli, hüquqa zidd hərəkətləri nəticəsində iddiaçıya dəymiş zərəri ödəmək öhdəliyi yaranmışdır. İşdə olan sübutlarla (akt, ekspertiza rəyi, fotoşəkillər və s.) iddiaçıya aid yaşayış sahəsinə su axıdılması nəticəsində mənzilin müəyyən tikililərinə ziyan vurulması aşkar edilmişdir. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 21-ci maddəsinin tələbinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. İşdə olan sübutlardan (akt, ekspertiza rəyi, fotoşəkillər və s.) görünür ki, cavabdehin təqsiri üzündən susızma nəticəsində, iddiaçıya məxsus mənzildə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 2829 manat məbləğində müəyyən edilir. Cavabdeh apellyasiya şikayətində rəyin əsassızlığı ilə bağlı dəlillərini əsaslandıra bilməmiş, mülahizələrini ümumi sözlərlə ifadə etmiş, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Ekspertiza rəyindən isə görünür ki, ekspert hər iki mənzilə baxış keçirmiş, iddiaçıya məxsus mənzilə suyun axıdılması nəticəsində ziyan dəymiş hissələri ətraflı göstərmiş, çəkilən şəxslərin smetasını (mənzilin hamam, ayaqyolu tikilisində qüsurlar əmələ gəlmişdir və s.) hesablamışdır. Eyni zamanda, ekspertiza rəyi işdə olan digər sübutlarla da (daha əvvəl tərtib edilmiş akt və s.) uyğunluq təşkil etmişdir. Cavabdeh apellyasiya şikayətində həmçinin qeyd etmişdir ki, onun da mənzilinə üst mərtəbədə yerləşən mənzildən su axıntısı baş vermişdir. Məhkəmə kollegiyası qeyd edilən dəlillə bağlı bildirir ki, cavabdeh üçüncü şəxslərin təqsirli, hüquqazidd hərəkətləri nəticəsində ona dəymiş zərərəi tələb etmək hüququna malikdir. Lakin, həmin məsələ hazırki icraat çərçivəsində həll oluna bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehə məxsus mənzildən iddiaçının mənzilinə su axması nəticəsində iddiaçının əmlakına vurulmuş maddi zərərə görə cavabdehin mülki hüquqi məsuliyyəti yaranmışdır. Cavabdeh isə bunun əksin sübut edə bilməmişdir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsində icraat zamanı iştirakının təmin olunmamasını göstərsə də, iş materiallarından görünür ki, cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş, sonuncu hətta 07 dekabr 2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq iddiaya qarşı etirazını bildirmişdir. Göründüyü kimi, cavabdeh etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Eyni zamanda cavabdehin izahatı da apellyasiya şikayətinin əsaslı sayılması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə kollegiyası, işin faktiki halları və qanunvericiliyin yuxarıda qeyd edilən normaları baxımından hesab edir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə sübutları düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin yoxlanılan hissədə ləğvinə və ya dəyişdirilməsinə əsas ola bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, hazırki mülki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır (2829 manat), bu səbəbdən də qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2(001)- 358/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2(001)- 358/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar