Məhkəmə qərarları › İş №2(103)-6023/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6023/2021

13.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6023/2021 13.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «zərərin əvəzinin ödənilməsi və əmlak» tələbi barədə iddiaya dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, 2(003)-147/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «zərərin əvəzinin ödənilməsi və əmlak» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zərərin əvəzi kimi zədələməklə yararsız vəziyyətə salmış əmlak əşyalarının dəyəri olan 3780 manat pulun, cehiz əmlak əşyalarını və yaxud həmin əmlakların dəyəri olan 3968 manat pulun və məhkəmə üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 7778 manatın alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, 2(003)-147/2020 saylı qətnaməsi ilə (hakim Emin Məmmədli) iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, hüquqi savadı olmadığından apellyasiya şikayətini qanunvericiliyin tələblərinə uyğun tərtib etməmiş, şikayətdə buraxılmış prosessual müddətin bərpasını xahiş etmişdir. Bu səbəbdən də şikayətin mümkünlüyü ilə bağlı məsələnin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxır. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 361.1 və 361.1.3-cü maddələrinin tələbinə görə, apellyasiya şikayətində barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı göstərilməlidir. MPM-nin 361.1.4-cü maddəsinin tələbinə görə apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir. Apellyasiya şikayətində isə cavabdehin qətnaməni düzgün hesab etmədiyi əsaslar və s. göstərilməmiş, sadəcə buraxılmış prosessual müddətin bərpası xahiş olunmuş, birinci instansiya məhkəməsi isə buna diqqət yetirməmişdir. Bununla yanaşı, şikayət buraxılmış prosessual müddətin bərpası barədə ərizə kimi qəbul edilsə belə, ərizəyə qanunvericiliyin tələblərinə uyğun tərtib olunmuş apellyasiya şikayəti əlavə olunmalıdır. Çünki, MPM-in 133.3 və 133.4-cü maddələrinin tələblərinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş baxışdan çıxarılaraq şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, MPM-in 362-ci maddəsinin tələbinə görə apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. MPM-in 364-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, mövcud qanunvericilik apellyasiya şikayətinin birinci instansiya məhkəməsinə verilməsi və müvafiq prosessual əsasların mövcud olub-olmamasının ilkin olaraq həmin məhkəmə tərəfindən yoxlanılmasını müəyyən etmişdir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «zərərin əvəzinin ödənilməsi və əmlak» tələbi barədə iddiasına dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, 2(003)-147/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş baxışdan çıxarılaraq, apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar