Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6027/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun azaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1126/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borc müqaviləsində formal 15000 ABŞ dollar əvəzinə onun X2 olan borcunun bu günə 2200 ABŞ dolları olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya tanışı Cabir ilə 2018-ci ilin yay mövsümündə Bakı şəhəri Mərdəkan qəsəbəsində Delfin istirahət mərkəzini işlətmək üçün pul vəsaiti lazım olmuşdur. Cabir iddiaçıya demişdir ki, pulu o tanışı Cavabdeh1 alacaq. Cabir Xaliqdən pulu almaq barədə razılıq alaraq iddiaçı ilə birlikdə Xaliqin yanına yollanmışdır. Xaliq onlara demişdir ki, o, Rəşadı tanımır, pulu ancaq Cabirə verə bilər. Bu an Cabirin şəxsiyyət vəsiqəsi olmadığına görə, onlar məcbur olaraq müqaviləni iddiaçının adına bağlamaq barədə razılığa gəlmişlər. Xaliq təklif etmişdir ki, pulu ancaq o halda verəcək ki, borc verilən məbləğ 10.000 ABŞ dolları olsa da müqavilə 15.000 ABŞ dollarına bağlanmalıdır. xx xxx 2018-ci ildə Bakı şəhəri Yasamal rayonunda yerləşən 53 saylı Notariat kontorunda iddiaçı ilə Cavabdeh1 arasında 15.000 ABŞ dolları məbləğində formal borc müqaviləsi bağlanaraq Xaliq Cabirə 10.000 ABŞ dolları vermişdir. Cabir Xaliqdən aldığı 10.000 ABŞ dollarından 300 ABŞ dolları götürərək 9700 ABŞ dollarını iddiaçıya vermişdir. 2018-ci ilin yay mövsümündə iddiaçı ilə Cabir işləyərək Xaliqə ümumi borcu 10000 ABŞ dollarından 5000 ABŞ dollarını Xaliqə qaytarmışlar. İddiaçının Xaliqə olan borcu 2200 ABŞ dolları, Cabirin isə Xaliqə borcu 2800 ABŞ dolları təşkil edir. Bu barədə iddiaçı xx.xx.2019-cu ildə Yasamal rayonu polis bölməsinə müraciət edərək xx.xx.2019-cu ildə iddiaçıya bölmənin arayışı təqdim edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1126/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini, işin faktiki hallarının nəzərə alınmadığını, tətbiq edilməli maddi hüquq normalarının tətbiq edilmədiyini irəli sürmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı şikayətin məzmununa uyğun izahat verməklə apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər isə apellyasiya şikayətinin əsassız olduğunu və Notariat Kontorunda iddiaçıya 15000 ABŞ dolları məbləğində pulun verildiyini bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İzahatları dinləyib, iş materiallarını araşdıraraq kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, X1 Rəşad Baba oğluna 15000 ABŞ dolları məbləğində borc verməyi, İddiaçı isə krediti xx.xx.2018-ci il tarixədək borc verənə qaytarmağı öhdələrinə götürmüşlər. İş materiallarında olan notariat işinə əlavə edilmiş Xalıq Tağıyevin xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixli müqavilə üzrə icra qeydinin aparılmasını xahiş etmişdir. Həmin notariat işinə əlavə edilmiş xx.xx.2019-cu il tarixli icra qeydindən görünür ki, Bakı şəhəri 53 saylı notariat ofsinin xüsusi notariusu S.X4 xeyrinə İddiaçı müddət üçün vaxtında ödənilməmiş 15000 USD məbləğində pul tutulması, bundan əlavə borcludan tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 15.000 USD və 20 manat pul tutulması təklif edilmişdir. Həmin icra qeydi xx.xx.2019-cu il tarixli məktub ilə icra edilməsi üçün X7 və Probasiya Şöbəsinə göndərilmişdir. Mülki qanunvericiliyə əsasən əqd, mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən borc müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İddiaçının apellyasiya şikayəti əslində müqavilədə göstərilən məbləğdə borc almadığı və cavabdeh ilə sadəcə görünüş üçün müqavilə bağladıqları arqumenti ilə əsaslandırılsa da, kollegiya hesab edir ki, iddiaçının müvafiq müqaviləni imzalamasına səbəb olan şərait, habelə tərəflərin münasibətinin mahiyyəti hazırkı mübahisə baxımından əhəmiyyətli deyildir. Belə ki, hazırkı mübahisə konkret şəxslər arasında mövcud olan öhdəlik səbəbi ilə yaranmışdır; həmin öhdəliyə əsas verən müqavilənin etibarsızlığını şərtləndirən əsaslar isə müəyyən olunmamışdır. Həmçinin kollegiya qeyd edir ki, iddiaçı tərəfindən həmin kredit müqaviləsində qeyd olanan məbləğin 15.000 ABŞ dolları deyil 10.000 ABŞ dolları olmasını və hazırda 2200 ABŞ dolları ödənilməmiş borcunun qalması ilə bağlı məhkəməyə hər hansı bir sübit təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, borcunu ödədiyini sübutetmə yükü onun üzərinə düşmüşdür və qanunvericiliyin tələblərinə görə bu hal yalnız müəyyən sübutetmə vasitələri ilə (konkret halda pulun qaytarılmasına dair müvafiq qəbzlər, müqavilə və s) sübut olunmalıdır. Həmçinin qeyd olunmalıdır ki, MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının iddia tələbi, eləcə də apellyasiya şikayəti mötəbər sübutlarla təsdiq olunmayan formal mülahizələrlə əsaslandırılmışdır;Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1126/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6027/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6027/2020
19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver