Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6027/2024 21.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4430/2023 nömrəli, xx.xx.2024cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 24536 manat məbləğində borcun və 5464 manat əldən çıxmış faydanan, ümumilikdə 30000 manat məbləğində pulun, ödənilmiş 180 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4430/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 24536 manat pul və 163,61 manat rüsum İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə və apellyasiya şikayəti ünvanlayaraq, buraxılmış prosessual müddətin bərpa edilməsini, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4430/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-4430/2023 saylı qətnamədən asan imza vasitəsilə apellyasiya şikayəti vermişdir. xx.xx.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası dövlət rüsumunu 90 manat əvəzinə 81 manat ödədiyindən 2(103) 2137/2024 saylı qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab etmişdir. Onun maddi vəziyyəti ağır olduğundan kompüteri yoxdur, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ünvana gəlməmişdir və o rəsmi qəbul etməmişdir. xx.xx.2024-cü il tarixdə Bakı Aellyasiya Məhkəməsinə müraciət edərək qəbul otağı vasitəsilə qərardadı almışdır. Hal-hazırda 10 manat dövlət rüsumu ödəmişdir. Evin yeganə övladıdır, himayəsində 74 yaşlı şəkər və böyrək çatışmazlığından əziyyət çəkən anası var, xəstəliyi ilə bağlı buraxılmış prosessual müddətin üzürlü sayaraq bərpa edib işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4430/2023 nömrəli, xx.xx.2024cü il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4430/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina olunması, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh şikayət verərək qərardadın ləğv olunmasını və müddətin bərpa edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, qərardad qanunsuzdur, buraxılmış prosessual müddət üzrlü səbəbdən baş vermişdir və ona görə də bərpa olunmalıdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4430/2023 nömrəli, xx.xx.2024cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir, cavabdeh tərəfindən elektron qaydada sənədlər daxil olmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4430/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsini Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəmə qəbzinə imza edərək qəbul etmiş, ilkin olaraq xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2137/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, 2(008) 4430/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi qərara alınmışdır. Həmin qərardad xx.xx.2024-cü il tarixdə Cavabdeh elektron kabinetinə yerləşdirilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4430/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4430/2023 №-li iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardad xx.xx.2024-cü il tarixdə Cavabdeh elektron kabinetinə yerləşdirilmişdir. Göründüyü kimi Cavabdeh apellyasiya şikayətinin qaytarılması barədə qərardaddan xx.xx.2024-cü il tarixdə məlumatlı olsa da, hazırkı apellyasiya şikayətini vəsatətlə birgə kifayət qədər müddət ötürülməklə məhz xx.xx.2024-cü il tarixdə vermiş və iş materialları ilə müddətin buraxılmasının üzürlü səbəbləri müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası MPM-nə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Apellyasiya şikayəti vermək üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə ərizədə isə cavabdeh tərəfindən prosessual müddətin bərpası edilməsi üçün qeyd edilən dəlilləri təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması barədə ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə isə qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün, özü də prosessual hərəkəti edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzürlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 133-cü maddəsində qeyd olunan üzürlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Üzürlü səbəblər sırasına, məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi və s.aid edilə bilər. Hər bir halda konkret səbəbi üzürlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. «Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Cavabdeh isə müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. Halbuki qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə şikayəti vaxtında vermək imkanının olmadığını, bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Bu baxımdan, qeyd olunanlara əsasən məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmiş, müddətin bərpasından imtina ilə bağlı gəldiyi bu nəticəsi tam qanuni və işin hallarına uyğundur. Bununla yanaşı məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadının onun ünvanına gəlmədiyini bildirsə də, iş materiallarından görünür ki, cavabdehin elektron kabineti mövcud olmuş və həmin qərardad elektron kabinetə yerləşdirilmişdir. Belə olan halda müəyyən edilir ki, cavabdeh apellyasiya şikayətinin qaytarılması barədə qərardaddan xx.xx.2024-cü il tarixdə məlumatlı olmuş, hazırkı apellyasiya şikayətini vəsatətlə birgə kifayət qədər müddət ötürülməklə məhz xx.xx.2024-cü il tarixdə vermiş və iş materialları ilə müddətin buraxılmasının üzürlü səbəbləri müəyyən edilməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır, onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 365, 397-398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4430/2023 nömrəli, xx.xx.2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-6027/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6027/2024
21.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver