Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6029/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 mart 2021-ci il tarixli qərardaddan iddiaçı Təşkilatın verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Təşkilatın cavabdehlərə qarşı irəli sürdüyü “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə” iddiasına dair mülki işə baxmış Xəzər Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 09.10.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət edilmişdir. 01.03.2021-ci il tarixdə iddiaçı Təşkilat həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Eyni zamanda iddiaçı Təşkilat “apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, Rayon Məhkəməsinin 09.102020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. “Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 18.03.2021-ci il tarixli qərardad ilə ərizənin təmin edilməməsini və apellyasiya şikayətinin geri qaytarılmasını qərara almışdır. İddiaçı Təşkilatın həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 23.04.2021-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və şikayəti, baxılması üçün, işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı Təşkilatın “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi və bu ərizənin rədd edilməsi barədə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qərardaddan verdiyi şikayəti onunla əsaslandırılır ki, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ölkə ərazisində, o cümlədən Bakı şəhərində xüsusi karantin rejimi müddəti tətbiq edildiyinə görə, ölkədə pandemiyanın yayılması ilə əlaqədar məhkəmələrin qismən fəaliyyət göstərməsi, həmçinin işçi qrupunun qismən işə çıxması səbəbindən, üzrlü səbəblərə görə apellyasiya şikayətini vaxtında hazırlayıb məhkəməyə təqdim etmək mümkünsüz olmuşdur. İddiaçı Təşkilatın dəlilləri ilə bağlı Məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-nin 363-cü maddəsinə görə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-nin 130.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-nin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, buraxılmış prosessual müddətinin bərpası mümkündür, amma bunun üçün, prosessual müddəti buraxmış və onun bərpasını xahiş edən şəxs sübut etməlidir ki, müddətin ötürülməsi üzürlü səbəbdən baş vermişdir. Lakin koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən məhkəmələrin fəaliyyəti məhdudlaşdırılsa da, fiziki və hüquqi şəxslərin ərizə və şikayətlərinin, o cümlədən də məhkəmə aktlarından apellyasiya şikayətlərinin poçt şöbələri vasitəsi ilə və ya elektron şəkildə göndərilməsinə hər hansı məhdudiyyət qoyulmamışdır. Bundan başqa, karantin rejimində iddiaçı Təşkilat qismən fəaliyyət göstərmiş və hazırki iş üzrə apellyasiya şikayətini vaxtında vermək imkanına malik olmuşdur. Göstərilənlərə əsasən müəyyən edilir ki, prosessual müddətin üzürlü səbəbdən buraxılması təsdiq edilmir. Bu hal müəyyən edildiyi üçün Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddiaçı Təşkilatın “apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsinin təmin edilməməsi barədə qərardadı qəbul etməkdə və həmin qərardaddan iddiaçı Təşkilatın verdiyi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayətin təmin edilməsi və Rayon Məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas yoxdur. Qeyd edilənləri və MPM-nin 133, 134, 363 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6029/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6029/2021
11.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver