Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6030/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı “xxxx” İKB ASC-nin cavabdehlər Abbasov Baladdin Mehbulla oğlu, Abbasov Nadir Məmmdəli oğlu, Aslanov Seyfəddin Nürəddin oğlu və Babayeva İlahə Allahverdi qızına qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2924/2015 saylı, 25 fevral 2021-ci il tarixli qərardadından cavabdeh Abbasov Baladdin Mehbulla oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 iyul 2015-ci il tarixli 2(003)-2924/2015 saylı qətnaməsi ilə İddia qismən təmin edilmiş, Abbasov Baladdin Mehbulla oğlundan, Abbasov Nadir Məmmədəli oğlundan, Aslanov Seyfəddin Nürəddin oğlundan və Babayeva İlahə Allahverdi qızından birgə qaydada əsas borc üzrə 17881 ABŞ dolları, faiz borcu üzrə 3599 ABŞ dolları, dəbbə pulu üzrə 500 ABŞ dolları olmaqla, cəmi 21980 ABŞ dolları borc icra vaxtı manata olan məzənnə ilə manatla və ödənilmiş dövlət rüsumu üzrə 30 manat tutularaq, “xxxx” İnvestisiya Kommersiya Bankı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməsi qət edilmişdir. Cavabdeh Abbasov Baladdin Mehbulla oğlu qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpa olunmasını xahiş etmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışlar ki, qətnamənin surəti ona təqdim edilməmişdir. Həmin qətnamənin qəbul edilməsi ona Xəzər Rayon İcra və Probasiya Şöbəsində məlum olmuşdur. Belə ki, Lerik rayonunun Rvarud kəndində rəsmi qeydiyyatda olsa da faktiki olaraq, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yeni yaşayış sahəsində yaşayır. Bu barədə məhkəmənin məlumatı olmuşdur. Göstərilən səbəbdən qətnamənin surətini nə o, nə də ki, ailə üzvləri almamışlar. Məhkəmə prosesləri bitdikdən bir müddət sonra isə mərhum həyat yoldaşı Abbasova Şəltənə Sərhad qızı uzun sürən ağır xəstəlik nəticəsində 21.01,2016-cı il tarixdə vəfat etmiş, o isə onun dəfn və yas mərasimlərinin təşkili ilə məşğul olmuşdur. Bu səbəbdən buraxılmış müddətin bərpası barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan cavabdeh Abbasov Baladdin Mehbulla oğlunun şikayəti Xəzər Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəm iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər səbəbləri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin şikayət mövzusu olan qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxslərin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Belə ki, Xəzər Rayon Məhkəməsinin 16 iyul 2015-ci il tarixli qətnaməsi 24 avqust 2015-ci il tarixdə tərəflərə göndərilmiş, bu barədə poçt reyestri iş materiallarına əlavə edilmişdir. Bundan əlavə məlum oldu ki, qətnamə icraya yönəldikdən sonra borclu Abbasov Baladdin Mehbulla oğlu 24 sentyabr 2020-ci il tarixdə Xəzər rayon İcra Şöbəsində olmuş və izahatı alınmış, 07 oktyabr 2020-ci il tarixdə onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair işin icraatına xitam verilmiş, eyni zamanda bir sıra icra tədbirləri həyata keçirilmişdir. Belə ki, digər borclu Babayeva İlahə Allahverdi qızının sosial yardımından 10990 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutulub qurtarana qədər hər ay 50% məbləğində pul tutaraq “xxxx” ASC-nin hesabına ödənilir. Bu baxımdan kollegiya hesab edir ki, müddətin bərpasına dair ərizəni təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Kollegiya onu da qeyd edir ki, qanunvericilikdə prosessual müddətin bərpa edilməsi üçün üzrlü hesab edilən halların o cümlədən, şəxsin xəstəliyi, xəstə ailə üzvlərinə qulluq, müddətli xidməti ezamiyyət və s. olması halları hazırki işdə müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, məhkəmələrdə gedən çəkişmələr onsuz da uzun müddət davam edir, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması isə ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Bu konteksdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aktının qanuni qüvvəyə minməsindən uzun müddət keçdikdən sonra ondan şikayət vermə müddətinin əsassız şəkildə bərpa edilməsi hüquq və azadlıqların məhkəmə təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına da səbəb ola bilər. Cavabdehin ərizədə və şikayətində qeyd etdiklərinə münasibətdə isə kollegiya qeyd edir ki, onun həyat yoldaşı 21.01.2016-cı il tarixdə vəfat etmiş və bundan 4 il sonra o prosessual müddətinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi dəfn və yas mərasimlərinin belə uzun müddət davam etməsi və bu səbəblə də müddətin 4 il ötürülməsi üzrlü və əsaslı hesab edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2924/2015 saylı, 25 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №2(103)-6030/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6030/2021
23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver