Məhkəmə qərarları › İş №2(103)-6030/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6030/2024

21.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6030/2024 21.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2678/2024 saylı, 25 sentyabr 2024-cü il tarixli qərardadından iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankı Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, hazırlıq iclası xx.xx.2024cü il tarixə saat 10:10-a təyin edilmiş, sonradan iddiaçı tərəfin vəsatəti ilə məhkəmə iclası iki dəfə təxirə salınmış, e-2(002)-2678/2024 saylı, 18 sentyabr 2024-cü il tarixli qərardadla isə Azərbaycan Respublikası MPM-nin 171-ci maddəsi rəhbər tutulmaqla məhkəmə baxışına təyin edilmiş, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanuna müvafiq qaydada məlumat verilmişdir. Həmin qərardaddan iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB şikayət vermiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2678/2024 saylı, 25 sentyabr 2024-cü il tarixli qərardadı ilə iddiaçının şikayət geri qaytarılmışdır. Məhkəmə mövqeyini belə əsaslandırıb ki, mülki işin məhkəmə iclasında baxılmağa təyin edilməsi haqqında qərardaddan şikayətin verilməsi Mülki Prosessual Məcəllədə nəzərdə tutulmamışdır, həmçinin həmin qərardad işin sonrakı hərəkətinə mane olmur. Ona görə də işdə iştirak edən şəxslərin həmin qərardaddan şikayət vermək hüquqları yoxdur. Bu səbəbdən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2678/2024 saylı, 18 sentyabr 2024-cü il tarixli qərardadından verilmiş şikayət geri qaytarılmalıdır. Bundan əlavə, iddiaçı tərəfin xx.xx.2024-cü il tarixdə elektron qaydada təqdim etdiyi Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə istinad etməklə iddia ərizəsinin baxılmamış saxlanılmasına dair vəsatətinə xx.xx.2024-cü il tarixli məhkəmə iclasında münasibət bildirilmiş, bununla bağlı məhkəmənin müvafiq qərardadı məhkəmə iclasının protokolunda (həmçinin məhkəmə iclasının video-audio yazısında) əks olunmuşdur. Belə ki, protokolda qeyd olunduğu kimi, MPM-in 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Lakin hazırki mülki iş üzrə iddiaçı iddia ərizəsinin qaytarılması barədə, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etməsi barədə ərizə verdiyindən, bununla da, qanunda nəzərdə tutulmuş şərtlər mövcud olmadığından, iddia ərizəsinin baxılmamış saxlanılmasına dair vəsatət təmin edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Eyni zamanda, məhkəmə izah edir ki, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardaddan fərqli olaraq, iddia ərizəsinin baxılmamış saxlanılması barədə vəsatətin təmin edilməməsi barədə qərardadın ayrıca akt şəklində qəbul edilməsi, o cümlədən sonuncu qərardaddan şikayətin verilməsi qanunvercilikdə nəzərdə tutulmamışdır. Həmçinin, məhkəmə izah edir ki, tərəflərin məhkəmə iclasının protokolu ilə tanış olmaq hüquqları vardır. Belə ki, Azərbaycan Respublikasının MPMnin 263.1-ci maddəsinə əsasən, iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. Həmin Məcəllənin 263.4-cü maddəsinə əsasən, məhkəmə mürəkkəb olmayan məsələləri məhkəmə iclasında həll etdikdə, müşavirə otağına getməyib, yerində müşavirə edərək, ayrıca akt şəklində tərtib olunmadan qərardad çıxara bilər. Həmin Məcəllənin 273-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2678/2024 saylı, 27 sentyabr 2024-cü il tarixdə qəbul olunmuş qətnamə ilə iddia təmin edilməmişdir. Bundan sonra, iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək ləğv olunmasını və xx.xx.2024-cü il tarixli qərardaddan verilmiş şikayətin təmin edilməsini xahiş etmişdir. Şikayətdə göstərib ki, məhkəmə işin faktiki hallarını nəzərə almadan qanunvericiliyin tələblərini pozmaqla əsassız qərar qəbul etmişdir. QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanan kredit müqaviləsinin rəsmiləşdirilməsi zamanı müəyyən problemlərin olduğu aşkarlanmışdır. Belə ki, kreditin təminatı ipoteka predmeti olan bankın xeyrinə yüklü edilmiş daşınmaz əmlakların bankın razılığı olmadan özgəninkiləşdirilmişdir. Bu səbəbdən də iddiaçı tərəfindən hüquq mühafizə orqanlarına müraciət olunacağı bildirilmiş və iddia ərizəsinə əlavə edilmiş sənədlərin, dövlət rüsmunun geri qaytarılmasına zərurətin yaranması ərizədə qeyd edilmişdir. Lakin məhkəmə işin bu kimi hallarını nəzərə almamışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2678/2024 saylı, 30 sentyabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Cavabdeh elektron kabinet vasitəsilə təqdim etdiyi şikayətə etirazda qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, iddiaçının hazırki qərardaddan şikayət verməsi əvvəlcədən düşünlümüş və işin uzadılması üçün atılmış addımdır. Bundan başqa iddiaşı şikayətində məhkəməni yanıltmaq məqsədi ilə qeyd olunur ki, guya kredit müqaviləsinin rəsmiləşdirilməsi zamanı problemlərin olduğu aşkar edilmiş, kreditin təminatı ipoteka predmeti olan bankın xeyrinə yüklü edilmiş daşınmaz əmlakı bankın razılığı olmadan özgəninkiləşdirilmişdir. İddiaçının bu tələbinin heç bir hüquqi və faktiki əsasının olmamasının müəyyən etmək üçün elə onun məhkəməyə təqdim etdiyi iddia ərzəsinə və kredit müqaviləsinə baxmaq kifayətdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 171-ci maddəsinə əsasən, hakim işi kifayət qədər hazırlanmış hesab etdikdə, işdə iştirak edən şəxslərə prosesin vaxtı və yeri haqqında məlumat verməklə, onun məhkəmə iclasında baxılmağa təyin edilməsi haqqında qərardad çıxarır. Həmin Məcəllənin 395.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Həmin Məcəllənin 395.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti geri qaytararkən öz mövqeyini kifayət qədər aydın və məzmunlu şəkildə qəbul etdiyi qərardadda göstərmişdir. Ancaq iddiaçı bununla razılaşmayıb şikayət versə də göstərdikləri qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki mübahisələndirdiyi qərardaddan şikayət verilməsi mülki prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən, şikayət təmin edilməməli və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2678/2024 saylı, 25 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400- 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2678/2024 saylı, 25 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar