Məhkəmə qərarları › İş №2(103)-6033/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6033/2023

16.10.2023 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6033/2023 16.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (pul) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2488/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdeh 47690 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə iddiası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə rədd edilmiş, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

2. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 390.1, 431.1, 666.1, 673.1, Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış ABB/0039 saylı, 27 noyabr 2015-ci il tarixli mənzilin alqı-satqısı haqqında müqaviləyə əsasən, "xxxx" MMC Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən AAAF- Park yaşayış massivindəki 12 saylı küçədə inşa edilən 5 saylı, 7 mərtəbəli yaşayış binasında ümumi sahəsi 51.5 kv.m olan, 1 otaqlı 24 saylı mənzili tikinti işləri başa çatdıqdan sonra Cavabdeh təhvil verməyi, Cavabdeh isə mənzilin dəyəri olan 33475 manat pulu "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 1-xx-xx-2015-YS-AAF-AF nömrəli 27 noyabr 2015-ci il tarixli kredit müqaviləsi əsasında bank tərəfindən Cavabdeh 100 ay müddətinə qaytarmaq şərtilə 10% dərəcəsi ilə 29800 manat kredit verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, mənzilin dəyərini təşkil edən 33475 manat pulun 29800 manatı bankdan götürülmüş kredit hesabına, qalan hissəsi də iddiaçı tərəfindən ödənilmişdir. Banka olan kredit borcu iddiaçının vəsaiti hesabına, bir hissəsi bilavasitə iddiaçı tərəfindən, bir hissəsi isə cavabdeh vasitəsilə ödənilmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bu halı təsdiq etmiş və yalnız iki aylıq kredit ödənişini etdiyini, ödədiyi məbləğdən 200 manat pulun iddiaçı tərəfindən ona qaytarıldığını bildirmişdir. İddiaçı Cavabdeh ilə "xxxx" MMC və Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış müqaviləyə əsasən cavabdehin adına alınmış mənzili özü üçün aldığını və cavabdehin həmin mənzili onun adına keçirtməkdən imtina etdiyini qeyd edərək, həmin mənzilin alınması üçün "xxxx" MMC-yə və banka ödənilmiş pulun geri ödənilməsini tələb edir. Mənzilin alqı-satqısına dair müqavilənin məhz cavabdehlə bağlanması mənzilin iddiaçı tərəfindən cavabdehə bağışlanması və cavabdeh üçün alınması kimi qiymətləndirilməlidir. Əks təqdirdə iddiaçı müqaviləni öz adına bağlamalı idi. Belə ki, müqavilə onu bağlayan şəxslər üçün mülki hüquq və vəzifələr müəyyənləşdirir, dəyişdirir və ya xitam verir. Həmçinin, müqavilədən onun üçüncü şəxsin xeyrinə bağlanması halı və tərəflər arasında sonradan müqavilənin iddiaçının adına dəyişdirilməli olması barədə razılaşmanın olması müəyyən edilmir. İddiaçı müqavilənin cavabdeh ilə bağlanmasını özünün sənədlərinin qaydasında olmaması ilə əsaslandırsa da, uyğunsuzluğun nədən ibarət olmasını göstərməmişdir. Həmçinin, iş materiallarında olan sübutlarla təsdiq edilir ki, iddiaçı alqısatqı və kredit müqavilələrinin bağlandığı tarixdən bir gün əvvəl, xx.xx.2015-ci il tarixdə ona məxsus mənzilin alqı-satqısına dair müqavilə bağlamış və müqavilə notarial qaydada təsdiq edilmişdir. Göründüyü kimi, iddiaçı qeyd edilən müqavilələrin bağlanmasından bir gün əvvəl notarial qaydada təsdiq edilmiş müqavilə bağlamışdır. Bu da iddiaçının öz adından müqavilə bağlamaq üçün sənədlərində hər hansı çatışmazlığın olmadığını göstərir. Bu halda müqaviləni iddiaçının deyil, cavabdehin bağlaması iddiaçının mənzili cavabdehə hədiyyə kimi aldığını təsdiq edir. İddiaçı iddia ərizəsində də müqavilə bağlanarkən cavabdehlə ana-oğul münasibətinin yaxşı olduğunu bildirmişdir. Məhkəmənin qənaətinə görə, iddiaçının sonradan mənzilin alınması üçün ödənilmiş pulun geri tələb edilməsi, onlar arasında ana-oğul münasibətinin yaxşı olmamasından irəli gəlir. Bununla belə, iş materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, mənzilin alınması üçün götürülmüş kredit borcu üzrə ödənişlər iddiaçı tərəfindən, bilavasitə özü və cavabdeh vasitəsilə ödənilmişdir. Cavabdeh də bu halı təsdiq etmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı tərəf tələb edilən məbləği bütünlüklə ödədiyini təsdiq edən sənədi təqdim etməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş qəbzlərə əsasən 27 noyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 31667,3 manat ödənişin edildiyi təsdiq edilir. Qəbzlərlə ödənildiyi təsdiq edilən vəsaitin 2135,7 manatı digər kredit müqaviləsi üzrə, 1132 manatı isə fərqli təyinatlar (şəxsiyyət vəsiqəsi, sayğac və kommunal ödəniş) üzrə ödənilmişdir. Lakin, cavabdeh özü tərəfindən yalnız 842 manat ödənildiyini, onun 200 manatının da iddiaçı tərəfindən ona qaytarıldığını, qalan vəsaitin iddiaçı tərəfindən ödənildiyini bildirmişdir. Həmçinin ödəniş cədvəlinə əsasən 2023-cü ilin may ayının ödənişi ilə birlikdə həmin dövrə qədər kredit müqaviləsi üzrə ödənilməli məbləğ 39636 manat təşkil edir. Bundan başqa iddiaçı tərəfindən ödənilən pulun dəqiq məbləği məhkəmə üçün iddia əsaslı olduğu təqdirdə əhəmiyyət kəsb edərdi. Məhkəmənin qənaətinə görə, mənzilin alınması üçün götürülmüş kredit borcu üzrə iddiaçı tərəfindən bilavasitə ödənilmiş vəsait öhdəliyin üçüncü şəxs tərəfindən icrası, iddiaçı tərəfindən cavabdehə verilmiş vəsait hesabına ödənilməsi isə pul vəsaitinin bağışlanması kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, hər iki halda iddiaçının ödənilmiş pul vəsaitini geri tələb etməsi əsassızdır.

3. Birinci instansiya məhkəməsində icraat zamanı sübut qismində təqdim edilmişlərdən görünür ki: - İddiaçı ilə X5 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış AZ-İ seriyalı ******* saylı, 26 noyabr 2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 98.48 kv/m olan mənzili 98500 manata X1; - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış ABB/0039 saylı, 27 noyabr 2015-ci il tarixli mənzilin alqı-satqısı haqqında müqaviləyə əsasən, "xxxx" MMC Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən AAAF-Park yaşayış massivindəki 12 saylı küçədə inşa edilən 5 saylı, 7 mərtəbəli yaşayış binasında ümumi sahəsi 51.5 kv.m olan, 1 otaqlı 24 saylı mənzili tikinti işləri başa çatdıqdan sonra Cavabdeh təhvil verməyi, Cavabdeh isə mənzilin dəyəri olan 33475 manat pulu "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür; - Ödəniş qəbzlərindən məlum olur ki, Cavabdeh "xxxx" ASC-yə olan 27 noyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcu üçün 31667,3 manat ödənilmişdir. Ödəniş cədvəlindən görünür ki, 2023-cü ilin may ayının ödənişi ilə birlikdə həmin dövrə qədər kredit müqaviləsi üzrə ödənilməli məbləğ 39636 manat təşkil edir; - "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 1-xx-xx-2015-YS-AAF-AF nömrəli 27 noyabr 2015-ci il tarixli kredit müqaviləsi əsasında bank tərəfindən Cavabdeh 100 ay müddətinə qaytarmaq şərtilə 10% dərəcəsi ilə 29800 manat kredit verilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2488/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.2, 9.3, 77.1, 88, 220.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı tərəfindən cavabdehin adına olan kredit müqaviləsinə görə 47690 manat məbləğində pul ödənildiyi tam sübut edildiyinə, cavabdehin isə guya 2 ayın krediti kimi 882 manat özü ödədiyini və sonradan 200 manatının iddiaçının ona qaytarması barəsində arqumentini sübut edə bilməməsinə baxmayaraq, məhkəmənin heç bir əsas və sübut olmadan iddianın rədd edilməsi qənaətinə gəlməsi tamamilə əsassız, qanunzsuz və qərəzlidir. Cavabdeh məhkəməyə heç bir mötəbər sübut təqdim etmədən kredit müqaviləsi üzrə ödənilmiş vəsaitin iddiaçı tərəfindən ödəndiyini, mənzili iddiaçının özünə almaq fikrinin olmasını və cavabdehə bağışlamaq fikrinin olmadığını etiraf edən ifadələr işlətməsinə baxmayaraq, məhkəmə MPM-in tələblərini kobudca pozan qətnamə qəbul etmişdir. Belə ki, iddianı sübut etmə vəzifəsi tam icra edilsə də hər bir tərəfin öz istinad etdiyi halları sübut etməsi tələbi cavabdeh tərəfindən icra edilməməsinə baxmayaraq, məhkəmə heç bir əsas olmadan iddianı rədd etmişdir. Cavabdeh yalnız məhkəmə iclasında iddiaçının valideynlik borcu olduğundan, özünün yaşayış yerinin olmadığını bildirməsinə və evin ona hədiyyə edilməsi ilə bağlı heç bir cümlə işlətmədiyi və iddianı qismən etiraf etməsinə baxmayaraq məhkəmə öz təxminləri ilə qətnamə qəbul etmişdir. Halbuki cavabdeh iddia ərizəsində qeyd edilən heç bir faktın əksini bildirməmiş və ya onun əksini sübut edən sübut təqdim etməmişdir. İddiaçı oğluna ev hədiyyə etməmiş, yalnız özünə aldığı evin kredit müqaviləsini oğlunun adına formal olaraq rəsmiləşdirmiş və aylıq ödənişlərini də özünün ödəməsinə baxmayaraq, məhkəmə əsassız olaraq hesab etmişdir ki, iddiaçı evi oğluna hədiyyə etmişdir. Lakin o hala əhəmiyyət verməmişdir ki, iddiaçı kredit ödənişlərini ödəmədikdə cavabdeh həmin krediti özü ödəməli olacaq ki, bu zaman da ən yaxşı halda iddiaçı oğluna ev hədiyyə etmiş sayıla bilməz. Ən yaxşı halda ilkin ödəniş və hazırkı müddətədək ödədiyi məbləğləri ödəmiş ola bilər ki, onun da belə bir niyyəti olmamışdır. İddiaçı öz tələbini əsaslandıran halları həm aralarındakı danışıqlarla, həm cavabdehin etirafedici izahatı ilə, həm də iş materiallarına əlavə etdiyi sübutlarla tam sübut etdiyi halda məhkəmə MPM-in tələblərini kobudca pozmuşdur. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə onu nəzərə almamışdır ki, mənzilini satmaq üçün ona bir mənzilin mülkiyyətində olması, bir də vəsiqəsi kifayət edirdi. Ancaq kredit müqaviləsi Bankla bağlanır ki, həmin bank onun gəliri, işi və s. araşdırmasında şəxsiyyət vəsiqəsini yox başqa sənədləri də tələb edir ki, məhkəmə öz qanunsuz qətnaməsini təxəyyüllərlə əsaslandırmışdır. İddia tələbi pul tələbi olduğu, pulun verilməsinə əsas olmuş halın bağışlanmaya heç bir aidiyyəti olmadığı halda məhkəmə işin halları ilə qətnamədə göstərilmiş nəticələri öz qulluq mövqeyinə istinad etməklə təhrif etmiş və işə aidiyyatı olmayan izah və əsaslandırma aparmaqla iddianı rədd etmişdir. Yeni sübut yalnız səs yazıdır ki, oğlu ilə aralarındakı “Whatsapp” yazışmaları da sübut edir ki, heç bir bağışlanmadan söhbət getməmişdir. Həmin sübutlar ona görə birinci instansiya məhkəməsində təqdim edilməmişdir ki, cavabdeh iddiaçının ona ev hədiyyə etdiyini deməmiş, işin həqiqi halını danmamışdır. Lakin məhkəmə öz qulluq mövqeyindən istifadə etməklə işin halını dəyişdirdiyindən yeni sübut kimi həmin səsyazıları təqdim edəcəkdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. İddiaçı nümayəndəsi vəkili Nümayəndə məhkəməyə müraciət edərək, iddiaçının məhkəmə iclasında iştirak edə bilməyəcəyini və onunla müqavilə bağlayaraq apellyasiya instansiyasında onu müdafiə etməsini təmin edə bilməyəcəyini bildirərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Bu səbəbdən iddiaçının nümayəndəsi kimi şikayətin iştirakları olmadan keçirilməsini və şikayətin təmin edilməsini xahiş etmişdir.

6. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

7. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

8. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı ilə bağlı Mülki Məcəllənin 269-321, 324, 425.1, 560; Mülki Prosessual Məcəllənin 14.2, 76, 77, 78, 80-82, 88, 106.2, 119, 217.4, 385-390-cı maddələrinə istinadən, tərəflərin münasibətləri üzrə mülki hüquqi münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

9. Hazırkı iş üzrə iddiaçı öz xoşu ilə digər şəxsin (oğlu olan cavabdehin) kredit borcu üzrə ödədiyi pulları geri tələb edir və cavabdeh etiraf ərizəsi verməsə də bu halları qismən təsdiq etmişdir. Birinci instansiya məhkəməsi heç bir öhdəlik olmadan iddiaçı tərəfindən pul vəsaitlərinin cavabdehin əvəzinə ödənilməsini bağışlama kimi qiymətləndirmişdir. Kollegiya hesab edir ki, iddiaçı pulun digər əsaslarla cavabdehin əvəzinə (hansı əsas və məqsədlə) ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Hazırkı münasibətlərin dairəsi əmlak münasibətləri olduğundan və digər (hüquqi) şəxslərin maraqlarını da əhatə etdiyindən əsası bəlli olmayan qeyd edilən iddianın təmin edilməsi hüquqlardan sui-istifadə edilməsinə şərait yaradan hal kimi yolverilməzdir.

10. Mülki Məcəllənin tələblərinə əsasən: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər.

11. Qeyd edildiyi kimi iddiaçının iddia etdiyi pul tələbinin əsasları müəyyən edilməmiş və qeyd edilən pulun təyinatı isə digər – kredit və alqı-satqı müqaviləsi üzrə öhdəliklərin predmeti olmaqla mülki dövriyyənin başqa iştirakçıları ("xxxx" MMC və “Azərbaycan Beynəlxalq Bankı" ASC) ilə olan mülki münasibətlərdən irəli gələn hüquq və vəzifələrə (öhdəliklərə) aiddir. Ona görə, hazırkı mülki iş üzrə borc öhdəliklərinə qiymət verilməsi digər müqavilələr üzrə tərəflərin subyektiv hüquqlarını və öhdəliklərini şübhə altına alır (pərdələnməsinə qiymət verilməsi üçün əsas olur). İddianın və apellyasiya şikayətinin məzmununa dair izah edilməlidir ki, tərəflərin və bütün maraqlı şəxslərin ümumi razılıqları olduğu təqdirdə qeyd edilən müqavilə münasibətlərinin yenidən baxılması (müqavilə üzrə tərəflərin dəyişdirilməsi) istisna edilmir.

12. Qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı (mahiyyəti üzrə düzgün) olan qətnaməsinin yalnız formal mülahizələrə görə ləğv edilməsi və ya dəyişdirilməsinə əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməlidir.

13. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri ödəyən şəxslərə aid edilməlidir.

14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2488/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar