Məhkəmə qərarları › İş №2(103)-6042/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6042/2023

11.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6042/2023 11.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: apellyasiya şikayəti geri qaytarılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-1700/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4250/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün Cavabdeh tutularaq ona verilməsi qət edilmiş 175 manat sabit pul məbləğində aliment məbləğinin qanunvericiliyə uyğun olaraq dəyişdirilərək xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 220 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2(010)-1700/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-4250/2021 nömrəli qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində müəyyən edilərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 1700/2023 nömrəli qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq, cаvаbdeh Cavabdeh tutularaq iddiаçı İddiaçı ödənilməsi qət edilmişdir.

3. Cavabdeh tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir.

Tətbiq edilən hüquq normaları:

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

4. 363.1.1-1.-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti qaytarılır.

5. 361.1.3 və 361.1.4-cü maddələrində qeyd edilir ki, barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı, şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində göstərilməlidir.

6. 366.1-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

7. 366.2-ci maddəsində qeyd edilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

8. 363.1.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır.

9. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

10. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməlidir.

12. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Apellyasiya şikayətinin forması isə “MPM-ə əlavə 2”-də göstərilmişdir.

13. Məhkəmə, apelyasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, şikayət, mülki prosessual qanunvericilik ilə müəyyən edilmiş formada tərtib edilməmişdir. Belə ki, Cavabdeh tərəfindən apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilsə də, şikayətdə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinə təsbit edilmiş “Əlavə 2”-də nəzərdə tutulan tələblərə riayət edilmədiyi, yəni şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasların, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillərin və s. göstərilmədiyi, şikayətin ümumi məzmunda tərtib edildiyi müəyyən edilmişdir.

14. Halbuki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında 9 iyul 2021-ci il tarixli 363-VİQD nömrəli Azərbaycan Respublikası Qanunun “Keçid müddəaları” adlanan 2-ci maddəsinə görə: bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir.

15. Bundan başqa apelyasiya şikayətindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh tərəfindən şikayətə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilməmişdir. Halbuki yuxarıda qeyd edilən maddədən göründüyü kimi məhz iddiaçıların aliment alınması barədə iddialar üzrə dövlət rüsumu ödənilməsindən azad edilməsi qeyd edilmişdir. Hazırki iş üzrə apellyasiya şikayəti verən Cavabdeh isə iddiaçı deyil, cavabdehaliment tələb olunan şəxsdir.

16. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti “MPM-ə əlavə 2”-də müəyyən edilən forma və məzmuna uyğun tərtib edilmədiyindən, həmçinin qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd və ya qanunla nəzərdə tutulmuş dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanından istifadə olunması barədə vəsatət şikayətə əlavə edilmədiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Odur ki, verilmiş apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət cavabdehə qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-1700/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti cavabdehə geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Günay Axundova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar