Məhkəmə qərarları › İş №2(103)-6047/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6047/2022

21.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6047/2022 21.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı X2 iştirakları ilə, İddiaçı X2 Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3337/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı X7 Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il tarixdə doğulmuş X10, xx.xx.2014-cü il tarixdə doğulmuş X11 və xx.xx.2014-cü il tarixdə doğulmuş X1 üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 200 (iki) yüz manat məbləğinin Cavabdeh tutularaq iddiaçı X3 ödənilməsi, Mediasiya Şurasına ödənilən xərcin 50 %-nin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında 02 noyabr 2011- ci il tarixdə nikah bağlanmışdır. Həmin nikahdan 29 iyul 2012-ci il təvəllüdlü X10, 21 mart 2014-cü il təvəllüdlü X11 və 21 mart 2014-cü il təvəllüdlü X12 adlı övladları dünyaya gəlmişdirlər. 1 dekabr 2020-ci il tarixdə cavabdehlə aralarında olan nikah pozulmuşdur. Övladları onun himayəsindədir. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 31 avqust 2021ci il tarixli, iş 2(008)- 6062/2021 saylı qətnaməsi ilə tərəflərin birgə nikahdan doğulmuş X10, X11 və X8 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 175 manat məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Buna baxmayaraq, Bakı şəhəri Sabunçu rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Hazırda o, təyin edilmiş aliment vəsaitini "yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təyin edilməsini istəyir. Qeyd olunan qanun normasına görə 2022-ci il üçün uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumu 193 manat təşkil edir. Buna görə də görə o, "aliment məbləğinin artırılması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3337/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli 2(008)-6062/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılması, xx.xx.2012-ci il tarixdə doğulmuş X5, xx.xx.2014cü il tarixdə doğulmuş X6 və xx.xx.2014-cü il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 180 (bir yüz səksən) manat olmaqla cəmi 540 (beş yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X3 ödənilməsi, Mediyasiya xərcinin 30 (otuz) manat hissəsinin Cavabdeh tutularaq iddiaçı X3 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Nilufər Cəfərli).

4. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılan apellyasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə alimentin hər ay hər uşaq üçün 180 (yüz səksən) manat ödənilməsini qət edərək alimentin müəyyən edilməsində uşaqların yaşayış minumumunu nəzərə almamışdır. Məhkəmə iddiaçının iştirakı olmadan qətnamə qəbul etmişdir. Tərəflərin izahatları:

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavaiddiaçı M.Bayramova apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilərək, iddianın tam təmin edilməsini xahiş etdi.

7. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə bamayaraq o kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:

10. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 6062/2021 saylı, 31 avqust 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-1756/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2012-ci il tarixdə doğulmuş X10, xx.xx.2014-cü il tarixdə doğulmuş X11 və xx.xx.2014-cü il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 175 manat olmaqla, 525 (beş yüz iyirmi beş) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X3 verilməsi qət edilmişdir.

11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1185/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2010-ci il tarixli, 2(011)-964/2010 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2008-ci il tarixdə doğulmuş X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X4 verilməsi qət edilmişdir.

12. Bakı şəhəri Baş Polis İdarəsi X19 048-124 nömrəli, xx.xx.2022-ci il tarixli arayışına əsasən Bakı şəhəri Suraxanı RPİ NH məsul növbətçisi, polis mayoru Cavabdeh 2022-ci il aprel ayı üçün hesablanmış əmək haqqı 915 (doqquz yüz on beş) manat 60 qəpikdən ibarətdir.

13. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin 17 aprel 2018-ci il tarixli, 873 nömrəli doğum haqqında şəhadətnaməsindən çıxarışın surətindən görünür ki, X10 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində doğulmuşdur.

14. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin 17 aprel 2018-ci il tarixli, 875 nömrəli doğum haqqında şəhadətnaməsindən çıxarışın surətindən görünür ki, X12 xx.xx.2014-cü ildə Bakı şəhərində doğulmuşdur.

15. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.2014-cü il tarixdə doğulmuşdur.

16. İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2021-ci il tarixli, MŞB/1-0227 saylı arayışdan görünür ki, X2 alimentin artırılması mübahisəsi üzrə qarşı tərəf olan Cavabdeh müdiyasiya prosesində iştiak etmədiyindən mediyasiya prosesini davam etdirmək mümkün olmamışdır. Apellyasiya baxışının həddləri:

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

19. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilməyən hissəsində yoxlayır.

Tətbiq edilən hüquq:

20. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

21. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

22. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

23. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;

24. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;

25. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Hüquqi dəyərləndirmə:

26. Kollegiya ilk növbədə qeyd edir ki, qətnamə ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır.

27. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir.

28. İş materiallarından görünür ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğ hazırki dövrdə uşaqlar üçün müəyyən edilmiş 193 manat yaşayış minimumundan da azdır və kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, uşağın tələbatını ödəyə bilməz. Bununla da uşağın maraqları pozulduğundan, onun maddi tələbatının ödənilməsinə kifayət etmədiyindən, iddiaçı maddi cəhətdən çətinlik çəkdiyindən, uşağın saxlanılması üçün sabit pul məbləğində aliment tələb etdiyindən məhkəmə hesab edir ki, uşağın saxlanılması üçün cavabdehdən hər ay tutulacaq alimentin miqdarı artırılmalı və alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır.

29. Lakin kollegiya artırılmalı olan alimentin məbləğinə diqqət yetirərək qeyd edir ki, cavabdeh ilə iddiaçının birgə nikahından doğulmuş üç övladlarından savayı da, cavabdehin başqa nikahdanda bir övladı vardır və cavabdeh məhkəmənin qətnaməsi ilə həmin uşağın saxlanması üçün də 154 manat məbləğində aliment ödəyir. Belə olan halda kollegiya hesab edir ki, hazır ki, mülki iş üzrə iddiaçının himayəsində olan 3 azyaşlı uşağın saxlanması üçün ödənilməli alimentin miqdarı elə həddə müəyyən edilməlidir ki, cavabdehi həddən artıq maddi çətinliyə salmamalı, qətnamənin icrası mümkün olmalıdır.

30. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8- 2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

31. Kollegiya alimentin məbləğinin artırılmasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.

32. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi).

33. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

34. Həmin Plenum qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

35. Qeyd edilən xüsusatlara əsasən kollegiya hesab edir ki, iddia tələbinin qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli 2(008)- 6062/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq, xx.xx.2012-ci il tarixdə doğulmuş X5, xx.xx.2014-cü il tarixdə doğulmuş X6 və xx.xx.2014-cü il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 180 (bir yüz səksən) manat olmaqla, cəmi 540 (beş yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı X3 ödənilməsindən ibarət birinci instansiya məhkəməsinin mövqeyi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

37. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

38. Kollegiya qeyd edilməsini zəruri hesab edir ki, hazırki iş üzrə iddia tələbinin təmin olunmayan hissəsinin bir illik məbləği (60x12=720) 5000 manatda aşağı olduğundan hazırki qətnamədən kasasiya şikayəti verilə bilməz.

39. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Nəticə:

40. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

41. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 394-1.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i:

İddiaçı X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3337/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar