Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6048/2024 19.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı iş üzrə (Açar sözlər: yaşayış sahəsindən sahiblik və istifadə hüququna xitam verilməsi) X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı “yaşayış sahəsindən sahiblik və istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-3185/2024 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı1 (bundan sonra iddiaçı) ilə cavabdeh Həsənova (ilk olaraq Əmirəliyeva, nikahdan sonra Məmmədova, hazırda Həsənova) Əminə Qədim qızı (bundan sonra cavabdeh) xx.xx.1998-ci il tarixdə nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından xx.xx.1999-cu il tarixdə İddiaçı2, xx.xx.2000-ci il tarixdə İddiaçı3, xx.xx.2002-ci il tarixdə İddiaçı4 və xx.xx.2002-ci il tarixdə X9, habelə X5 doğulmuşdur. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının “Ə.Q.Məmmədovanın yaşadığı mənzilə order verilməsi haqqında” 114 nömrəli, xx.xx.2008-ci il tarixli sərəncamına uyğun olaraq verilmiş xx.xx.2008-ci il tarixli orderə əsasən cavabdehə pasport qeydiyyatında olduğu və yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsində yerləşən 11 nömrəli evin yaşayış sahəsi 10,0 kv.m, köməkçi sahəsi 6,0 kv.m olan 1 otaqlı 8 nömrəli mənzili yeddi nəfər ailə üzvü ilə (əri, 3 qızı və 2 oğlu) birlikdə yaşamaq üçün ona ayrılmışdır. Sonradan birgə nikahdan doğulmuş X5 dünyasını dəyişmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(004)-343/2013 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.1999-cu il təvəllüdlü İddiaçı2, xx.xx.2000-ci il təvəllüdlü İddiaçı3, xx.xx.2002-ci il təvəllüdlü İddiaçı4 və xx.xx.2002-ci il təvəllüdlü X9 iddiaçının yanında saxlanılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-1565/2019 nömrəli qərarı ilə iddiaçı Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin cavabdehlər Cavabdeh2, İddiaçı2, İddiaçı1 Abubəkir oğluna və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “cavabdehlərə kompensasiya ödənilməklə tərəfindən fərdi yaşayış evinin boşaldılması” tələbinə dair iddiası təmin edilmiş, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilmiş, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada həmin əmlakın dəyərinin - 27.055 manatın cavabdehlər arasında mübahisə həll olunanadək, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin depozit hesabına qoyulması nəzərə alınmaqla, cavabdehlər tərəfindən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi boşaldılmışdır. Qərar xx.xx.2019-cu il tarixdə qanuni qüvvəyə minmiş və xx.xx.2019-cu il tarixdə icra vərəqəsi verilməklə icra edilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə göndərilmiş və Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən icra olunduğundan xx.xx.2021-ci il tarixdə icra işi üzrə icraata xitam verilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Məmmədova (Həsənova) Əminə Qədim qızının Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsində yerləşən 11 nömrəli evin, 8 nömrəli mənzili üzərində mülkiyyətə sahiblik və istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər.
3. İddiaçılar iddianı işin faktiki hallarına uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdilər ki, 2013-cü ildən X7 ilə nikahları pozulmuş, birgə nikahdan doğulmuş uşaqların onun himayəsinə verilmişdir. Hazırda cavabdeh Həsənov soyadlı şəxslə nikaha daxil olmaqla ölkə hüdudlarından kənarda yaşayır. Cavabdehin mübahisəli mənzillə heç bir əlaqəsi yoxdur, 2009-cu ilin yay aylarından onları ataraq, birgə yaşadıqları mübahisəli evi tərk edərək, qeyd edilən Həsənov soyadlı şəxslə yaşamağa başlamış və bundan sonra heç övladlarını belə görmək üçün gəlməmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 3185/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş və ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. (hakim X10)
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək və Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, cavabdehin mübahisəli mənzil üzərində olan hüququna Yasamal rayon İcra Hakimiyyətinin iddiası əsasında kompensasiya ödənilməklə xitam verildiyinə görə, həmin hüquqa yenidən xitam verilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü, 147-ci, 185-ci maddələlərinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı1 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı1 apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh onun ailə üzvü deyil və 2018-ci ildən Azərbaycan Respublikası hüquqlarını tərk etmişdir. Cavabdeh2 isə öz istəyinə uyğun olaraq mübahisəli mənzildən getməklə həmin mənzilə dair bütün hüquqlarından öz arzusu ilə imtina etmiş, könüllü şəkildə ünvan 3 ünvanında qeydiyyata düşmüş, orada Həsənov soyadlı şəxslə rəsmi nikaha daxil olmaqla Həsənovla ümumi birgə mülkiyyətdə yaşamaqda davam etmiş və 2018-ci il tarixdən də həmin şəxslə birlikdə ölkə hüdudlarını tərk etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin məzmununa və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və İddiaçı4 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və İddiaçı1 (ataları) tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdirlər.
12. İştirak etdiyi məhkəmə iclasında İddiaçı3 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və İddiaçı1 (ataları) tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, Cavabdeh2 isə məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə cavabdehlərin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
15. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar; 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir; 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir; 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
18. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına görə 01 sentyabr 2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası iddiaçıları dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin “istifadə hüququna xitam verilməsi” hissəsində tərəflər arasında yaranmış münasibətlərin mahiyyətinə hüquqi qiymət verərkən səhvə yol vermiş, tətbiq edilməli olan hüquq normalarını düzgün tətbiq etməyərək, iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni “istifadə hüququna xitam verilməsinin rədd edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia həmin hissədə təmin edilməli və mübahisəli mənzildən cavabdehin istifadə hüququ itirmiş hesab edilməlidir.
23. Belə ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, belə qənaətə gəlmişdir ki, cavabdehin mübahisəli mənzil üzərində olan hüququna Yasamal rayon İcra Hakimiyyətinin iddiası əsasında kompensasiya ödənilməklə xitam verildiyinə görə, həmin hüquqa yenidən xitam verilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Halbuki, istinad olunan işə Yasamal rayon İcra Hakimiyyətinin iddiası üzrə mülki mühakimə icraatı qaydasında deyil, inzibati icraat qaydasında baxılmışdır. Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsi isə məzmun etibarı ilə yalnız mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsinin və yenidən sübut edilməsinin mümkünlüyünü hüquqi baxımdan istisna edir.
24. Digər tərəfdən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin cavabdehlər Cavabdeh2, İddiaçı2, İddiaçı1 Abubəkir oğluna və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “cavabdehlərə kompensasiya ödənilməklə tərəfindən fərdi yaşayış evinin boşaldılması” tələbinə dair iddiasına baxılan zaman hazırki iş üzrə iddiaçılarla cavabdehin mübahisəli münasibətlərdə olduğu müəyyən edilmiş, bu səbəbdən iş üzrə çıxarılmış xx.xx.2019-cu il tarixli, 2-1(81)- 1565/2019 nömrəli qərara əsasən dövlət ehtiyacları üçün alınmasına görə ödənilməsi müəyyən edilmiş - 27.055 manat kompensasiyanın cavabdehlər arasında mübahisə həll olunanadək, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin depozit hesabına qoyulması nəzərə alınmaqla, cavabdehlər tərəfindən həmin sahənin boşaldılması qərara alınmışdır. Hüquqi nəticə etibarı ilə bu qərarla cavabdehin kompensasiya almaq hüququ tanınmamış, əksinə, onun məhz belə bir hüququnun olması ilə bağlı mübahisənin olmasına istinad edilmişdir. Onun belə bir hüququnun olub-olmaması da bilavasitə yaşayış sahəsinin özünə münasibətdə hüquqların olub-olmamasından asılıdır. Belə ki, cavabdehin yaşayış sahəsinə hər hansı hüququnun olmaması və ya mövcud olan hüquqların itirilməsi hər hansı hissədə kompensasiya almaq hüququnu istisna edir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın “cavabdehin istifadə hüququna xitam verilməsi” hissəsi üzrə öz mövqeyində haqlı olmamışdır. Bu səbəbdən həmin hissədə qətnamə ləğv edilməlidir.
25. Məhkəmə kollegiyası öz mövqeyi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hüquqi nəticə etibarı ilə cavabdehin yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsini tələb edir. Bu səbəbdən məhkəmə kollegiyası bu tələbə məhz bu qaydada qiymət verir və bununla bağlı vurğulayır ki, cavabdeh apellyasiya şikayəti verən İddiaçı1 keçmiş arvadı olmuş, digər iddiaçıların isə anasıdır. Onların arasında xx.xx.1998-ci il tarixdə nikah bağlanmış, həmin nikahdan tərəflərin 3 qızı və 2 oğlu olmuşdur. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 114 nömrəli, xx.xx.2008-ci il tarixli sərəncamına uyğun olaraq verilmiş xx.xx.2008-ci il tarixli orderə əsasən Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsində yerləşən 11 nömrəli evin yaşayış sahəsi 10,0 kv.m, köməkçi sahəsi 6,0 kv.m olan 1 otaqlı 8 nömrəli mənzili yeddi nəfər ailə üzvü ilə (əri, 3 qızı və 2 oğlu) birlikdə yaşamaq üçün cavabdehə ayrılmışdır. Bundan sonra tərəflərin birgə nikahından doğulmuş X5 ölmüşdür. Order verilən zaman tərəflər tam ailə tərkibi ilə həmin yaşayış sahəsində yaşayırdılar.
26. Bununla belə, məhz cavabdeh həmin yaşayış sahəsinin icarədarı olmuş və ailə üzvü olan iddiaçılarla və digər uşaqları ilə birlikdə həmin sahəsində yaşamış və birgə təsərrüfat aparmışdır. Həmin vaxt həm xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, həm də 01 sentyabr 2000-ci il tarixdən qüvvəyə minən mülki Məcəlləsi qüvvədə olmuşdur. Lakin buna baxmayaraq, bu yaşayış sahəsindən istifadə edilməsi ilə bağlı münasibətlərə Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbləri baxımından Mülki Məcəllənin deyil, məhz qeyd edilən Mənzil Məcəlləsinin aidiyyəti müddəaları tətbiq edilməlidir. Belə ki, yaranma tarixindən asılı olaraq, yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar hüquq münasibətləri ilə bağlı mübahisələrin həll edilməsi zamanı tədbiq edilməli olan qanunvericiliyi müəyyən edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı ilə Mülki Məcəlləsinin 228-ci maddəsi və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsi şərh edilmişdir. Hər iki maddə mülkiyyətdə olan yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələləri tənzimləyir. Lakin bu mənzil sökülənədək hər hansı şəxs, o cümlədən cavabdeh və ya onun digər ailə üzvləri tərəfindən özəlləşdirilməmiş, mülkiyyətdə olmamışdır. Bu da həmin münasibətlərə bilavasitə onları mövcud olmuş vəziyyətinə uyğun tənzimləyən Mənzil Məcəlləsinin (xx.xx.2009-ci il tarixədək qüvvədə olan) aidiyyəti müddəallarının tədbiq edilməsini şərtləndirir.
27. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi məsələsinə qiymət verməzdən əvvəl, onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsinin araşdırılmasının zəruriliyini, habelə mənzillə bağlı mübahisəli hüquq münasibətlərinin 2008-ci ildə yaranmasını və bu səbəbdən hazırki mübahisənin xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərinə uyğun həll edilməli olmasını nəzərə alıb, qeyd etməyi zəruri hesab edir ki, 2008-ci ildə həmin məzildə yaşamaqla qeydiyyatda olan və adına verilmiş orderə əsasən bilavasitə mənzilin icarədarı olan cavabdehin mənzildən istifadə hüququ yaranmışdır.
28. Lakin cavabdeh bu mənzildə 2009-cu ilin yay aylarına kimi yaşamış və bu tarixdən sonra yaşayış sahəsini tərk edərək, daha qayıtmamış, xx.xx.2018-ci il tarixdən etibarən isə ümumiyyətlə ölkədə deyil. Bu hal “Elektron” məhkəmə informasiya sistemindən əldə edilmiş “Sərhədkeçmə məlumatları” ilə də öz təsdiqini tapır. Bundan başqa, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-343/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsində də cavabdehin (ananın) 4 ilə yaxın müddətdir ki, uşaqlarını atıb getdiyi və bu müddət ərzində onlarla maraqlanmadığı, uşaqların hazırda iddiaçının himayəsində olduğu qeyd edilmişdir. Lakin cavabdeh tərəfindən bu hallar təkzib edilməmişdir. Məhz bu səbəbdən uşaqlar nəticədə iddiaçının himayəsinə verilmiş və həmin qətnamə cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İddiaçı da məhz bu halları əsaslanaraq, cavabdehin istifadə hüququna xitam verilməsini tələb edir.
29. Bununla belə, cavabdehin 2009-cu ilin yay aylarından mübahisəli mənzildə yaşamaması, 2018-ci ilin oktyabr ayından isə ümumiyyətlə ölkədə olmaması işdə olan mötəbər sübutlarla, o cümlədən iddiaçı olan cavabdehin doğma uşaqlarının izahatı ilə öz təsdiqini tapır. Hər bir halda, 2009-cu ildən sonra da (yaşayış sahəsi 2020-ci ildə sökülmüşdür) mənzildə yaşamış, əşyalarını həmin mənzildə saxlamış cavabdeh mənzili müvəqqəti tərk etmiş olsa idi, habelə onun mənzildə yaşamasına iddiaçılar tərəfindən maneə yaradılsa idi, bu hal hər hansı formada (cavabdehin mənzilə köçürülməsi və ya əşyalarının götürülməsi, habelə iddiaçının əşyaların çıxarılması tələbi ilə məhkəmə və ya hüquq mühafizə orqanlarına müraciət etməsi) özünü biruzə vermiş olardı. Lakin belə bir hal müəyyən edilmir. Cavabdehin heç həmin mənzilin sökülməsi ilə bağlı mübahisədən məlumatı yoxdur, onun iştirakını nə inzibati, nə də ki hazırki icraat çərçivəsində təmin etmək mümkün olmamışdır. Hətta 2013-cü ildə tərəflərin arasında bağlanmış nikahın məhkəmə qaydasında pozulması zamanı da belə bir halların olması müəyyən edilmir. Əksinə həmin iddianı cavabdeh qaldırmışdır. Bu da öz növbəsində onun həmin mənzili özünə məxsus bütün əşyalarla birlikdə məhz 2009-cu ildə daimi əsaslarla tərk etdiyini təsdiq edir.
30. Başqa sözlə, cavabdeh uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə etmir, onun həmin mənzilə, o cümlədən bu hüququnun reallaşmasına olan ehtiyacı aradan qalxmışdır. Bu baxımdan cavabdeh həmin mənzilə olan fiziki və hüququ bağlılığını, o cümlədən mənzildən istifadə hüququnu itirmişdir. Xüsusilə qeyd edilməlidir ki, mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə mövcud olan və bu sahəni tənzimləyən hüquq normaları bu hüququn hər hansı məbləğdə kompensasiya ödənilməsi müqabilində itirilməsini təsbit etməmiş, lakin məhkəmə kollegiyasının müəyyən etdiyi bu haldan bilavasitə asılı etmişdir. Həmin mənzilin artıq sökülməsi də bu məsələyə hüquqi qiymət verilməsini qeyri-mümkün etmir, məhkəmə kollegiyasının hazırki mövqeyi cavabdehin bu hüququnun itirildiyini və mənzil sökülən tarixə artıq mövcud olmadığını təsdiq edir.
31. Məhkəmə kollegiyası mübahisəli mənzilin artıq söküldüyünü, habelə xx.xx.2009cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsində həmin hüquqa xitam verilməsinin (itirilməsinin) belə bir qaydasının (hüquqi zərurətin) müəyyən edilmədiyini nəzərdə alıb, belə qənaətə gəlir ki, iddia tələbi “yaşayış sahəsindən sahiblik hüququna xitam verilməsi” hissəsində hər bir halda təmin edilə bilməz. Bu da öz növbəsində apellyasiya şikayətinin bu hissədə dəlillərinin əsassız olduğunu təsdiq edir və rədd edilməsini şərtləndirir.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh mübahisəli mənzilə olan istifadə hüququnu itirməsinə baxmayaraq, birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətlərinə səhv qiymət verərək və hüquq normalarını düzgün tədbiq etməyərək, iddianın həmin hissədə təmin olunmaması qənaətinə gəlmişdir. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-3185/2024 nömrəli qətnaməsi qismən, yəni “istifadə hüququna xitam verilməsinin rədd edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmalı, iddia həmin hissədə təmin edilməklə cavabdeh X6 mübahisəli mənzilən istifadə hüququ itirmiş hesab edilməlidir. Qətnamə mübahisəlndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-3185/2024 nömrəli qətnaməsi qismən, yəni “istifadə hüququna xitam verilməsinin rədd edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə təmin edilsin. Cavabdeh X6 Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsində yerləşən 11 nömrəli evin, 8 nömrəli mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə mübahisəlndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.