Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-605/2022 11.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair 2(007)-140/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-dən vurulmuş maddi və mənəvi zərərə görə 63752 (altmış üç min yeddi yüz əlli iki) manatın, həmçinin, Cavabdeh1 həkim səhvi nəticəsində vurulmuş maddi və mənəvi zərərə görə 63752 (altmış üç min yeddi yüz əlli iki) manat məbləğin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, görmə qabiliyyətinin zəifləməsi, kəskinliyin azalması, vizual sahənin daralması şikayəti ilə 2018-ci ilin fevral ayında Hərbi hospitalda çalısan həkim-oftalmoloq Anar Rəhimova müraciət etmişdir. Həkim-oftalmoloq Anar Rəhimov onu tam müayinə etdikdən sonra bildirmişdir ki, gözləri ilə əlaqədar onun heç bir problemi yoxdur və təcili MRT yoxlamasından keçməlidir. Beləliklə, həkimoftalmoloq Anar Rəhimovun göndərişinə əsasən 10 mart 2018-ci il tarixində "MedEra Hospital"a müraciət etmişdir. Burada həkim-radioloq Anar Fərzəliyev "X6 Tomoqrafiya" və "X5 Tomoqrafiya" müayinələrini keçirərək ona bildirmişdir ki, beynində türk yəhəri nayihəsində xosxassəli yenitörəmə - meningioma vardır. Həmin yenitörəmə şisin xoşxassəli olmasına baxmayaraq, insan orqanizminin ən vacib damar və sinirlərinin keçdiyi beyinin türk yəhəri nayihəsində yerləşdiyindən həyat üçün çox təhlükəlidir və qısa müddətdə götürülməlidir. O, keçiriləcək cərrahi əməliyyatın çox mürəkkəb, təhlükəli və məsuliyyətli olduğunu nəzərə alaraq, "MedEra Hospital"in tərtib etdiyi 10 mart 2018-ci il tarixli "Beyinin MRT müayinəsinə dair Diaqnostika nəticə hesabatı" və CD diski ilə bir sıra tibb müəssisələrinə müraciət etmişdir. Respublika Neyrocərrahiyyə Xəstəxanasındakı, Azərbaycan Tibb Universitetinin Tədris X2 şöbəsindəki, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin Neyrocərrahiyyə söbəsindəki həkim-neyrocərrah qəbulu zamanı ona bildirmişlər ki, hazırki cərrahi əməliyyatın çox təhlükəli olduğundan yenitörəmənin maksimum 70%-i götürüləcək, qalan hissəsinə isə toxunulmayacaq. Bu hal onu narahat etdiyindən, həkim axtarışını davam etmiş və mart 2018-ci il tarixində həyat yoldaşı Qanuni nümayəndəla "xxxx" MMC-nin "MediLand Hospital” Neyrocərrahiyyə şöbəsinin müdiri həkim-neyrocərrah Cavabdeh1 qəbuluna getmişdir. Təqdim etdiyi "Beyinin MRT müayinəsinə dair Diaqnostika nəticə hesabatı"na və CD diskinə baxdıqdan sonra həkim Cavabdeh1 ona bildirmişdir ki, cərrahi əməliyyatla yenitörəmənin maksimum götürülməsi üçün əlindən gələni edəcək. Belə ki, bu sahədə böyük təcrübəsi var, onun vəziyyətində olan çoxlu xəstəni müalicə etmiş, keçirdiyi bütün cərrahi əməliyyatlar uğurlu və fəsadsız olmuşdur. Bu sözlər onu tam arxayın etdiyindən, neyrocərrah Cavabdeh1 tərəfindən beynində cərrahi əməliyyatın keçirilməsinə razılıq vermiş və həkim tərəfindən 23 mart 2018-ci il tarixində saat 10:00-da əməliyyat vaxtı təyin edilmişdir. 23 mart 2018-ci il tarixində saat 09:30-da həyat yoldaşı Qanuni nümayəndəla "xxxx"a gəlmişlər. Burada tibb personalı onu cərrahi əməliyyata hazırlamağa başlamış, həyat yoldaşı Qanuni nümayəndə isə həkim Cavabdeh1 pullu tibbi xidmətin dəyərinin ödənilməsi üçün inzibatçının yanına göndərmişdir. Həyat yoldaşı Qanuni nümayəndə sonradan ona bildirdiyinə görə, pullu tibbi xidmətin dəyərini ödəyən zaman ondan "Tibbi xidmətlər haqqında müqavilə"nin imzalanmasını xahiş etmişlər və hər hansı fəsad baş verdikdə məsuliyyətin tamamilə xəstənin üzərinə düşdüyünü bildirmişlər. O, hansı fəsad və hansı məsuliyyət barədə söhbət getdiyini soruşduqda, inzibatçı bu sualların cavablandırılması üçün həyat yoldaşını həkim Cavabdeh1 yanına göndərmişdir. Həyat yoldaşı Qanuni nümayəndə müalicə həkimi Cavabdeh1 yanına qayıtdıqda, Cavabdeh1 bildirmişdir ki, "Tibbi xidmətlər haqqında müqavilə" standart bir sənəddir, bütün xəstələrlə bağlanılır. Lakin həmin sənəd imzalanmasa, cərrahi əməliyyat keçirilə bilməz, halbuki heç bir fəsad ola bilməz və arxayın gedib həmin müqaviləni imzalaya bilər. Onun artıq əməliyyat otağında olduğundan və oraya giriş bağlandığından, həyat yoldaşı Qanuni nümayəndə "Tibbi xidmətlər haqqında müqavilə"ni imzalamağa məcbur olmuşdur. 23 mart 2018-ci il tarixində "xxxx"da müalicə həkimi Cavabdeh1 tərəfindən keçirilmiş neyrocərrahiyyə əməliyyatından dərhal sonra o, görmə qabiliyyətini tamamilə itirmişdir. Əməliyyatdan sonra "Reanimasiya" şöbəsində onu görməyə gələn həyat yoldaşı Qanuni nümayəndə da bunun şahidi olmuş və dərhal müalicə həkimi Cavabdeh1 bildirmişdir. Müalicə həkimi Cavabdeh1 cavabında bildirmişdir ki, bu normal haldır, neyrocərrahiyyə əməliyyatından sonra yaranmış ödəmlə əlaqədardır və bir-iki həftədən sonra həmin ödəm çəkildikcə, onun görmə qabiliyyəti bərpa olunacaq. Lakin "xxxx"da müalicə kursu bitənədək görmə qabiliyyəti bərpa olunmamış, müalicə həkimi Cavabdeh1 isə onlara bildirmişdir ki, artıq evə getməlidir, onun yazdığı dərmanları qəbul etməlidir və bir-iki aya görmə qabiliyyəti bərpa olunmalıdır. Müalicə həkimi Cavabdeh1 bütün tövsiyyələrinə əməl etsə də, görmə qabiliyyəti bərpa olunmamış və o, artıq digər tibb müəssisələrinə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirlyi Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində keçirilmiş tibbi müayinələrdən sonra ona "Görmə sinirlərinin atrofiyası" diaqnozu qoyulmuş və İ qrup əlillik təyin edilmişdir. Bütün bu başverənlər ona maddi zərər yetirməklə yanaşı, ağır psixoloji zərbələr vurmuş və vurmaqda davam edir. Bu həkim səhvi onun ətraf mühitdən, cəmiyyətdən əhəmiyyətli dərəcədə təcrid olunmağına səbəb olmuşdur. Onu müayinə etmiş həkimlər yaranmıs görmə sinirlərinin atrofiyasını tam aradan qaldırılmasının mümkün olmadığını bildirmişlər. Aydındır ki, həkimin ona vurduğu zərəri heç nə ilə ödəməsi mümkün deyil. Lakin o, bununla yanası belə qeyri-peşəkar həkimlərin öz əməllərinin nəticələrinə görə cavab vermələri, başqalarının da həyatını onunki kimi məhv etməmələri və ona vurulmuş maddi və mənəvi zərərə görə hec olmasa həkimin və klinikanın qismən də olsa cavab vermələrini təmin etmək üçün məhkəməyə müraciət etməyə qərar vermişdir və hesab edir ki, onun iddia ərizəsi təmin edilməlidir. Ona bu günədək vurulmuş maddi zərər 42504,23 manat məbləğindədir (müalicə ilə əlaqədar xərclərin açıqlaması əlavədədir). Gələcəkdə Azərbaycan və ya xarici klinikalardan birində müavinə və müalicə olunmağı üçün əlavə çəkəcəyi xərclər zəruridir. Belə ki, qismən də olsa səhhətində yaxşılaşmanın baş verməsi üçün uzunmüddətli müalicəyə ehtiyac olunduğu göstərilmişdir. Bu müalicə üçün Rusiya klinikalarından birinə müraciət etməyi düşünür. Əməliyyat üçün ailə üzvlərindən biri ilə getmək üçün yol xərci, orada qalmaq və yemək xərci üçün təxminən ona ən azı 75000 manat lazım olacaq. Ona vurulmuş mənəvi zərər faktiki hallarda da qeyd etdiyi kimi, bütün bu baş verənlər ona maddi zərər yetirməklə yanaşı, ağır psixoloji zərbələr vurmuş və vurmaqda davam edir. Bu həkim səhvi onun ətraf mühitdən, cəmiyyətdən təcrid olunmağına səbəb olmuşdur. Çox təəssüf ki, o, ömrünün sonuna kimi hər gün həkimin bu səhvinin acı nəticəsi ilə yaşamalı olacaqdır. Bunu bilmək hər gün ona ağır mənəvi iztirab verir. Həkim səhvi nəticəsində ona vurulmuş mənəvi zərəri o, azı 10000 manat məbləğində dəyərləndirir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil 02 mart 2020-ci il tarixli vəsatəti ilə iş üzrə məhkəmə-tibbi ekspertizasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Lakin iddiaçı buna qəti etiraz etmiş və bildirmişdir ki, iş üzrə əhəmiyyət kəsb edən tibbi sənədlər olmadan mübahisələndirilən "xxxx"da həkim Cavabdeh1 tərəfindən 28 mart 2018-ci il tarixində icra olunmuş cərrahi əməliyyatına dair məhkəmə-tibbi ekspertizası tədqiqatlarının obyektivliyi, hərtərəfliliyi və tamlığı prinsiplərinə əməl etmək mümkün deyildir. İş üzrə əhəmiyyət kəsb edən və "xxxx"ın rəhbərliyinə dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, bu günədək ona, yaxud məhkəməyə təqdim edilməmiş tibbi sənədlər aşağıdakılardır: 28 mart 2018-ci il tarixində "xxxx" MMC-nin "MediLand Hospital'ında üzərində keçirilmiş cərrahi əməliyyatın protokolu; MediLand Hospitala təqdim etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Klinik hospitalında 05 mart 2018-ci il və 01 may 2018-ci il tarixlərində keçirilmiş görmə qabiliyyətim barədə oftalmoloji müayinənin nəticələri; "xxxx"a təqdim etdiyi "Memorial Klinik" Tibb Mərkəzində 24 fevral 2018-ci il tarixində keçirilmiş qanda şəkərin (qlükoza) səviyyəsi barədə analizin nəticələri; "xxxx" MMC-nin "xxxx"da iddiaçının adına tərtib edilmiş "Xəstəlik tarixi" (tam həcmdə); "xxxx" MMC-nin Cavabdeh2 Hospitalı ilə iddiaçı arasında bağlanmış "Tibbi xidmətlər barədə" 28 mart 2018-ci il tarixli müqavilə. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli qərardadına əsasən məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Hazırki məhkəmə işi üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertlər 223 vərəqədən ibarət iş materiallarına əsaslanaraq "xxxx"da keçirilmiş "Baş beynin sellyar nahiyyəsində meningiomanın xaric edilməsi" neyrocərrahi əməliyyatına dair araşdırma aparmalı olsalar da, hal-hazırda Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan "Liman Klinikası"nda iddiaçının sağ gözündə keçirilmiş "OD - kataraktanın FAKO emulsifikasiya üsulu ilə ekstraksiyası + İOL implantasiyası" oftalmoloji əməliyyatına dair tam fəqli digər mülki tələb üzrə iş materiallarına əsaslanaraq rəy vermişlər. Hazırki məhkəmə işi üzrə əhəmiyyət kəsb edən və yuxarıda adı çəkilən tibbi sənədlərin surətlərinin alınması, bunların araşdırılması üçün əməli tədbirlər görülməmişdir, nəticədə halların mahiyyətini təşkil edən səbəb-nəticə əlaqələri barədə obyektiv, əsaslandırılmış, tam həcmli rəy verilməmişdir. 30 yanvar 2018-ci il və 13 mart 2020-ci il tarixlərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində keçirilmiş "VHP (Beyin və göz arasında görmə traktları) müayinə raporlarının nəticələrini araşdırılmadan görmə qabiliyyətinin orqanik olaraq itirilməsi kimi qiymətləndirmiş, icra edilmiş cərrahiyyə əməliyyatı ilə görmə qabiliyyətinin tamamilə itirilməsi arasında səbəbli əlaqənin olmasını istisna etmişlər. Hazırki məhkəmə işi üzrə 18 fevral 2021-ci il tarixli qərardadda göstərildiyi kimi ekspertizanın aparılması zamanı mütəxəssis-ekspert qismində həkim-radioloq dəvət edilməmişdir, cərrahi əməliyyatdan öncə (10 mart 2018-ci il tarixli) və sonra (17 aprel 2018-ci il tarixli) "Baş beyin MRT müayinə raporları və bunlara dair CD disklər araşdırılmamışdır, həmin əyani danılmaz faktlar barədə rəy verilməmişdir. MediLand Hospital"da iddiaçının adına tərtib edilmiş epikrizin anamnez bölməsində "şəkərli diabet" qeyd olunmuşdur. Halbuki cərrahi əməliyyatdan öncə qanında şəkərin (qlükoza) normal səviyyədə olmasını təsdiq edən "Memorial Klinik" Tibb Mərkəzində 24 fevral 2018-ci il tarixində keçirilmiş analizin nəticələrini müalicə həkimi Cavabdeh1 təqdim etsə də, məhkəmə-tibbi ekspertlərin rəyində bu əyani fakt araşdırılmamışdır. “Mediland Hospita”'da 28 mart 2018-ci il tarixində həkim Cavabdeh1 tərəfindən icra olunmuş cərrahi əməliyyata qədər iddiaçının hər iki gözündə görmə qabiliyyəti neçə faiz olmuşdur sualına ekspert komissiyası yalnız həkimoftalmoloqun keçirdiyi müayinənin nəticələrinə əsasən cavablandırmalı olsa da, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Klinik Hospitalında 05 mart 2018-ci il tarixində keçirilmiş görmə qabiliyyəti barədə oftalmoloji müayinənin nəticələrini araşdırılmadan həkim-neyrocərrah Cavabdeh1 tərtib etdiyi epikrzin "Nevroloji status" bölməsindəki məlumata əsaslanmışlar. "Mediland Hospital”da 28 mart 2018-ci il tarixində həkim Cavabdeh1 tərəfindən icra olunmuş cərrahiyyə əməliyyatı zamanı türk yəhərin qabarından başlayaraq türk yəhərinin belinə qədər uzanan və suprasellyar inkişaf edən görmə sinirlərini kobud sıxan şişin aşkar olunması, şişin bazal matriksdən ayılması və sonra ətraf beyindən və bazal beyin arteriyalarından ayrılması, görmə sinirlərinin və çarpazının sərbətsləşməsi, hemostaz, sərt qişanın kip tikilməsi, yaranın qat-qat tikilməsi mikrocərrahi üsulla ayrılması və xaric edilməsi düzgün icra olunmuşdurmu sualını ekspert komissiyası yalnız həmin cərrahi əməliyyatın protokoluna əsasən cavablandırmalı olsa da, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi Kompüter tomoqrafiya və maqnit rezonans tomoqrafiya şöbəsinin 17 aprel 2018-ci il tarixli "Baş beyin MRT müayinə raporu"nda təsdiq olunmuş görmə çarpazı proyeksiyasında aparıcı yolların zədələnməsi faktı araşdırılmadan həkim-neyrocərrah Cavabdeh1 tərtib etdiyi "Epikriz"in "Aparılan müalicələr" bölməsindəki məlumata əsaslanmışlar. "Mediland Hospital'da 28 mart 2018-ci il tarixində həkim Cavabdeh1 tərəfindən icra olunmuş cərrahi əməliyyat zamanı görmə sinirlərini kobud sıxan meningioma (sellyar nahiyyədən) uğurlu və fəsadsız çıxarıla bilmişdirmi, bu əməliyyatından sonra görmənin tam itirilməsi mümkündürmü, müsbət halda gələcəkdə damarların funksionallığını, onların qidalanması və s. proqnoz edilməsi neyrocərrah tərəfindən mümkündürmü sualını ekspert komissiyası yalnız Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş "Kliniki Protokollar"a, tibbi praktikada qəbul olunmuş əsas qayda və tələblərə əsasən cavablandırmalı olsa da, bunları nəzərə almadan qeyd etmişlər ki, icra edilmiş cərrahiyyə əməliyyatı zamanı türk yəhər qabarının meningioması total xaric edildikdən sonra görmənin tam itirilməsi mümkündür. Halbuki "Kliniki Protokollar"a, tibbi praktikada qəbul olunmuş əsas qayda və tələblərə əsasən beyin cərrahiyyəsində nəyin bahasına olursa olsun, meningiomanın total çıxarılması anlayışı yoxdur. Belə ki, neyrocərrahiyyəyə alternativ digər müalicə üsullar da (radioterapiya, radiocərrahiyyə, kimyəvi terapiya və s.) mövcuddur. Beyində funksional vacib zonalar (nitq mərkəzi, əl və ayağın hissiyyat mərkəzi, görmə mərkəzi, huşu, nəfəsi idarə edən mərkəzlər) var. Həmin nahiyyələrə qonşu, yaxud həmin nahiyyələrdə olan rneningiomanı çıxararkən neyrocərrah bunun ziyansız hissələrini, yəni xəstəyə ziyan vermədən maksimum mümkün olan hissəsini xaric edir, xəstəyə ziyan verəcək hissəsinə isə toxunmur. "xxxx"da 28 mart 2018-ci il tarixində həkim Cavabdeh1 tərəfindən icra olunmuş cərrahi əməliyyat nəticəsində iddiaçının görmə qabiliyyətinin zədə (əməliyyat zamanı), funksional və ya organik olaraq itirilmişdirmi sualını ekspert komissiyası bilavasitə əməliyyatdan sonra görmə qabiliyyətinin tamamilə itirilməsi və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Klinik Hospitalında 01 may 2018-ci il tarixində keçirilmiş görmə qabiliyyəti barədə oftalmoloji müayinənin nəticələrinə əsasən cavablandırmalı olsa da, həmin faktları araşdırmadan bunu patoloji hal, görmə qabiliyyətimin orqanik olaraq itirilməsi kimi qiymətləndirmiş, icra edilmiş cərrahiyyə əməliyyatı ilə görmə qabiliyyətinin tamamilə itirilməsi arasında səbəbli əlaqənin olmasını istisna etmişdir. Hazırki məhkəmə işi üzrə 18 fevral 2021-ci il tarixli qərardada əsasən ekspertiza qarşısında qoyulan bir sıra əhəmiyyət kəsb edən aşağıdakı suallar isə ümumiyyətlə cavablandırılmamışdır: əməliyyatdan öncə və sonra xəstənin sağlamlıq vəziyyəti barədə, əməliyyat zamanı xəstənin sağlamlığına vurulmuş zərərin dərəcəsi barədə, əməliyyat zamanı meningiomanın total xaric edilməsinin zəruriliyi barədə; alternativ və daha təhlükəsiz müalicə metodlarının mövcudluğu barədə, əməliyyat zamanı görmə qabiliyyətinin tanı itirilməsinin səbəb-nəticə əlaqələrinin mövcudluğu barədə və s. "Məhkəmə-Tibbi Ekspertiza və X4" PHŞ-in müvafiq göndərişinə əsasən iddiaçı 21.04.2021-ci il tarixində ATU-nin X1 kafedrasının müdiri neyrocərrah Rövşən Xəlilzadənin keçirdiyi canlı baxışda olmuş, onun suallarına cavab vermişdir. "Məhkəmə-Tibbi Ekspertiza və X4" PHŞ-nin 24.05.2021-ci il tarixli 402/KEŞ nömrəli məhkəmə-tibbi ekspertiza rəyində ekspert komissiyasının üzvü, həkim-mütəxəssis kimi göstərilən ATU-nin Neyrocərrahiyyə Kafedrasının dosenti Calal Məmmədovun keçirdiyi canlı baxışda olmamış, ona göndəriş təqdim etməmiş, suallarına cavab verməmişdir. İddiaçının nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, İddiaçı 28.03.2018-ci il tarixdə Cavabdeh2 MMC-nin həkimi Cavabdeh1 tərəfindən “Soldan pterional kraniotomiya sellyar nahiyəsinin həcmli törəməsinin total xaric edilməsi” əməliyyatı icra edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” X7 402/KEŞ saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı üzərində "xxxx"da 28.03.2018-ci il tarixdə icra edilmiş “Soldan pterional kraniotomiya sellyar nahiyəsinin həcmli törəməsinin total xaric edilməsi” cərrahiyyə əməliyyatı texniki cəhətdən düzgün yerinə yetirilmişdir. İcra edilmiş cərrahiyyə əməliyyatı zamanı türk yəhəri qabarının meningioması xaric edildikdən sonra görmənin tam itirilməsi mümkündür. Optik aparatı qidalandıran damarların funksionallığı və nevroloji regenerasiya proseslərinin inkişaf xüsusiyyətlərinin və dəqiq proqnozların əməliyyat zamanı neyrocərrah tərəfindən qiymətləndirilməsi mümkün deyildir. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, 28.03.2018-ci il tarixdə "xxxx"da İddiaçı üzərində icra edilmiş “Soldan pterional kraniotomiya sellyar nahiyəsinin həcmli törəməsinin total xaric edilməsi” cərrahiyyə əməliyyatından sonra onda meningioma hesabına görmə sinirinin atrofiyası tam korluğa gətirib çıxarmışdır. Bu patoloji hal görmə qabiliyyətinin orqanik olaraq itirilməsi kimi qiymətləndirilir. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən İddiaçı üzərində cərrahiyyə əməliyyatının icrasına tibbi göstəriş olmuş və əməliyyat texniki cəhətdən düzgün yerinə yetirilmişdir. İcra edilmiş cərrahiyyə əməliyyatı ilə görmə qabiliyyətinin itirilməsi arasında səbəbli əlaqənin olması istisna edilir. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 icra edilmiş “Soldan pterional kraniotomiya sellyar nahiyəsinin həcmli törəməsinin total xaric edilməsi” cərrahiyyə əməliyyatı texniki cəhətdən düzgün yerinə yetirilmişdir. İddiaçı tərəf həkimin əməliyyatı düzgün icra etməməsi nəticəsində sinirlərin zədələnməsini vurğulasa da, həmin əməliyyatla görmə qabiliyyətinin itirilməsi arasında səbəbli əlaqə müəyyən edilməmişdir. İddaçı tərəfindən bunu inkar edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən ekspertizanın qeyd edilən rəyinin şübhə altına alınması üçün hər hansı bir əsas yoxdur. Həmçinin Cavabdeh1 nümayəndəsi və vəkili bildirmişdir ki, Cavabdeh1 göz həkimi deyil, beyin cərrahıdır və iddiaçı tərəfin cavabdehə müraciət etməsinin səbəbi də meningioma olmuşdur ki, həkim tərəfindən “Soldan pterional kraniotomiya sellyar nahiyəsinin həcmli törəməsinin total xaric edilməsi” cərrahiyyə əməliyyatı icra edilərək, şiş uğurla kənarlaşdırılmışdır. Bundan başqa, məhkəmə tərəfindən icra edilmiş əməliyyat nəticəsində iddiaçı tərəfindən görmənin fuksional yoxsa orqanik olaraq itirilməsinin müəyyən edilməsi məqsədi ilə ekpert qarşısında sual qoyulmuşdur. Exspert rəyi ilə müəyyən edilmişdir ki, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən 28.03.2018-ci il tarixdə "xxxx"da İddiaçı üzərində icra edilmiş “Soldan pterional kraniotomiya sellyar nahiyəsinin həcmli törəməsinin total xaric edilməsi” cərrahiyyə əməliyyatından sonra onda meningioma hesabına görmə sinirinin atrofiyası tam korluğa gətirib çıxarmışdır. Bu patoloji hal görmə qabiliyyətinin orqanik olaraq itirilməsi kimi qiymətləndirilir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının nümayəndəsi izahat verərkən bildirmişdir ki, iddiaçıda görmə qabiliyyəti əməliyyatdan öncə bir gözündə görə 65 faiz, digərində 15 faiz imiş. Lakin iş materiallarından da görünür ki, “Soldan pterional kraniotomiya sellyar nahiyəsinin həcmli törəməsinin total xaric edilməsi” cərrahiyyə əməliyyatı icra edilməmişdən əvvəl iddiaçının görmə qabiliyyəti sol gözdə tam amavroz (korluq), sağ gözdə isə 0,4 olmuşdur. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” X7 402/KEŞ saylı ekspert rəyindən görünür ki, 1961- ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1. İddiaçı adına təqdim edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsasən, icra edilmiş “Soldan pterional kraniotomiya sellyar nahiyəsinin həcmli törəməsinin total xaric edilməsi” cərrahiyyə əməliyyatına qədər onda görmə qabiliyyəti sol gözdə tam amavroz (korluq), sağ gözdə isə 0,4 olmuşdur. 2. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı üzərində "xxxx" da 28.03.2018-ci il tarixdə icra edilmiş “Soldan pterional kraniotomiya sellyar nahiyəsinin həcmli törəməsinin total xaric edilməsi” cərrahiyyə əməliyyatı texniki cəhətdən düzgün yerinə yetirilmişdir. 3. İcra edilmiş cərrahiyyə əməliyyatı zamanı türk yəhəri qabarının meningioması xaric edildikdən sonra görmənin tam itirilməsi mümkündür. Optik aparatı qidalandıran damarların funksionallığı və nevroloji regenerasiya proseslərinin inkişaf xüsusiyyətlərinin və dəqiq proqnozların əməliyyat zamanı neyrocərrah tərəfindən qiymətləndirilməsi mümkün deyildir. 4. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, 28.03.2018-ci il tarixdə "xxxx"da İddiaçı üzərində icra edilmiş “Soldan pterional kraniotomiya sellyar nahiyəsinin həcmli törəməsinin total xaric edilməsi” cərrahiyyə əməliyyatından sonra onda meningioma hesabına görmə sinirinin atrofiyası tam korluğa gətirib çıxarmışdır. Bu patoloji hal görmə qabiliyyətinin orqanik olaraq itirilməsi kimi qiymətləndirilir. 5. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən İddiaçı üzərində cərrahiyyə əməliyyatının icrasına tibbi göstəriş olmuş və əməliyyat texniki cəhətdən düzgün yerinə yetirilmişdir. İcra edilmiş cərrahiyyə əməliyyatı ilə görmə qabiliyyətinin itirilməsi arasında səbəbli əlaqənin olması istisna edilir. Tibbi manipulyasiyalar zamanı sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərə alınmır. İş materiallarında olan Milli Onkilogiya Mərkəzinin Kompüter tomoqrafiya və maqnit rezonans tomoqrafiya şöbəsinin İddiaçı 17.04.2018-ci il tarixdə aparılmış müayinəyə dair Baş Beyin MRT Müayinə Raporundan (Kontrastlı) görünür ki, əldə olunmuş MRT görüntülərində xiazmal sellyar və sol alın nahiyəsində postop. kistik-qliotik dəyişikliklər izlənilir (Türk yəhəri proyeksiyasında meningiomanın radikal çıxarılması əməliyyatından sonrakı vəziyyət). V/d kontrast maddə yeritdikdən sonra əməliyyat yatağının konturları boyu zəif kontrastlanma sahələri müəyyən edilir-erkən postop. dəyişikliklər. Şiş qalıqları lehinə dəqiq MR əlamətlər qeydə alınmır. Baş beyinin ağ maddəsində çoxsaylı subkortikal periventrikulyar lokalizasiyalı siqnal dəyişikliyi sahələri-damar mənşəli ocaqlar qeyd olunur. Yan mədəciklər və İİİ mədəcik genişlənməmişdir. Mülayi periventrikulyar ödem qeyd olunur. Konveksital subaraxnoidal sahələr genişlənmişdir. Kraniovertebral keçid patologiyasızdır. Paranazal sinusların pnevmatizasiyası pozulmamışdır. Baş beyinin MR traktoqrafıyası zamanı: Görmə çarpazı proyeksiyasında aparıcı yollar aydın izlənilmir.(böyük ehtimalla cərrahi əməliyyatla bağlıdır). Piramid və ekstrapiramid yollar bütün gedişi boyu izlənilir; keçiricilikləri pozulmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Zərifə Əliyeva Adına Milli Oftalmologiya Mərkəzinin 31.10.2018-ci il tarixli arayışından görünür ki, 1961-ci il təvəllüdlü İddiaçı müayində olmuşdur. Müayinə zamanı Görmə sinirinin atrofiyası diaqnozu təyin olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında sonunda müayinəyə dair məlumatın verilməsinə dair çıxarışdan görünür ki, İddiaçı birinci qrup müddətsiz əlildir. Diaqnoz Görmə sinirinin atrofiyası, OU-Görmə sinirinin ikincili atrofiyası.(enən)OD-Artifakiya.VİS OU-O (sıfır) Binokulyar korluq. Baş beyin qişalarının xoşxassəli yenitörəməsi, Sellyar nahiyyəsinin böyük ölçülü törəməsi meningioma Grade 1.Cərrahi əməliyyatdan sonrakı vəziyyət. Koksartroz [bud-çanaq oynağının artrozu], İki tərəfli birincili koksartroz, oynaqların kontrakturası, dayaq-hərəkət funksiyasının ciddi pozulması. Poliartroz, Ürəyin hipertenziv xəstəliyi, Hipertoniya xəstəliyi ıı dərəcə. Dissirkulyator ensefalopatiya. Digər artrozlar, Hər iki diz oynağının artroza-artriti. İş materiallarında olan 13.03.2018-ci il tarixli Diaqnostika Nəticə hesabatından görünür ki, İddiaçı beyninin maqnit rezonans Tomoqrafiya müayinəsinin Nəticəsi: sellar nahiyədə və sol frontoparietal zirvədə qeyd olunan törəmə ilk növbədə meningioma ehtimalını düşündürməkdədir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.1961-ci il təvəllüdlü İddiaçı barəsində Epikrizindən görünür ki, cərrahi əməliyyatdan sonrakı dövr sakit keçmiş, xəstədə periodik arterial təziqin yüksəlməsi müşaidə olmuşdur. Yara birincili sağalmışdır. Nevroloji itkiləri əməliyyatdan sonra iki tərəfli amavroz izlənilir. Xəstə gəzir. Patohistoloji fibroblastik meningioma Gradel təsvir olur. Yaşayış sahəsində nevroloqun və oftalmoloqun nəzarəti altında evə yazılır, Tövsiyyələr: Finlepsin 200mg 3 dəfə uzun müddət; 1 ay müddətində fiziki əməyin məhdudlaşdırılması, bir aydan sonra kontrol müayinə. İş materiallarında olan "xxxx" MMC-nin 28.03.2018-ci il tarixli qəbzindən görünür ki, hospital tərəfindən göstərilən xidmətə görə İddiaçı tərəfindən 4300 manat ödəniş edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən tərtib edilmiş Müalicə ilə əlaqədar xərclərin açıqlanması cədvəlindən görünür ki, onun tərəfindən ayrı-ayrı xidmətlətin göstərilməsi məqsədi ilə 42504,23 manat ödəniş edilmişdir. Qeyd etmək lazımdır ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 57-ci maddəsinə əsasən vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. Həmin Qanunun 59-cu maddəsinə əsasən tibb və əczaçılıq işçilər öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Həmin Məcəllənin 1118.1-ci maddəsinə əsasaən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, iddiaçı apellyasiya şikayətində qeyd etdiyi məqamların əsaslı olmasına dair hər hansı sübutu təqdim etməmiş, tələbinin əsaslandırıması zamanı hər hansı mötəbər dəlilə istinad etməmişdir. Həmçinin, iş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizanın rəyini şübhə altına alan sübutlar mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 02.08.2021-ci il tarixli, 2(007)-140/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-605/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-605/2022
11.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver