Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6053/2022 01.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(008)-2256/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3500 manat əsas borcun, dəymiş ziyana görə 1200 manat, həmçinin 1000 manat mənəvi ziyana görə pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı yaxından tanıdığı Mirzəyev Həsənin vasitəsi ilə 29 iyul 2021-ci ildə "Koroğlu" metrosunun üstündə Cavabdeh 2 ay müddətinə qaytarılması şərti ilə 3500 manat borc pul vermiş, cavabdeh bunu yazlı şəkildə imzası ilə təsdiq etmişdir. Lakin, Cavabdeh 8 ay müddət keçməsinə baxmayaraq borcu qaytarmaqdan imtina edir. Bu səbəbdən də məhkəməyə müraciyyət etmək məcburiyyətində qalmışdır. Bununla yanaşı, cavabdeh ona dəymiş maddi və mənəvi ziyanı da ödəməlidir. Belə ki, dəymiş maddi ziyana görə 1200 manat, mənəvi ziyana isə 1000 manat tələb edir. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(008)- 2256/2022 saylı qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddia qismən təmin olunaraq, Cavabdeh 2000 (iki min) manat məbləğində pul vəsaitinin və 40 (qırx) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi qət olunmuşdur. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini, iddianın tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin qətnamənin iddianın təmin olunmayan hissələrdə əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, birinci instansiya məhkəməsi tərəifndən cavabdehin izahatında göstərdiklərinə əsaslanması, cavabdehin etirafını nəzərə alınaraq, 2000 manat pulun tutulması qənaətinə gəlinməsi, cavabdeh borcun 2000 manat olmasını bildirsə də, bu etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirilməməsi, alınmış borcdan 1500 manat hissəsinin qaytarılması ilə bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməməsi və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq məhkəmə kollegiyasına yazılı ərizə təqdim edərək göstəmişdir ki, qətnamədən əsas borcun tutulması hissədə narazılığı yoxdur, şikayəti yalnız maddi və mənəvi ziyan hissədə iddianın təmin olunmaması hissədədir. Apellyasiya şikayətində yanlışlıqla əsas borcla bağlı dəlillər göstərilmişdir. Cavabdeh həqiqətən 3500 manat borcdan 1500 manat hissəsini qaytarmış, əsas borc 2000 manat hissədə qalmışdır. Lakin, məhkəmə iddianı 1200 manat maddi, 1000 manat mənəvi ziyan hissədə rədd etməkdə haqlı olmamışdır. Hesab edir ki, iddia həmin hissələrdə təmin olunmalıdır. Bu səbəbdən də məhkəmə kollegiyasından qətnamənin qismən, yəni iddianın maddi və mənəvi ziyanın rədd olunması hissədə ləğv olunmasını, iddianın həmin hissədə təmin olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş edir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, cavabdeh qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz iddiaçının apellyasiya şikayəti həddində (maddi və mənəvi ziyanla bağlı tələbin rədd olunması hissədə) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, xx.xx.2021-ci il tarixli sadə yazılı formada tərtib olunmuş əlyazmadan görünür ki, Cavabdeh tanışı Mirzəyev Həsənini vasitəciliyi ilə iki ay müddətinə İddiaçı 3500 manat borc pul almışdır. İşdə olan xx.xx.2022-ci il tarixli sadə yazılı formada tərtib olunmuş əlyazmadan görünür ki, Cavabdeh ehtiyacı olduğundan görə tanışları Mirzəyev Həsən və Ağayev Ağamirin vasitəsi ilə xx.xx.2021-ci ildə İddiaçı 3500 manat borc pul almış və dəymiş ziyanı ödəmək şərtilə indiyə qədər borcununu 1500 manatını ödəmiş qalan pulunu ödəyəmə yerinə yetirəcəyini bildirmişdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən - Cavabdeh əlyazmasında müəyyən olunur ki, Cavabdeh İddiaçı qeyd edilən 3500 manat məbləğində pul almışdır və həmin pul vəsaitindən 1500 manatını ödəmiş, qalan 2000 manatı ödəməyi öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi iddianı maddi və mənəvi ziyanın tutulması hissədə rədd edərkən iddiaçının sübutetmə yükünü həyata keçirə bilməməsinə əsaslanmışdır. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. MM-nin 21-ci maddəsinin tələbinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı maddi zərər kimi əldən çıxmış faydanı tələb etdiyi halda bu halı sübut etmək yükünü daşıyır. İddiaçı isə yoxlanılan hissədə tələblərinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. İddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı isə Kollegiya, bildirir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında da izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı , zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Lakin, işin hallarından və tədqiq olunmuş sübutlardan iddiaçıya alınmış borcun tam qaytarılmaması ilə bağlı mənəvi ziyan dəyməsi müəyyən olunmur. İddiaçı bununla bağlı da məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmiş, tələbini əsaslandırmamışdır. Halbuki, MPM-in 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında da göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Həmçinin nəzərə alınmalıdır ki, MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçının izahatı da özü-özlüyündə yoxlanılan hissədə iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, qətnamə yoxlanılan hissədə əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İddia ərizəsindən göründüyü kimi, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır, bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(008)-2256/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(008)- 2256/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6053/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6053/2022
01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver