Məhkəmə qərarları › İş №2(103)-6055/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6055/2024

31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6055/2024 31.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMMC-yə qarşı “icarə haqqı borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətindən imtina) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi İddiaçı Cavabdeh MMMC-yə qarşı “icarə haqqı borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-2572/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. “İcarəyəverən” İddiaçı ilə “İcarəçi” Cavabdeh MMMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən “İcarəyəverən” Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanıda yerləşən qeyriyaşayış sahəsindən 37,26 kv.m–ni ofis olaraq “İcarəçi”yə verməyi, “İcarəçi” isə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Aylıq icarə haqqının məbləği 400 manat təşkil edir;

2. “İcarəyəverən” İddiaçı ilə “İcarəçi” Cavabdeh MMMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən “İcarəyəverən” Aksa markalı, 550 kVA gücündə qurğu-elektrik generatoru “İcarəçi”yə verməyi, “İcarəçi” isə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Aylıq icarə haqqının məbləği 80 manat təşkil edir;

3. “İcarəyəverən” İddiaçı ilə “İcarəçi” Cavabdeh MMMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən “İcarəyəverən” Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 36 ünvanında ona məxsus istehsalat bazasında yerləşən 154.90 kv.m-dən ibarət açıq sahədə qurduğu nasosxana və hovuzdan ibarət sahəni yaşayış və qeyriyaşayış obyektlərinin su ilə təchiz edilməsi üçün “İcarəçi”yə verməyi, “İcarəçi” isə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür.Aylıq icarə haqqının məbləği 1549 manat təşkil edir;

İş üzrə qəbul olunmuş məhkəmə aktları

4. İddiaçı Cavabdeh MMMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMMC-dən xx.xx.2022-ci il tarixli icarə müqavilələri üzrə yaranmış 30458 manat məbləğində icarə haqqı borcunun, hüquqi xidmət haqqı kimi vəkilə ödənilmiş 800 manat pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün məhkəməyə ödənilmiş 184,40 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh MMMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən Aksa markalı 550 kVA gücündə qurğuelektrik generatoru Cavabdeh MMMC-yə icarəyə verilmişdir. Həmin müqavilənin 4.1-ci bəndinə görə aylıq icarə haqqının məbləği 80 manat müəyyən olunmuşdur. Aralarında bağlanmış xx.xx.2022-ci il tarixli digər icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 36 ünvanında olan istehsalat bazasında yerləşən 154,90 kv.m-dən ibarət ərazidə qurulmuş nasosxana və hovuzdan ibarət sahə Cavabdeh MMMC-yə icarəyə verilmişdir. Həmin müqavilənin 4.1-ci bəndinə görə müqavilə üzrə aylıq icarə haqqının məbləği 1549 manat müəyyən olunmuşdur. Bundan əlavə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli digər icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən 37,26 kv.m hissəsi ofis olaraq Cavabdeh MMMC-yə icarəyə verilmiş və müqavilənin 4.1- ci bəndinə görə aylıq icarə haqqı 400 manat müəyyən olunmuşdur. Lakin aralarında bağlanmış yuxarıda qeyd olunan icarə müqavilələrinin bağlanmasından uzun müddət keçməsinə baxmayaraq bugünədək Cavabdeh MMMC müqavilə öhdəliklərini hələ də tam yerinə yetirməyərək ona icarə haqqını ödəməmişdir. Sözügedən icarə müqavilələri üzrə bu günədək aşağıda göstərilən məbləğdə cavabdehin ödənilməmiş icarə haqqı borcu yaranmışdır. 1. Elektrik generatoruna görə bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə-1600 manat; 2. Nasosxana və hovuza görə bağlanmış icarə müqaviləsi üzrə 30980 manat; 3. Ofisə görə bağlanmış icarə müqaviləsi üzrə 8000 manat. Ümumilikdə 40580 manat icarə haqqı borcu hesablanmışdır. Həmin borc məbləğindən də xx.xx.2024-cü il tarixədək cəmi 8008 manat ödənilmiş, cəmi 32572 manat ödənilməmiş icarə haqqı borcu qalmışdır. İcarə müqavilələrinin 4.2-ci bəndinə uyğun olaraq xx.xx.2024- cü il tarixli akt əsasında əvəzləşdirmə aparılmış və nəticədə cavabdehin cəmi 30458 manat ödənilməmiş icarə haqqı borcu qalmışdır. Pretenziya məktubuna cavab olaraq cavabdeh tərəfindən ona göndərilmiş xx.xx.2024-cü il tarixli məktubunda Cavabdeh MMMC-nin həqiqətən də ona 30458 manat icarə haqqı borcunun qaldığı etiraf edilmiş və həmin borcun ona ödəniləcəyi bildirilsə də, lakin xeyli müddət keçməsinə baxmayaraq bu günədək ona ödənilməmişdir. Bundan əlavə o, hüquqlarının məhkəmədə müdafiəsi üçün vəkillə müqavilə bağlamış və hüquqi xidmət haqqı olaraq 800 manat pul ödəmişdir. Həmin pul vəsaiti də cavabdehdən tutulmalıdır.

6. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-2572/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMMC-dən xx.xx.2022-ci il tarixli icarə müqavilələri üzrə yaranmış 30458 (otuz min dörd yüz əlli səkkiz) manat məbləğində icarə haqqı borcu və iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 184,4 manat pulun 180 (yüz səksən) manatın tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iştirak etmiş və məhkəmə iclasının fasiləsiz audio yazısı aparılarkən borclarının olduğunu etiraf etdiyindən, iddiaçı bunu sübut etmə vəzifəsindən azaddır. Məhkəmə tərəfindən həmin etirafın qəbul edilməsindən imtina olunması üçün hər hansı bir əsas aşkar edilməmişdir. Hazırki mülki iş üzrə materiallardan və tərəflərin izahatlarından aydın olur ki, tərəflər arasında icarə müqavilələri bağlanmış, Cavabdeh MMMC-nin həmin müqavilələr üzrə icarə haqqının müqavilələrdə müəyyən edilmiş qaydada və formada ödənilməsi öhdəliyi yaranmış, lakin buna baxmayaraq, öhdəliyin icrası təmin edilməmişdir. Belə ki, iddiaçı icarə müqavilələri üzrə cavabdehin ona 30458 manat borcunun olduğunu qeyd edir və iddia tələbini təsdiq etmək üçün icarə müqavilələrini məhkəməyə təqdim edir. Bu halda icarə haqqı borcunun ödənildiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh tərəfindən isə bunu təkzib edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə vurğulayır ki, iddiaçının qeyd edilən tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Sübut edilməyən halı isə məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 , 21.3, 385, 427.3, 442, 445.2.1, 445.1, 448.1, 448.2, 700-cü maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 121.1, 106.3, 216-220, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

9. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-2572/2024 nömrəli qətnaməsinin dəyişdirilərək iddia tələbinin tam təmin olunması haqqında qətnanə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, onunla Cavabdeh MMMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən Aksamarkalı 550 kVA gücündə qurğu-elektrik generatoru Cavabdeh MMMC-nə icarəyə verilmişdir. Həmin müqavilənin 4.1-ci bəndinə görə müqavilə üzrə aylıq icarə haqqının məbləği 80 manat müəyyən olunmuşdur. Aralarında bağlanmış xx.xx.2022-ci il tarixli digər icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 36 ünvanında olan istehsalat bazasında yerləşən mülkiyyətində olan 154,90 kv.m-dən ibarət ərazidə qurulmuş nasosxana və hovuzdan ibarət sahə Cavabdeh MMMC-nə icarəyə verilmişdir. Həmin müqavilənin 4.1- ci bəndinə görə müqavilə üzrə aylıq icarə haqqının məbləği 1549 manat müəyyən olunmuşdur. Bundan əlavə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli digər icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Xətaiprospekti 38 ünvanında yerləşən mülkiyyətində olan qeyri-yaşayış sahəsindən 37,26 kv.m hissəsi ofis olaraq Cavabdeh MMMC-nə icarəyə verilmiş və həmin müqavilənin4.1-ci bəndinə görə müqavilə üzrə aylıq icarə haqqı 400 manat müəyyən olunmuşdur. Məhkəmə tərəfindən iddai tələbi qismən təmin olunaraq Cavabdeh MMMC-dən 30458 manat məbləğində icarə haqqının tutularaq ona ödənilməsi qət edilmiş, lakin qalan hissədə, yəni vəkilə ödənilmiş 800 manat pulun tutulması hissəsində rədd edilmişdir. Göründüyü kimi məhkəmə iddia tələbinin icarə haqqı borcunun ona ödənilməsi hissəsində düzgün araşdırma aparsa da, lakin vəkillə ödənilmiş 800 manat hüquqi xidmət haqqının ödənilməsi hissəsində təəsssüf ki, düzgün qənaətə gəlməmiş və həmin hissədə nədənsə heç bir qanuni əsas olmadan iddianı rədd etmişdir. Odur ki, hesab edir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qətnaməsi həmin hissədə də dəyişdirilməli və iddia tələbi hüquqi xidmət haqqına görə vəkilə ödənilmiş 800 manat pulvəsaitinin tutulması hissəsində də təmin olunmalıdır

Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq normaları:

Mülki Prosessual Məcəllə

12. Maddə 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur.

13. Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər.

14. Maddə 369.3. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər.

15. Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətindən imtinaya dair iddiaçının ərizəsini nəzərə alaraq hesab edir ki, İddiaçı münasibətdə apellyasiya icraatına xitam verilməlidir.

17. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq apellyasiya şikayətindən imtina olunması barədə ərizənin qəbul edilməsini xahiş etmişdir.

18. Məhkəmə kollegiyası hesab edir ki, qətnamədən İddiaçı verdiyi şikayətdən onun imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və İddiaçı münasibətdə apellyasiya icraatına xitam verilməlidir.

19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369.4, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-2572/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən onun imtinası qəbul edilsin və İddiaçı münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar