Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6056/2023 25.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlu və X3 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 2023-cü ilin yanvar ayından başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin məbləği artırılmaqla hər ay 250 manat və xəstəliyi üçün nəzərdə tutulmuş 100 manat artırılaraq 160 manat olmaqla, cəmi 410 manat sabit pul məbləğində aliment alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-5124/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı qərardaddan şikayət verərək, həmin qərardanın ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasının təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət qanunla müəyyən olunmuş qaydada verilmədiyindən (elektron kabineti vasitəsilə daxil olsa da, əl imzası ilə imzalandığından) geri qaytarılmışdır. İddiaçı şikayət verərək xx.xx.2023-cü il tarixli qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, sənədlər elektron məhkəmə informasiya sisteminə scan edildikdən sonra PDF variantına çevrilib yüklənir. Bunların nəzərə alınmağını, işə mahiyyəti üzrə baxılmasını xahiş edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi şikayəti geri qaytararkən onun elektron qaydada imzalanmasına və MPM-in 361.1-ci maddəsinin tələblərinə cavab vermədiyinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Mülki Prosessual Məcəllənin 363.1.5-ci maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə şikayət geri qaytarılmalıdır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə görə isə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1 və 363.1.5-ci maddələrinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, şikayətdə göstərilən hallar öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsi şikayəti göstərilən əsasla geri qaytarmaqda haqlı olmuşdur. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6056/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6056/2023
25.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver