Məhkəmə qərarları › İş №2(103)-6058/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6058/2021

22.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6058/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı Zülfiqarova Nəzakət İsaq qızının nümayəndəsi (qardaşı) Abdullayev Etibar İsaq oğlunun, cavabdeh Feyziyev Seyhun Feyzi oğlunun iştirakları ilə, İddiaçı Zülfiqarova Nəzakət İsaq qızının cavabdeh Feyziyev Seyhun Feyzi oğluna qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-498/2021 saylı, 24 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Zülfiqarova Nəzakət İsaq qızı cavabdeh Feyziyev Seyhun Feyzi oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2.440 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumilikdə 2.470 manat məbləğində pul vəsaitinin cavabdeh Feyziyev Seyhun Feyzi oğlundan alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28 noyabr 2019-cu il tarixdə saat 11:00 radələrində cavabdeh Feyziyev Seyhun Feyzi oğlu xüsusi mülkiyyətində olan «Mitsubishi Airtek» minik markalı **-XN-*** dövlət qeydiyyat nişanlı gedən avtomaşınla ara məsafəsi saxlamamış və qarşıda gedən onun xüsusi mülkiyyətində olan «Mercedes Benz-230» minik markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Yol Patrul Xidməti tərəfindən əsasən, 02.12.2019-cu il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarar əsasən, AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək, 40 manat cərimə edilmişdir. Sözügedən inzibati xəta haqqında iş üzrə onun avtomaşınını etibarnamə əsasında idarə edən şəxs Abdullayev Təhmiraz Etibar oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır. Qeyd etmişdir ki, sözügedən yol-nəqliyyat hadisəi zamanı cavabdehin təqsiri ucbatından onun avtomaşınına maddi ziyan dəymişdir. Cavabdehin idarə etdiyi avtomaşının icrabi sığortası olmadığına görə isə ona dəyən maddi ziyanı sığorta şirkətindən ala bilmir və bu səbəbdən də həmin ziyanımı məhkəmə qaydasında tələb edir. Belə ki, hadisə nəticəsində avtomaşının qabağ və arxa hissələrində bir çox detallara sıradan çıxmışdır. O, avtomaşını avtoservisdə təmir etdirir və usta tərəfindən təmir xərcləri hesablanaraq ona təqdim edilmişdir. Ümumlikdə avtomaşınının təmirinə 2.000 manat məbləğində vəsait tələb olunmuşdur. Həmçinin, avtomaşınını ustaya aparmaq üçün evakuator xidmətindən istifadə etmişdir ki, buna da onun 40 manat məbləğində xərci çıxmışdır. Bundan əlavə o, avtomaşınsız qalan günlərdə və hələ də avtomaşını təmirdən çıxana qədər taksi xidmətindən istifadə etmək məcburiyyətində qalmışdır ki, bütün bu xidmətlərə görədə ona 400 manat maddi ziyan dəymişdir. Ona dəyən maddi ziyanı ümumilikdə 2.440 manat qiymətləndirir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-498/2021 saylı, 24 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh Feyziyev Seyhun Feyzi oğlundan 1743 manat məbləğində dəymiş maddi zərər və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu, cəmi 1763 manatın alınaraq iddiaçı Zülfiqarova Nəzakət İsaq qızına verilməsi, ödənilmiş dövlət rüsumunun qalan 10 manatının iddiaçının özünə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manatın 150 manatının cavabdeh Feyziyev Seyhun Feyzi oğlundan, 50 manatının Zülfiqarova Nəzakət İsaq qızıdan alınaraq “xxxx” MMC-nin AZE02NABZ******************** saylı hesabına ödənilməsi qət edilmişir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddianın isə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin iddiaçının avtomobilinə dəymiş ziyanın məbləğinin şişirdildiyini nəzərə almadığı, əsassız ekspert rəyinə istinad etdiyi, ekspertizanın aparılmasında iştirakının təmin edilmədiyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, iddiaçının nümayəndəsi isə şikayətin əsassəz olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddia tələbinin qismən təmin edilməsi hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni qeyd edilən hissədə mübahisələndirmiş, iddiaçı isə qətnaməni ümumiyyətlə mübahisələndirməmişdir. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri DYPİ-nin 28.11.2019-cu il tarixli İXP 29975056 saylı inzibati xəta haqqında protokoldan və 02.12.2019-cu il tarixli TP ******* saylı inzibati tənbehvermə haqqında qərarının surətindən görünür ki, Feyziyev Seyhun Feyzi oğlu 10.12.2018-ci il tarixində saat 11:00-da “Mitsubishi Aırtrek” minik markalı 99 XN871 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsini pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarından görünür ki, “Mercedes Benz 230” minik markalı ** KL *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi 29.05.2019-cu il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş AD seriyalı 517976 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Zülfiqarova Nəzakət İsaq qızıdır. İş materiallarında olan avtoservis tərəfindən verilmiş 19 saylı aktdan görünür ki, Mercedes Benz 230 markalı avtomobilə dəymiş ziyan 2150 manat təşkil edir. İş üzrə keçirilmiş və məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03.06.2020-ci il tarixli LP-057/20 nömrəli rəyindən görünür ki, Mercedes Benz 230 markalı avtomobilə dəymiş ziyan 1743 manat təşkil edir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə isə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hazırkı iş üzrə yüksək təhlükə mənbəyi olan “Mitsubishi Aırtrek” minik markalı 99XN871 dövlət qeydiyyat nişanlı avtomobilin vurduğu zərərin əvəzini ödəmək vəzifəsini həmin avtomobili idarə etmiş və yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvədə olan inzibati xəta haqqında qərarla sübuta yetirilən Feyziyev Seyhun Feyzi oğlunun üzərinə qoymuşdur və onun özü də, təqsirli olması ilə bağlı məsələni deyil, əsasən vurulmuş maddi zərərin məbləği ilə bağlı məsələni mübahisələndirməkdədir. Bununla belə kollegiyanın qənaətinə görə cavabdeh, iddiaçıya vurduğu ziyanın daha az olması, ekspertiza rəyi ilə müəyyən edilən məbləğin düzgün hesablanmadığı barədə irəli sürdüyü arqumentlərini əsaslı göstərəcək heç bir sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya həmçinin qeyd edir ki, qanunvericilikdə bu tipli ekspertizanın aparılmasında tərəflərin iştirakının təmin edilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələnidirilən hissəsində ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bundan əlavə kollegiya qeyd edir ki, qətnamənin hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılan hissəsində iddia tələbi iki min manatdan az olduğundan, qətnamədən kassasiya şikati verilə bilməz. Belə ki, Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-498/2021 saylı, 24 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar