Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6058/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması, borcun tutulmasının ipoteka əmlakına yönəldilməsi, əmlakın hərracdan satılması və s.” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “kredit borcunun tutulması, borcun tutulmasının ipoteka əmlakına yönəldilməsi, əmlakın hərracdan satılması və s.”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-575/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı LPO "xxxx" ASC Cavabdeh qarşı “kredit borcunun tutulması, borcun tutulmasının ipoteka əmlakına yönəldilməsi, əmlakın hərracdan satılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il tarixli 146 saylı kredit müqaviləsi üzrə 109.000 manat əsas və iş üzrə ödənilmiş 399 manat dövlət rüsumunun cavabdehdən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə yerləşən 2-ci yaşayış binasının A blokunda 1 saylı mənzilinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin qiymətinin müəyyən edilməsi və həmin əmlaklar açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetlərinin satışında əldə vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulması, ipoteka predmetləri olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin əmlaklar boşaldılaraq, alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli 146 saylı kredit müqaviləsinə əsasən cavabdehə 180 ay müddətinə 109.000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi "xxxx" MTK ilə X2 oğlu arasında bağlanmış 180/R müqavilələ əsasında Cavabdeh sərəncamında olan və kredit hesabına alınmış Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 2-ci yaşayış binanın A blokunda 1 saylı mənzil ipotekaya qoyulmuşdur. Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 2-ci yaşayış binanın A blokunda 1 saylı mənzilin ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixli 146/1 ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqavilələrinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqavilələrinin 4.2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə müraciət olunmasına, habelə bildiriş məktubların göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh xx.xx.2023-cü il tarixə xx.xx.2011-ci il tarixli 146 saylı kredit müqaviləsi üzrə cəmi borcu 109.000 manat təşkil edir.
3. Nərimanov Rayon Məhkəməsinin 2(005)-575/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Solmaz Ədilova) ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2011-ci il tarixli 146 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş 109.000 (bir yüz doqquz min) manat borc və 399 manat (üç yüz doxsan doqquz) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qərara alınmışdır.
4. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
5. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, şikayətin dəlili kimi qeyd etmişdir ki, işə baxan məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qətnamə qəbul edilmişdir, belə ki, iddia tələbindən də görünür ki, həmin kredit mənzilin alınması üçün ayrılmışdır, lakin həmin ipoteka müqaviləsinin formal xarakter daşıması müəyyən edilmişdir. Əgər mənzilin alınması üçün kredit ayrılmış olsa idi, o pul alıcıya verilməli idi. Rayon məhkəməsi isə kredit üzrə ayrılmış vəsaitin onun tərəfindən alınmasının təsdiqi kimi kassa məxaric orderindəki imzanın ona məxsus olmasına istinad etmişdir. Qeyd edilənlərə əsasən cavabdeh rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdeh həmin pulu götürməmişdir, müqavilə formal xarakter daşıyıb, həmin vəsaiti bir çox başqa müqavilələrdə olduğu kimi, bankın hazırda məhkəmə hökmünə əsasən məhkum olunmuş rəhbər vəzifəli şəxsləri mənimsəmişlər, həmin cinayət işlərində Cavabdeh savadsızlığı ucbatından zərərçəkmiş kimi tanınmamışdır, lakin hazırda da prokurorluqda ayrılmış iş üzrə cinayət işi davam etdirilir, onların ərizəsi əsasında Cavabdeh orada zərərçəkmiş kimi tanınıb, şübhə yoxdur ki, həmin işdə bu müqavilə üzrə qeyd edilən pul vəsaitinin də bankın vəzifəli şəxsləri tərəfindən götürülərək mənimsədikləri müəyyən ediləcək, odur ki, şikayətin təmin edilməsini xahiş etdi.
7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Ü.Qarazadə apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi və göstərdi ki, cavabdeh həmin müqavilənin etibarlılığını məhkəmə qaydasında mübahisələndirib və məhkəmələr müqaviləni etibarlı hesab ediblər, hazırda cavabdehin vəkilinin bildirdikləri mülahizə xarakterlidir. Sübutların tədqiqi: Mülkin iş materiallarında olan:
8. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 146 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Bank tərəfindən Cavabdeh illik faiz dərəcəsi 15% оlmaqla 180 ay müddətinə, 109.000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 1.3-cü maddəsində müəyyən edilmişdir ki, kredit borcalana ünvan 1 ünvanında yerləşən binanın A blokunda 1 saylı mənzilin alınmasına verilir.
9. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 146/1 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh məxsus ünvan 2 ünvanda yerləşən binanın A blokunda 3-cü mərtəbəsində istifadədə olan 109 kv.metr ümumi sahədən ibarət olan 2 otaqlı, 1 saylı mənzil kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş, mənzilin ümumi dəyəri 109.000 manat məbləğində müəyyən edilmişdir.
10. xx.xx.2011-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh 109.000 manat məbləğində pul vəsaitini "xxxx" ASC-dən qəbul etmişdir.
11. LPO İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2011-ci il tarixli “kredit borcunun ödənilməsinə dair” xəbərdarlıq bildirişlərdən görünür ki, borcludan 3 gün müddətində banka olan borcunun ödənilməsi tələb edilmişdir.
12. 02.10.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2011-ci il tarixli 146 saylı kredit müqaviləsi üzrə banka ödənilməmiş borcu cəmi 109.000 manat təşkil edir.
13. Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X4 şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq verilmiş məktubdan görünür ki, ünvan 2 ünvanda yerləşən binanın A blokunda 3-cü mərtəbəsində istifadədə olan 109 kv.metr ümumi sahədən ibarət olan 2 otaqlı, 1 saylı mənzilin dövlət reyeterindən qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir.
14. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3170/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh LPO İddiaçı ASC-yə qarşı “kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
15. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3170/2021 saylı xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdehnın cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3170/2021 saylı qərardadından verilmiş şikayət ərizəsinin təmin edilməməsi və şikayətin 7 gün müddətində işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
16. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3529/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, hazırkı iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3170/2021 saylı qərardadı dəyişdirilmədən saxlanmışdır. Qərardan həmçinin görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3170/2021 saylı qərardadı ilə məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə iddiaçının ərizəsi təmin edilməmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
17. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
18. 271.1. Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir.
19. 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
20. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
23. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
24. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
25. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
26. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
27. 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
29. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
30. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:
31. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
32. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
33. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
34. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
35. 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.
36. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
37. 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
38. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
39. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
44. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın
45. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
46. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
47. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
48. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
49. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
50. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
51. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
52. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
53. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
54. Hazırkı halda cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə uyğun olaraq birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
55. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə birlikdə araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
56. Kollegiya qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin əsas dəlili onun kredit müqaviləsi üzrə pulu götürməməsi ilə bağlıdır.
57. Kollegiya bununla bağlı qeyd edir ki, mülki iş materiallarında olan kassa məxaric orderindən müəyyən edilir ki, cavabdeh xx.xx.2011-ci il tarixdə bankdan pul vəsaitini əldə etməsinə dair sənəd imzalamışdır.
58. Bundan başqa, cavabdeh daha əvvəl kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırmış, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3170/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh LPO İddiaçı ASC-yə qarşı “kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
59. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
60. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların anlayışı MPM-in 76-cı maddəsində verilmişdir. Qanunda təsbit olunmuşdur ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 76.3.).
61. Kollegiya apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirib hesab edir, cavabdehin pulun götürülməməsi barədə dəlili əsaslı, şübhədənkənar və biri digərini tamamlayan sübutlarla təsdiq edilmədiyindən, apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, cavabdehin vəkilinin bildirdiyi, yəni həqiqətdə müqavilədə göstərilən pul vəsaitinin bankın vəzifəli şəxsləri tərəfindən götürülməsi ilə bağlı xüsusatlar icraatda olan həmin cinayət işi üzrə sonda öz təsdiqini tapdığı halda, bu, cavabdehə yeni açılmış hallar üzrə icraat qaydasında ərizə ilə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ verir. Nəticə:
62. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
63. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.
64. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-575/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.