Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-606/2023 28.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Şıxəli qızına qarşı iş üzrə (Açar sözlər: pul) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh Şıxəli qızına qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4967/2021 saylı 12 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 28 mart 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. 29.03.2021-ci il tarixdə X7 Cavabdeh Şıxəli qızına məxsus etibarnamə olmadan idarə etdiyi X12 1840LS yük markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı, Schmitz markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu avtomobillə, Bakı şəhəri Xocasən yolunun 12-ci kilometrliyində Bakı şəhəri istiqamətində hərəkətdə olarkən düzgün ara məsafəsi saxlamadığından yol nəqliyyat hadisəsi törətmiş, nəticədə iddiaçıya məxsus və etibarnamə əsasında X6 tərəfindən idarə olunan Mercedes Benz E200 CDİ minik markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə sonuncu da, qarşıda eyni istiqamətdə olan X4 idarə etdiyi Toyota Rav-4 minik markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur.
2. xx.xx.2021-ci il tarixli cinayət işinin balanmasının rədd edilməsi haqqında qərara əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, X7 avtomobili etibarnamə olmadan idarə etdiyi üçün İXP ******* nörməli, xx.xx.2021-ci il tarixli protokol ilə İXM-nin 327.1 və 332.1-ci maddəsi ilə təqsirli bilinmişdir.
3. «Skaz Autohouseun” MMC-nin xx.xx.2021-ci il tarixli təmir aktına əsasən hadisə nəticəsində iddiaçıya məxsus nəqliyyat vasitəsinə ümumilikdə 10218 manat məbləğində ziyan dəymişdir.
4. Dəymiş ziyandan 2683.50 manat məbləği sığortaçı "xxxx" ASC tərəfindən, 700 manatı isə cavabdehin atası tərəfindən, ümumilikdə isə 3383.50 manat məbləğində pul vəsaiti iddiaçıya ödənilmişdir. İşin bu halı iş üzrə tərəflərin etiraf edici izahatları ilə öz təsdiqini tapmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, törədilmiş avtoqəza nəticəsində ona məxsus Mersedes Benz E200 CDİ miniki markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq 10218 manatın, qəzanın törədildiyi gündən indiyə qədər maşının təmir edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzi olaraq 3000 manatın, vəkilə ödənilmiş 160 manatın, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi belə əsaslandırılmışdır ki, 29 mart 2021-ci il tarixdə saat 15:40 radələrində Bakı-Xocasən yolunun Binəqədi rayonu ərazisindən keçən 12-cı kilometrində X7 etibarnamə olmadan idarə etdiyi Cavabdeh məxsus X13 1840LS yük markalı **-SH-*** dövlət qeydiyyat nişanlı SCHMİTZ markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu avtomobillə Bakı şəhəri istiqamıtində hərəkətdə olarkən düzgün ara məsafəsi saxlamayıb yol hərəkəti qaydasını pozaraq qarşıda eyni istiqamətdə hərəkət edən onun mülkiyyətində olan X2 idarə etdiyi Mersedes Benz E200 CDİ miniki markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, zərbədən Mersedes Benz E200 CDİ miniki markalı avtomobil qarşıda eyni istiqamətdə hərəkətdə olan X4 idarə etdiyi Toyota Rav-4 minik markalı **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə avtomobillər əzilmişlər. Bu avtoqəza nəticəsində onun mülkiyyətində olan Mersedes Benz E200 CDİ minik markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobil xeyli əzilmiş və ona külli miqdarda maddi zərər dəymişdir. "xxxx" Servisi tərəfindən verilmiş təmir aktına əsasən avtoqəza nəticəsində ona məxsus olan Mersedes Benz E200 CDİ minik markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər, ehtiyat hissələri və təmir xərcləri birlikdə 10218 manat təşkil edir. Hadisənin 29 mart 2021-ci il tarixdə baş verməsinə baxmayaraq cavabdeh indiyə qədər ona məxsus nəqliyyat vasitəsini təmir etdirməmiş və ya təmir xərclərini ödəməmişdir ki, bunun da nəticəsində o, 3000 manat əlavə zərərə düşmüşdür. Keyfiyyətli hüquqi yardım almaq üçün vəkillə müqavilə bağlamışdır ki, bu da 160 manat təşkil etmişdir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 12 oktyabr 2021-ci il tarixli 2(004)-4967/2021 saylı qətnaməsi ilə (hakim Toğrul Axundov) iddia qismən təmin edilmiş, Cavabdeh Şıxəli qızından İddiaçı xeyrinə 6834,50 manat məbləğində pul vəsaitinin tutulması, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 50 faizi, yəni 15 manatının iddiaçıya aid edilməsi, qalan 50 faizi, yəni 15 manatının isə cavabdehdən iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər və hazırkı işdə də Cavabdeh Şıxəli qızına münasibətdə həmin əsaslar mövcuddur. Qeyd edilənlərə əsasən cavabdehdən iddiaçının xeyrinə əmlaka dəymiş zərərin əvəzi kimi sığorta şirkəti tərəfindən icbari sığorta ödənişi üzrə ödənilmiş 2683.50 manat və cavabdehin atası tərəfindən ödənilmiş 700 manat məbləğində pul vəsait də, nəzərə alınmaqla Cavabdeh Şıxəli qızından İddiaçı xeyrinə 6834,50 manat qəpik məbləğində pul vəsaiti tutulmalıdır.
9. Məhkəmə iddia tələbinin 160 manat məbləğində hüquqi xidmət xərclərinin tutulması hissəsi ilə belə nəticəyə gəlmişdir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı hüquqi xidmətlərə görə 160 manat məbləğində ödəniş etməsi barədə məhkəməyə hər hansı mötəbər bir sübut təqdim edə bilməmişdir.
10. Məhkəmə həmçinin qəzanın törədildiyi gündən indiyənə qədər maşının təmir edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzi olaraq 3000 manatın tutulması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən ona dəymiş olan zərərin nədən ibarət olmasını iddia ərizəsində əsaslandırmamış və buna dair sübutları məhkəməyə təqdim edə bilməmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1-21.3, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1108.2, 1108.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
12. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və onun cavabdeh kimi statusuna xitam verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apelyasiya şikayətində göstərilmişdir ki, iddia ona cavab verməli olan şəxsə yönəlməmişdir. İddiaçının təqdim etdiyi sənədlərdə onun cavabdeh olmasına dair heç bir sübut yoxdur. Cavabdeh qismində avtomobili etibarnaməsiz idarə etdiyinə görə X7 qoyulmalı idi. İddiaçı avtomobilə 10218 manat zərər dəydiyini, vaxtında təmir edilmədiyinə görə 3000 manat zərər dəydiyini iddia etmişdir. Sonradan avtomobili özü təmir etdirdiyini bildirmiş, lakin təmirə çəkdiyi xərclərin qəbzlərini təqdim etməmişdir. Digər tərəfdən, qeyd olunan hadisə inzibati xətalara aid olduğu halda işə mülki məhkəmə icraatı qaydasında baxılmışdır. İstintaq və təhqiqat şöbəsinin xx.xx.2021-ci il tarixli materialına əsasən X7 İXM-nin 527.1 və 332.1-ci maddələri ilə məsuliyyətə cəlb olunmuş, onun barəsində isə heç bir inzibati təhbeh tədbiri görülməmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
16. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Mülki Məcəllə
17. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
18. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
19. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdı.
20. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
21. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
22. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
23. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
Mülki Prosessual Məcəllə
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apelyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
30. Qətnamə cavabdehin apelyasiya şikayətinə münasibətdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
32. Göründüyü kimi X3 Cavabdeh Şıxəli qızına məxsus olan X12 1840LS yük markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobili və Schmitz markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunu etibarnamə olmadan idarə etdiyi müəyyən edilmişdir.
33. Cavabdeh göstərmişdir ki, hazırki tələbə avtomobili etibarnaməsiz idarə etmiş X7 verməlidir.
34. Kollegiya cavabdehin bu dəlili ilə razılaşmır və qeyd edir ki, onun bu dəlili o halda əsaslı ola bilərdi ki, o, avtomobilini X5 qanuni əsaslarla vermiş olardı.
35. Mülkiyyətçi yüksək təhlükə mənbəyinin onun iradəsi əleyhinə sahibliyindən çıxdığını sübuta yetirə bilərsə məsuliyyətdən azad oluna bilər. Yəni, Mülki Macəllənin 1108.2ci maddəsində təsbit olunduğu kimi, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. İşin faktiki halına görə isə avtomobilin mülkiyyətçinin sahibliyindən onun iradəsi əleyhinə çıxması müəyyən olunmur.
36. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ekspertiza təyin edilməyərək, "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktında olan məbləğ əsas götürüldüyündən, Kollegiya tərəfindən avtomobilə vurulmuş ziyanın dəqiq məbləğinin hesablanması üçün mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/9360 saylı ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə "xxxx" servis tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1999-cu il buraxılışlı “Mercedes Benz E200 CDİ” markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 8751,0 manat təşkil etdiyi müəyyən olunmuşdur.
37. Dəymiş ziyandan 2683.50 manatı sığortaçı "xxxx" ASC, 700 manatı isə cavabdehin atası tərəfindən, ümumilikdə 3383.50 manat məbləğində pul vəsaiti iddiaçıya ödənilmişdir.
38. Kollegiya eskpert rəyini əsaslı hesab edərək belə nəticəyə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan vurulmuş ziyanın məbləği 5367,5 müəyyən edilməlidir, belə ki, ekspert rəyi ilə müəyyən edilmiş 8751 manatdan ödənilmiş 3383,50 manat (2638,50+700) çıxılmalı və qalan 5367,5 manat cavabdehdən tutulmalıdır.
39. Kollegiya qeyd olunan hadisənin inzibati xətalara aid olduğu halda işə mülki məhkəmə icraatı qaydasında baxılması barədə apelyasiya şikayətinin dəlilinə də qiymət verərək qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsinin inzibati xəta hesab olunması həmin hadisə nəticəsində zərərçəkmişə vurulmuş zərərin mülki məhkəmə icraatı qaydasında tutulmasını istisna etmir və qeyd olunan əsasla hazırki işin icraatına xitam verilməsi yolverilməzdir.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4967/2021 saylı iş üzrə 12 oktyabr 2021-ci il tarixli qətnaməsi cavabdehdən tutulmalı olan maddi zərərin məbləğinə aid hissədə dəyişdirilsin və Cavabdeh Şıxəli qızından İddiaçı xeyrinə tutulmalı olan məbləğ 5367,50 manat məbləğində müəyyən edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən cavabdeh qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.