Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-6060/2025 05.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı iddiaçı2 cavabdeh Cavabdeh qarşı iş üzrə Açar sözlər: vurulmuş maddi zərərin əvəzinin ödənilməsi Hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X1, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı iddiaçı2 cavabdeh Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsindən iddiaçı iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ##.##.2024-cü il tarixdə, saat 08:18 radələrində Cavabdeh (bundan sonra “cavabdeh”) idarə etdiyi “KAMAZ 55111” yük markalı, ** FD *** dövlət qeydiyyat nişanlı avtomobillə Pirallahı-qala yolu istiqamətində hərəkətdə olan zaman “Kia Sorento” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, zərbənin təsiri nəticəsində iddiaçı2 mülkiyyətində olan (bundan sonra iddiaçı) və oğlu iddiaçı1 idarə etdiyi “Audi A6” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağındaki ağaclıq sahəyə düşmüşdür. Həmin yol-nəqliyyat hadisəsinin baş verməsində cavabdeh təqsirkar bilinmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərək, 40 manat məbləğində cərimə olunmuşdur.
2. Cavabdehin mülki məsuliyyətinin icbari qaydada sığortalandığı “xxxx” ASC tərəfindən “Audi A6” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 13.210 manat (avtomobilin orta bazar dəyəri 23.000 manat) məbləğində dəyərləndirilərək, iddiaçıya baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı iddiaçıya 4.024,98 manat məbləğində ödəniş edilmişdir.
3. “xxxx” MMC Audi Bakı mərkəzi tərəfindən tərtib olunmuş ##.##.2024-cü il tarixli akta əsasən “Audi A6” minik markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan, 54 adda ehtiyyat hissəsi 54.063,20 manat müəyyən edilmişdir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli, */**** nömrəli ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə xxxx” ASC tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli zərər aktına əsasən 2013-cü il buraxılışlı, “Audi A6” minik markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 750 manat təşkil edir.
5. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən iş materiallarında olan sənədlərlə yol nəqliyyat hadisəsi nəticəsində “Audi A6” minik markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 21.100 manat təşkil edir.
6. “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli ekspert rəyinə əsasən “Audi A6” minik markalı, ** BA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bu günə olan orta bazar dəyəri 25.000 manat təşkil edir. ##.##.2024-cü ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində həmin avtomobilə mexaniki və texniki zədələr dəymişdir. Aparılmış baxış və hesablamalara əsasən zədələnmiş hissələrin bərpası üçün tələb olunan ehtiyat hissələrinin dəyərinin 11.520 manat, təmir-bərpa işləri üzrə işçilik xərclərinin isə 4.300 manat təşkil etdiyi, beləliklə avtomobilin təmir-bərpa xərclərinin ümumi məbləğinin hadisənin baş verdiyi tarixdə mövcud bazar qiyməltərinə əsasən 15.820 manat təşkil etdiyi müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən dəymiş zərərə görə 50.038,22 manat, servisə ödənilmiş 295 manat, evakuasiya xərci olaraq ödənilmiş 100 manat, vəkil xərcinə görə 1.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 245 manat pulun tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
8. İddiaçılar tələblərini işin faktiki hallarına istinad edərək onunla əsaslandırmışlar ki, “Audi A6” minik markalı, ** BA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin zədələnməsi barədə ##.##.2024-cü il tarixli, ****** saylı arayış tərtib olunmuşdur. Sığorta təşkilatı tərəfindən avtoqəza nəticəsində nəqliyyat vasitəsinə dəymiş zərər 13.210 manat məbləğində dəyərləndirilsə də, avtomobil daha çox zədələndiyindən, onlara dəymiş maddi ziyan da daha çox olmuş və sığorta şirkəti tərəfindən ödənilmiş vəsait ona vurulmuş ziyandan aşağı məbləğdə olmuşdur. Cavabdehin təqsirli hərəkəti nəticəsində əmlaka vurulmuş 54.063,20 manat məbləğində ziyandan 4.024,98 manat sığorta ödənişinin çıxılaraq, qalan 50.038.22 manatın ödənilməsi ilə bağlı cavabdehlə danışıqlar aparılsa da, cavabdeh vurduğu ziyanı ödəməkdən boyun qaçırmışdır. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Qanunvericilikdən də göründüyü kimi, zərər vuran şəxs vurulmuş zərərin əvəzini ödəməlidir. Hazırki halda da yol hərəkəti qaydalarını pozaraq, qeyd olunan avtonəqliyyat hadisəsinin törədilməsində və onlara zərərin vurulmasında təqsirli olaraq zərərvuran şəxs cavabdehdir. Onun təqsiri inzibati xəta barədə tərtib olunmuş protokol, qərar və arayışla təsdiq olunur.
9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh dəymiş zərərə görə 9.185,02 manat, avtomobilin yoxlanışı üçün 295 manat, avtomobilin evakuasiya xərci 100 manat olmaqla, cəmi 9.580,02 manat pulun tutularaq avtomobilin mülkiyyətçisi olan iddiaçı iddiaçı2 ödənilməsi, cavabdeh Cavabdeh ödənilmiş 245 manat dövlət rüsumunun tutularaq iddiaçı iddiaçı1 ödənilməsi, ekspertiza xərci olan 50 manat məbləğində pul vəsaitinin Cavabdeh tərəfindən Məhkəmə Eksperiza Mərkəzinin hesabına (VÖEN: **********; Hesab: AZ34CTRE00000000000002088501) ödənilməsi, ekspertiza xərci olan 300 manat məbləğində pul vəsaitinin Cavabdeh tərəfindən “xxxx” MMC-nin hesabına (VÖEN: **********; Hesab: AZ03NABZ01350100000000002944) ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. (hakim X3)
10. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək iddia tələbinə münasibətdə qeyd etmişdir ki, “xxxx” ASC tərəfindən tərtib olunmuş akt avtomobilə baxış keçirməklə tərtib olunmuşdur. Digər ekspertiza rəyləri yol hərəkəti hadisəsi baş verəndən xeyli müddət sonra şəkillər əsasında verildiyi üçün bu rəylər real zərəri əks etdirmirlər.
11. Həmçinin, iddiaçı iddiaçı1 tərəfindən “xxxx” ASC-nin ##.##.2024-cü il tarixli zərər və sığorta ödənişinin məbləği ilə razılaşma imzalanmışdır. Həmin razılaşmada dəymiş zərər 13.210 manat təşkil etmiş və ondan iddiaçı2 4.024,98 manat sığorta ödənişi edilmişdir. Bu səbəbdən cavabdeh Cavabdeh dəymiş zərərə görə 9.185,02 manat (13.210 – 4.024,98 = 9.185,02) pul vəsaiti tutularaq avtomobilin mülkiyyətçisi olan iddiaçı2 ödənilməlidir.
12. Bununla yanaşı, ********** nömrəli təmir kartına əsasən avtomobilin yoxlanışı üçün 295 manat xərc çəkilmiş və ##.##.2024-cü il tarixli mədaxil qəbzinə əsasən “Audi A6” minik markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin evkuasiya xərci olaraq 100 manat ödəniş edilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehdən avtomobilin yoxlanışı üçün 295 manat xərc və avtomobilin evkuasiya xərci olaraq 100 manat ödəniş tutularaq avtomobilin mülkiyyətçisi olan iddiaçı2 ödənilməlidir.
13. Məhkəmə xərclərinə münasibətdə qeyd edilmişdir ki, ##.##.2024-cü il tarixli, ***** saylı qəbzə əsasən iddiaçı1 tərəfindən ** saylı Vəkil Bürosuna 1.000 manat ödəniş edilmişdir. Məhkəmə, bu məbləğin çox yüksək olduğunu nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən vəkil xərcinə görə 500 manat tutularaq iddiaçı iddiaçı1 ödənilməlidir.
14. Həmçinin, məhkəmə ********** nömrəli ödəniş qəbzinə əsasən iddiaçı tərəfindən 245 manat məbləğində dövlət rüsumunun ödənildiyini, Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli ekspertiza bildirişini və “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli ekspertiza bildirişini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən ödənilmiş dövlət rüsumuna görə 245 manat avtomobilin mülkiyyətçisi olan iddiaçı2 xeyrinə, 50 manat məbləğində ekspertiza xərci Məhkəmə Eksperiza Mərkəzinin hesabına, 300 manat məbləğində ekspertiza xərci isə “xxxx” MMC-nin hesabına tutulmalıdır.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. İddiaçılar iddiaçı2 və iddiaçı1 qətnamədən birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın tam təmin olunması, o cümlədən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun və vəkilə ödənilmiş 850 manat xidmət haqqının cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
17. İddiaçılar apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişlər ki, məhkəmənin qətnaməsiilə razı deyillər və hesab edirlər ki, məhkəmə tərəfindən işin hallarına düzgün qiymət verilməmiş, məhkəmənin gəldiyi nəticə işin araşdırılan hallarına uyğun olmamış, nəticəqə qəbul edilmiş qətnamə qanunsuz və əsassız olmuşdur. Mübahisəli məqam vurulmuş zərərin məbləği ilə bağlıdır. “xxxx” MMC Audi Bakı mərkəzində avtomobilə dəymiş ziyan 54.063,20 manat hesablanarkən, avtomobilə canlı baxış keçirilmiş və avtomobilin zərər dəymiş detallarına uyğun real qiymət qoyulmuşdur (məlum məsələdir ki, Audi markalı avtomobillərin detalları bahalıdır). Bu səbəbdən də sırf “xxxx” ASC-nin baxış keçirdiyi üçün onun rəyinin əsas götürülməsi ağlabatan və məntiqli deyil. Məhkəmənin ilk hazırlıq iclasında məhkəməyə iş aylarla uzana biləcəyi və belə olan halda, avtomobili təmir etdirməli olduqlarını, ona görə də avtomobilin hazırki vəziyyətinə dair video və fotolar təqdim edib, təmir etdirsələr işin araşdırılmasına təsiri olub-olmayacağı soruşulmuş, məhkəmə də bildirmişdir ki, bu kimi işlərin hamısında foto və video çəkiliş əsasında da ekspertiza aparıla bilir və vətəndaşın avtomobilini təmir etdirməsi onun işinə mane ola bilməz. Məhkəmə təcrübəsinə əsasən bu tipli işlərdə vurulmuş zərəri müəyyən etmək üçün video və foto çəkiliş qeydləri əsas götürülməklə ekspertizanın keçirilməsi əsas götürülür və mötəbər sübüt sayılır. Belə ki, iddiaçı iddiaçı1 sığorta ödənişini alması üçün protokola imza atması onun məhz vurulmuş zərərin qiyməti ilə razılaşması və ya zərərin sırf həmin məbləğdə ola bilməsi kimi ölçülə bilməz. Çünki məhkəmə təcrübəsində çoxlu sayda avtoqəza nəticəsində zərər vurulmasına dair işlərdə də eynilə sığorta ödənişi almaq üçün vətəndaşlar protokola imza atır və daha sonra zərərlə razılaşmadığından məhkəmədə mübahisələndirir və vurulmuş zərər fərqli məbləğlərdə ödənilə bilir. Sırf onun sığorta ödənişi ala bilməsi üçün protokola imza atması ilə avtomobilə vurulmuş zərərin qiymətinin müəyyən edilməsi absurd fikir olmaqla işə baxan məhkəmə barədə, onun mövqeyi və yanaşması barədə sual yaradır və əsaslı deyil. Bundan başqa, əgər məhkəmə “xxxx” ASC-nin rəyi ilə razı olacaqdısa, o zaman nəyə görə aylarla işi uzadaraq gah Məhkəmə Ekspertiza Mərkəzinə, gah da “xxxx” MMC-yə rəy verilməsi üçün işi göndərmişdir. Məhkəmə bütün ekspert rəylərinə nəzər salıb ən azından normal formada əsaslandırmalqa ortaq bir rəqəm barədə qənaətə gələ bilərdi. Lakin göründüyü kimi, məhkəmə öz fikrini əsaslandırmaq üçün heç bir mötəbər əsas tapa bilmədiyindən sırf maşına canlı baxış və protokolu əsas götürmüşdür ki, bu halları da əsassız hesab edirlər. Çünki “Audi” markalı avtomobilin detalları həmişə baha qiymətə olmuşdur, avtomobilin qəzaya uğrayan və təmir edilən dövrə uyğun olaraq detallarının qiymətinin “xxxx” ASC-nin verdiyi rəydəki qiymətə uyğun olması mümkün deyil. Əgər məhkəmə tərəfindən sırf bu sahədə çalışan mütəxəssis cəlb olunub araşdırma aparılarsa, ortalama qiymətlər müəyyən oluna bilər. Bundan başqa, məhkəmə qətnamənin əsaslandırma hissəsində hesab etmişdir ki, vəkil xərci kimi tələb olan 1000 manat çox yüksək olduğundan, cavabdehdən vəkil xərcinə görə 500 manat tutularaq iddiaçı iddiaçı1 ödənilməlidir. Lakin qət etdi hissədə ödənilməli 500 manatın tutulmasını göstərməmişdir. Məhkəmə bu mövqeyi ilə də bir daha sübut edir ki, işə obyektiv qiymət verməmişdir. Çünki vətəndaşla vəkil arasında hüquqi xidmət haqqında müqavilə və qəbz var və vətəndaş vəkilə ödədiyi məbləği məhkəmə xərci olaraq tələb edir. Məhkəmənin vəkilə ödənilən haqqı yüksək hesab etməsi heç bir mötəbər halla öz təsdiqini tapmamışdır və tapa da bilməz. Bir ilə yaxın gedən məhkəmə prosesinə görə vəkilin onlardan 1.000 manat xidmət haqqı almasını yüksək qiymətləndirə bilməz. Göründüyü kimi, məhkəmə tərəfindən işin hallarına obyektiv qiymət verilməmiş və gəldiyi nəticə işin hallarına uyğun olmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Hesab edirlər ki, məhkəmə həm ekspert rəylərinə münasibətdə, həm də vəkilə ödənilmiş xidmət haqqının tutulmasında sübutlara düzgün və obyektiv qiymət verməmişdir.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** saylı ##.##.2026cı il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e- *(***)-***/**** saylı qətnaməsindən iddiaçı iddiaçı1 apellyasiya şikayətindən imtinası qəbul edilmiş və iddiaçı iddiaçı1 münasibətdə apellyasiya icraatına xitam verilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Proses iştirakçılarının izahatı
20. İştirak etdiyi məhkəmə iclasında iddiaçı iddiaçı2 nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və onun məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
21. Məhkəmə iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini qəbul etməmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçılara avtomobili təmir etməyi, təmirdən razı qalmadığı təqdirdə yeni avtomobil almağı təklif etmiş, lakin onlar bununla razılaşmamışdılar. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi. tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
25. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
26. Hazırki apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin edilməsi xahiş olunsa da, hüquqi nəticə etibarı ilə qətnamə iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən, qətnamə yalnız iddianın təmin edilməyən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası iddiaçı tərəfi və cavabdehi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlsə də, tutulmalı olan maddi zərərin və vəkilin göstərdiyi yardıma görə çəkilmiş xərcin məbləğini düzgün müəyyən etməmişdir. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “cavabdeh Cavabdeh tutulan maddi zərərin və hüquqi yardıma görə xərcin məbləği” hissəsində dəyişdirilməlidir.
28. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəllilərinə istinadən qeyd edir ki, ##.##.2024-cü il tarixdə cavabdeh idarə etdiyi “KAMAZ 55111” yük markalı, ** FD *** dövlət qeydiyyat nişanlı avtomobillə Pirallahı-qala yolu istiqamətində hərəkətdə olan zaman “Kia Sorento” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, zərbənin təsiri nəticəsində iddiaçının mülkiyyətində olan və oğlu iddiaçı1 idarə etdiyi “Audi A6” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağındaki sahəyə düşmüşdür. Həmin yol-nəqliyyat hadisəsinin baş verməsində cavabdeh təqsirkar bilinmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməklə, sonuncu 40 manat cərimə olunmuşdur. Cavabdeh özü də iddiaçının avtomobilinə onun tərəfindən maddi zərərin vurulduğunu qəbul edir.
29. Bununla belə, hadisə nəticəsində cavabdehin təqsirli əməlləri ilə iddiaçının mülkiyyətində olan avtomobilə maddi zərərin vurulması işin mübahisəsiz halını təşkil edir. Birinci instansiya məhkəməsi də bu halı müəyyən edərək, cavabdehdən iddiaçının xeyrinə vurulmuş maddi zərərin əvəzini tutmuşdur. Lakin iddiaçı birinci instansiya məhkəməsi tərəfindən vurulmuş zərərin məbləğinin “xxxx” ASC-nin zərər aktı əsas götürülməklə 13.210 manat məbləğində müəyyən edilməsi ilə razılaşmır və “xxxx” MMC Audi Bakı mərkəzinin aktına istinadən cavabdehdən 50.038,22 manat məbləğində pulun tutulmasını tələb edir. Eyni zamanda, məhkəmənin vəkilə ödənilmiş xərcin əvəzi olaraq 500 manat pulun cavabdehdən tutulması qənaətinə gəlməsinə baxmayaraq, bunun qətnamənin nəticə hissəsində göstərilmədiyini bildirir, həmçinin bu məbləğin də aparılmış ödənişə uyğun olaraq 1000 manat məbləğində müəyyən edilməsini xahiş edir.
30. Məhkəmə kollegiyası ilk növbədə müəyyən edilmiş zərərin məbləği ilə bağlı qeyd edir ki, məhkəmənin istinad etdiyi “xxxx” ASC-nin yekun aktında göstərilən zərər məbləği ilə (13.210 manat) iddiaçının təqdim etdiyi “xxxx” MMC Audi Bakı mərkəzinin qüsur aktında (54.063,20 manat) göstərilən zərər məbləği arasında əhəmiyyətli dərəcədə, yəni məbləğ etibarı ilə 4 dəfədən artıq fərq var. Bu fərq rəylərdə müxtəlif sayda zərərə uğramış hissələrin göstərilməsi və onların qiymətləri ilə bağlı olmuşdur. Həmin aktlarda hər hansı tədqiqat metodikasına istinad edildiyi müəyyən edilmir. Bundan başqa, məhkəmənin müvafiq qərardadının icrası qaydasında aparılmış qiymətləndirmə nəticəsində “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli mütəxəssis rəyində avtomobilə dəymiş zərər 21.100 manat məbləğində müəyyən edilmişdir.
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarına məbləğ etibarı ilə bir-birindən fərqlənən bir neçə rəyin oluduğunu nəzərə alaraq ##.##.2026-cı il tarixli qərardadla avtomobilə dəymiş zərərin məbləğinin müəyyənləşdirilməsini və bu işin nəticələrinə dair mütəxəssis rəyinin tərtib edilməsini Azərbaycan Qiymətləndiricilər Palatasına həvalə etmişdir. Həmin qərardadın icrası və Palatanın tapşırığı əsasında “xxxx” MMC tərəfindən aparılmış qiymətləndirmə işi nəticəsində avtomobilin zədələnmiş hissələrinin bərpası üçün tələb olunan ehtiyat hissələrinin dəyərinin 11.520 manat, təmirbərpa işləri üzrə işçilik xərclərinin isə 4.300 manat, ümumi məbləğinin hadisənin baş verdiyi tarixdə mövcud bazar qiyməltərinə əsasən 15.820 manat təşkil etdiyi müəyyən edilmiş və bu barədə ##.##.2026-cı il tarixdə mütəxəssis rəyi tərtib edilmişdir.
32. Məhkəmə kollegiyası “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli mütəxəssis rəyində avtomobil üzrə zədələnmiş bütün ehtiyat hissələrinin və təmirlə bağlı görülməli olan bütün işlərin göstərilməsini, qiymət və təmir xərclərinin operativ bazar məlumatlarına, avtoservislər, avtomobil ehtiyat hissələri dükanları, habelə etimad doğuran açıq mənbələrdən alınan məlumatlar əsasında müəyyən edilməsini nəzərə alıb, belə qənaətə gəlir ki, maddi zərərin həcmini müəyyən edilərkən məhz “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli mütəxəssis rəyi əsas götürülməli və bu məbləğdən baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı iddiaçıya verilmiş 4.024,98 manat məbləğində sığorta ödənişi çıxılmaqla (15.820-4024,98=11.795,02), qalan 11.795,02 manat avtomobilə vurulmuş zərəri məbləğinin əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
33. Məhkəmə kollegiyası bu qənaəti ilə bağlı o halı da nəzərə alımışdır ki, avtomobilin orta bazar dəyəri 2024-cü ilə “xxxx” ASC tərəfindən 23.000 manat, “xxxx” MMC tərəfindən isə 2026-cı ilə 25.000 manat məbləğində müəyyən edilmişdir. İddiaçının istinad etdiyi “xxxx” MMC Audi Bakı mərkəzinin qüsur aktında göstərilən zərər məbləği isə avtomobilin hadisə tarixinə mövcud olan orta bazar dəyərini (hətta 30.000 manat olduğu qəbul edilsə) əhəmiyyətli dərəcədə aşır. Başqa sözlə, iddia edilən vəsait hesabına həm bu avtomobili hadisədən əvvəlki vəziyyətinə çatdırmaq, həm də əlavə olaraq belə bir avtomobil almaq mümkündür. Qeyd edilənlər öz növbəsində zərər məbləği müəyyən edilərkən bu aktın əsas götürülməsini birmənalı şəkildə istisna edir.
34. Məhkəmə kollegiyası vəkilin göstərdiyi yardıma görə çəkilmiş xərcin əvəzi olaraq cavabdehdən tutulan pulun məbləği ilə bağlı ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi bu xərcin əvəzi olaraq cavabdehdən 500 manat pulun tutulması qənaətinə gəlsə də, bu qənaətini qətnamənin nəticə (QƏT ETDİ) hissəsində əks etdirməmişdir. Digər tərəfdən məbləği də aşağı müəyyən etmişdir.
35. Bununla bağlı məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsində vəkilə göstərdiyi hüquqi yardıma görə xərclərin ödənilməsi təsbit edilsə də, vəkilə ödənilməli olan məbləğin miqdarının hesablanması prinsipinin konkret meyarları müəyyən edilməmişdir. Xərclər konkret hallar və təqdim olunmuş hesab nəzərə alınmaqla ağlabatan məbləğdə müəyyən edilməli və konkret hallar dedikdə göstərilən yardımın həcmi (məhkəmə hərəkətlərinin və iclaslarının sayı), müddəti, vəkillərin sayı, baxılan işin mürəkkəbliyi və sair bu kimi amillər nəzərə alınmalıdır. Xərclərin ağlabatan məbləğ anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir. Belə ki, bir mülki iş üzrə ağlabatan olan məbləğ başqa iş üzrə ya həddən artıq, ya da hərdən az məbləğ kimi qəbul edilə bilər.
36. Məhkəmə kollegiyası, göstərilənləri, habelə hazırki mülki iş üzrə iddiaçıya hüquqi yardım göstərən vəkilin birinci instansiya məhkəməsində ümumilikdə 3 məhkəmə iclasında (2 hazırlıq, 1 baxış iclası) iştirak etməsini, məhkəmə iclasının davam etmə müddətini, göstərilən hüquqi yardım çərçivəsində vəkil tərəfindən görülən işləri nəzərə alaraq hesab edir ki, hüquqi yardıma görə çəkilmiş xərcin 600 manat hissəsinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
37. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti üzrə bu barədə tələb irəli sürməsini nəzərə alıb, 35-36-cı bəndlərdə göstərilənləri, işə apellyasiya instansiya məhkəməsində baxılması ilə bağlı göstərilən hüquqi yardım çərçivəsində görülən işləri və nəticəni əsas götürüb, belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsindəki icraatda hüquqi yardımın göstərilməsi üçün ödənilmiş xərcin 400 manat hissəsinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
38. Məhkəmə kollegiyası onu da qeyd edir ki, ümumilikdə 11.795,02 manat məbləğində borcun tutulması qənaətinə gəlindiyindən cavabdehdən iddiaçının xeyrinə bu məbləğ üçün nəzərdə tutulmuş məbləğdə, yəni 62,69 manat məbləğində apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi tutulmalı və ödənilmiş dövlət rüsumunun qalan, yəni (123-62,69=60,31) 60,31 manat hissəsi iddiaçıya aid edilməlidir.
39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddiaçı2 apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “cavabdeh Cavabdeh iddiaçı iddiaçı2 xeyrinə tutulan maddi zərərin və hüquqi yardıma görə xərcin məbləği hissəsində” dəyişdirilməli, “Audi A6” minik markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomоbilə vurulmuş zərərin əvəzi olaraq cavabdeh Cavabdeh iddiaçı iddiaçı2 xeyrinə 11.795,02 manat, birinci instansiya məhkəməsində vəkilin göstərdiyi hüquqi yardıma görə çəkilmiş xərcin 600 manat hissəsinin əvəzi tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya instansiya məhkəməsində vəkilin göstərdiyi hüquqi yardıma görə çəkilmiş xərcin 400 manat, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 62,69 manat hissəsinin əvəzi cavabdeh Cavabdeh tutularaq iddiaçı2 ödənilməlidir.
40. Məhkəmə kollegiyası cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirmədiyini, habelə hazırki mərhələdə zərərin dəyişdirilməsi nəticəsində yaranmış məbləğlə bağlı hissədə iddianın qiymətini nəzərə alıb, belə qənaətə gəlir ki, cavaddeh qətnamədən kassasiya şikayəti verə bilməz
41. Gərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-cü, 392-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı iddiaçı2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi “cavabdeh Cavabdeh iddiaçı iddiaçı2 xeyrinə tutulan maddi zərərin və hüquqi yardıma görə xərcin məbləği” hissəsində dəyişdirilsin. “Audi A6” minik markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomоbilə vurulmuş maddi zərərin əvəzi olaraq cavabdeh Cavabdeh iddiaçı iddiaçı2 xeyrinə 11.795,02 (on bir min yeddi yüz doxsan beş manat, iki qəpik) manat və birinci instansiya məhkəməsində hüquqi yardımın göstərilməsi üçün çəkilmiş xərcin 600 (altı yüz) manat hissəsinin əvəzi tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiya məhkəməsində hüquqi yardımın göstərilməsi üçün çəkilmiş xərcin 400 (dörd yüz) manat, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 62,69 (altmış iki manat, altmış doqquz qəpik) manat hissəsinin əvəzi cavabdeh Cavabdeh tutularaq iddiaçı2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı iddiaçı2 tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.