Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6061/2024 24.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-6061/2024 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı mənimsənilən pulun qanunsuz sahiblikdən geri alınması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 1376/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə 25 dekabr 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı mənimsənilən pulun qanunsuz sahiblikdən geri alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 264550 manat əsas, 11500 manat xeyir və 10064,79 manat qanuni faizləri olmaqla, cəmi 286114,79 manat pulun cavabdeh şəxslərdən və ya zamindən alınaraq ona verilməsi, xüsusi qərar çıxardıb cinayət tərkibli olduğu təsdiqlənərək işin prokororluğa həvalə edilməsi, ödənilmiş 576,12 manat məbləğində məhkəmə rüsumunun cavabdehlərdən və ya zamindən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, əvvəllər DİO-da xidmət etmiş, 2015ci ildə təqaüdə çıxmış və bundan sonra biznəslə məşğul olmuşdur. Təxminən 3 il əvvəl işlə əlaqədar tanış olduğu Coşqun adlı şəxs vasitəsi ilə Cavabdeh1 ilə tanış olmuşdur. Cavabdeh1 banklara kredit borcları olanlara borclarını bağlayaraq yenidən həmin şəxslərin adına kredit pul götürülməsində köməklik etdiyini və müqabilində yaxşı gəlir əldə etdiyini ona demiş və onu da bu işə cəlb etmişdir. Biznes işləri zəif olduğundan o, təkliflə razılaşmışdır. Razılaşma üzrə Cavabdeh1 ilə 2 il ərzində təxminən 20-30 dəfə olmaqla banklara kredit borcları olanların borclarını bağlamaq və yenidən həmin şəxslərin adına kredit pulları götürmək işi ilə məşğul olmuşlar. 2 il ərzində Cavabdeh1 təxminən 30000 manata yaxın ona xeyir vermişdir. Lakin 2023-cü il fevral ayının əvvəlində Cavabdeh1 ilə görüşlərin birində onu avtomobil işi ilə məşğul olan Cavabdeh2 ilə tanış edərək, sonuncunun 20000 manat pula ehtiyacı olduğunu, alverdən yaranan mənfəətdən 2000 manat xeyir verəcəklərini və ümumilikdə 22000 manat pulu 5 həftə ərzində qaytaracaqlarını demiş, əvəzində “Toyota Corolla” markalı, **-BG-*** və “Nissan Xtrail” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomaşınları girov qoyması barədə sənəd imzalamışdır. Cavabdeh2 maşınları zamin olan Cavabdeh1 təhvil verdiyini demiş və zamin bunu doğrulamışdır. Lakin o, maşınları heç görməmişdir. O, 20000 manat pulu Cavabdeh1 şahidliyi və zaminliyi ilə Cavabdeh2 vermişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh1 ona Cavabdeh2 xaricdən aldığı avtomaşının gömrük qeydiyyatından keçirilməsi üçün əlavə 2000 manat pula ehtiyacı olduğunu və pul verməyini xahiş etmişdir. O, Cavabdeh2 zəng edib doğrulamış, lakin sonuncuya imzaladıqları sənədlərin məbləğlərini dəyişdirməli olduqlarını bildirəndə, Cavabdeh1 zamin sənədini 24000 manat olaraq təzədən xx.xx.2023-cu il tarixli iltizam kimi imzalayacağını demişdir. Həmin gün Cavabdeh1 sənəd imzaladaraq pulu vermişdir. Ümumilikdə Cavabdeh2 verilmiş 22000 manat puldan xeyir gəlməmiş və əsas 22000 manat puldan Cavabdeh1 5000 manat pul qaytarmışdır. Cavabdeh2 pulu Cavabdeh1 verdiyini demişdir. Cavabdeh1 ona Sədərək Ticarət Mərkəzində pərdə işi ilə məşğul olan tanışı Cavabdeh4 12000 manat pul verməyini, satışdan 1000 manat xeyir gələcəyini demişdir. O, xx.xx.2023-cü il tarixdə Cavabdeh4 və Cavabdeh1 12000 manat pulu verərək Cavabdeh1 öz imzası ilə yazdığı zaminlik sənədini götürmüşdür. Cavabdeh1 Cavad adlı şəxsə 38000 manat kredit borcundan ötrü pul verməyini, əvəzində 2000 manat xeyrin və cəmi 40000 manat pulun kredit götürüləndə ona veriləcəyini demişdir. O, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 pulu təhvil vermiş və sənədi götürmüşdür. Cavabdeh1 kimyəvi məhsulların satışı ilə məşğul olan qonşusu Cavabdeh3 20000 manat pul lazım olduğunu, 2000 manat xeyir və ümumilikdə 22000 manat pul qaytaracaqlarını demişdir. O, xx.xx.2023-cü il tarixdə pulu vermiş və sənədi götürmüşdür. xx.xx.2023-cü il tarixdə Cavabdeh1 ona Cavabdeh3 2000 manat pulun təcili lazım olduğunu demiş və pulu təhvil verərək sənədi götürmüşdür. xx.xx.2023-cu il tarixdə Cavabdeh1 banka kredit borcu olan bir şəxs üçün ondan 35000 manat pul götürmüşdür. Cavabdeh1 daş biznesi ilə məşğul olan Cavabdeh5 1 günlük 65000 manat pul verməyini, 1000 manat xeyirin və ümumilikdə 66000 manat pulun qaytarılacağını demişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh1 və Cavabdeh5 pulu vərərək sənədi götürmüşdür. X5 qonşusu Habil adlı şəxs ilə mal alıb satacaqlarını və ona 1500 manat xeyir vərəcəklərini demişdir. xx.xx.2023-cü il tarixdə Habilə 15000 manat pulu ondan alaraq vermişdir. Cavabdeh1 onun xəbəri olmadan Habildən 16500 manat pulu onun adından alaraq meyvə ticarəti ilə məşğul Vasif adlı şəxsə vermişdir. Cavabdeh1 daş biznəsi ilə məşğul olan Anar adlı şəxsə 22000 manat verməyini, 1000 manat xeyir və ümumilikdə 23000 manat pul verəcəklərini demişdir. O, xx.xx.2023-cü il tarixdə 22000 manat pulu verərək sənədi götürmüşdür. Mürsəlov X4 müştəri xidmətlərinin rəhbəri kimi təqdim etdiyi Cavabdeh6 35000 manat pul verməyini, 1000 manat xeyir və 36000 manat pul verəcəklərini demişdir. xx.xx.2023-cü il tarixdə 35000 manat pulu verərək sənədi götürmüşdür. Cavabdeh1 kontakt mağazasından kredit yolu ilə götürəcəyi elektrik mallarını satıb pul əldə etmək üçün ondan 3550 manat pul almışdır. Bu günə kimi Cavabdeh1 5000 manat pul qaytarmışdır. 264550 manat əsas və 11500 manat xeyir pulu, ümumilikdə cəmi 276050 manat pul ona çatmamışdır. Borc götürən şəxslərlə danışarkən onlar pulları xeyirləri ilə birlikdə Cavabdeh1 verdiklərini demişdir. Cavabdeh1 isə pulların tezliklə qaytarılacağını demişdir. Bir müdddətdən sonra artıq Cavabdeh1 zəngləri açmamışdır. O, xx.xx.2023-cu il tarixdə Nizami Rayon Polis İdarəsinə müraciət etmiş lakin araşdırma düzgün aparılmamışdır.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 1376/2024 saylı qətnaməsi ilə (hakim Ramin Quliyev) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 256000 manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 576,12 manatın 515,5 manatının tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki 324.1, 324.2, 385.1, 386.1, 425.1, 442, 443.1, 448.1, 449, 882.1, 882.5-cı maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə münasibətdə öz hüquqlarını həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyərək kredit verdiyi pulları tam olaraq geri alsa da, şəxsi prinsiplərinə əsasən həmin pulların cavabdehlər tərəfindən ona geri qaytarılmadığını bildirmişdir. İşə baxan məhkəmə isə iddiaçının ifadəsini əsas götürüb qeyd olunan məbləğin Cavabdeh1 tutulmasını qət etmişdir. Məhkəmə qərar verərkən qanunlarla yanaşı daxili inamını da rəhbər tutaraq qərar qəbul etməli olduğu halda yalnız qanunun tələblərini rəhbər tutmağa çalışmış və qətnaməni də formal olaraq əsaslandırmağa çalışmışdır. Həm iddiaçının, həm cavabdehlərin məhkəmə iclasında verdikləri ifadələrdən görünür ki, Cavabdeh1 dəfələrlə iddiaçıdan zamin duraraq başqa şəxslər üçün pul götürmüş və iddiaçının da pulunu artıqlaması ilə geri ödəmişdir. Məhz bu səbəbdən də iddiaçı ona inanaraq kreditlə pul verməyi qəbul etmişdir. Əgər Cavabdeh1 pulu vaxtında geri qaytarmış olmasaydı, iddiaçı ona yenidən pul verməz və buna etirazını bildirərdi. Qeyd olunanlardan açıq-aşkar görünür ki, iddiaçı vicdanlı davranış göstərməyərək geri aldığı pulları yenidən cavabdehlərdən tələb etməkdədir. Məhkəmə iddiaçının qanunsuz olaraq kredit verməsini müəyyən etməsinə baxmayaraq tərəflər arasında müqavilə öhdəliyi olması qənaətinə gəlməklə qeyd olunan maddənin tələbini görməzlikdən gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
8. Apellyasiya baxışında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, əlyazma onun tərəfindən yazılmamış və imzalanmamışdır. Buna görə də xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir.
9. Apellyasiya baxışında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, əlyazma cavabdeh tərəfindən yazılmamış və imzalanmamışdır.
10. Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək ekspertizanın təyin edilməsinə etiraz etmişdir.
11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi (mübahisənin mövcud olduğu zaman qüvvədə olan redaksiyada)
12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:
16. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
17. Maddə 445.2.2 İcra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
18. Maddə 448. Bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
19. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri ( borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı ( borc alan ) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
20. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
21. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
22. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. Hazırda iddia qismən, yəni Cavabdeh1 münasibətdə təmin edildiyindən və apellyasiya şikayəti yalnız sonuncu tərəfindən verildiyindən apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığının həmin hissədə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
31. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh2 xx.xx.2023- cü il tarixdə Cavabdeh1 vasitəçiliyi ilə İddiaçı 20000 manat məbləğində borc pul götürmüş, həmin məbləğin müqabilində “Toyota Corolla” markalı, **- BG-*** və “Nissan Xtrail” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı maşınları girov qoymuşdur. Bu iltizam X6, Cavabdeh1, İddiaçı tərəfindən imzalanmışdır;
32. xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə İddiaçı 24000 manat məbləğində borc pul götürərək qonşusu Cavabdeh2 vermiş və həmin məbləğin 1 ay ərzində qaytarılmasına zamin dayanmışdır. Bu iltizam Cavabdeh1 tərəfindən imzalanmışdır.
33. xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə İddiaçı 36000 manat məbləğində borc pul götürərək Azercellin müdiri olan X3 vermiş və həmin məbləğin 10 gün ərzində qaytarılmasına zamin dayanmışdır. Bu iltizam Cavabdeh1 tərəfindən imzalanmışdır.
34. xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə İddiaçı 22000 manat məbləğində şəxsi məqsədləri üçün borc pul götürərək Akor adlı qonşusuna vermiş və həmin məbləğin 1 həftə ərzində qaytarılmasına zamin dayanmışdır. Bu iltizam Cavabdeh1 tərəfindən imzalanmışdır.
35. xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə İddiaçı 16500 manat məbləğində borc pul götürərək qonşusu (Vasif) Kazım Abilə vermiş və həmin məbləğin 1 həftə ərzində qaytarılmasına zamin dayanmışdır. Bu iltizam Cavabdeh1 tərəfindən imzalanmışdır.
36. xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə İddiaçı 66000 manat məbləğində borc pul götürərək daş işi ilə məşğul olan qonşusu Ruslana vermiş və həmin məbləğin 10 gün ərzində qaytarılmasına zamin dayanmışdır. Bu iltizam Cavabdeh1 tərəfindən imzalanmışdır.
37. xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə İddiaçı 35000 manat məbləğində bank borclarını bağlamaq üçün borc pul götürmüş və həmin məbləğin 1 həftə ərzində qaytarılmasına zamin dayanmışdır. Bu iltizam Cavabdeh1 tərəfindən imzalanmışdır.
38. xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə İddiaçı 22000 manat məbləğində üçün borc pul götürərək Emil adlı şəxsə vermiş və həmin məbləğin 1 həftə ərzində qaytarılmasına zamin dayanmışdır. Bu iltizam Cavabdeh1 tərəfindən imzalanmışdır.
39. xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə İddiaçı 40000 manat məbləğində borc pul götürərək qonşusu Cavada vermiş və həmin məbləğin 1 həftə ərzində qaytarılmasına zamin dayanmışdır. Bu iltizam Cavabdeh1 tərəfindən imzalanmışdır.
40. xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə İddiaçı 12000 manat məbləğində borc pul götürərək qonşusu Abbasa vermiş və həmin məbləğin qaytarılmasına zamin dayanmışdır. Bu iltizam Cavabdeh1 tərəfindən imzalanmışdır.
41. Verilən pullar və faiz cədvəlindən görünür ki, borc verilmiş əsas pul 269550 manat, qaytarılan məbləğ 5000 manat, xeyir 11500 manat, faiz 10064,79 manat olmaqla, cəmi 286114,79 manat təşkil edir.
42. Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2023-cü il tarixli ərizə əsasında toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.
43. Beləliklə, hazırki iş üzrə iddiaçının tələbi ondan ibarətdir ki, Cavabdeh1 müxtəlif tarixlərdə sonuncu tərəfindən yazılmış və imzalanmış əlyazmalar əsasında ondan cəmi 269550 manat pul almış, ona bu puldan əlavə 11500 xeyir verəcəyini bildirmiş və bununla bağlı etirafı əks etdirən əlyazma şəklində qəbzi imzalasa da, hazırki vaxta kimi pulu qaytarmamışdır.
44. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
45. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin hüquqi xarakterini düzgün müəyyənləşdirmiş və haqlı olaraq mübahisəyə borcun etirafı ilə bağlı müqavilədən irəli gələn normaları tətbiq etmişdir.
46. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.
47. Belə ki, iş materiallarında olan və yuxarıda adları çəkilən əlyazmaların hər birində Cavabdeh1 İddiaçı müxtəlif tarixlərdə və məbləğlərdə borc pul götürərək bir sıra şəxslərə verdiyi və həmin məbləğlərin 1 həftə ərzində qaytarılmasına zamin dayandığı qeyd olunmuş, onların hər biri Cavabdeh1 özü tərəfindən imzalanmışdır.
48. Cavabdehin özü tərəfindən yazılan və öz imzası ilə təsdiq etdiyi həmin qəbzlərin məzmunundan da göründüyü kimi tərəflər arasında borc münasibətləri olmuş, həmin münasibətlər yazılı borc müqaviləsi formasında təsdiqlənməmiş, lakin qeyd edilən qəbzlər Mülki Məcəllənin 882-ci maddəsi anlamında mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin əsasını təşkil etmişdir.
49. Buna görə də kollegiya qeyd edir ki, tərəflər arasında yazılı formada bağlanmış borc müqaviləsi olmasa da, cavabdeh tərəfindən yazılmış qəbzlərlə ümumilikdə 256.000 manat məbləğində ödənilməmiş borcun mövcudluğunun etiraf edilməsi həmin münasibətlərin, həqiqətən, var olduğuna və bu münasibətlərin mücərrəd borc müqaviləsi ilə təsdiqləndiyinə dəlalət etmişdir və hazırki mülki işlə bağlı Mülki Məcəllənin qeyd edilən maddəsinə və həmin maddənin kökündə duran borc münasibətləri ilə bağlı normalarına istinad olunmalı, iddianın əsaslılığı həmin normaların tələblərinə uyğun olaraq yoxlanılmalıdır.
50. Mülki Məcəllənin 743.1-ci maddəsinin birinci cümləsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi qanunverici borc müqaviləsinin öz məqsədinə çata bilməsi və mahiyyətini daşıya bilməsi üçün ilk növbədə məhz borcverən üçün öhdəlik müəyyənləşdirmiş, borcun müqaviləsinin reallaşdırılması üçün ilk növbədə borc verən tərəfindən müqavilədə göstərilmiş məbləğin borcalana verilməli olduğunu, yalnız bundan borcalanın aldığı pul vəsaitini müəyyənləşdirilmiş şərtlərlə qaytarmaq öhdəliyinin yarandığını qeyd etmişdir. Bu da o deməkdir ki, borc müqaviləsi öz xarakterinə və müqavilənin bağlanmış hesab edilməsi anına görə konsensual, yəni tərəflərin müqavilənin şərtləri barədə razılığa gəlməsi ilə yekunlaşan müqavilə deyil, real müqavilədir, yəni onun bağlanmış hesab olunması üçün təkcə şərtlər barədə razılığa gəlinməsi kifayət deyil, müqavilənin predmetinin də təqdim edilməsi şərtdir.
51. Qanunvericiliyin yuxarıda qeyd edilən normasının məzmunundan da göründüyü kimi borc müqaviləsinin bağlanmış hesab olunması və etibarlı nəticələr doğura bilməsi üçün müəyyən olunan şərtlərdən biri də müqavilənin predmetinin, yəni indiki halda pulun qarşı tərəfə təqdim edilməsi ilə bağlıdır. Hazırki iş materiallarında olan və yuxarıda adları çəkilən əlyazmalardan da göründüyü kimi onların hər birində Cavabdeh1 İddiaçı müxtəlif tarixlərdə və məbləğlərdə borc pul götürərək bir sıra şəxslərə verdiyi və həmin məbləğlərin 1 həftə ərzində qaytarılmasına zamin dayandığı qeyd olunmuş, onların hər biri Cavabdeh1 özü tərəfindən imzalanmışdır.
52. Kollegiya qeyd edir ki, Cavabdeh1 sonuncu apellyasiya baxışında sözügedən qəbzlərin özü tərəfindən yazılmadığını və imzalanmadığını bildirirərək xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etsə də, birinci instansiya məhkəməsinin xx.xx.2024cü il tarixli iclas protokolundan görünür ki, cavabdeh iddiaçıdan pulları götürərkən bu barədə qəbzləri imzaladığını bildirmişdir. Bundan əlavə apellyasiya baxışı zamanı xx.xx.2024-cü il tarixli iclasda iddiaçı tərəfindən təqdim edilən qəbzləri özünün yazdığını, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında isə qəbzlərin özü tərəfindən yazılmasa da, imzalandığını bildirmişdir.
53. Göründüyü kimi cavabdeh məhkəmə iclaslarının bir çoxunda sözügedən əlyazmaların özü tərəfindən tərtib edilərək imzalanmasını etiraf etmiş, sadəcə sonuncu məhkəmə iclasında hansısa tutarlı əsas olmadan bunu təkzib etmişdir. Qeyd edilən hallar, o cümlədən cavabdehin izahatları və həmin qəbzlərə istinad edilməsini istisna edən hər hansı dəlilin olmadığını nəzərə alaraq kollegiya onların işin həqiqi hallarını təsdiq etməsi qənaətinə gəlir.
54. Yuxarıda da vurğulandığı kimi borc müqaviləsi öz xarakterinə və müqavilənin bağlanmış hesab edilməsi anına görə konsensual, yəni tərəflərin müqavilənin şərtləri barədə razılığa gəlməsi ilə yekunlaşan müqavilə deyil, real müqavilədir, yəni onun bağlanmış hesab olunması üçün təkcə şərtlər barədə razılığa gəlinməsi kifayət deyil, müqavilənin predmetinin də təqdim edilməsi şərtdir. Hazırki işin hallarından da göründüyü kimi Cavabdeh1 məhkəmə prosesinin bütün mərhələlərində iddiaçı tərəfindən qeyd edilən məbləğlərdə pulun verilməsini inkar etməmiş, bu zaman özünün də vasitəçi olduğunu qəbul etmiş, öz etirazını yalnız həmin pulların iddiaçıya artıqlaması ilə qaytarıldığı ilə əsaslandırmışdır. Mülki prosessual qanunvericiliyin tələblərinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Bununla da hazırki iş üzrə iddiaçının məhkəməyə təqdim edilən qəbzlərdə əks olunan məbləğlərdə pulu cavabdehə verməsi işin mübahisəsiz halını təşkil edir.
55. Bu halda həmin pul məbləğlərinin iddiaçıya qaytarılması ilə bağlı sübutetmə yükü cavabdehin üzərində olduğu halda sonuncu bu barədə hər hansı mötəbər dəlili məhkəməyə təqdim edə bilməmiş, sadəcə mülahizələr səsləndirməklə kifayətlənmişdir.
56. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəyə tətbiq edilməli olan maddi hüququ normasını düzgün tətbiq edərək haqlı olaraq 256.000 manat pulun Cavabdeh1 tutularaq iddiaçıya verilməsini qət etmişdir. Qeyd edilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
58. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
59. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
60. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
61. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
62. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunmalıdır.
63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 1376/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumunun məbləği onu ödəyən şəxsin özünə aid edilsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev