Məhkəmə qərarları › İş №2(103)-6063/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6063/2023

12.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6063/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində "xxxx" Sığorta Şirkəti ASC və X1 cəlb edilməklə) cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı iş üzrə (müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində "xxxx" Sığorta Şirkəti ASC və X1 cəlb edilməklə) cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-159/2023 nömrəli qərardadından Cavabdeh1 apellyasiyasının mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan “Mercedes Benz 240” minik markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 5.129 manat məbləğində dəymiş ziyanın, 1.504,50 manat məbləğində avtomobil icarə haqqının, 1.000 manat məbləğində vəkil xərcinin, 96,33 manat məbləğində dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. X1 və "xxxx" Sığorta Şirkəti ASC iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işdə iştirak etməyə cəlb edilmişlər.

3. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 159/2023 nömrəli qətnaməsi ilə (hakim A.Q.İbadzadə) iddia tələbinin qismən təmin edilməsi, İddiaçı mülkiyyətində olan “Mercedes Benz 240” minik markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 4.144 manat məbləğində dəymiş ziyan, 1.504,50 manat məbləğində avtomobil icarə haqqı, 500 manat məbləğində vəkil xərci, 96,33 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

4. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən həmin qətnamədən apelyasiya şikayəti verilmişdir.

5. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 159/2023 saylı qərardadı ilə verilmiş apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

6. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən həmin qərardaddan şikayət ərizəsi verilərək, qərardadın ləğv edilməsi və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi xahiş edilmişdir.

7. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Maddə 74.2. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Maddə 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Maddə 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

9. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamənin 3.6-cı bəndinə əsasən: Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.2-ci maddəsində nəzərdə tutulan “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. “Elektron kabinet”dən istifadə təlimatının 8.2-ci bəndində proses iştirakçıları tərəfindən apellyasiya şikayətinin verilməsi qaydası, 8.2.6-cı bəndində isə şikayətin imzalanması qaydası izah edilmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. İşdən görünür ki, “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş şikayət Cavabdeh1 nümayəndəsi və vəkili kimi Vəkil2 tərəfindən xx.xx.2023-cü il tarixində elektron imza ilə təsdiq edilmiş, lakin iş materiallarında olan ona verilmiş etibarnamənin qüvvədə olma müddəti xx.xx.2023-cü il tarixində bitmiş, şikayətə vəkilin birinci instansiya məhkəməsinin qərardadından şikayət vermək, şikayəti imzalamaq səlahiyyətlərini təsdiq edən yeni etibarnamə əlavə edilməmiş, həmçinin şikayət Cavabdeh1 tərəfindən elektron qaydada imzalanmamışdır.

11. Göründüyü kimi, işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur.

12. Birinci instansiya məhkəməsi mülki-prosessual qanunvericiliyin tələblərini nəzərə almamış, verilmiş şikayəti geri qaytarmalı olduğu halda bunu etməmişdir.

13. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün sayılmalı və şikayət geri qaytarılması üçün işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir.

14. Göstərilənlərə əsasən və MPM-in 361, 363, 366 və 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-159/2023 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət üzrə apelyasiya qeyrimümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar