Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6065/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı X1 Cavabdeh qarşı “alimentin tutulması və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxx 2018-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı “alimentin və əlavə xərclərin artırılması, yaranmış borcun tutulması” barədə iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin və əlavə xərclərin miqdarının dəyişdirilərək, övladının - xx.xx.2001-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 1.000 manat məbləğində alimentin, 1.000 manat məbləğində müalicəyə görə əlavə xərclərin və 1.000 manat məbləğində xüsusi keyfiyyətli qida rejiminin təmin olunması üçün əlavə xərcin, cavabdehin məhkəmə iclaslarını qəsdən, əsassız olaraq yubatması nəticəsində qətnamənin gec qüvvəyə minməsinə görə cavabdehdən ümumilikdə 9.000 manat məbləğində pulun, cavabdehin 15 il aliment, müalicə xərclərinə, xüsusi qida xərclərinə görə ödəmədiyi 18.918,61 manat məbləğində pulun ötürülmüş 2.951 gün üçün dəbbə pulu olaraq müəyyən olunan 55.803,41 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2452/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə (İş № 2(103)-8253/2019) ilə apellyasiya şikayətinin qismən təmin edilməsini, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli qətnamənin qismən, yəni “iddia tələbinin 9.000 manatın tutulması barədə” hissəsinin rədd edilməsi hissəsinin ləğv edilməsini, həmin tələbin təmin edilərək cavabdehdən 9.000 manat alınaraq iddiaçıya verilməsini, qətnamənin bu hissəsinin dərhal icra edilməsini, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. İş üzrə tərəflərin verdikləri kassasiya şikayətlərinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2020-cu il tarixli qərarı (İş № 2(102)-26/2020) ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin qismən, yəni «iddia tələbinin 9.000 manatın tutulması barədə” hissəsinin rədd edilməsi hissəsinin ləğv edilməsi, həmin tələbin təmin edilərək cavabdehdən 9.000 manat alınaraq iddiaçıya verilməsi, qətnamənin bu hissəsinin dərhal icra edilməsi» hissədə ləğv edilməsini və bu hissədə işə apellyasiya qaydasında yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasını qərara almışdır. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin «“iddia tələbinin 9.000 manatın tutulması barədə” hissəsinin rədd edilməsi barədə» hissəsinə yenidən baxılır. Məhkəmə bildirir ki, apellyasiya baxışının predmetini təşkil edən iddia tələbi ilə bağlı iddiaçı iddia ərizəsində və məhkəmələrə verdikləri izahlarda göstərmişdir ki, yetkinlik yaşına çatmayan övladına – xx.xx.2001-ci il təvəllüdlü Gülxanıma əvvəllər təyin olunmuş alimentin, müalicə xərcləri və xüsusi qidalanma üçün hər ay üçün sabit pul məbləğində vəsaitin yetərsizliyi səbəbindən onların artırılmasına dair 2017-ci ilin yanvar ayında Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi vermiş, lakin cavabdeh həmin ərizəyə vaxtında baxılmasını və qətnamənin prosessual qanunvericiliklə müəyyən olunmuş müddətdə qüvvəyə minməsi və icraya yönəldilməsini qəsdən və açıq-aşkar surətdə ləngitmişdir. Nəticədə iddia ərizəsinə əsasən alimentin artırılaraq 500 manat, müalicə xərclərinin artırılaraq 200 manat və xüsusi qidalanma üçün vəsaitin artırılaraq 200 manat müəyyən edilməsinə dair Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixdə qəbul olunmuş qətnaməsi yalnız xx.xx.2018-ci il tarixdə qüvvəyə minmiş, xx.xx.2018-ci il tarixdə isə icraya yönəldilmişdir. Bu səbəbdən də iddiaçı, cavabdehin təqsiri ucbatından 10 aya görə məhkəmə qətnaməsi ilə müəyyən olunmuş cəmi 900 manat (=500 manat aliment + 200 manat müalicə xərci + 200 manat xüsusi qidalanma üçün pul vəsaiti) məbləğində pul vəsaitini almaqdan məhrum olmuşdur. İddiaçı həmin vəsaitin, yəni 9.000 manatın (=900 manat x 10 ay) cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətinin və iddia ərizəsinin məzmununa uyğun izahat verdir. Bundan başqa iddiaçı bildirdi ki, hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarının mövcud olmasına baxmayaraq o hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə və apellyasiya şikayətinə həmin qərarda göstərilən həcmdə deyil, tam həcmdə baxmalı və apellyasiya şikayətinə, habelə iddia tələbinə tam həcmdə qiymət verərək onları tam həcmdə təmin etməlidir. İş üzrə cavabdeh işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq apellyasiya baxına gəlməmiş, nümayəndə vasitəsi ilə təmsil olunmamış, nə də ki, bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Cavabdehin gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının predmeti olan tələbə qarşı cavabdehin etirazı (kassasiya şikayətində ifadə olunub) ondan ibarətdir ki, onun məhkəmə prosesini ləngitmək niyyəti olmamış, o, qanunun ona verdiyi hüquqdan istifadə edərək əvvəlki işin ərazi aidiyyatı üzrə X11 Rayon Məhkəməsinə aid olmaması barədə vəsatət vermiş və bununla bağlı 1.000 manat cərimə olunmuşdur. O, qeyd edilən məbləğin ondan tutulması ilə razılaşmadığı üçün əvvəlcə apellyasiya şikayəti, sonra isə kassasiya şikayəti vermişdir. İddia tələbinin “9.000 manatın tutulması barədə” hissəsi əsassızdır, çünki bu tələbin hüquqi əsası yoxdur. İddia ərizəsinin və apellyasiya şikayətinin hazırki apellyasiya baxışının predmetinə aid olan dəlillərinin həlli ilə bağlı Məhkəmə qeyd edir ki, xx.xx.2001-ci il təvəllüdlü X5 tərəflərin birgə övladı olması, onun xəstə, müalicəyə və xüsusi qidalanmaya ehtiyacının olması qüvvədə olan məhkəmə aktları ilə müəyyən olunmuşdur və bunlar hazırkı işin mübahisəsiz halıdır və bu halların yenidən araşdırılmasına və sadalanmasına zərurət yoxdur. İddiaçının alimentin və sair xərclərin artırılmasına dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə 2017-ci ilin yanvar ayında müraciət etməsi, həmin iş üzrə onun iddia tələblərinə əsasən alimentin artırılaraq 500 manat, müalicə xərclərinin artırılaraq 200 manat və xüsusi qidalanma üçün vəsaitin artırılaraq 200 manat müəyyən edilməsinə dair Yasamal Rayon Məhkəməsinin qətnaməsinin xx.xx.2017-ci il tarixdə qəbul olunması, həmin qətnamənin xx.xx.2018-ci il tarixdə qüvvəyə minməsi və xx.xx.2018-ci il tarixdə isə icraya yönəldilməsi işin mübahisəsiz hallarıdır. Həmçinin də müəyyən olunur ki, həmin mülki işə baxılarkən prosessual hüquqlarından suiistifadə etdiyinə və məhkəmə prosesini ləngitdiyinə görə Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə Cavabdeh 1.000 manat cərimə edilmiş, cavabdehin həmin qərardaddan verdiyi şikayətlər Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı, Ali Məhkəmənin isə xx.xx.2017-ci il qərarı ilə təmin edilmədən saxlanılmış, bununla da Cavabdeh həmin işə vaxtında baxılmasını qərəzli olaraq yubatması, ləngitməsi təsdiq olunmuşdur. Bu isə iddiaçının, həmin işə baxılmasının cavabdehin təqsiri üzündən yubadılmış 10 ay müddət üçün də Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin, müalicə xərci və xüsusi qidalanmaya görə ödənilməli pul vəsaitinin tutulmasına dair tələbinin tam əsaslı olmasına dəlalət edir. Çünki qüvvədə olan məhkəmə qətnaməsi ilə iddiaçının ərizəsinə əsasən müəyyən olunmuş həmin pul vəsaitlərinə iddiaçının ehtiyacının olduğu təsdiq olunmuşdur, demək ki, həm də iddiaçının bu ehtiyacı ərizə verdiyi andan yaranmışdır. Lakin məhz cavabdehin təqsiri ucbatından iddiaçının ərizə verdiyi andan həmin ərizə ilə bağlı qəbul olunmuş məhkəmə qətnaməsinin qüvvəyə minməsi və icraya yönəldiyi tarix arasındakı müddət üçün iddiaçı qanuna əsasən ona ödənilməli olan vəsaiti almaqdan əsassız olaraq məhrum olmuşdur. “Uşaq hüquqları haqqında” Bəyannaməyə görə, uşaq, qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunun 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X3 “Uşaq hüquqları haqqında Konvensiyasının” 18-ci maddəsinin tələbinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 100.2.-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Belə olan halda müəyyən edilir ki, iddiaçı bu tələbini yetərincə əsaslandırmış və məhkəməyə buna dair mübahisəsiz olan sübutlar təqdim etmiş, lakin Rayon Məhkəməsi iddiaçının bu tələbini əsaslandırılmaması və sübuta söykənməməsi əsası ilə rədd edərkən, səhvə yol vermiş və bu hissədə düzgün olmayan qətnamə qəbul etmişdir. MPM-nin 385.1.1-ci, 385.1.4-cü maddələrinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alan və MPM-nin 384-cü maddəsində nəzərdə tutulmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin hazırki apellyasiya baxışının predmetini təşkil edən hissəsi təmin edilməli, apellyasiya baxışının predmeti olan hissədə qətnamə ləğv edilməli və ləngidilmiş 10 ay üzrə aliment, müalicə xərcləri və xüsusi qidalanmaya görə ümumilikdə 9.000 manatın tutulması barədə iş üzrə yeni qətnamə qəbul edilməli və qətnamə dərhal icra olunmalıdır. Çünki MPM-nin 234.2.1-ci maddəsinə görə, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə eyni zamanda bildirir ki, iddiaçı apellyasiya baxışı zamanı Məhkəməyə müraciət edərək işə baxmış Rayon Məhkəməsinin hakimi barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Lakin Məhkəmə xüsusi qərardadın çıxarılması üçün prosessual əsas tapmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı X2 apellyasiya şikayəti apellyasiya baxışının predmeti olan hissədə təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxx 2019-cu il tarixli qətnamə hazırki apellyasiya baxışının predmeti olan hissədə ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı X1 Cavabdeh qarşı irəli sürdüyü iddia, hazırki apellyasiya baxışının predmeti olan hissədə təmin edilsin. Cavabdeh 9.000 (doqquz min) manat alınaraq iddiaçı X4 verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər Məmməd Məmmədov Şeyda Məhərrəmova Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6065/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6065/2020
19.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver