Məhkəmə qərarları › İş №2(103)-6065/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6065/2023

14.12.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6065/2023 14.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər:mülkiyyət və sahiblik hüququnun müdafiəsi, subyektiv hüquq) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil3, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh2 vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsinin istifadəsinə törədilən maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. “Sovet İşçisi-1” Mənzil Kooperativinin (MK) hüquqi varisi olan “Ay-Ulduz” Mənzil Kooperativi ünvan 1 ünvanında yaşayan sakinlərə mənzil-kommunal xidmətlərin göstərilməsi məqsədilə xx.xx.2006-cı il tarixdə təsis edilmiş, kooperativin üzvləri İddiaçı Məhəmməd oğlu, X4, X8, X9 və X13 olmuşlar.

2. “Sovet İşçisi-1” MK-nın xx.xx.1995-ci il tarixli ümumi yığıncaq qərarına əsasən, MK-ya məxsus ünvan 2 ünvanında yerləşən 53,3 m2 sahəsi olan qeyri-yaşayış sahəsi 10 il müddətinə İddiaçı icarəyə verilmişdir.

3. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxlərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə təqdim edilmiş məlumatda göstərilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(102)-5644/2016 saylı qərarına əsasən, “Ay-Ulduz" Mənzil Kooperativinin sədri xx.xx.2011-ci il tarixdən Cavabdeh2dır.

4. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş məktubda göstərilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi ünvanında yerləşən 55.1 kv.m qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı xx.xx.2018-ci il tarixdə keçirilmiş hərracın qalibi İddiaçı olsa da, hərracın qalibi alqı-satqı müqaviləsini bağlamaqdan imtina etmiş, bu səbəblə komitənin xx.xx.2019-cu il tarixli sərəncamı ilə hərracın nəticələri ləğv olunmuşdur.

5. Cavabdeh2 İddiaçı qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və dəyən zərərin ödənilməsi” tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə, apellyasiya instansiyası məhkəməsinin aktı isə Ali Məhkəmənin xx.xx.2015-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

6. Həmin iş üzrə məhkəmələr hesab etmişlər ki, Cavabdeh2 müvafiq iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa sahib deyildir.

7. Cavabdeh2 və digərlərinin İddiaçı qarşı “Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi ünvanında yerləşən 55.1 kv.m qeyri-yaşayış sahəsinin boşaldılması və vurulmuş ziyanın ödənilməsi” barədə ilkin, İddiaçı Cavabdeh2 və digərlərinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” barədə qarşılıqlı iddia tələbləri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə təmin olunmamışdır.

8. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi qismən - ilkin iddianın rədd olunması hissəsində qismən ləğv edilmiş, Cavabdeh2 və digərlərinin İddiaçı qarşı “Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi ünvanında yerləşən 55.1 kv.m qeyriyaşayış sahəsinin boşaldılması və vurulmuş ziyanın ödənilməsi” barədə ilkin iddia tələbləri qismən təmin olunaraq Bakı şəhəri, D.Əliyeva küçəsi, 241 saylı binada yerləşən 53.1 kv.m ölçüdə olan qeyri-yaşayış sahəsinin boşladılması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

9. Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsi icraya yönəldilmiş, D.Əliyeva küçəsi 241 saylı binada yerləşən 53,1 kv.m. ölçüdəki qeyri-yaşayış sahəsi İddiaçı tərəfindən boşaldılmış, bununla bağlı xx.xx.2019-cu il tarixdə akt tərtib edilmişdir.

10. İddiaçı “Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinin icraatına xitam verilməsi haqqında icra məmurunun xx.xx.2019-cu il tarixli qərarının ləğv olunması” barədə şikayəti Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin olunmamış, həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli qərardadı ilə qüvvədə saxlanılmışdır.

11. İddiaçı Azərbaycan Respublikasının Vergilər Nazirliyinə qarşı “Cavabdeh2 “Ay-Ulduz” MK-nın sədri seçilməsinə dair reyestr məlumatlarında edilmiş dəyişikliyin ləğv olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə təmin olunmamış, həmin qərar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

12. İddiaçı X3 və qeyrilərinə qarşı “kooperativin ləğv edilməsi və ümumi yığıncağın protokollarının etibarsız hesab olunması” tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnməsi ilə rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmış, apellyasiya instansiyası məhkəməsinin aktı isə Ali Məhkəmənin xx.xx.2019cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

13. İddiaçı “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və 20 avqust 2019-cu il tarixli aktın ləğv olunması” barədə şikayət ərizəsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin olunmamış, həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

14. İddiaçı (iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, ünvan 2 ünvanında yerləşən binanın birinci mərtəbəsindəki, onun qanuni sahibliyində olan 53 kv.metr qeyri-yaşayış sahəsinin istifadəsinə cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 85 yaşı var, Azərbaycan Dövlət İqtisad Universitetinin 50 il stajı olan professorudur. ünvan 2 ünvanındakı binanın birinci mərtəbəsində yerləşən 53 kv.metr qeyri-yaşayış sahəsi 25 ildir ki, onun qanuni istifadəsindədir, qeyri-yaşayış sahəsinin alt hissəsi də xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Buna baxmayaraq, cavadehlər ona məxsus olan qeyri-yaşayış sahəsinə gələrək hər dəfə müxtəlif qanunsuzluqlara və özbaşınalıqlara yol verir, onu nalayiq sözlərlə təhqir edir və hədə-qorxular gələrək 25 ildən artıqdır ki, qanuni saibliyində və istifadəsində olan qeyri-yaşayış sahəsinə daxil olmağa maneəçiliklər törədirlər. Dəfələrlə cavabdehləri xəbərdar etsə də bunun nəticəsi olmamış, cavabdehlər “get kimə istəyirsən şikayət elə, onsuz da heç nə əldə etməyəcəksən” bildirmişlər. Cavabdeh2 əvvələr ona həmin qeyri-yaşayış sahəsini boşaltmağa dair iddia irəli sürsə də, onun iddia tələbi təmin edilməmişdir. Azərbycan Respublikasının Ali Məhkəməsinin 12 fevral 2015-ci il tarixli qərarına əsasən Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 10 oktyabr 2014-cii il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmaqla Cavabdeh2 ona qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması” tələbi rədd olunmuşdur. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə ünvan 2 ünvanındakı binanın birinci mərtəbəsində, ümumi sahəsi 53 kv.metr olan qeyri-yaşayış sahəsinin onun sahibliyində olması təsdiq olunmuşdur və bu məsələnin mübahisəsiz halıdır. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 07 sentyabr 2017-ci il tarixli qərardadı ilə Cavabdeh2 ona qarşı “53.1 kv.m ölçüdə olan sahənin boşaldılması və dəymiş maddi ziyanın tutulması”na dair tələbi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2018-ci tarixli qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 07 sentyabr 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə cavabdeh X1 qeyri-yaşayış sahəsinə aid olan bütün prosessual hüquqlarına və iştirakına xitam verilmişdir. Buna baxmayaraq, Cavabdeh2 və binaya ümumiyətlə aid olmayan və hazırda binada qanunsuz söküntü, tikinti və dağıntı işləri apardığına görə inzibati məsuliyyətə də cəlb edilmiş digər Cavabdeh1 Kəbi oğlu ona məxsus olan obyektə gələrək ona qarşı qanunsuz hərəkətlərə yol vermiş, o cümlədən onu təhqir edərək hədə-qorxular gələməklə öz obyektinə daxil olmaqda maneəçiliklər yaratmaqda davam etmişdir. Bu hal dəfələrlə davam etmiş, sonuncu dəfə bir müddət əvvəl yenə də obyektə gələrək həmin hərkətləri təkrarlamış və obyektə daxil olaraq onunla mübahisələr etmişlər. Sözü gedən qeyri-yaşayış sahəsi 25 ildir ki, qanuni istifadəsindədir. Bu, qanuni qüvvəyə minmiş məhkəmə akları ilə təsdiq olunur və hazırda bütün qonşular da təsdiq edə bilər. Buna baxmayaraq, cavabdehlər qeyd olunanlara məhəl qoymayaraq qanunsuzluğa və özbaşınalığa davam edirlər. Cavbdehlər öz hərəkətlərini onunla əsasladırırlar ki, sözü gedən qeyri-yaşayış sahəsini onlara təhvil verməlidir. Sözü gedən bina “Sovet İşçisi” Kooperativi tərəfindən inşa edilmişdir, kooperativin 40 faiz təsisçi payı ona məxsusdur və 53 kv.metr qeyri-yaşayış sahəsi ona kooperativ tərəfindən 1997-ci ildə verilmişdir. Nəsimi rayon icra Hakimiyyəti tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanmış xx.xx.2011 tarixli Q-21 saylı məktuba əsasən, ünvan 4 ünvanında yerləşən 100,2 kv.m olan sahənin onun istifadəsində olması təsdiq olunmuşdur. D.Əliyeva küçəsi 241 saylı 5 mərtəbəli binada yerləşən ona məxsus 100,2 kv.m. qeyri-yaşayış sahəsinin tərəfindən icarəyə götürülməsinə və özəlləşdirilməsinə etiraz edilmədiyi, həmçinin Azərbaycan Respublikasi Prezidentinin 629 saylı xx.xx.1997-ci il tarixli sərəncamına əsasən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi və özəlləşdirilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edildiyi bildirilmişdir. DƏDRX-nin MA seriyalı ******* saylı çıxarışına əsasən ümumi sahəsi 102 kv.metrdən, 46.9 kv.m sahəsi olan zirzəmi adına özəlləşdirilməklə üzərində hüquqlar dövlət qeydiyyatına alınmışdır. Sahəsi 55 kv.metr sahəsi olan mübahisəli qeyri-yaşayış sahəsi özəlləşdirmə mərhələsindədir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X6 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən ona ünvanlanmış 17 may 2016-cı il tarixli **********52670 saylı məktubun surətindən görünür ki, “AY-ULDUZ" Mənzil Kooperativinin qeydiyyat qovluğuna əsasən reyestr məlumatları aşağıdakılardır: qurumun adı "AY- ULDUZ" Mənzil Kooperativi; qeydiyyata alındığı tarix xx.xx.2006; əvvəlki dövlət qeydiyyat №-si 0106-P202-45192; dövlət qeydiyyat №-si (VÖEN) **********; təşkilati-hüquqi forması Kooperativ; hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 241, mənzil 60; qanuni təmsilçi İddiaçıdur; təsisçilər və nizamnamə kapitalında mayaların miqdarı - X7 - 20%, İddiaçı - 20%, X8 - 20%, X13-20% və X9 - 20%-dir. “AY-ULDUZ" Mənzil Kooperativinin beş nəfər təsisçilərindən onun həyat yoldaşı X8 vəfat etdiyindən Nizamaməyə əsasən təsisçi X5 da payı ona keçmişdir. Göründüyü kimi cavabdehlərin ünvan 2 saylı binanın birinci mərtəbəsində yerləşən 53 kv.metr qeyri-yaşayış sahəsindən istifadəsinə olan maneəçilikləri törətmələri qanunsuz və qəbul edilməzdir. Bu barədə onlara dəfələrlə bildirsə də nəticəsi olmamışdır. Odur ki, məsələnin məhkəmə yolu ilə həllinə zərurəti yaranmışdır.

16. Cavabdeh1 iddia ərizəsinə qarşı etiraz ərizəsi vermiş, etirazını aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “İddiaçının iddia ərizəsində qeyd etdiyi məsələlər həqiqəti əks etdirmir. Belə ki, mübahisə predmeti olan əmlak - ünvan 2 ünvanında yerləşən binanın birinci mərtəbəsindəki 53 kv.metr qeyri-yaşayış sahəsinin İddiaçı məxsus olması qeydi öz əksini tapsa da, bundan öncə məhkəmələr tərəfindən çıxarılmış və qanuni qüvvəsini almış yekun aktlar mübahisəli əmlakın iddiaçıya məxsus olmamasını təsdiq etmişdir. ünvan 2 ünvanında yerləşən binanın birinci mərtəbəsindəki 53 kv.metr qeyri-yaşayış sahəsi “Ay-Ulduz” MK-a məxsusdur. İddiaçı bundan öncə də mübahisəli əmlaka dair başqa bir tələblə məhkəməyə müraciət etmiş, onun həmin əmlak üzərində hər hansı bir hüququnun, məhz bu əsasla da subyektiv hüququnun olmaması səbəbindən iddia tələbi təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi yekun aktda bütün bu faktlar öz əksini tapmışdır. Buna baxmayaraq, İddiaçı yenidən əsassız bir tələblə məhkəməyə müraciət etmiş, heç bir hüququnun olmadığı əmlaka dair onlara qarşı tələblə çıxış etmişdir. İddiaçının bundan öncə də əsassız tələblə onlara qarşı məhkəməyə müraciət etməsi ədalət mühakiməsini yanıltmaqdan başqa bir şey deyildir. ünvan 6 ünvanında yerləşən binanın birinci mərtəbəsindəki 53 kv.metr qeyri-yaşayış sahəsi kooperativə məxsus olmaqla bina sakinləri üçün nəzərdə tutulmuşdur. Həmin sahə bina sakinlərinin maddi vəsaiti hesabına təmir edilmiş, xeyir-şər üçün ərsəyə gətirilmişdir. Buna baxmayaraq, iddiaçı bir neçə dəfə sözü gedən əmlaka qarşı qanunsuz əməllərə yol vermiş, qeyri-yaşayış sahəsinin qapılarını sındıraraq özbaşına həmin sahəyə daxil olmuşdur. Bundan sonra Nəsimi rayon İcra şöbəsinin icra məmurları tərəfindən akt tərtib edilərək onun əməllərinin qarşısı alınmışdır. Mülki iş üzrə iş materiallarından da aydın olduğu kimi iddiaçı iddia tələbinin əsasını təşkil edən hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmiş, yalnızca şifahi mülahizələr əsasında iddia tələbi ilə çıxış etmişdir. İddiaçının irəli sürdüyü tələblər əsaslı və həqiqətə uyğun olmadığından ümumiyyətlə sübuta yetirilə bilməz. Odur ki, İddiaçı tərəfindən irəli sürülmüş iddia tələbi tamamilə əsassızdır və qanun çərçivəsində yolverilməzdir. Şəxsin məhkəməyə müraciət etməsi üçün ilk öncə subyektiv hüququ olmalıdır. Mübahisəli əmlak isə koorperativin mülkiyyəti olduğu və iddiaçı həmin kooperativin sədri vəzifəsindən azad edildiyi üçün onun əmlaka dair hər hansı bir hüququ mövcud deyildir. Belə ki, mülki qanunvericiliyin tələbinə müvafiq olaraq kooperativə məxsus əmlakın idarə edilməsi, ona dair sərəncam verilməsi kooperativə məxsus olmaqla, yalnızca onun adından səlahiyyətli şəxslər tərəfindən həyata keçirilə bilər. İddiaçı isə kooperativin keçmiş sədri olduğundan onun belə bir hüququ ümumiyyətlə mövcud deyildir”.

17. Cavabdeh2 iddia tələbinə qarşı etiraz ərizəsi vermiş, etirazını aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “İddiaçı iş üzrə iddia qaldırmaq hüququ yoxdur. Çünki ünvan 1 ünvanında yerləşən “Ay-Uİduz” Mənzil Kooperativinin sədri xx.xx.2011-ci il tarixdən o, yəni Cavabdeh2dır. Uzun illərdir həmin kooperativin 1-ci mərtəbəsində yerləşən “Ay-Ulduz” MK-ya məxsus faktiki 55,01 kv.m qeyri-yaşayış sahəsi kooperativə məxsusdur və qonşular tərəfindən xeyir-şər yeri kimi istifadə edilir. Dəfələrlə İddiaçı binanın sakinlərinə maneçilik törədərək həmin qeyri-yaşayış sahəsini ələ keçirməyə çalışsa da, qonşular buna imkan verməyiblər. Çünki vaxtı ilə İddiaçı kooperativin sədri olmasından istifadə edərək, həmin xeyir-şər yerini öz şəxsi mənafeyi üçün istifadə etmək istəmiş, hətta bir müddət oranı kafeyə çevirərək, həyətdə çox böyük mübahisələr yaratmış və oradan öz şəxsi gəlirləri üçün qanunsuz istifadə etmişdir. Dəfələrlə iş məhkəmə predmetinə çevrilmiş və bütün məhkəmə prosesləri bina sakinlərinin lehinə nəticələnmişdir. Bütün məhkəmə mübahisələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qədər baxılaraq sübuta yetirilmişdir ki, qeyri-yaşayış sahəsi D.Əliyeva küçəsi 241 saylı binanın sakinlərinə məxsusdur, kooperativə məxsus xeyir-şər evi kimi nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinin İddiaçı heç bir aidiyyətı yoxdur, yəni həmin sahə sakinlərə, kooperativin üzvlərinə məxsusdur. xx.xx.2016-cı il tarixdə həmin yeri aktlaşdıraraq İddiaçı təhvil almışlar. Həmin aktı İddiaçı öz imzası ilə təsdiq etmişdir. Sakinlərin vəsaiti hesabına qeyri-yaşayış sahəsində abadlıq işləri aparılıb, Ulu Öndərin güşəsi yaradılmışdır. Lakin bütün bunlara baxmayaraq İddiaçı tərəfindən qapılar sındırılmış, o, özbaşına həmin sahəyə daxil olmuşdur. Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmurları, 22-ci Polis Bölməsinin əməkdaşları, FNH-nin Nəsimi rayon DYMN-nin inspektoru, hal şahidləri və digərləri tərəfindən xx.xx.2019-cu il tarixdə akt tərtib olunaraq, İddiaçı qanunsuz hərəkətlərinə son qoyulsa da, İddiaçı yenidən həmin sahəyə qanunsuz daxil olmuş, Nəsimi rayon İcra Şöbəsinin icra məmurları və digər dövlət orqanlarının işçiləri tərəfindən İddiaçı hərəkətlərinə son qoyularaq xx.xx.2023-cü il tarixli aktla həmin qeyri-yaşayış sahəsi boşaldılmışdır. İddiaçı qanunsuz hərəkətlərinə son qoyulsa da, İddiaçı yenidən sakitliyi pozaraq məhkəməyə müraciət edib onun və Cavabdeh1 barəsində həqiqətə uyğun olmayan əsassız iddia qaldırmışdır. İddiaçı iddiasının heç bir əsası yoxdur və həmin iddianı qaldırması üçün səlahiyyəti də yoxdur”.

18. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil3 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini, cavabdehlər isə iddiaya qarşı etiraz ərizələrinin məzmununa uyğun izahatlar verərək iddianın rədd olunmasını xahiş etmişlər.

19. Birinci instansiya məhkəməsinin 28 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.

20. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, qüvvəyə minmiş məhkəmə qərarları ilə iddiaçının mübahisəsi gedən qeyri-yaşayış sahəsinə mülkiyyət (sahiblik, istifadə və sərəncam) hüquqlarının olmaması müəyyən edilmişdir və beləliklə də onun ünvan 2 ünvanında yerləşən 53 kv.metr qeyri-yaşayış sahəsinə dair hazırda qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün, iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir.

21. Məhkəmə vurğulamışdır ki, belə halda tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı.

22. Gəldiyi nəticəni məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 13cü və 29-cu, Mülki Məcəllənin 146-cı və 152.1-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə istinadla əsaslandırmışdır.

23. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün qiymət vermədiyini, qüvvədə olan məhkəmə qərarlarını nəzərə almadığını, ona qərəzli yanaşdığını, işin hallarına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

24. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

25. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək müvafiq qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehlər (habelə Cavabdeh2 vəkili) isə şikayətin əsassız olduğunu bildirmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

26. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

27. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:

28. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

30. Maddə 111.1. Kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Üzvlərinin sayı əllidən çox olan kooperativdə onun icra orqanlarının fəaliyyətinə nəzarət edən müşahidə şurası yaradıla bilər. Müşahidə şurası üzvlərinin kooperativ adından fəaliyyət göstərmək ixtiyarı yoxdur. Kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. Onlar kooperativin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, müşahidə şurasına və kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verirlər.

31. Maddə 111.10. Kooperativin idarə heyəti və (və ya) onun sədri kooperativin cari fəaliyyətinə kooperativ üzvlərinin ümumi yığıncaqları arasındakı dövrdə rəhbərlik edir, onun işlərini aparır, kooperativi təmsil edir. Kooperativ üzvlərinin sayı əllidən çox olduqda kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən onun üzvlərindən kooperativin idarə heyəti seçilir. İdarə heyətinə rəhbərliyi kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən seçilən (təyin edilən) sədr həyata keçirir. Kooperativin idarə heyətinin və (və ya) onun sədrinin (təyin edilməsi), onların səlahiyyətləri və səlahiyyət müddəti, idarə heyəti sədrinin kooperativin əmlakına sərəncam vermək hüququ, onun əmək haqqı, məsuliyyəti, habelə vaxtından əvvəl vəzifədən azad edilməsi (istefa verməsi) əsasları və qaydası kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir.

32. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

33. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

34. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

35. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

36. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın

37. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

38. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

39. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

40. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun

41. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

45. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

46. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

49. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

52. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

53. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

54. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

55. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

56. İddiaçı iddia tələbini, 25 ildir qanuni istifadəsində olan Nəsimi rayonu, D.Əliyeva küçəsi 241 ünvanındakı binanın birinci mərtəbəsində yerləşən 53 kv.metr qeyriyaşayış sahəsindən istifadə etməsinə cavabdehlərin maneələr yaratdığı arqumenti ilə əsaslandırdığından, onun tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 157.2-ci və 157.8ci maddələri nəzərdən keçirilə bilər.

57. Həmin maddi hüquq normalarına əsaslanan iddianın təmin edilməsi üçün isə üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi (qanuni sahibi) olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.

58. Hazırkı işdə isə qeyd olunan maddi hüquq normalarının dispozitiv şərtləri yoxdur – çünkü iddiaçı, mübahisəsi gedən qeyri-yaşayış sahəsinin nə mülkiyyətçisi, nə də qanuni sahibi deyildir və bu xüsusat qanuni qüvvədə olan məhkəmə aktı ilə müəyyən olunmuşdur.

59. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.

60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

61. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddia tələbi buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən irəli sürüldüyündən, digər şərtlərin yoxlanılmasına zərurət yoxdur və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamaq üçün əsas mövcud deyildir.

62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2031/2023 saylı iş üzrə 28 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar