Məhkəmə qərarları › İş №2(103)-6065/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6065/2024

06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6065/2024 06.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO Dəmirbank ASC-nin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borc" tələbinə dair mülki iş üzrə (Açar sözlər:iddia ərizəsinin baxılmamış saxlanması) Hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı LPO Dəmirbank ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı LPO Dəmirbank ASC-nin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borc" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(008)-314/2024 nömrəli qərardadından iddiaçı LPO Dəmirbank ASC-nin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, şifahi icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı LPO Dəmirbank ASC Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borc" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 7987,85 manat – bundan 3806,23 manat əsas, 1684,74 manat faiz, 1936,14 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 560,74 manat faiz borcu və iş üzrə ödənilmiş 99,88 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(008)-314/2024 nömrəli qərardadı ilə iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından və iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydasına riayət etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan narazı qalan iddiaçı LPO Dəmirbank ASC-nin nümayəndəsi Nümayəndə2 xx.xx.2024-cü il tarixdə şikayət verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(008)-314/2024 nömrəli qərardadının ləğv edilməsini və mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(008)-314/2024 nömrəli qərardadı ilə şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bundan narazı qalan iddiaçı LPO Dəmirbank ASC-nin nümayəndəsi Nümayəndə2 xx.xx.2024-cü ildə şikayət verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(008)-314/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(008)-314/2024 nömrəli qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(008)-314/2024 nömrəli qərardadı ləğv edilərək iddiaçı tərəfindən xx.xx.2024-cü ildə verilmiş şikayət baxılması üçün e-2(008)-314/2024 nömrəli mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-3031/2024 nömrəli qərardadı ilə, şikayətin qismən təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi, apellyasiya instansiyası məhkəməsinin qərardadında göstərilən halların araşdırılması üçün mülki işin birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərardadı onunla əsaslandırılmışdır ki, işdə olan sazişlərlə cavabdehə gondərilən həmin bildirişi (prtenziya) birlikdə təhlil etdikdə aydın olur ki, iddiaçı xx.xx.2017-ci il tarixində xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə dəyişikliklər edildiyini, həmin tarixdən cavabdehlə yeni məbləğin, faiz və müddətin razılaşdırılıdığını nəzərə alaraq, bildirişdə müqavilənin tarixini xx.xx.2017-ci il, nömrəsini KM006T02170011S01 kimi qeyd etmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında yeni müqavilə bağlanılaraq yeni şərtlərin müəyyənləşdirilib müəyyənləşdirilmədiyi, hazırda cavabdehin iddiaçı qarşısında yaranmış borcunun hansı müqavilədən (sazişdən) asılı olaraq yaranması, habelə iddiaçının cavabdehə göndərdiyi xx.xx.2023-cü il tarixli bildirişdəki məlumatlarla qüvvədə olan müqavilə (saziş) üzrə məlumatların (müqavilənin tarixi,nömrəsi və s.) eynilik təşkil edib-etməməsi araşdırılmamışdır. Odur ki, qeyd olunan halların araşdırılması məqsədilə qərardadın ləğv olunması qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(008)-314/2024 nömrəli qərardadı ilə iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından və iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydasına riayət etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadında qeyd olunan göstərişlərə əməl edərək, tərəflər arasında yeni müqavilə bağlanılaraq yeni şərtlərin müəyyənləşdirilibmüəyyənləşdirilmədiyi, hazırda cavabdehin iddiaçı qarşısında yaranmış borcunun hansı müqavilədən (sazişdən) asılı olaraq yaranması, habelə iddiaçının cavabdehə göndərdiyi xx.xx.2023-cü il tarixli bildirişdəki məlumatlarla qüvvədə olan müqavilə (saziş) üzrə məlumatların (müqavilənin tarixi,nömrəsi və s.) eynilik təşkil edib-etməməsi araşdırmışdır. Qeyd olunan hallar məhkəmə tərəfindən yenidən araşdırılaraq müəyyən olunmuşdur ki, "xxxx" ASC-nin (ləğv prosesindədir) xx.xx.2023-cü il tarixli **********458 nömrəli "Bildirişin"də tərəflər arasında heç vaxt mövcud olmayan sazişə istinad olunaraq borcun ödənilməsi tələb olunmuşdur. Belə ki, həmin pretenziya məktubunda tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli KM006T02170011S01 bağlanmış kredit müqaviləsiə əsasən cavabdehə illik 15% ödənilməsi şərti ilə 41 ay müddətinə ilkin məbləğ 4565 manat məbləğində kredit verildiyi göstərilmişdir. Lakin məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında ilkin kredit müqaviləsi xx.xx.2015-ci ildə ********* nömrə ilə bağlanmışdır. Həmin müqavilə iş materiallarına əlavə edilmişdir. xx.xx.2016-cı ildə xx.xx.2015-ci il tarixli ********* nömrəli müqaviləyə dair əlavə saziş imzalanmışdır. Daha sonra isə xx.xx.2017-ci ildə isə xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə əlavə saziş bağlanmışdır ki, belə bir saziş məhkəməyə təqdim olunmayıb və məhkəmə belə bir sazişin mövcudluğuna şübhə ilə yanaşır. Daha sonra isə xx.xx.2017ci ildə xx.xx.2017-ci il tarixli KM006T02170011S01 nömrəli kredit müqaviləsi üzrə əlavə saziş bağlanmışdır, lakin yenə də xx.xx.2017-ci il tarixli KM006T02170011S01 nömrəli kredit müqaviləsi məhkəməyə təqdim olunmamış, kimlər arasında hansı predmet barəsində bağlandığı müəyyən etmək mümkün olmamışdır. Beləliklə də müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə göndərilən pretenziya məktubundan iddiaçı tərəfindən kimə, hansı şərtlərlə və nə qədər məbləğdə kredit verildiyini müəyyən etmək mümkün olmamışdır. Yəni pretenziya qaydalarına formal riayət olunmuşdur. Həmçinin məhkəmə qeyd etmək istəyir ki, pretenziya qaydalarına əməl olunmamaqla yanaşı, bu iş üzrə işə mövcud sənədlərlə hər hansı araşdırma aparmaq da özü özlüyündə qeyri-mümkün olar, belə ki, sənədlər hamısı texniki səhvlərə yol verməklə, bir birinə uyğun gəlməyən formada tərtib olunub. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsindən öhdəliyin hansı müqavilə əsasında yaranması barədə sual verildikdə, o bildirilmişdir ki, tərəflər arasında öhdəlik xx.xx.2017-ci il tarixli KM ********* nömrəli müqavilə əsasında yaranmış, sənədlərdə səhv müqavilənin rekvizitləri səhv qeyd edilmiş və düzgün olan sənədləri məhkəməyə təqdim edilməsinin mümkün olmadığı göstərilmişdir. Beləliklə, tərəflər arasında faktiki olaraq öhdəliyi yaradan müqavilə iş materiallarında mövcud deyil və yaxud elə bir müqavilə ümumiyyətlə mövcud deyil. Bundan başqa, iddia ərizəsi məhkəməyə təqdim olunduqda Nümayəndə1 tərəfindən imzalanmışdır. Nümayəndə1 iddiaçını təmsil etmək səlahiyyəti Kreditlərin idarə edilməsi departamentinin problemli kreditlərlə iş idarəsinin rəisi X5 tərəfindən verilmiş **********454 nömrəli xx.xx.2023-cü il tarixli etibarnamə əsasında həvalə edilmişdir. X4 ləğv prosesində olan banklar tərəfindən iddia ərizəni məhkəmələrə göndərilməsi ilə bağlı etibarnamələrin verilməsi səlahiyyəti Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2021-ci il tarixli 01/039U nömrəli əmrlə verilmişdir. İş materiallarına əlavə edilmiş həmin əmrin surətindən görünür ki, əmr möhürlə təsdiq olunmamışdır. Məhkəmə həmin əmrlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(008)-314/2024 nömrəli qərardadından verilmiş şikayətə Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2023-cü il tarixli 01/015U nömrəli əmr əlavə edilmişdir. Həmin sənəddən Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2021ci il tarixli 01/039U nömrəli əmrin qüvvədən düşmüş hesab edilməsi barədə əmr verildiyi müəyyən edilmişdir. Beləliklə, iddiaçı xx.xx.2023-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman artıq qüvvədən düşmüş əmrə istinad etmişdir. Məhkəmə araşdırma zamanı iddiaçının nümayəndəsinin onun səlahiyyətlərini təsdiq edən xx.xx.2023-cü il tarixli 01/015U nömrəli əmrin mövcudluğuna istinad etsə də, həmin əmr iddia ərizəsi müraciət olunan zaman məhkəməyə təqdim edilməmiş, əksinə qüvvədən düşmüş əmrə istinad edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından və iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydasına riayət etmədiyindən Dəmirbank ASC-nin (ləğv prosesindədir) Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borc" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Qərardadla razılaşmayan iddiaçı LPO Dəmirbank ASC-nin nümayəndəsi Nümayəndə2 xx.xx.2024-cü ildə şikayət verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(008)-314/2024 nömrəli qərardadının ləğv edilməsini və mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı LPO Dəmirbank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 7.987,85 manat - bundan 3.806.23 manat əsas, 1,684.74 manat faiz, 1,936.14 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 560,74 manat faiz borcunun və iş üzrə ödənilmiş 99,88 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan Dəmirbank ASC-yə ödənilməsi barədə qətnamə şıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-314/2024 saylı qərardadı ilə mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanmışdır. İddiaçı Bank tərəfindən mülki prosessual qanunvercilik normasında nəzərdə tutulan işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həlli proseduruna tam olaraq riayət edilməklə məhkəməyə müraciət edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli bildirişdən (pretenziya məktubundan) görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh qeydiyyatda olduğu ünvan 1 ünvanına bildiriş məktubu göndərilərək KM006T02170011S01 nömrəli xx.xx.2017-ci il tarixli müqavilə üzrə borcunun ödənilməsi təklif edilmişdir. xx.xx.2023-cü il tarixdə "xxxx" MMC vasitəsi ilə göndərilən bildiriş məktubu xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən şəxsən xəbərnaməyə imza etməklə qəbul edilmişdir. Lakin cavabdehə təklif edilmiş müddət ərzində bildiriş məktubunda qeyd edilənlər onun tərəfindən mübahisələndirilməmiş, bu barədə şifahi və ya yazılı hər hansı etirazını, iradını iddiaçı banka bildirməmişdir. Bildiriş məktubuna diqqətlə nəzər saldıqda görərik ki, iddiaçı bank cavabdehə xx.xx.2017-ci il tarixli KM006T02170011S01 nömrəli kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsini təklif etmişdir. Məhkəmə isə öz qərardadında göstərir ki, Dəmirbank ASC-nin xx.xx.2023-cü il tarixli **********458 nömrəli bildirişində tərəflər arasında heç vaxt mövcud olmayan sazişə istinad olunaraq borcun ödənilməsi tələb olunmuş, həmin pretenziya məktubunda tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli KM006T02170011S01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 15 % ödənilməsi şərti ilə 41 ay müddətinə ilkin məbləğ 4565 manat məbləğində kredit verildiyi göstərilmişdir, lakin xx.xx.2017-ci il tarixli KM006T02170011S01 kredit müqaviləsi məhkəməyə təqdim olunmamış, müqavilənin kimlər arasında hansı predmet barəsində bağlandığını müəyyən etmək mümkün olmamışdır”. Bildirilir ki, Cavabdeh ilə iddiaçı bank arasında ilkin olaraq xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi imzalanmış və həmin müqavilə əsasında ona 3800 ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış və cavabdehə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin əsli iddia ərizəsinə əlavə edilsə də, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bankda aşkarlanmadığından iddia ərizəsinə qoşma kimi əlavə etmək mümkün olmamışdır. Məlumdur ki, Dəmirbank ASC-nin lisenziyası Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 22 dekabr 2017-ci il tarixli 49 saylı qərarı ilə ləğv edildikdən və müflis elan edildikdən sonra filialları bağlanmış, filallarda olan sənədlərin məhv edilməsi, itirliməsi və korlanması olmuşdur. Bu səbəbdəndir ki, həmin müqavilə məhkəməyə təqdim edilə bilməmişdir. Lakin buna baxmayaraq 3800 ABŞ dolları məbləğində olan kreditin Cavabdeh tərəfindən götürüldüyünü təsdiq edən 1/12/77776034 ABŞ dolları nömrəli kassa-məxaric orderi məhkəməyə təqdim edilmişdir. Mövcud kassa məxaric orderi ilə sübut olunur ki, bank tərəfindən Cavabdeh 3800 ABŞ dolları məbləğində kredit verilmiş və sonuncu da həmin krediti aldığını öz imzası ilə təsdiq etmişdir. Cavabdehin özünün müraciəti və öz iradəsi əsasında xx.xx.2017-ci il tarixdə hər iki kredit müqaviləsi üzrə borc öhdəliyi birləşdirilərək yeni KM006T02170011S01 nömrəli əlavə saziş imzalanmışdır. Bildirilir ki, həmin xx.xx.2017-ci il tarixli əlavə sazişin ad hissəsində texniki səhvə yol verilərək hər iki müqavilənin tarixi deyil, yalnız ********* saylı 13 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə əlavə sazişin bağlandığı göstərilmişdir. Lakin əlavə sazişin “Dəyişikliklərin məzmunu” hissəsinə nəzər yetirdikdə isə görünür ki, hər iki müqavilə üzrə (xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli kredit müqavilələri) ayrı-ayrılıqda qalıq borc məbləğlərinin cəmini təşkil edəni 2850.63 ABŞ dollar konvertasiya edilməklə (1 USD=1.45 AZN) 4564.06 manat təşkil etmişdir. Sözü gedən xx.xx.2017-ci il tarixli KM006T02170011S01 nömrəli əlavə sazişin əsli iddia ərizəsinə əlavə edilsə də, məhkəmə qərardadında həmin əlavə sazişin məhkəməyə təqdim olunmadığını bildirmişdir. Son olaraq xx.xx.2017-ci il tarixli əlavə saziş üzrə xx.xx.2017-ci il tarixdə daha bir əlavə saziş bağlanmış və müqaviləyə dəyişiklik edilərək kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Qeyd edək ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. Göründüyü kimi, iddiaçı bank tərəfindən məhkəməyə müraciət edərkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.01-ci maddəsinin normasına tam olaraq əməl edilmişdir. Məhkəmə qərardadında qeyd edir ki, “iddia ərizəsini imzalayan şəxs kimi Nümayəndə1 qeyd olunmuşdur. Nümayəndə1 iddiaçını təmsil etmək səlahiyyəti Kreditlərin idarə edilməsi departamentinin problemli kreditlərlə iş idarəsinin rəisi X5 tərəfindən verilmiş **********454 nömrəli xx.xx.2023-cü il tarixli etibarnamə əsasında həvalə edilmişdir. X4 ləğv prosesində olan banklar tərəfindən iddia ərizəni məhkəmələrə göndərilməsi ilə bağlı etibarnamələrin verilməsi səlahiyyəti Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2021-ci il tarixli 01/039U nömrəli əmrlə verilmişdir. İş materiallarına əlavə edilmiş həmin əmrin surətindən görünür ki, əmr möhürlə təsdiq olunmamışdır” Bildiririk ki, Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2021-ci il tarixli 01/039U nömrəli əmri ilə X4 ləğv prosesində olan banklar tərəfindən iddia ərizəsini məhkəmələrə göndərilməsi ilə bağlı etibarnamələrin verilməsi səlahiyyəti həvalə edilmişdir. Hazırki kredit mübahisəsi üzrə iddiaçı bank tərəfindən iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə elekton məhkəmə informasiya sistemi vasitəsi ilə müraciət edilərkən iddia ərizəsinə qoşma edilmiş sənədlər sırasında Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2021-ci il tarixli 01/039U nömrəli əmrin əsli elektron kabinetə yüklənilmişdir. Məhkəmə isə qərardadında həmin əmrin əslinin deyil, surətinin əlavə edildiyini və həmin əmrin möhürlə təsdiqlənmədiyini bildirmişdir. “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” Təlimatın 24-cü bəndində qeyd edilir ki, sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir. Həmin təlimatın 32-ci bəndində isə qeyd edilir ki, əgər sənəd təşkilatın blankında tərtib edilməmişdirsə, ona möhür vurulmalıdır. İddiaçı bank tərəfindən əlavə edilmiş əmr Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun rəsmi blankında tərtib edilmiş və əsli elekton kabinetə yerləşdirilmişdir. Göründüyü kimi, məhkəmə Azərbaycan Respublikası MPM-in 259.0.1-ci, 259.0.3-cu maddələrini səhv tətbiq edərək mülki iş üzrə icraatı baxılmamış saxlamaqla nəticədə iddiaçı bankın maraqlarına toxunan məhkəmə aktı qəbul etmişdir. Ona görə də şikayətin təmin edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(008)-314/2024 nömrəli qərardadının ləğv edilməsi və mülki işə mahiyyəti üzrə baxılması xahiş olunur. Şikayətə qarşı etiraz onunla əsaslandırılmışdır ki, Dəmir Bank ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu xx.xx.2023-cü il tarixində cavabdeh X1 iddiaçıya olan cəmi 7987.85 manat bundan 3806.23 manat əsas, 1684.74 manat faiz, 1936.14 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 560.74 manat faiz borcu və iş üzrə ödənilmiş 99.88 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Lakin bu iddia ərizəsi məhkəmə tərəfindən 2 əsasla baxılmamış saxlanmağa məhkum idi: 1) məhkəmədənkənar (pretenziya qaydasında) həll edilməsi qaydasına düzgün riayət edilməyib: 2) iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanıb. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 314/2024 nömrəli qərardadı ilə iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından və iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydasına riayət etmədiyindən Dəmirbank ASC-nin (ləğv prosesindədir) Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borc" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılıb. Bu qəradaddan da narazı qalan iddiaçı Dəmirbank ASC-nin (ləğv prosesindədir) nümayəndəsi Nümayəndə2 tərəfindən xx.xx.2024-cü il tarixində məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2(008)-314/2024 nömrəli qərardadından şikayət verilib. Aşağıda göstərilənlərə əsasən, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qanunauyğun olmadığını hesab edirik: • Məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydasına riayət edilməməsinə münasibətdə: İddiaçı tərəfindən verilən apellyasiya şikayətində qeyd olunur ki, “.....CavabdehKəbirulla qızı ilə iddiaçı Bank arasında ilkin olaraq xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi imzalanmış və həmin müqavilə əsasında ona 3800 ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış və cavabdehə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin əsli iddia ərizəsinə əlavə edilsə də, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bankda aşkarlanmadığından iddia ərizəsinə qoşma kimi əlavə etmək mümkün olmamışdır. Məlumdur ki, Dəmirbank ASC-nin lisenziyası Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 22 dekabr 2017-ci iltarixli 49 saylı qərarı ilə ləğv edildikdən və müflis elan edildikdən sonra filialları bağlanmış, filallarda olan sənədlərin məhv edilməsi, itirliməsi və korlanması olmuşdur. Bu səbəbdəndir ki, həmin müqavilə məhkəməyə təqdim edilə bilməmişdir. Lakin buna baxmayaraq 3800 ABŞ dolları məbləğində olan kreditin Cavabdeh tərəfindən götürüldüyünü təsdiq edən 1/12/77776034 ABŞ dolları nömrəli kassa məxaric orderi məhkəməyə təqdim edilmişdir. Mövcud kassa məxaric orderi ilə sübut olunur ki, bank tərəfindən Cavabdeh 3800 ABŞ dolları məbləğində kredit verilmiş və sonuncu da həmin krediti aldığını öz imzası ilə təsdiq etmişdir”. Lakin həm iddia ərizəsində, həm də iddiaçı tərəfindən məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, tərəflər arasında xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi bağlanıb, mübahisə də yalnız həmin kredit müqaviləsi üzrədir. Bununla yanaşı, iş materiallarında olan xx.xx.2023-cü il tarixdə birinci dəfə verilən ərizənin baxılmamış saxlanması barədə ərizədə ətraflı şəkildə qeyd edilib ki, cavabdehin ən yaxşı halda 313,0 ABŞ dolları borcu qalmış ehtimalı ola bildiyi halda iddiaçı bank tərəfindən dəfələrlə saxtakarlıq edilərək və cavabdehin savadsızlığından istifadə edərək bu məbləği külli miqdarda artırılaraq 5.096,03 manata çatdırılıb. Bunun ən bariz misalı iddiaçının özünün istinad etdiyi ********* saylı, 13 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə (cavabdeh ilə belə bir müqvilə bağlanmayıb) əlavə saziş N 002 kimi qeyd edilən 02 fevral 2017-ci il tarixli “sənədin” dəyişikliklərin məzmunu adlanan maddədə 4 bənd qeyd edilib: 1) 1.1. bənddə 2 fərqli yarımbənddə cavabdehin borc öhdəliyi fərqli qeyd edilib. Belə ki, 1.1-ci bəndin 1-ci yarımbəndində kredit öhdəliyi üzrə əsas borc 892,92 ABŞ dolları, 2-ci yarımbəndində isə kredit öhdəliyi üzrə əsas borc 1.825,56 ABŞ dolları kimi qeyd edilib. Hətta bu rəqəmlər hərflə də açıq qeyd edilib. 2) Müqavilənin tarixi xx.xx.2020-ci ilədək uzadılıb. 3) İllik fazi dərəcəsi 10 faizdən 2,5 dəfə artırılaraq 25 faizə yüksəldilib. 4) Yeni ödəniş qrafiki müəyyən edilib. Bu “saziş” mövcud qanunvericiliyi heçə saymaqla, vətəndaşın köməksiz və savadsız vəziyyətindən sui-istifadə edilməklə hazırlanan bir sənədddir. Elə təkcə bu məqama diqqət yetirmək yetərlidir ki, cavabdehə hələ də məlum olmayan hansısa müqaviləyə əlavə kimi bağlanan 02 fevral 2017-ci il tarixli sazişin 1.1-ci bəndinin 2-ci yarımbəndində qeyd edilir ki, guya cavabdehin əsas borc - 1.825,56 ABŞ dolları, faiz borcu - 112.84 ABŞ dolları olmaqla, cəmi 2.850,63 ABŞ dolları qeyd edilib. İbtidai sinif səviyyəsində bəsit riyazi hesablamalar aparsaq belə məlum olar ki: 1.825,56 + 112.84 = 1.938,4. Yəni iddiaçı bankın iddia etdiyi məbləğə görə cavabdehin əsas və faiz borcu cəmi 1.938,4 ABŞ dolları təşkil etməli idi. Lakin hələ də riyaziyyat elminə məlum olmayan hesablama metodları ilə bu rəqəm həmin sazişdə 2.850,63 ABŞ dolları qeyd edilib. Başqa sözlə, ən açıq şəkildə dələduzluq edilərək cavabdehə əlavə olaraq 912,23 ABŞ dollarını borca imza atdırılıb. Bu iş üzrə durum o qədər faciəvi idi ki, işin araşdırıldığı ilki vaxtlarda nə məhkəmə nə də ekspert sadə viziual baxışla iddiaçının guya əlavə saziş şəklində tərəflərin imzaladığını iddia etdiyi 02 fevral 2017-ci il tarixli, 002 N-li əlavə sazişin əslində iddianın əsasını təşkil edən xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi ilə heç bir əlaqəsinin olmadığını müəyyən edə bilməyiblər. Ola bilsin ki, məhkəmənin həmin vaxt işi çox olub, ekspertin də həvəsi olmayıb iş materiallarına daha diqqətli olsun, başa düşüləndir və yəqin ki, bağışlanılandır... 02 fevral 2017-ci il tarixli, 002 N-li əlavə sazişin həm ad hissəsində, həm də preambulasında qara hərflərlə yazılıb ki, bu saziş tərəflər arasında bağlanmış ********* saylı, 13 yanvar 2015-ci il tarixli kredit müqaviləsində dəyişiklər bardədir iddianın əsasını isə hələ də cavabdehə məlum olmayan ********* saylı, 13 yanvar 2015-ci il tarixli müqaviləsi deyil, tərəflər arasında bağlanmış ********* saylı, 19 mart 2015-ci il tarixli kredit müqaviləsi təşkil edir. Bu məsələyə birinci instansiya məhkəməsinin həm xx.xx.2024-cü il tarixli, e-2(008)- 314/2024 nömrəli, həm də xx.xx.2024-cü il tarixli, e-2(008)-314/2024 nömrəli qərardadlarında hüquqi münasibət bildirilib. Belə ki, məhkəmə qeyd edir ki, “Dəmirbank ASC-nin (ləğv prosesindədir) xx.xx.2023-cü il tarixli **********458 nömrəli bildirişində tərəflər arasında heç vaxt mövcud olmayan sazişə istinad olunaraq borcun ödənilməsi tələb olunmuşdur. Belə ki, həmin pretenziya məktubunda tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli KM006T02170011S01 bağlanmış kredit müqaviləsiə əsasən cavabdehə illik 15% ödənilməsi şərti ilə 41 ay müddətinə ilkin məbləğ 4565 manat məbləğində kredit verildiyi göstərilmişdir. Lakin məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında ilkin kredit müqaviləsi xx.xx.2015-ci ildə ********* nömrə ilə bağlanmışdır. Həmin müqavilə iş materiallarına əlavə edilmişdir. xx.xx.2016-cı ildə xx.xx.2015-ci il tarixli ********* nömrəli müqaviləyə dair əlavə saziş imzalanmışdır. Daha sonra isə xx.xx.2017-ci ildə isə xx.xx.2015- ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə əlavə saziş bağlanmışdır ki, belə bir saziş məhkəməyə təqdim olunmayıb və məhkəmə belə bir sazişin mövcudluğuna şübhə ilə yanaşır. Yəni daha açıq desək xx.xx.2017-ci il tarixli əlavə sazişdə istinad olunan xx.xx.2015-ci İl tarixli ********* nömrəli kredit müqaviləsi tərəflər arasında heç bağlanmayıb ki, ona da əlavə saziş əlavə olunsun. Daha sonra isə xx.xx.2017-ci İldə xx.xx.2017-ci il tarixli Km006t02170011s01 nömrəli kredit müqaviləsi üzrə əlavə saziş bağlanmışdır. Lakin yenə də xx.xx.2017-ci il tarixli Km006t02170011s01 nömrəli kredit müqaviləsi məhkəməyə təqdim olunmamış, kimlər arasında hansı predmet barəsində bağlandığı müəyyən etmək mümkün olmamışdır”. İkinci və ən əsas məqamı bundan ibarətdir ki, iddiaçının cavabdehə göndərilməsini iddia etdiyi pretenziya məktubu tamamilə başqa bir müqaviləyə istinad edilir ki, onun da mövcud olub-olmadığı ümumiyyətlə cavabdehə məlum deyil. Belə ki, həmin məktubda qeyd edilir ki, “...Dəmirbank ASC ilə sizin aranızda xx.xx.2017-ci il tarixdə kreditin verilməsi haqqında KM006T02170011S01 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən sizə illik 15 faiz ödənilməsi şərti ilə 41 ay müddətinə ilkin məbləğ 4.565,0 manat kredit verilmişdir. .... ümumilikdə banka 7.974,07 manat borcunuz qalmışdır, 3 gün ərzində ödəməsəniz sizə qarşı bu borcun ödənilməsi ilə məhkəməyə müraciət ediləcək”. Bəli, yuxarıda da qeyd olunduğu kimi, nəyin haqqında bəhs edildiyi cavabdehə məlum olmayan pretenziya məktubu 27 may 2023-cü ildə cavabdehə poçt vasitəsilə təqdim edilib. Lakin heç vaxt: - Dəmirbankla cavabdeh arasında xx.xx.2017-ci il tarixdə kreditin verilməsi haqqında KM006T02170011S01 saylı müqavilə bağlanmayıb (iddiaçı tərəfindən məhkəməyə belə bir sənəd təqdim edilməyib); - Dəmirbankla cavabdeh arasında 4.565,0 manat kreditin verilməsi haqqında müqavilə bağlanmayıb (iddiaçı tərəfindən məhkəməyə belə bir sənəd təqdim edilməyib); - Dəmirbankla cavabdeh arasında xx.xx.2017-ci il tarixdə illik 15 faiz ödənilməsi şərti ilə müəyyən edilməyib (iddiaçı tərəfindən məhkəməyə belə bir sənəd təqdim edilməyib); - Dəmirbankla cavabdeh arasında xx.xx.2017-ci il tarixdə kreditin müddətinin 41 ay olması şərti müəyyən edilməyib (iddiaçı tərəfindən məhkəməyə belə bir sənəd təqdim edilməyib); Çünki iddiaçı tərəfindən qanunla müəyyən edilmiş mübahisənin qabaqcadan məhkəmədənkənar (pretenziya qaydasında) həll edilməsi qaydasına riayət edilməyib! Beləliklə, bu qeyd edilənlərdən görünən odur ki, iddiaçı, tərəflər arasında mövcud olan hər hansı kredit müqaviləsi və ya müqavilələri üzrə borcunun ödənilməsinə dair cavabdehə pretenziya məktubu göndərməyib, onun göndərməsinə dair sənədi məhkəməyə təqdim etməyib. Halbuki, pretenziya qaydasına əməl edilməsi bu iddianın məhkəmədə qəbul edilənliyinin ən əsas şərtlərindən biridir. Dəmirbank ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinin 8.4-cü maddəsinə əsasən, bu müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasəının aidiyyatı məhkəmələri tərəfindən həll olunur. Eyni zamanda xx.xx.2015ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə əlavə № 1-də də qeyd edilib ki, kredit ödənişi gecikməsinin 10-cu günündə gecikdirilmiş ödənişin aparılması ilə bağlı xəbərdarlıq məktubu borcalana, surəti isə kredit və təminat müqavilələri üzrə digər şəxslərə göndərilir. • Səlahiyyətin ötürülməsi prosesinin pozulmasına münasibətdə: Təkrarən bildirilir ki, iddia ərizəsinin imzalanma səlahiyyətinin verilməsi qanunamüvafiq şəkildə təsbit olmayıb. Belə ki, iddiaçı ilk dəfə iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman həmin ərizə nümayəndə - Nümayəndə1 tərəfindən imzalanıb. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə həm elektron, həm də kağız daşıyıcıda təqdim olunan sənədlərə baxarkən məlum olur ki, qarşı tərəfin iş materiallarına əlavə etdiyi əmr xx.xx.2021-ci il tarixlidir. Lakin hal-hazırda apellyasiya şikayətinin verilməsi üçün əsas göstərilən əmrin mətnindən açıq şəkildə görünür ki, iddiaçı tərəf xx.xx.2023-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman xx.xx.2021-ci il tarixli, 01/039U saylı əmr Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 01/015U saylı əmrlə qüvvədən salınmışdır. Bu o deməkdir ki, səlahiyyətin ötürülməsi ilə bağlı ardıcıllıq qanunazidd olub. Belə ki, iddia ərizəsinin verildiyi tarixə uyğun olaraq yalnız və yalnız xx.xx.2023-cü il tarixli, 01/015U saylı əmr qüvvədə idi. Ola bilər ki, həmin vaxt həqiqətən də başqa bir əmr qüvvədə olub. Lakin Nümayəndə1 X5 tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi səlahiyyətini təsdiq edən əmr məhkəməyə tədim edilməyib. Birinci instansiya məhkəməsinə təqdim edilən sənədlərdən də göründüyü kimi Nümayəndə1 verilən etibarnamənin “əsasını” qüvvədə olmayan əmr (xx.xx.2021-ci il tarixli, 01/039U saylı əmr) təşkil edib. İddiaçı tərəf hazırki şikayət ərizəsində qüvvədən düşən əmr vasitəsilə Nümayəndə1 verilən etibarnaməni əsaslandırmağa çalışıb. İddiaçı şikayətdə qeyd edir ki, “...bildiririk ki, Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2021-ci il tarixli 01/039U nömrəli əmri ilə X4 ləğv prosesində olan banklar tərəfindən iddia ərizəsini məhkəmələrə göndərilməsi ilə bağlı etibarnamələrin verilməsi səlahiyyəti həvalə edilmişdir. Hazırki kredit mübahisəsi üzrə iddiaçı bank tərəfindən iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə elekton məhkəmə informasiya sistemi vasitəsi ilə müraciət edilərkən iddia ərizəsinə qoşma edilmiş sənədlər sırasında Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2021-ci il tarixli 01/039U nömrəli əmrin əsli elektron kabinetə yüklənilmişdir”. Çox maraqlıdır ki, qüvvədən düşən əmr əsasında verilən etibarnamənin qanuni və mötəbər olması əsaslandırılmağa cəhd edilib, lakin iş materiallarına hal-hazırda qüvvədə olan əmr əlavə olunub. Sözügedən əmrə birinci instansiya məhkəməsinin həm xx.xx.2024-cü il tarixli, həm dəm xx.xx.2024-cü il tarixli qərardadlarında münasibət bildirilib. Həmin qərardadlarda qeyd olunur ki, “....İş materiallarından görünür ki, iddiaçı tərəfindən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(008) 314/2024 nömrəli qərardadından verilmiş şikayətə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2023-cü il tarixli 01/015U nömrəli əmr əlavə edilmişdir. Həmin sənəddən Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2021-ci il tarixli 01/039U nömrəli əmrin qüvvədən düşmüş hesab edilməsi barədə əmr verildiyi müəyyən edilmişdir. Beləliklə, iddiaçı xx.xx.2023-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman artıq qüvvədən düşmüş əmrə istinad etmişdir. Məhkəmə araşdırma zamanı iddiaçının nümayəndəsinin onun səlahiyyətlərini təsdiq edən xx.xx.2023-cü il tarixli 01/015U nömrəli əmrin mövcudluğuna istinad etsə də, həmin əmr iddia ərizəsi müraciət olunan zaman məhkəməyə təqdim edilməmiş, əksinə qüvvədən düşmüş əmrə istinad edilmişdir”. Bütün bunları bir kənara qoysaq və hətta heçə saysaq, hər iki əmrin mətnindən görünən odur ki, “İddia ərizəsinin imzalanması səlahiyyəti yalnız Kreditlərin İdarə Edilməsi Departamentinin Məhkəmələrlə İş Şöbəsinin müdirinə” verilib. Hal-hazırda həm xx.xx.2024-cü il tarixli, həm də xx.xx.2024-cü il tarixli apellyasiya şikayətini imzalayan şəxsin əmək portalına baxdıqda görünür ki, o, Kreditlərin İdarə Edilməsi Departamentinin Məhkəmələrlə İş şöbəsinin müdiridir (Nümayəndə2). Həmçinin iddiaçı - Dəmirbank ASC-nin nümayəndəsi Nümayəndə2 tərəfindən xx.xx.2024-cü il tarixində məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2(008)- 314/2024 nömrəli qərardadından verilən şikayət ərizəsində qeyd olunur ki, “Bildiririk ki, Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2023-cü il tarixli 01/015U nömrəli əmri ilə X4 ləğv prosesində olan banklar tərəfindən iddia ərizəsini məhkəmələrə göndərilməsi ilə bağlı etibarnamələrin verilməsi səlahiyyəti həvalə edilmişdir”. Bir sözlə iddiaçının nümayəndəsi demək istəyir ki, ona verilən etibarnamə qanunauyğundur və qüvvədə olan əmr əsasında verilib. (bu onu göstərir ki, iddiaçı öz səhvini düzəltmək üçün artıq qüvvədə olan əmr əsasında “uyğun şəxsə” etibarnamə verməyi məqbul görüb). Ola bilsin ki, həmin vaxt hansısa əmr qüvvədə olub. Lakin həmin əmr iddia ərizəsi ilə birlikdə birinci instansiya məhkəməsinə təqdim edilməyib. Lakin hazırki situasiyada apellyasiya şikayətinin adıçəkilən şəxs tərəfindən imzalanması hələ iddia ərizəsinin düzgün olmayan şəxs tərəfindən verilməsi faktını aradan qaldırmır. Çünki yuxarıda da qeyd etdik ki, iddia ərizəsini səlahiyyəti olmayan şəxs təqdim edib, yəni iddia ərizəsini imzalayan Nümayəndə1 heç vaxt idddiaçı təşkilatda Kreditlərin İdarə Edilməsi Departamentinin Məhkəmələrlə İş şöbəsinin müdiri vəzifəsində olmayıb. Beləliklə, yuxarıda qeyd edilən hüquqi və faktiki halların işığında bir daha aydın olur ki, Dəmirbank ASC (ləğv prosesindədir) tərəfindən verilmiş apellyasiya şikayətləri formal olaraq qanunauyğun olsa belə, birinci instansiya məhkəməsindən indiyə qədər izlədikləri “hüquqi” mövqenin heç bir nəticəsi ola bilməz. Çünki iddia ərizəsinin verilməsindən başlayan qanun pozuntuları, hazırda qüvvədə olan əmr əsasında məhkəməyə təqdim edilən apellyasiya şikayəti ilə aradan qaldırıla bilməz. Odur ki, yuxarıda qeyd olunanları və Mülki Prosessual Məcəllənin imperativ göstərişlərini nəzərə alaraq Məhkəmə Kollegiyasından iddiaçı Dəmirbank ASC (ləğv prosesindədir) tərəfindən verilmiş şikayətin təmin edilməməsi; • Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-314/2024 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması barədə Qərardad qəbul edilməsi xahiş olunur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(008)-314/2024 nömrəli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2(008)-314/2024 nömrəli qərardadından iddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməyərək şikayət baxılması üçün e-2(008)-314/2024 nömrəli mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı LPO Dəmirbank ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə1 şikayəti müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil şikayətə qarşı etirazının məzmununa uyğun izahat verib, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə; 259.0.3. ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda; Maddə 397.1. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; 398.0.4. qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırkı qərardadın əsaslandırıcı hissəsində qeyd olunanlar nəzərə alınmaqla mahiyyəti üzrə baxılması üçün iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(008)- 314/2024 nömrəli qərardadından müəyyən olunur ki, birinci instansiya məhkəməsi iddiaçı LPO Dəmirbank ASC-nin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borc" tələbinə dair iddia ərizəsini iki əsasla birinci - iddia ərizəsinin səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması və ikinci - iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydasına riayət etməməsi əsası ilə baxılmamış saxlamışdır. Kollegiya birinci əsasla bağlı qeyd edir ki, xx.xx.2023-cü il tarixdə iddia ərizəsi məhkəməyə təqdim edilərkən iddia ərizəsinə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2021-ci il tarixli 01/03921 saylı əmri əlavə edilsə də, sonradan iddiaçı tərəfindən məhkəməyə təqdim olunan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2023-cü il tarixli 01/015N saylı əmri ilə iddiaçının nümayəndəsinin iddia ərizəsini imzalayarkən səlahiyyətli olması müəyyən olunsa da, birinci instansiya məhkəməsi bu əsasla iddia ərizəsini baxılmamış saxlayarkən düzgün nəticəyə gəlməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin iddiaçının mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydasına riayət etməməsi əsası ilə də iddia ərizəsinin baxılmamış saxlanmalı olması nəticəsini əsassız hesab edir. Belə ki, iddiaçının tələblərindən aydın müəyyən olunur ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə müddətinin bitməsi ilə bağlı artıq xitam verilmiş, buna görə də iddiaçı müqavilə üzrə öhdəliklərin icrası ilə yanaşı ona vurulmuş ziyanla bağlı cavabdehdən 5% görə 560,74 manat tələb edir. Kollegiya qeyd edir ki, xitam həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayışdır. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Pretenziya isə öhdəliklərin icrası zamanı pozuntuların aradan qaldırılması barədə borcluya ünvanlanmış yazılı tələbdir. Pretenziya mübahisənin məhkəməyə qədər olan mərhələdə həllini nəzərdə tutan sənəddir. Pretenziyada kreditorun tələblərinin mahiyyəti, onların səbəbləri və təmin edilməsi müddətləri, o cümlədən tələbin borclu tərəfindən icra olunmadığı təqdirdə bağlanmış müqavilənin vaxtından əvvəl, birtərəfli qaydada ləğv edilərək müqavilə öhdəliyinin icrası üçün məhkəməyə müraciət edilməsi mümkünlüyü barədə xəbərdarlıq göstərilir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə müddətin bitməsi ilə bağlı xitam verildiyindən kollegiya hesab edir ki, iddiaçının mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydasına riayət etməsinə zərurət qalmamışdır. İstinad olunanlara əsasən Məhkəmə kollegiyası şikayətin dəlillərinin əsaslı olması qənaətinə gələrək hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırkı qərardadın əsaslandırıcı hissəsində qeyd olunanlar nəzərə alınmaqla mahiyyəti üzrə baxılması üçün mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-314/2024 saylı qərardadı ləğv edilsin. İddiaçı LPO Dəmirbank ASC-nin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borc" tələbinə dair 2(008)-314/2024 saylı mülki iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar