Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6065/2025 28.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Kamran Əkbərovdan ibarət tərkibdə, Gülər Alıyevanın katibliyi ilə, iddiaçı Piriyev Baiların Cavabdeh qarşı “borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-4093/2025 nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, borc müqaviləsi üzrə borc verilmiş 200.000 manat cavabdehdən (borcalandan) alınaraq iddiaçıya (borcverənə) ödənilsin. Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin edilsin, 37.250 manat cavabdehdən alınaraq iddiaçıya ödənilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməsinə aid hissədə ləğv edilsin, cavabdehdən iddiaçının xeyrinə 25.000 manat tutulması barədə yeni qətnamə qəbul olunsun. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Apellyasiya şikayətində qətnamənin iddianın təmin edilməsinə aid hissəsi mübahisələndirildiyinə görə, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı (borcverən) ilə cavabdehin (borcalanın) arasında xx.xx.2021-ci il tarixdə notariat qaydasında iki borc müqaviləsi bağlanıb. Hər müqavilə üzrə 100.000 manat, cəmi 200.000 manat borc verilib. Cavabdeh üzərinə öhdəlik götürüb ki, borcu xx.xx.2022-ci il tarixədək qaytaracaq. Birinci instansiya məhkəməsi müəyyən edib ki, 200.000 manat borcdan 162.480 manat qaytarılıb, qalıq borc 37.250 manat təşkil edir (200.000 manat – 162.480 manat = 37.250 manat). Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırıb ki, qalıq borcun məbləği 37.250 manat deyil, 25.000 manat təşkil edir. 37.250 manatla 25.000 manatın arasında olan 12.250 manat fərqin (37.250 manat – 25.000 manat = 12.250 manat) iddiaçıya ödənildiyini sübutetmə yükü cavabdehin üzərində düşür. Cavabdeh birinci instansiya məhkəməsində bu barədə sübut təqdim edə bilməyib. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425 və 739-cu maddələrinin göstərişlərinə əsalanaraq hesab edir ki, birinci instansiya məhkəməsi cavabehdən iddiaçının xeyrinə 37.520 manat tutulmasını qət etməklə düzgün nəticəyə gəlib və gəldiyi nəticəni qətnamədə lazımi qaydada əsaslandırıb. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi Apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-4093/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6065/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6065/2025
28.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver