Məhkəmə qərarları › İş №2(103)-6066/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6066/2023

17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6066/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı mülki iş üzrə (Açar sözlər: “əmlakın yüklülükdən azad edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X18 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «evin ipoteka müqaviləsi üzrə girovluqdan azad edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-476/2023 saylı, 06 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4614/2011 saylı, 16 noyabr 2011-ci il tarixli qətnaməsi ilə cavabdeh «Kərimli» KFT-dən 100000 ABŞ dollan kredit borcunun və 33400 ABŞ dolları faiz borcunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın xx.xx.2008-ci il tarixli, 178/İ saylı ipoteka müqaviləsinə uyğun olaraq ipoteka qoyulmuş, X1, İddiaçı, X6, X2, X4 birgə mülkiyyətində olan Sumqayıt şəhəri, Saray bağlar massivində 0,10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 8 otaqlı, 173,34 kv.metr yaşayış, 132 kv.metr mokçı sahədən ibarət 3054 saylı bağ evinə yönəldilməsi, tutma yönəldilmiş yaşayış evinin hərracda ilkin satış qiymətinin 140000 manat müəyyən edilməsi, Sumqayıt şəhəri, Saray bağlar massivində 0.16 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 8 otaqlı, 173,34 kv.metr yaşayış, 132 kv.metr köməkçi sahədən ibarət 3054 saylı bağ evinin açıq hərracda satıldığı gündən sonra bir ay müddətində X5, İddiaçı, X14, X10, X12 tərəfindən boşaldılması qət edilmişdir.

2. Abşeron rayon PŞ-nin müstəntiqi, polis kapitanı Məhəmməd Tağıyevin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2014-cü il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmiş, İddiaçı tanışı X15 tərəfindən kreditin ödənilməməsi ilə bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etməkhüququnun ilması izah edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 26 aprel 2017-ci il tarixli 2(103)-3409/2017 saylı qətnaməsi ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 07 dekabr 2016-cı il tarixli 2(005)-4706/2016 saylı qətnaməsi ləğv edilərək Sumqayıt şəhəri, Saray bağlar massivində 0,16 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 8 otaqlı, yaşayış sahəsi 173,34 kv metr, köməkçi sahəsi 132 kv.metr olan 3054 nömrəli bağ evinə dair "xxxx" MMC-nin tərtib etdiyi açıq hərracın yekunları barədə 07/01 saylı, 29 yanvar 2013-cü il tarixli protokol və həmin protokolun doğurduğu bütün hüquqi nəticələr etibarsız hesab edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «evin ipoteka müqaviləsi üzrə girovluqdan azad edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə «Kərimli» X13 arasında 17 noyabr 2008-ci il tarixdə bağlanılmış kredit müqaviləsinin təminatı kimi girov qoyulmuş mülkiyyətində olan Sumqayıt şəhəri, Saray Bağlar massivində 0,16 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, yaşayış sahəsi 173,34 kv.metr, köməkçi sahəsi 132 kv. metr olan 3054 saylı bağ evinin girovluqdan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, uzun illər Sumqayıt şəhərində müxtəlif məsul vəzifələrdə çalışmışdır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası İnstitutunda çalışan və yaxın dost münasibətində olduğu X11 təxminən 2008-ci ilin oktyabr ayında ona müraciət edərək Abşeron rayonunun Saray qəsəbəsindəki yaşadığı bağ evinin sənədini ona 3-4 aylığa verməyini bildirdi. Hümbətlə dost olduğuna görə heç bir şey fikirləşmədən demişdir ki, olar. Bir neçə gündən sonra Hümbət ona zəng edərək bildirdi ki, notarius idarəsinə gəlsin və orada sənəd var ona imza etmək lazımdır. Soruşmuşdur ki, sənədləri imzalamaq nə üçündür və cavabında dedi ki, narahat olma fevral ayında sənədləri qaytaracaqdır. Amma ağlına gəlməzdi ki, yaxın tanışı və dostu Muradov Hümbət ona qarşı dələduzluq edər. 2011-ci ilin yay ayında Texnika Bankdan evə zənglər gəlməyə başladı və bildirdilər ki, evi girov qoyulub və bankdan 80.000 manat kredit götürülmüşdür. Zəng edən bank işçisnin adı Şamil idi və ondan soruşdu ki, pulu Hümbət adlı şəxs götürübmü. Bank işçisi dedi ki, xeyir, pul Beyləqan rayonunundan «Kərimli» fermer təsərrüfatının təsisçisi X7 adınadır. Ancaq banka Raufun atası Paşayev Əlövəst adlı şəxs gəlib-gedir. Əlövsətin telefonunu bank işçisindən xahiş edib almış və təxminən 2011-ci ilin iyul ayının ortaları olardı Əlövsət Paşayevin ********** nömrəli mobil telefonuna zəng edib "xxxx" ASC-nin qarşısında görüşmüşdür və ondan soruşmuşdur ki, Hümbət Muradov haradadır. Əlövsət Hümbətin harada olmasını bilmədiyini dedi və ona bildirdi ki, bankdan pulu o götürmüşdür və özü də qaytaracaqdır. Sonradan məlum oldu ki, Hümbəti işdən qovublar və daha işləmir. Çox axtarandan sonra Hümbət Muradovu tapdı və o ona yazılı surətdə iltizam yazdı ki, 1 (bir) ay müddətində evin pulunu banka ödəyib sənədlərini özünə qaytaracaqdır. X29, nə onun atası Əlövsət Paşayev, nə də Hümbət Muradov bankdan götürülmüş krediti qaytarmadılar və nəticədə "xxxx" ASC pulun geri alınması üçün məhkəməyə iddia verdi. Məhkəmə gedişi zamanı onlar yenə də onu arxayın etməyə çalışırdılar ki, narahat olma məhkəmənin sonuna kimi pulu qaytarıb evini özünə qaytaracaqlar. Lakin onların sözlərinin həqiqət olduğuna inana bilmirdi. 2014-cü ildə məcburiyyət qarşısında qalıb Abşeron rayon Polis şöbəsinə ona qarşı edilmiş dələduzluq barədə ərizə verdi. Şikayət ərizəsi Abşeron rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Məhəmməd Tağıyev tərəfindən araşdırıldı, lakin sonradan məlum oldu ki, müstəntiq M.Tağıyev şikayətini rədd etmiş və işin guya mülki iş olmasını əsas gətirərək məhkəməyə müraciət etməyini məsləhət görmüşdür. 17 fevral 2014-cü il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarda yazılmışdır ki, Əlövsət Paşayev verdiyi izahatında bildirmişdir ki, Beyləqan rayonunun Aşıqlı kəndində ferması vardır və heyvan almaq üçün bankdan pul almışdır. Ancaq bankdan kredit götürülməsinə dair sənədlərdən aydın olur ki, onlar guya süd-pendir məhsulları hazılamaqla məşğul olacaqlar. Əlövsət Paşayev ona bildirdi ki, kredit alanda bank onlardan xeyli miqdarda «şapka» aldığından onların fermer təsərrüfatını işlətməyə pulları qalmamış və pul xərclənmişdir. Bundan başqa ona məlum oldu ki, "xxxx" ASC Rauf Paşayevə ünvanladığı məktubda birbaşa qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14. May 2007-ci il tarixli 75 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin vəsaitlərinin istifadəsi Qaydalarına» əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün xx.xx.2008-ci il tarixdə 80.860 manat məbləğində kredit vəsaiti ayrılmışdır. Lakin "xxxx" ASC tərəfindən manat əvəzinə dollarla kredit ayırılmış, onun mülkiyyətində olan bağ evi də dələduzlar Əlövsət Paşayev, Hümbət Muradov tərəfindən banka girov qoyulmuş və onlar bu cinayəti bank əməkdaşları ilə birlikdə həyata keçirməklə onun evinin əldən çıxmasına səbəb olmuşdur. Bu məsələdən sonra tam ətraflı şəkildə öyrənmişdir ki, Əlövsət Paşayev və onun oğlu Beyləqanda fermer təsərrüfatı ilə məşğul olmamış, onun nə ferması, nə heyvan qarası olmamışdır. Bankdan kredit götürəndə də bank bunu yoxlamamış və Ə.Paşayevin dediyi kimi «şapka» almaqla 100.000 ABŞ dolları kredit vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 16 noyabr 2011-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh «Kərimli» X8 və ona və ailə üzvlərinə qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş evi 1 ay ərzində könüllü tərk etmədikləri halda, evdən məcburi qaydada çıxarılma barədə iddia ərizəsi təmin edilərək, kredit müqaviləsi üzrə cavabdeh təşkilatdan əsas borca görə 100.000 ABŞ dolları, hesablanmış faiz borcuna görə 33.400 ABŞ dolları məbləğin də pulun tutulub iddiaçı təşkilata verilməsi və 04 dekabr 2008-ci il tarixli ipoteka müqaviləsi üzrə tutmanın ipoteka qoyulmuş, cavabdehlərin birgə mülkiyyətində olan Sumqayıt şəhəri, Saray bağlar massivi, 0,16 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli 8 otaqlı,yaşayış sahəsi 173,34 kv metr,köməkçi sahəsi 132 kv metr olan 3054 nömrəli bağ evinə yönəlməsi və tutma yönəldilmiş bağ evinin hərracda ilkin satış qiymətinin 140.000 manat müəyyən edilməsi və bağ evi açıq hərracdan satıldıqdan sonra könüllü tərk etmədikləri halda, cavabdehlərin 1 ay ərzində bağ evini boşaltmaları qət edilmişdir. Həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 27 iyun 2013-cii il tarixli qətnaməsi ilə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 25 dekabr 2013-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 27 iyun 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmaqla kassasiya şikayəti təmin edilməmişdir. Həmin məhkəmə qərarı əsasında Sumqayıt şəhər icra şöbəsinin icra məmuru Vüqar Adıgözəlovun sifariş məktubu əsasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 29 yanvar 2013-cü il tarixdə hərrac keçirilmiş və kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, Saray bağlar massivi, 3054 nömrəli bağ evi 89.250 manat dəyərində satış qiyməti müəyyən edilmişdir. Ona görə də Sumqayıt şəhər İcra Şöbəsinin icra məmuru Vüqar Adıgözəlovun sifariş məktubu əsasında cavabdeh "xxxx" MMC tərəfindən 29 yanvar 2013-cü il tarixdə kredit müqaviləsi üzrə ipoteka qoyulmuş Sumqayıt şəhəri, Saray bağlar massivi, 3054 nömrəli bağ evinin 89.250 manat dəyərində satış qiyməti ilə hərraca çıxarılmasına dair keçirilmiş hərracın və həmin hərracın nəticəsi barədə tərtib edilmiş 07/01 nömrəli protokolun etibarsız hesab edilməsi barədə Bakı şəhər Nərimanov rayon məhkəməsinə verdiyi iddia ərizəsi məhkəmənin 07 dekabr 2016-cı il tarixli 2(005)-4706/ 2016 saylı qətnaməsinə əsasən təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 26 aprel 2017-ci il tarixli 2(l03)-3409/2017 saylı qətnaməsi ilə Bakı şəhər Nərimanov rayon məhkəməsinin 07 dekabr 2016-cı il tarixli 2(005)-4706/2016 saylı qətnaməsi ləğv edilərək Sumqayıt şəhəri, Saray bağlar massivində 0,16 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 8 otaqlı, yaşayış sahəsi 173,34 kv metr, köməkçi sahəsi 132 kv.metr olan 3054 nömrəli bağ evinə dair "xxxx" MMC-nin tərtib etdiyi açıq hərracın yekunları barədə 07/01 saylı, 29 yanvar 2013-cü il tarixli protokol və həmin protokolun doğurduğu bütün hüquqi nəticələr etibarsız hesab edilmişdir. Hesab edir ki, yaxın tanışı və dostu olmuş Hümbət Muradov öz tanışları olan Rauf Paşayev və onun atası Əlövsət Paşayev əlbir olaraq onun mülkiyyətində olan Sumqayıt şəhəri, Saray Bağlar massivi 3054 saylı bağ evini "xxxx" ASC-yə girov qoyaraq 100.000 ABŞ dolları kredit pulu alaraq öz aralarında bölüşdürərək həmin pulu öz məqsədləri üçün xərcləmişlər. Qeyd edilən məhkəmə qərarları əsasında "xxxx" MMC tərəfindən keçirilmiş 07/01 saylı 29 yanvar 2013-cü il tarixli protokol və həmin protokolun doğurduğu bütün hüquqi nəticələr Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2017-ci il tarixli 2(103)-3409/2017 saylı qətnaməsi ilə ləğv edilmiş və qeyd edilən məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Şikayət ərizəsi əsasında Abşeron rayon Polis idarəsinin İstintaq bölməsində aparılan araşdırma zamanı Əlövsət Paşayev "xxxx" ASC-dən kredit pulunu almalarını və onun bundan xəbərsiz olmasını bir daha təsdiq etmişdir. Qeyd etdiyi məhkəmə qətnaməsindən xəbərdar olandan sonra həmin qətnaməni yalnız Ali Məhkəməyə qədər mübahisələndirmişdir. Yaxın tanışı H.Muradov ona məxsus Sumqayıt şəhəri, Saray Bağlar massivi 3054 saylı bağ evinin Əlövsət Paşayev tərəfindən banka girov qoyulmasını və götürülən kreditə zamin durmasını etiraf etməklə evini xx.xx.2013-cü il tarixədək girovluqdan azad edəcəyi barədə ona yazılı xx.xx.2013-cü il tarixli iltizam vermişdir.

6. Daha sonra iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində Əmanətlərin Sığortalanması Fondunun əsl cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilməsini xahiş etmişdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-476/2023 saylı, 06 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.İbadzadə) iddia rədd edilmişdir.

8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4614/2011 saylı, 16 noyabr 2011-ci il tarixli qətnaməsindən göründüyü kimi, əmlakın ipoteka ilə yüklü edilməsinə əsas olmuş kredit müqaviləsi üzrə ödənilməmiş kredit borcunun olması, tutmanın iddiaçının mülkiyyətində olan sözügedən bağ evinə yönəldilməsi, həmin evin ilkin satış qiymətinin müəyyən edilməsi və sair faktlar tərəflərin iştirak etdikləri sözügedən mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edildiyindən, həmin faktlar hazırki işdə iştirak edən şəxslər üçün preyudisial əhəmiyyət daşıyır və yenidən mübahisələndirilə bilməz.

9. Məhkəmə qeyd etmişdir ki, işdə, ümumiyyətlə «Kərimli» KFT-nin Banka ödənilməmiş kredit borcunun olmamasına dair heç bir mötəbər yazılı sübut yoxdur və onun iddia etdiyi məsələlərə dair artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Əmlakın ipoteka yüklülüyündən azad edilməsi üçün məhkəmə tədqiqatı zamanı isə hər hansı əsas müəyyən edilməmiş, iddiaçı bunun üçün hər hansı əsas olan hər hansı bir sübutu məhkəməyə təqdim etməməklə iddiasını sübuta yetirə bilməmişdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1, 527.1, 527.2, 528-ci maddələri; “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.8, 48.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli 2(006)-476/2023 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında onun vəsatəti əsasında şahid qismində dindirilən X15 ifadəsində göstərdi ki, Kənd Təsərrüfatının Kredit Agentliyinə güzəştli kredit ilə bağlı müraciət etmişdir. İddiaçı tanımırdı. İddiaçı ilə onu Hümbət Muradov tanış etmiş və iddiaçını yalnız Notarius Kontorunda görmüşdür. İddiaçı ilə heç bir münasibəti olmamışdır. İddiaçı ilə arasında olan münasibət üzrə Hümbət Muradov vasitəçilik etmişdir. Hümbət Muradova pulu təqdim etmiş və həmin pul iddiaçıya verilməmişdir. X28 tərəfindən mənimsənilmişdir. Hazırda götürdüyü pulu ödəyə bilmir. Götürdüyü pul iddiaçıya çatmamışdır və həmin pulu ödəmək istəyir. Məhkəmə prosesi gedişində Ə.Paşayev özü kredit borcunun razılaşma əsasında qrafik üzrə ödənişini təmin etmək məqsədilə cavabdeh tərəflə razılaşma əldə etmişdir. O, dostu Hümbət Muradov tərəfindən aldanılaraq ipoteka müqaviləsini imzalamışdır. Bankdan götürülmüş kredit pul Ə.Paşayev və H.Muradov tərəfindən öz aralarında bölüşdürülmüşdür. Ona görə də məhkəmə iddia tələbini təmin etməklə yanaşı bankdan götürülmüş kredit pulunun mənimsənilməsi faktını araşdırmaq üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365-ci maddəsinə əsasən həmin faktların araşdırılması üçün xüsusi qərardad çıxarmalı idi.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X17 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, iddiaçının iddiası üzrə hərrac etibarsız hesab olunmuş və yenidən keçirilir. Hal-hazırda iş Sumqayıt şəhər İcra şöbəsinin icraatındadır və bu prosesə görə hərracın keçirilməsi dayandırılmışdır.

15. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

19. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi xahiş edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

20. 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

21. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

22. 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

23. 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

24. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

25. 269.4 və 269.5-ci maddələrinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.

26. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun

27. 1.0.1-ci maddəsinə görə, ipoteka- öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur.

28. 10.1 və 10.4-cü maddələrinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.

29. 11.1 və 11.2-ci maddələrinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur.

30. 14.1-ci maddəinə əsasən ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə, əsas öhdəlik üzrə tələb hüququ başqa şəxsə keçdikdə, ipoteka predmeti deyişdirildikdə və ipoteka predmeti özgəninkiləşdirildikdə ipotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aşağıdakı hallarda aparılır

31. 48.1.1-48.1.5-ci maddələrinə əsasən ipotekaya xitam verilmə əsasları nəzərdə tutulmuşdur. Bu hallar sırasına ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; “İpoteka haqqında” Qanunla nəzərdə tutulmuş digər hallar aid edilmişdir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

32. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

33. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Belə ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.

36. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz.

37. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərhedilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.

38. Preyudisiya institutu məhkəmə aktları ilə müəyyən edilmiş halların yenidən baxılmasının qarşısının alınmasına, o cümlədən sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir.

39. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının yenidən mübahisələndirilməməsi məhkəmə təcrübəsində “res judicata” (artıq həll olunmuş iş) prinsipinin qorunmasına xidmət edir. Res judicata - ümumsahəvi məhkəmə icraatına aid olan prinsipdir. Mübahisəli məsələni mahiyyəti üzrə həll edən məhkəmə qərarının qanuni qüvvəyə minməsi (yəni – res judicata qüvvəsini əldə etməsi) məhkəmə prosesi üçün mühüm nəticələrin yaranmasına səbəb olur.

40. Yəni, qanuni qüvvəyə minmiş məhkəmə qərarı artıq məcburidir, orada konkret faktlar üzrə gəlinən nəticələr müvafiq subyektlər üçün məcburi qüvvəyə malikdir. Məhkəmə qərarının konkret iş üçün qanun qüvvəsini əldə etdiyini, yaxud eynilə qanun kimi məcburi olduğunu bildirən “qərarın qanuni qüvvəsi” anlayışı da məhz bunu ifadə edir.

41. Belə ki, yuxarıda qeyd olunan mülki işlər ilə bağlı aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmiş və hazırki mülki iş üzrə preyudisial əhəmiyyətə malik olan hallardan görünür ki, “Kərimli” KFT təminat vasitəsi ipoteka olan əsas öhdəliyi "xxxx" ASC qarşısında lazımi qaydada icra etmədiyi üçün bankın ipoteka ilə yüklü edilmiş əmlaka tutmanın yönəldilməsini tələb etmək üzrə hüququ yaranmış, bank da ipoteka saxlayan kimi həmin huquqdan istifadə etmiş, mübahisəli əmlak açıq hərracdan satışa çıxarılmışdır.

42. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 26 aprel 2017-ci il tarixli 2(103)-3409/2017 saylı qətnaməsi ilə Sumqayıt şəhəri, Saray bağlar massivində 0,16 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 8 otaqlı, yaşayış sahəsi 173,34 kv metr, köməkçi sahəsi 132 kv.metr olan 3054 nömrəli bağ evinə dair "xxxx" MMC-nin tərtib etdiyi açıq hərracın yekunları barədə 07/01 saylı, 29 yanvar 2013-cü il tarixli protokol və həmin protokolun doğurduğu bütün hüquqi nəticələr, hərrac keçirilərkən qanunvericiliyin pozulmasına yol verildiyi üçün, etibarsız hesab edilmişdir. İddiaçı hesab edir ki, keçirilmiş hərracın nəticələri etibarsız hesab edilməsi, ipoteka qoyana ipotekaya xitam verilməsi imkanından istifadə etmək, yəni müvafiq tələblə məhkəməyə müraciət etmək hüququ yaradır.

43. Qeyd olunmalıdır ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, öhdəliyin icrasının təmini üsulu olaraq ipoteka müqaviləsinin bağlanması əsas öhdəliyin mövcudluğu ilə şərtlənir. Gələcəkdə əsas öhdəliyin pozulması riskinə qarşı kreditorun mənafeyinin təminat altına alınması üçün bağlandığından, ipoteka müqaviləsi daim etibarlı və qüvvədə olan bir əsas öhdəliyin mövcudluğunu tələb edir. Bu səbəbdəndir ki, girov (ipoteka) müqaviləsi aksessor müqavilə olaraq aqibəti əsas müqavilədən asılıdır.

44. İpotekanın xitamı əsasları isə “İpoteka haqqında” Qanunun 48-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, ipotekaya bu kimi hallarda xitam verilir: ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; “İpoteka haqqında” Qanunla nəzərdə tutulmuş digər hallarda.

45. Göründüyü kimi, ipoteka müqaviləsinin xitamı əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. “İpoteka haqqında” Qanunun 48-ci maddəsində məhkəmə qətnaməsinə əsasən keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi ipoteka müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından, bu hal ipoteka müqaviləsinə münasibətdə hər hansı hüquqi nəticəyə səbəb olmur. Yəni bu halda da əsas öhdəliyi təminat altına almış ipoteka müqaviləsi üzrə öhdəlik davam edir, tərəflər isə hərrac keçirilməmişdən əvvəl mövcud olmuş vəziyyətə qayıdırlar.

46. İddiaçının istinad etdiyi hal ipoteka müqaviləsinə əsasən yaranmış öhdəliyə xitam verilməsi və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4614/2011 saylı, 16 noyabr 2011-ci il tarixli qətnaməsi əsasında yenidən hərrac keçirilməməsi üçün hüquqi əsas təşkil etmədiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, həmin məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

48. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-476/2023 saylı, 06 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar