Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6068/2021 26.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı «Yelo Bank» açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(008)-99/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(008)-99/2021 nömrəli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı İKB ASC arasında bağlanmış 13.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 27149,31 ABŞ dolları əsas, 26876,45 ABŞ dolları faiz borcu, 2839,62 ABŞ dolları cərimə olmaqla, cəmi 56865 (əlli altı min səkkiz yüz altmış beş) ABŞ dolları 38 (otuz sıkkiz) sent məbləğində ödəniş gününə olan manat məzənnəsi ilə pul vəsaiti, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat rüsumunun, 20 (iyirmi) manat xidmət haqqının tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi, tələbin Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 mənzilə yönəldilərək mənzil açıq hərracdan satılması və satışdan əldə edilən vəsait "xxxx" ASC-nin hesabına ödənilməsi, ipoteka predmeti olan, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanda mənzilin ilkin satış qiyməti 90000 (doxsan min) manat müəyyən edilməsi, hərracdan əldə olunmuş vəsaitin borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması, hazırki iş üzrə ekspert rəyinin alınması ilə bağlı 100 (yüz) manat ekspertiza xərcinin Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi, kod: 210005, VÖEN **********, Muxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, bankın müəyyən etdiyi siyahı üzrə həyata keçirilmiş ödənişlər ekspert tərəfindən düzgün hesablanmamış, o cümlədən əsas borcla yanaşı, faiz borcu da olduqca şişirdilmişdir. Bank tərəfindən hesablanmış əsas borcun məbləği düzgün olmadığından bu faiz borcuna təsir etməkdən qaçınmır. Kredit müqaviləsi üzrə etdiyi əvvəlki ödənişlər nə ekspert tərəfindən, nədə məhkəmə tərəfindən hesablama aparılarkən nəzərə alınmamışdır. Bununla yanaşı, iddia ərizəsindən görünür ki, bank tərəfindən aralarında bağlanmış kredit müqavilələrinin ləğv olunması barədə tələb də irəli sürülməmişdir. Kredit müqaviləsi ləğv olunmadan, yəni qüvvədə ola-ola kredit borcunun tam tələb edilməsi qanunauyğun deyil. Məhkəmə tərəfindən də bu hala diqqət yetirilməmiş, kredit müqaviləsi ləğv edilmədən ondan kredit borcu tutulmuşdur. Məhkəmə tərəfindən təkrar ekspertizanın təyin edilməsi zəruridir ki, ödəniş qəbzlərini ekspertizaya təqdim etməklə və ödənişləri nəzərə alınmaqla düzgün hesablama aparılsın. Bundan başqa qətnamədə ipoteka predmetinin likvid dəyəri müəyyən edilsə də ipoteka predmetinin orta bazar dəyəri göstərilməmişdir. Halbuki, ekspert rəyində hər iki dəyər öz əksini tapmış, məhkəmə də həmin ekspert rəyini sübut kimi qəbul etmişdir. Məhkəmə qətnamədə göstərməli idi ki, satışdan əldə edilən vəsait hesabına onun banka olan borcu ödənilsin. Ola bilər ki, qətnamənin icrasına qədər tərəfimdən tutulan kredit borcu tam və ya müəyyən hissədə ödənilsin. Elə olacağı təqdirdə məhkəmənin qənaətinə görə mənzilin satışından əldə edilən məbləğ tam şəkildə iddiaçı bankın hesabına köçürüləcəkdir. Bu isə mülkiyyət hüquqlarını kobud şəkildə pozulması ilə nəticələnəcəkdir. Ona görə həmin hissədə qətnamə dəyişdirilməlidir. Bundan başqa qətnamənin nəticə hissəində göstərilmişdir ki, "hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulsun”. Bunun qətnamədə göstərilməsinə ehtiyac və zərurət yoxdur. Çünki, əvvəlki hissədə borcun tutulması göstərilmişdir və mənzilin satışından əldə edilən vəsait borcun tam ödənilməsinə yetməyəcəyi təqdirdə onsuz da icra hərəkətləri tutulan hissə üzrə davam etdiriləcəkdir. Ona görə bu hissənin qətnamədən xaric edilməsi vacibdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, iddiaçı cavabdehə 13.11.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 13.11.2019-cu il tarixinədək illik 25 faiz olmaqla, istehlak məqsədilə 35500 ABŞ dolları kredit vermişdir. 13.11.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən 60 ay müddətinə ayrılmış 35500 ABŞ dolları kreditin qaytarılmasının təminatı kimi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi 28B nömrəli binada yerləşən ümumi sahəsi 63.1 kv.m., yaşayış sahəsi 47,0 kv.m olan 3 otaqlı, 21 saylı mənzil ipoteka ilə yüklü edilmiş və 70 000 manat dəyərində qiymətləndirilmişdir. Mütəxəssis rəyinə əsasən mənzilin 27 may 2019-cu il tarixinə bazar dəyəri 100 000 (bir yüz min), likvid dəyəri 90 000 (doxsan min) manat müəyyən edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 21.02.2020-ci il tarixli, 30810 ekspert Rəyindən görünür ki, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları və 13 noyabr 2014-cü il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh İddiaçı İKB ASC-yə olan 23.11.2018-ci il tarixə (məhkəməyə müraciət olunan tarixə) əsas borc üzrə 27149,31 ABŞ dolları, faiz borcu üzrə 20277,66 ABŞ dolları, cəmi 47426,97 ABŞ dolları, 13 noyabr 2019-cu il tarixə (müqavilənin bitdiyi tarixə) əsas borc üzrə 27149,31 ABŞ dolları, faiz borcu üzrə 26876,45 ABŞ dolları, cəmi 54025,76 ABŞ dolları təşkil edir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Əvvəla, əsas borcla yanaşı faiz borcunun şişirdildiyi barədə apellyasiya şikayətinin dəlilləri əsassızdır. Çünki, birinci instansiyası məhkəməsi tərəfindən məhkəmə mühasibatlıq ekspertizası keçirilərək rəy alınmışdır. Tələb edilən əsas və faiz borcunun düzgünlüyü xüsusi biliyə malik olan ekspert tərəfindən də yoxlanılmış və əsas borcla bağlı fərqli məbləğ müəyyən edilməsə də, faiz borcu ilə bağlı fərqli məbləğ müəyyən edilmişdir. Məhkəmə də qərar qəbul edərkən bunun nəzərə almışdır. Cavabdeh kredit müqaviləsi üzrə etdiyi ödənişlərə dair sübutları apellyasiya baxışı zamanı da təqdim edə bilərdi, lakin məhkəmə iclasına gəlməmiş və şikayətində göstərdiklərinə dair sübut təqdim etməmişdir. Ekspert rəyi məhkəmə üçün məcburi deyil, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Məhkəmə kifayət qədər aydın və tam olmadığına, eləcə də əsassızlığına və ziddiyyətli olduğuna görə ekspert rəyini nəzərə almaya bilər, əlavə və təkrar ekspertiza təyin edə bilər. Lakin rəydə bu halların mövcudluğu məhkəmədə hər hansı bir şübhə doğurmamışdır. Ona görə də, ekspert rəyinin mötəbər sübut növü kimi qəbul edilməməsinin əsası yoxdur. İkincisi, kredit müqaviləsinin ləğv edilməsi tələbinin olmaması iddianın əsaslı olmasına və təmin olunmasına heç bir təsir etmir. Çünki, kredit müqaviləsinin ləğv edilməsi tələbi irəli sürülmədən də öhdəliyin icra edilməməsinə görə kredit borcu tələb edilə bilər. Bunu tərəflər kredit müqaviləsində də razılaşdırmışlar. Bununla yanaşı, iddia tələbinin artırılmasına dair tələb irəli sürülərkən, yəni 04 sentyabr 2020-ci il tarixdə artıq müqavilənin müddəti bitmişdir. Başqa sözlə müddəti bitmiş müqavilənin ləğv edilməsi tələbinin irəli sürülməsinə də ehtiyac qalmamışdır. Cavabdeh bunun qanunauyğun olmadığını göstərirsə qanunsuzluğun nədən ibarət olmasını da şikayətində göstərməlidir. Şəxsi mülahizələrə əsaslanan fikirlərin şikayətdə göstərilməsi isə onun əsaslı olduğunu təsdiq etmir. Üçüncüsü, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, qətnamədə ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti də ipoteka predmetinin bazar dəyəri ilə deyil, likvid dəyəri ilə müəyyən edilir. Bazar dəyərinin ilkin satış qiyməti kimi göstərilməsi isə “İpoteka haqqında” Qanunun tələblərinə ziddir. Dördüncüsü, qətnəmanənin nəticə hissəsinin 3-cü abzasında satışdan əldə edilən vəsaitin bankın hesabına ödənilməsinin göstərilməsi satışdan əldə edilən vəsait hesabına banka olan borcun ödənilməsi kimi qəbul edilməyə bilməz. Qətnamənin icrasına qədər kredit borcunun tam və ya müəyyən hissədə ödənilməsi də bu vəziyyəti dəyişmir və icra mərhələsində həll edilməli məsələlərə aiddir. Buna görə də mənzilin satışından əldə ediləcək məbləğin borc məbləği həcmində iddiaçı bankın hesabına köçürüləcəyi halında qeyd olunan hallar nəzərə alınacaqdır. Qətnamədə bu cür ifadənin göstərilməsi isə mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilməz. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdikləri dəlillər qətnamənin ləğvi və dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(008)- 99/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6068/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6068/2021
26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver