Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6069/2025 05.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3998/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsində yol verilmiş yanlışlığın aradan qaldırılması barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3998/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: İddiaçı “X5 Azərbaycan” QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3998/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. Ərizəçi “X5 Azərbaycan” QSC Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3998/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsində yol verilmiş yanlışlığın aradan qaldırılması barədə məhkəməyə müraciət olunmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı “X5 Azərbaycan” QSC-nin nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixində ərizə ilə müraciət edərək mülki iş üzrə çıxarılmış qətnamədə “iddiaçının nümayəndəsinin məhkəmə iclaslarında iştirakı” ilə bağlı qeydin düzgün əks etdirilmədiyini, belə ki, qətnamədə iddiaçının nümayəndəsinin iştirak etmədiyi göstərilsə də, əslində həm hazırlıq iclaslarında, həm də məhkəmə baxışı zamanı – o cümlədən yekun məhkəmə iclasında iddiaçı “X5 Azərbaycan” QSC-nin nümayəndəsi Nümayəndə fiziki olaraq iştirak etdiyi və bütün prosessual hüquqlarını həyata keçirdiyi bildirilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, çıxarılmış qətnamədə həmin hissənin dəqiqləşdirilərək, iddiaçının nümayəndəsinin iştirakını əks etdirən şəkildə düzəliş edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3998/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizəçi “X5 Azərbaycan” QSC-nin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3998/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsində düzəliş edilməsi dair ərizəsinin rədd edilməsi qərara alınmışdır. Məhkəmə öz qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının nümayəndəsi sonuncu baxış iclasında iştirak etmiş, lakin qətnamənin nəticə hissəsinin elanı zamanı iştirak etməmişdir, bu hal mülki iş iclaslarının audio-video yazısı ilə də öz təsdiqini tapır. Bu səbəbdən qərardada düzəliş üçün hər hansı əsas mövcud olmamışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3998/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmiş, şikayətini ərizəsinə uyğun olaraq əsaslandırmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3998/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işin materialları ilə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3998/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilərək, iddiaçı “X5 Azərbaycan” QSC-nin ərizəsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214.1-ci maddəsinə əsasən, qətnaməni qəbul etdikdən sonra hakim məhkəmə iclası zalına qayıdır (tərəflərin məhkəmə iclasına gəlmədiyi hallar istisna olmaqla), qətnamənin giriş və nəticə hissələrini elan edir, qətnamədən şikayət etmə qaydası və müddətini, habelə tərəflərin müraciəti olduğu halda qətnamənin nəticə hissəsini izah edir. Həmin Məcəllənin 215-ci maddəsinə əsasən müstəsna hallarda xüsusilə mürəkkəb işlər üzrə qətnamə qəbul edildikdə, hakim qətnamənin nəticə hissəsini məhkəmə baxışı qurtardıqdan sonra 3 gündən gec olmayaraq elan edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, məhkəmə icraatının həyata keçirilmə vasitələrindən biri kimi şifahi məhkəmə icraatı, yəni məhkəmə iclasının keçirilməsi ilə tələbə hüquqi qiymət verilməsi çıxış edir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında hüquqi tənzimləmə zərurətinin mahiyyəti onunla əlaqədardır ki, işə faktiki hallarla baxılması mübahisəsiz həllə nəticələnmir. Bu da öz növbəsində məhkəmə araşdırmasında bilavasitəlilik, eləcə də ağlabatan müddətdə baxılma və çəkişmə prinsipi kimi prosessual prinsiplərin pozulmasına gətirib çıxarır. Lakin burada məhkəmələr prosessual vasitələrin tətbiqini həyata keçirərkən, tətbiqin zərurətini və işin hüquqi təbiətinə uyğun gəlməsini əsaslandırmalıdırlar. Bu hallara istinadla, məhkəmə araşdırılmasının qərəzsizliyini və tələbin xüsusilə mürəkkəbliyi kimi faktorlar nəzərə alınmaqla, məhkəmələrə MPM-nin 215-ci maddəsinə əsasən baxış yekunlaşdıqdan sonra, 3 gündən gec olmamaqla, qətnamənin nəticə hissəsinin elanı dispozitiv imkanı tanınmışdır. Bu imkan özlüyündə artıq prosessual tədqiqatın yekunlaşmasının təsbit edildiyi, eləcə də tərəflərin yekun mövqelərini bildirdiyi (replika, çıxış hüququ və s.) icraat üzrə məhkəmənin ümumiləşmiş qiymətləndirmə rolunun təzahürünü əks etdirir, yəni vahid məhkəmə baxış iclası ilə vəhdət təşkil edir. Bu da onu deməyə əsas verir ki, tərəflərin artıq nəticə elan olunması üçün təxirə salınmış iclasda iştirakının qeyd edilməməsi yekun məhkəmə aktına aid edildikdə, tərəflərin yekun mövqelərini bildirdiyi (replika, çıxış hüququ və s.) hallarla qətnamənin uzlaşmamasına gətirib çıxaracaqdır. Hazırki iş materiallarından və audio-video çəkilişdən göründüyü kimi iddiaçı X5 Azərbaycan” QSC-nin nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə saat 16:45-də keçirilmiş məhkəmə baxış iclasında iştirak etmişdir. Məhkəmənin qətnamənin nəticə hissəsinin elanı üçün 17:50 radələrinə iclas təyin etməsi tərəflər üçün prosessual vəzifə yaratmamaqla, məhkəmənin yekun mövqeyinin konkretləşdirilməsi üçün təşəbbüs qismində çıxış edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228.2ci maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqların və açıq hesab səhvlərinin düzəldilməsi barədə ərizəyə məhkəməyə daxil olduğu vaxtdan 10 gün müddətində baxılır və həll edilir. Yuxarıda qeyd edilən normalardan görünür ki, iddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3998/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsində düzəliş edilməsi tələbi ilə müraciət etməkdə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, məhkəmənin göstərişləri nəzərə alınmaqla iddiaçı X5 Azərbaycan” QSC-nin ərizəsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. MPM-in 398.0 və 398.0.2-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3998/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin və iş iddiaçı X5 Azərbaycan” QSC-nin ərizəsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(103)-6069/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6069/2025
05.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver