Məhkəmə qərarları › İş №2(103)-6070/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6070/2022

16.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6070/2022 16.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “məhkəmə qətnaməsi əsasında tutulan alimentin məbləğinin artırılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 noyabr 2020-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, cavabdehin vəkili (nümayəndəsi) Vəkil Babəli oğlunun və iddiaçının iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) İddia barədə məlumat

1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə (İş № 2(007)-2354/2014) əsasən 1 uşağın – xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi cavabdehdən onun xeyrinə tutulmalı olan 150 manat məbləğində alimentin artırılaraq 300 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə hazırki iş üzrə tərəflərin arasında bağlanmış nikahın pozulması, nikahın pozulmasından sonra uşağın anasının (hazırki iş üzrə iddiaçının) yanında saxlanılması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 150 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Uşaq böyüdükcə uşağın xərcləri artır. 2014cü ildə müəyyən edilmiş alimentin məbləği artıq uşağın xərclərini ödəmir. İddiaçı hesab edir ki, alimentin məbləği artılılmalıdır. b) Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsini, Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə (İş № 2(007)-2354/2014) əsasən 1 uşağın – xx.xx.2012-ci il təvəllüdlü Nərminin yetkinlik yaşına çatana kimi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan 150 manat məbləğində alimentin artırılaraq 300 manat məbləğində müəyyən edilməsini qət etmişdir. c) Apellyasiya şikayəti barədə məlumat

4. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehdən hər ay 300 manat sabit pul məbləğində alimentin tutulmasını qət etmiş Rayon Məhkəməsi, iş üzrə gəldiyi bu nəticəsini əsaslandırmamışdır. Cavabdeh 2019-cu ildən Rusiya Federasiyasında yaşayır və Azərbaycan Respublikasına qayıtmamışdır. O, Rusiya vətəndaşıdır. Cavabdeh yenidən ailə qurmuş və ikinci nikahından 2 uşağı doğulmuşdur. Cavabdeh hesab edir ki, bütün bunlar nəzərə alınaraq, övladının – Zəhrarın saxlanılması üçün Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi (İş № 2(007)-2354/2014) ilə müəyyən edilmiş 150 manat alimentin məbləği artırılmamalıdır.

6. Cavabdeh həmçinin bildirir ki, Rayon Məhkəməsi hazırki işə baxılmasının yeri və vaxtı barədə onu lazımi qaydada məlumatlandırmamışdır ki, bu da mülki prosessual qanunvericiliyin pozulması deməkdir və qətnamənin ləğv edilməsi üçün əsasdır. d) Apellyasiya icraatında iştirak edən tərəfin izahatı

7. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmunun uyğun izahat verdi.

8. İddiaçı, apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. e) Apellyasiya baxışının hədləri

9. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

10. Qeyd edilən prosessual hüquq normasının tələbini və cavabdehin Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin tam ləğv edilməsini xahiş etməsini nəzərə almış Məhkəmə qətnamənin əsaslığını tam həcmdə yoxlamışdır. f) İş materiallarına əlavə edilmiş sənədlər

11. İşdə olan şəhadətnamələrdən, digər sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan görünür ki, iddiaçı ilə cavabdeh nikahda olmuşlar. Nikahdan onların 1 övladları var – xx.xx.2012-ci il təvəllüdlü Zəhra. İddiaçı ilə cavabdehin münasibətləri əvvəllər normal olsa da, daha sonra pozulmuş və onlar ayrılmışlar. Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi (İş № 2(007)-2354/2014) ilə nikahın pozulması, nikahın pozulmasından sonra uşağın anasının (iddiaçının) yanında saxlanılması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 150 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. g) Məhkəmənin mövqeyi

12. Cavabdehin apelyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, məhkəmə baxışı iclasının yeri və vaxtı barədə ona məlumat verilməməsidir.

13. Məhkəmə hesab edir ki, apelyasiya şikayətinin bu dəlili əsaslıdır; Rayon Məhkəməsi cavabdehin iştirakı olmadan işə baxmaqda haqlı olmamışdır. Belə ki, məhkəmə baxışı iclasının yeri və vaxtı barədə məlumatı əks etdirən məhkəmə bildirişinin Rusiya Federasiyasının Moskva şəhərində yaşayan cavabdehə çatdırılması işdə olan sənədlər ilə müəyyən edilmir. MPM-nin 387.2.2-ci maddəsinin mənasına görə, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa qətnamə şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir.

14. Qeyd olunan prosessual hüquq normasının tələbindən çıxış edən Məhkəmə hesab edir ki, qətnamə bir mənalı olaraq ləğv edilməli və MPM-nin 372.1-ci maddəsində uyğun olaraq işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, MPMnin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

15. İşə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxan Məhkəmə qeyd edir ki, iddiaçı bildirir ki, xx.xx.2014-cü il tarixli məhkəmə qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün saxlanılması üçün aliment 150 manat məbləğində müəyyən edilmişdir. Uşaq böyüdükcə onun xərcləri də artır. 2014-cü ildə müəyyən edilmiş alimentin məbləği artıq uşağın xərclərini ödəmir. Buna görə də, iddiaçı hesab edir ki, uşağa görə cavabdehdən onun xeyrinə tutulan alimentin məbləği artırılmalı və 300 manat məbləğində müəyyən edilməlidir.

16. Cavabdeh etirazı onunla əsaslandırılır ki, o Rusiya vətəndaşıdır və yenidən ailə qurmuşdur. Həmin nikahdan onun iki övladı var. Buna görə də ondan tutulan alimentin məbləği artırılmamalıdır.

17. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, cavabdeh, bir valideyn kimi, iddiaçının yanında qalan uşağını saxlamağa borcludur. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

18. “Uşaq hüquqları haqqında” Bəyannaməyə görə, uşaq, qanunla və digər vasitələrlə sosial müdafıə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.

19. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunun 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

20. BMT-nın “Uşaq hüquqları haqqında Konvensiyasının” 18-ci maddəsinin tələbinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir.

21. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar (maddə 75.1.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1.). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2.). Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.).

22. Qeyd edilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

23. Məhkəmənin qənaətinə görə indiki sosial-iqtisadi şəraitdə bir uşağın yetkinlik yaşına çatana kimi saxlanmasına görə təyin edilmiş 150 manat miqdarında aliment onun ehtiyaclarının minimum səviyyədə təmin edilməsinə kifayət edə bilməz. Bu hal isə uşağın mənafeyinə ziddir. Maddi vəziyyətinin hansı səviyyədə olmasından asılı olmayaraq, cavabdeh uşağını saxlamağa borcludur. Cavabdehin sonrakı nikahından uşaqlarının olması da onu bu öhdəlikdən azad etmir.

24. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, cavabdehdən tutulan alimentin məbləğinin artırılmalı olması barədə iddiaçının mövqeyi əsaslıdır.

25. Bununla yanaşı məhkəmə hesab edir ki, alimentin artırılmış məbləğinin 300 manat miqdarında müəyyən edilməsi barədə iddiaçının mövqeyi əsassızdır.

26. Çünki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Məhkəmə bildirir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq nəzərə almalıdır ki, hər hansı bir dəlilin sübut edilməsi həmin dəlili irəli sürmüş tərəfin, hazırki halda cavabdehin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Əvvəlki məhkəmə qətnaməsi ilə aliment məbləğinin artırılaraq 300 manat məbləğində müəyyən edilməsini tələb edən iddiaçı, cavabdehin ayıq qazancının (gəlirinin) yüksək olmasını təsdiq edən sübutları məhkəmələrə təqdim edə bilməmişdir.

29. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etdiyi zaman qüvvədə olmuş “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunundan görünür ki, 2020-ci il üçün isə yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir.

29. Məhkəmə tərəflərin maddi və ailə vəziyyəti nəzərə alaraq, həmçinin uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması rəhbər tutaraq, hesab edir ki, uşağın saxlanılması üçün əvvəlki məhkəmə qətnamə ilə müəyyən edilmiş alimentin məbləği artırılmalı və 193 manat müəyyən edilməlidir. Çünki hazırda qüvvədə olan “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanunun 1-ci maddəsinə görə, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.

30. Alimentin bu məbləğdən daha yüksək məbləğdə tutulması üçün əsaslar apellyasiya baxışı zamanı müəyyən edilmədi.

h) Apellyasiya baxışının nəticəsi

31. Beləliklə apelyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya şikayəti qismən əsaslıdır. İşə baxmış Rayon Məhkəməsi elə prosessual pozuntuya yol vermişdir ki, həmin pozuntu qətnamənin bir mənalı və tam həcmdə ləğv edilməsi üçün əsasdır. İddia tələbi qismən əsaslıdır.

32. Odur ki, apellyasiya baxışının nəticələrini nəzərə alan və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

33. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

34. MPM-nin 112-ci maddəsinin mənasina görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

35. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırki qətnamənin iddiaçının narazı qala biləcəyi hissəsində mübahisələndirilən iddianın qiyməti ((300 – 193) x 12 = 1.284 manat, cavabdehin isə qətnamənin narazı qala biləcəyi hissəsində mübahisələndirilən iddianın qiyməti ((193 – 150) x 12=) 516 manat təşkil edir.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə

QƏT ETDİ

Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 noyabr 2020-ci il tarixli qətnamə ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “məhkəmə qətnaməsi əsasında tutulan alimentin məbləğinin artırılması tələbi barədə” iddiası qismən təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 17 sentyabr 2014-cü il tarixli qətnaməsinə (İş № 2(007)-2354/2014) əsasən Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin məbləği artırılsın və hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Bu qaydada alimentin tutulması 16 sentyabr 2022-ci il tarixdən başlansın. Qalan hissədə iddia təmin edilməsin. Qətnamə çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar