Məhkəmə qərarları › İş №2(103)-6070/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6070/2023

02.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6070/2023 02.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(008) 1005/2023 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(008)- 1005/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” iddia tələbi təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli 2(017)- 1081/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, 21 iyul 2017-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh 26 aprel 2023 cü il tarixində apellyasiya şikayəti göndərmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli, 2(008)- 1005/2023 saylı qərardadına əsasən Cavabdeh tərəfindən verilmiş olduğu apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Cavabdeh yenidən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(008)-1005/2023 saylı qətnaməsindən xx.xx.2023-cü ildə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Həmin apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(008)-1005/2023 saylı qərardadına əsasən geri qaytarılmışdır. Daha sonra Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(008)-1005/2023 saylı qətnaməsindən apellyasiya şikayəti və şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpa edilməsinə dair ərizə verərək, prosessual müddətin bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(008)-1005/2023 saylı qətnaməsinin surəti 23 mart 2023-cü il tarixdə cavabdehə poçt vasitəsilə verilmiş və qətnaməni rəsmi qaydada aldığı vaxtdan 1 ay keçməmiş yəni 07 aprel 2023-cü il tarixdə qətnamədən apelyasiya şikayəti vermişdir. Lakin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli qərardadı ilə apelyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada verilmədiyini əsas göstərməklə geri qaytarmışdır. Qərardadın surəti 31 may 2023-cü il tarixdə cavabdehə poçt vasitəsilə verilmişdir. O, qərardadda göstərilən nöqsanı aradan qaldıraraq 09 iyun 2023-cü il tarixdə apelyasiya şikayətini və ona əlavə etdiyi dövlət rüsumunu “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə təqdim edərək apelyasiya şikayətini qəbul edib, baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndəriməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi 16 iyun 2023-cü il tarixli qərardadında da Sabunçu Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli qətnaməsinin 23 mart 2023-cü il tarixdə xəbərnaməli məktubla cavabdehə təqdim edildiyi və şəxsən onun tərəfindən imza edilməklə qəbul edildiyi göstərilmişdir. Cavabdeh isə həmin qətnaməni rəsmi qaydada aldığı vaxtan bir ay müddətində yəni 07 aprel 2023-cü il tarixdə apelyasiya şikayəti vermişdir. Lakin apelyasiya şikayəti elektron qaydada vermədiyindən qərardadla geri qaytarılmış və cavabdeh həmin nöqsanları aradan qaldırmaqla şikayəti elektron şəkildə yenidən təqdim etmişdir. Yəni onun tərəfindən lazımi prosessual hərəkətlərin axımı davam etmiş və dayanmamışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(008)- 1005/2023 saylı qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 fevral 2023cü il tarixli, 2(008)-1005/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair Cavabdeh ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan Cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsi və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(008)- 1005/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tərəfindən verilmiş apellyasiya şikayəti ilk dəfə geri qaytarılması əsası- Azərbaycan Respublikası MPM-nin 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun olmaması olmuşdur. Ona görə də apellyasiya şikayəti geri qaytarılmışdır. Lakin həmin qərardadda həmçinin apelyasiya şikayəti vermə müddətinin buraxılması göstərilməmişdir. Apellyasiya şikayətini 07 aprel 2023-cü il tarixində imzalayaraq göndərmək üçün poçt şöbəsinə vermişdir. İşdə və elektron məhkəmə informasiya sisteminə yerləşdirilmiş həmin poçt vasitəsi ilə göndərdiyi apellyasiya şikayətinin sonunda tarix yerində xx.xx.2023 göstərilmişdir. Hesab etmişdir ki, elə həmin tarixdə də şikayəti vermişdir. Savadı olmadığına xüsusilə hüquqi savadı olmadığına görə müddətin başlama və sonlanma tarixlərini bilməmişdir. Həmçinin müddətin ötürülməsini dərk etməmişdir. Həmçinin qətnaməni 22 mart 2023-cü tarixdə deyil 23 mart 2023-cü il tarixdə əldə etmişdir. Apellyasiya şikayəti rəsmi olaraq poçtla 26 aprel 2023-cü il tarixdə göndərilmişdir. Məhkəmə ötürülmüş müddətin bərpasına dair ərizənin təmin olunmamasını əsaslandırmamışdır. Yəni sadəcə olaraq göstərmişdir ki, müddət ötürülmüşdür. Buna görə müddətin bərpa olunması üçün ərizə vermişdir. Lakin məhkəmə hər hansı əsas gətirmədən ərizəni təmin etməmişdir. Bununla da onun bir tərəf olaraq müdafiə olunmaq və şikayət hüququ məhdudlaşdırılmışdır. Hesab edir ki, rayonda hər dəqiqə istənilən hüquqi yardımı ala bilməməsi, 3-cü qrup əlil olması və apellyasiya şikayətini 07 aprel 2023-cü il tarixdə imzalayaraq göndərməsi və müddətin cəmi 2-3 gün ötürülməsi məhkəmə tərəfindən obyektiv və ədalətli qiymətləndirilərək ötürülmüş müddət üzürlü sayılaraq bərpa olunmalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(008)- 1005/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Cavabdehin nümayəndəsi eyni zamanda vəkili Vəkil “elektron kabinet” vasitəsi ilə ərizə təqdim edərək iş üzrə Cavabdeh 2-ci dəfə ailə qurmasını, onun ikinci nikahdan xx.xx.2023-cü il tarixdə anadan olmuş X6 adlı bir uşağı da olmasını, həmçinin Cavabdeh 3-cü qrup əlil olmasını bildirməklə, həmin halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(008)-1005/2023 saylı qətnaməsi cavabdeh tərəfindən 22 mart 2023-cü il tarixdə “poçt zərfinin xəbərnaməsinə” imza edilməklə qəbul edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti isə 26 aprel 2023-cü il tarixdə birinci instansiya məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360.1-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası MPM-nə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə cavabdeh tərəfindən apellyasiya şikayəti qanuna uyğun olmayan qaydada verildiyindən geri qaytarılmasına baxmayaraq birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, cavabdeh şikayət vermə müddətini əvvəlcə məhkəməyə göndərdiyi şikayətlərdəki nöqsanları aradan qaldırmaqla yenidən verməsi ilə əlaqələndirsə də, iş materiallarından görünür ki, cavabdeh elə ilk apellyasiya şikayətini verdiyi vaxtdan qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Göründüyü kimi cavabeh tərəfindən apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası həmçinin cavabdehin apellyasiya şikayəti verməsi üçün kifayət qədər müddəti olması və müddətin bərpası barədə ərizəsində göstərilən əsasların üzürlü səbəb kimi qəbul edilə bilməməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə də razılaşır. Belə ki, əvvəla müddətin ötürülməsi əsasının ilk dəfə verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadda qeyd edilməməsi cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin ötürülməsi reallığını dəyişdirmir. Çünki cavabdeh tərəfindən qərardaddan verilmiş şikayətdə də apellyasiya şikayətinin 07 aprel 2023-cü il tarixində imzalanmasına baxmayaraq apellyasiya şikayətinin 26 aprel 2023-cü il tarixdə göndərildiyi vurğulanmışdır. Bundan əlavə, cavabdeh həmin müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. Halbuki, buraxılmış müddətin bərpa edilməsi imkanı həmin müddətin davamiyyəti ilə əlaqəli olmalı, hüquq normasından sui-istifadəyə yol açmamalıdır. Şikayət vermək hüququ, konkret şəxsin mülki-mühakimə icraatında fərdi maraqların təminat mexanizmi kimi çıxış edir, lakin bu hüquq, yalnız fərdi maraqların deyil, həm də ictimai maraqların mühafizəsi təyinatına malik olan prosessual qaydaların pozulması hesabına həyata keçirilməməlidir. Bu hüquqdan belə istifadə olunmalıdır ki, mülki mühakimə icraatında fərdi və ictimai maraqlar arasında tarazlıq təmin edilsin. Kollegiya qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün, özü də prosessual hərəkəti edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzürlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 133-cü maddəsində qeyd olunan üzürlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Üzürlü səbəblər sırasına, məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi və s.aid edilə bilər. Hər bir halda konkret səbəbi üzürlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. «Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Həmçinin, qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə şikayəti vaxtında vermək imkanının olmadığını, bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Bu baxımdan, qeyd olunanlara əsasən məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmiş, müddətin bərpasından imtina ilə bağlı gəldiyi bu nəticəsi tam qanuni və işin hallarına uyğundur. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(008) 1005/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar