Məhkəmə qərarları › İş №2(103)-6075/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6075/2025

04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6075/2025 04.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-2476/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında iclasında baxaraq, m ü ə y y ə n e t d i:

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14974 manat məbləğində borcun və 135 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Sabunçu Rayon Məhkəməsinin 2(008)-2476/2025 saylı iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh Damat oğlundan 14974 (on dörd min doqquz yüz yetmiş dörd) manat pul və 135 (yüz otuz beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

3. Cavabdehin nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixində apellyasiya şikayəti və şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpa edilməsinə dair ərizə verərək, prosessual müddəti bərpa edilməsi və apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

4. Rayon Məhkəməsinin 2(008)-2476/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən, apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsinə dair ərizənin təmin edilməməsi, apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

5. Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini, buraxılmış müddətin bərpası haqqında ərizənin təmin edilməsini və apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

6. Şikayət belə əsaslandırılmışdır ki, rayon məhkəməsinin qətnaməsi ilə Cavabdeh Damat oğlundan 14974 manat pul və 135 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdehin belə bir məhkəmə aktının olduğundan xəbəri olmamış, Sabunçu rayon İcra şöbəsinin İcra məmuru X9 tərəfindən cavabdehə zəng edildikdən sonra cavabdeh belə bir məhkəmə aktının olduğundan xəbərdar olmuşdur. Cavabdeh dərhal vəkillə əlaqə saxlayaraq müqavilə bağlamış və işdən tamamilə məlumatsız olduğundan işin araşdırılmasını ondan xahiş etmişdir. Vəkil tərəfindən iş araşdırılarkən hüquqlarını müdafiə etdiyi şəxs Cavabdeh Asan İmzasının olub-olmadığı soruşulmuş və asan imzasının olduğunu, lakin istifadə edə bilmədiyini, arabir direktor olduğu "xxxx" MMC-nin hesabatının verilməsi üçün mühasibat işini bilən şəxslərə verdiyini və mühasibatlıq işləri ilə məşğul olan mühasiblər tərəfindən vergi sistemindən hesabatlar verildiyini bildirmişdir. Qalan hallarda asan imza vasitəsilə digər prosessual hərəkətlər üçün istifadə edilməmişdir. Hüquqlarını müdafiə etdiyi şəxs xx.xx.1952-ci il təvəllüdlüdür və 73 yaşındadır, asan imza ilə vergiyə hesabat verilə biləcəyini bilsə də, onu istifadə etmə qaydalarını bilmir və bacarmır, ümumiyyətlə məhkəmə sistemindən məlumatsızdır. Bununla bağlı yalnız icra məmuru tərəfindən məlumat verildikdə xəbərdar olmuşlar. Tərəfindən Asan imza vasitəsilə məhkəmə elektron kabinetinə daxil olmuş və sistemə əlavə edilmiş sənədlərlə tanış olaraq məhkəmə aktını əldə etmişlər. Hesab edir ki, prosessual müddətin ötürülməsi üzürlü səbəbdən olduğundan bərpa edilməlidir. Apellyasiya məhkəməsinin diqqətinə çatdırır ki, birincisi cavabdeh iddiaçını tanımır və onunla heç vaxt görüşməmişdir. İklincisi iddiaçı saxta sənəd tərtib edib məhkəməyə təqdim etmişdir. Bu sənədin saxta olduğunu bildiyindən artıq prokurorluq orqanlarına müraciət etmişlər. Üzürlü səbəbə görə ötürülmüş müddət bərpa olunmasa iddiaçı tərəfindən tərtib edilmiş və cavabdehin imzası çəkilmiş saxta sənədə məhkəmələr tərəfindən hüquqi qiymət verilmədən süni əsaslarla cavabdehə xeyli miqdarda zərər vurulacaqdır. Cavabdeh 73 yaşında bir şəxsdir. Asan imza işlədə bilmir. Ona məhkəmə qətnaməsi göndərilməyib. Qətnamə bu və ya digər formada ona təqdim edilməyibdir. Həmçinin diqqətə çatdırır ki, xx.xx.2025-ci il tarixli qətnamədə iddiaçı bildirmişdir ki, cavabdeh 2024-cü ilin 14 oktyabrında ona cəmi 360 manat pul vermiş, bundan sonra heç bir ödəniş etməmişdir. Lakin iddiaçı tərəfindən ödənilməsinə dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Həmçinin iddiaçı hazırki öhdəliyin yaranma əsası kimi cavabdeh ilə iddiaçının atasının arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi olduğunu bildirsə də, bunu təsdiq edəcək sənədi məhkəməyə təqdim etməmişdir. Bundan əlavə bildirir ki, iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli aktda “Cavabdeh Damat oglu 14 oktyabr 2024-cü il tarixdə İddiaçı Balahuseyn qızından Salyan rayonu Yanacaq doldurma məntəqəsində 14974 manat borc almışdır. Borcun 1 ay muddətində, yəni 14 noyabr 2024-cü il tarixədək qaytarılması aktda təsdiq edilmişdir." Sübutlar bir-birini inkar edir. Bir tərəfdən iddia edir ki, borc atası ilə cavabdehin mal alışından irəli gəlmişdir. Aktda isə cavabdehin birbaşa iddiaçıdan, yanacaq doldurma məntəqəsində aldığı iddia edilir. Həmçinin iddiaçı iş üzrə şahidlərin dindirilməsi üçün məhkəməyə vəsatət təqdim etmiş, lakin şahidlərin dindirilməsi halı qətnamədə öz əksini tapmamışdır.

7. Rayon Məhkəməsinin eyni nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

10. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, rayon məhkəməsinin qərardadı ləğv edilməli və ərizə təmin edilməlidir.

11. Belə ki, rayon məhkəməsi həmin qərardadında qeyd etmişdir ki, “Elektron məhkəmə” İnformasiya Sistemi məlumatlarından müəyyən olunur ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)-2476/2025 saylı qətnaməsi xx.xx.2025-ci il tarixdə elektron kabinetə yerləşdirilmişdir. Mülki işin elektron kabinetindən görünür ki, Cavabdeh elektron kabineti xx.xx.2022-ci il tarixdən mövcuddur. Mülki işin elektron kabinetindən həmçinin müəyyən edilir ki, sözügedən qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə verilmişdir. Beləliklə məhkəmə ərizəni araşdıraraq qeyd edir ki, cavabdehin qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin səbəblərini məhkəməyə bildirsə də, məhkəmə tərəfindən qeyd edilmiş səbəblər üzürlü hesab edilmədiyindən ərizə rədd edilməli və apellyasiya şikayəti Cavabdeh geri qaytarılmalıdır

12. Məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsinin həmin mövqeyi əsaslı sayıla bilməz və bununla bağlı aşağıdakıları qeyd edir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

14. Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, qətnamə xx.xx.2025-ci il tarixdə elektron kabinetinə yüklənmiş olsa da, cavabdeh xx.xx.1952-ci il təvəllüdlüdür və 73 yaşındadır. O, elektron kabinetdən istifadə qaydalarını bilmir. Asan İmzası olsa da, ara-bir direktor olduğu "xxxx" MMC-nin hesabatının verilməsi üçün mühasibat işini bilən şəxslərə verdiyini və mühasibatlıq işləri ilə məşğul olan mühasiblər tərəfindən vergi sistemindən hesabatlar verildiyini bildirmişdir. Qalan hallarda asan imza vasitəsilə digər prosessual hərəkətlər üçün istifadə edilməmişdir.

15. Məhkəmə kollegiyası şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehin xx.xx.1952-ci il təvəllüdlü olmasını nəzərə aldıqda onun elektron kabinetdən istifadə edə bilməməsi ağlabatan və inandırıcı hesab olunur. Belə ki, qətnamənin elektron kabinetə yerləşdirilməsi hələ həmin qərarın bütün hallarda şəxsə çatdırılması demək deyil, bunun üçün əlçatanlıq olmalıdır. Əlçatanlıq isə təkcə şəxsin elektron kabinetinin mövcudluğu ilə izah oluna bilməz. Bu zaman şəxsin həmin elektron vasitələrdən istifadə imkanının olması da əhəmiyyətlidir. Nəzərdən qaçırmaq olmaz ki, məhkəmələrdə elektron sistemin tətbiqində güdülən əsas məqsəd məhz şəxslərin hüquqlarının güvənli təmin edilməsi, onlar üçün məhkəməyə müraciətlərin, eləcə də məlumatların əldə olunmasının asan və əlçatan olmasına şərait yaratmaqdan ibarətdir. Başqa sözlə desək, məhkəmələrdə elektron sistemin tətbiqi heç bir halda şəxslərin hüquqlarının məhdudlaşdırılmasına, xüsusən də onların məhkəməyə müraciət imkanının çətinləşdirilməsi və ya heçə endirilməsinə gətirib çıxarmamalıdır. Belə bir yanaşma məhkəmələrdə qeyd edilən yeniliklərin tətbiqində güdülən əsas məqsədlərlə ziddiyyət təşkil etmiş olardı. Heç kəsə sirr deyil ki, bizim cəmiyyətimizdə hazırkı işdəki Cavabdeh yaşında olan insanların böyük əksəriyyəti elektron informasiya sahəsinə aid ən adi biliklərə malik deyillər. Bu baxımdan, hazırkı işdə olduğu kimi, yaşlı insanlardan günümüzün sürətlə inkişaf edən və dəyişən texniki yenilikləri bilməsini və həmin yaşlı insanlardan yeni qaydalara ciddi əməl edilməsini tələb etmək öz-özlüyündə əsaslı və ədalətli olmamaqla yanaşı, həm də ədalət mühakiməsinin özünün maraqlarına da cavab vermir.

16. Belə olan halda, Məhkəmə kollegiyası hazırkı mülki işin yuxarıda qeyd edilən hallarını və şikayətin dəlillərini nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi üçün ötürülən müddət üzürlü hesab olunmalıdır, rayon məhkəməsi müddətin ötürülməsi qənaətinə gəlməkdə və apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmamışdır.

17. Nəzərdən qaçırmaq olmaz ki, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlətin pozitiv öhdəlikləri mövcuddur. Bu öhdəliklər məhkəməyə müraciət edən şəxslərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqi yardımın göstərilməsi və sairlə yanaşı, həm də qeyd-şərtsiz və davamlı olaraq hüquqların izah edilməsini nəzərdə tutur.

18. Təsadüfi deyildir ki, məhkəmələrin bu öhdəlikləri MPM-in məhkəmə baxışının prinsiplərini müəyyən edən normasında (14-cü maddəsində) təsbit olunmuşdur.

19. Məcəllənin 14.1-ci maddəsində imperativ olaraq müəyyən olumuşdur ki, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

20. “Beles və digərləri Çexiya Respublikasına qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir: Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən ədalətli məhkəmə araşdırması hüququ qanunun aliliyi baxımından şərh olunmalıdır, bu tərəflərə öz hüquqlarını müdafiə etməyə imkan verən səmərəli hüquqi müdafiə vasitələrinə malik olmalarını tələb edir.

21. Məhkəməyə çatım hüququ “praktiki və effektiv” olmalıdır (Bellet Fransaya qarşı iş). Çatım hüququnun effektiv olmaslı üçün fərd “hüquqlarına müdaxilə təşkil edən bir hərəkətə etiraz etmək üçün aydın və praktiki imkana“ malik olmalıdır (Bellet Fransaya qarşı, X6rşı işlər).

22. “X2rşı”, “Zvolsky və Zvolska Çexiya Respublikasına qarşı” işlərdə Avropa Məhkəməsi vurğulamışdır ki, “apellyasiya şikayəti və ya məhkəmə qərarına yenidən baxılması üçün milli qanunvericiliklə müəyyən edilmiş qaydalar və bu qaydaların tətbiq olunması mübahisə tərəflərini mövcud hüquqi müdafiə vasitələrindən istifadəsinə mane olmamalıdır”.

23. “X1rşı”, “Philis Yunanıstana qarşı” və digər işlərdə Avropa Məhkəməsi qeyd etmişdir ki: “müəyyən hüquq subyektlərinin məhkəmə icraatını başlamasına maneə təşkil edən prosessual qaydalar “məhkəmə hüququ və məhkəməyə çatım hüququ” nun pozulmasına gətirib çıxara bilər.

24. Avropa Məhkəməsi bir çox qərarlarında, o cümlədən də Centro Europa 7 S.R.L. və X10rşı 2012-ci il işində göstərmişdir ki, “... qanun həm də müəyyən keyfiyyət standartlarına cavab verməlidir”, “... norma vətəndaşlara öz davranışlarını tənzimləmək imkanı vermək üçün kifayət qədər dəqiqliklə ifadə olunmadığı halda qanun hesab edilə bilməz...”, “... müvafiq olaraq, bir çox qanun labüd olaraq, daha çox və ya az dərəcədə qeyri-müəyyən ifadələrlə formulə edilmişdir və onların təfsiri və tətbiqi təcrübənin işidir... ”

25. Bundan əlavə, Avropa Məhkəməsinin qəti bərqərar olmuş mövqeyinə görə məhkəməyə olan hüquq yalnız məhkəmə icraatı başlatmaq hüququnu deyil, həmçinin mübahisənin məhkəmə tərəfindən həll edilməsinə nail olmaq hüququnu da ehtiva edir (Beneficio X4rşı iş).

26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün presedent hüququnun inkişafı baxımından qərarlarında dəfələrlə göstərmişdir ki, durmadan inkişaf edən ictimai münasibətlər zəminində hüquq münasibətləri də inkişaf edir və dəyişir. Bu baxımdan da hüququn inkişafı və müvafiq olaraq əvvəlki mövqelərdən fərqli mövqelərin ortaya çıxması qaçılmazdır.

27. Bundan başqa, Ali Məhkəmənin apellyasiya şikayətlərinin qeyri-mümkünlüyü ilə bağlı qərardadlardan verilmiş şikayətlərə əsasən qəbul etdiyi qərarların təhlilindən də müəyyən olunur ki, kassasiya instansiyası məhkəməsi məhkəməyə çatım hüququnun “praktiki və effektiv” olması ilə bağlı Avropa Məhkəməsinin qəti bərqərar olmuş mövqeyinə əsasən apellyasıya instansiyası məhkəmələrinin eyni - formal əsaslarla apellyasiya şikayətlərinin qeyri-mümkün hesab edilməsinə dair qərardadlarını əsassız hesab edərək, onları ləğv etmişdir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

29. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

30. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Sabunçu Rayon Məhkəməsinin 2(008)-2476/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv olunsun. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş müddətin bərpasına dair ərizəsi təmin edilsin və onun tərəfindən müddətin ötürülməsi səbəbi üzürlü hesab edilərək bərpa edilsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olduğundan, onun şikayəti mümkün hesab edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar