Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6077/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X15 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçının nümayəndəsi X6, vəkili X7, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı və cavabdeh "xxxx" ASC-nin tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayonunun Cəyli kəndində yerləşən fərdi yaşayış evində 21 mart 2016-cı il tarixdə baş vermiş yanğın hadisəsi nəticəsində ona dəymiş 80000 manat maddi ziyanın cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətdən alınıb, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayonunun Cəyli kəndində yerləşən fərdi yaşayış evində 21 mart 2016-cı il tarixdə baş vermiş yanğın hadisəsi nəticəsində fərdi yaşayış evinə dəymiş 80000 manat və yaşayış evinin içərisindəki əşyalara dəymiş 40000 manatdan çox maddi ziyanın cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətdən alınıb, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, iddiaçı Kürdəmir rayonunun Cəyli kəndində qeydiyyatda olmaqla hazırda da həmin kənddə yaşayır. 21 mart 2016-cı il tarixdə yaşadıqları iki mərtəbəli fərdi yaşayış evində gecə saatlarında onlar yatmış vəziyyət onlara məlum olmayan səbəbdən yanğın hadisəsi baş vermiş və yaşadıqları ev tamamilə yanaraq məhv olmuşdur. Yanğını görən qonşuların səsinə yuxudan oyanan iddiaçının oğlu Vazeh evin yanması barədə dərhal onlara məlumat verib evdə olan bütün ailə üzvlərini evdən çıxararaq dərhal yanğın hadisəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 101 xidmətinə zəng edib məlumat vermişdir. Hadisə yerinə gələn yanğın söndürənlər yanğının qarşısını alaraq başqa qonşu binalarına keçməsinə imkan verməsələr də, iddiaçının yaşadığı ev tamamilə yanaraq məhv olmuşdur. Evdə baş verən yanğın hadisəsinin səhəri günü məlum olmuşdur ki, kəndi qidalandıran transformatorda elektrik enerjisinin birdən-birə artması nəticəsində nasazlıq yaranmış və nəticədə stablizator vasitəsi ilə elektrik şəbəkəsinə qoşulmuş soyuducudan baş verməsi müəyyən edilmişdir ki, buna da birbaşa X5 həmin işə bilavasitə cavabdeh olan şəxslərinin günahı üzündən baş vermişdir. Belə ki, həmin gecə elektrik enerjisinin qəflətən artması nəticəsində kənddə yaşayan bir çox sakinlərin evlərində olan elektrik avadanlıqları sıradan çıxmışdır. Evdə baş vermiş yanğının səbəblərini araşdıran Fövqəladə Hallar Nazirliyinin əməliyyat istintaq idarəsində əvvəllər yanğın hadisəsinin X5 məsul işçilərinin səhlənkarlığı nəticəsində baş verməsi qənaətinə gəlsələr də, sonradan yanğın hadisəsinin guya evdə elektrik naqillərində baş vermiş qısa qapanma nəticəsində elektrik şəbəkəsinə qoşulmuş vəziyyətdə qalan soyuducuda baş vermiş nasazlıq səbəbindən baş verməsi qənaətinə gəldilər. Buna görə də baş vermiş yanğın hadisəsi nəticəsində əməldə cinayət tərkibinin olmadığı qənaətinə gəlinərək X5 vəzifəli şəxslərinin əməllərinə hüquqi qiymət verilməsi məsələsinin həll edilməsi üçün materiallar aidiyyəti üzrə Baş prokurorluq vasitəsilə Kürdəmir rayon prokurorluğuna göndərilmişdir. Kürdəmir rayon prokurorluğunda isə yanğın hadisəsinin baş verməsinə səbəb olan şəraiti tapmaq və buna cavabdeh olan vəzifəli şəxsi cəzalandırmaq və iddiaçıya dəyən maddi ziyanın ödənilməsi üçün qanuni tədbirlər görmək əvəzinə, iddiaçını üzərinə birbaşa hücuma keçərək guya iddiaçının oğlu Vazehin evdə çəkilən elektrik naqillərinin yaxşı materiallardan olmadığını (yalançı məlumat) əsas gətirib bütün məsuliyyəti demək olar ki, iddiaçının üzərinə qoyaraq hansı maraq baxımından yanğın hadisəsinə görə məsuliyyət daşıyan Kürdəmir EŞ-nin vəzifəli şəxslərinə heç bir söz deyilməmiş, onların əməlində cinayət tərkibinin olmaması qənaətinə gəlinərək cinayət işinin başlanılması rədd edilmişdir. Halbuki Kürdəmir rayon prokurorluğunda aparılan araşdırma zamanı şahid qismində dindirilmiş kənd sakinləri yanğın hadisəsi baş verən gecə–21.03.2016-cı il tarixdə elektrik enerjisinin qəflətən artıb azalması nəticəsində onların da evlərində olan elektrik avadanlıqlarının yanaraq sıradan çıxmasını göstərmiş, lakin araşdırma aparan prokuror köməkçisi bu xüsusatların üstündən sükutla keçərək həmin şahid ifadələrinə heç bir hüquqi qiymət verməmişdir. Bu da işin müsbət həll olunmasına öz mənfi təsirini göstərmişdir. Yanğın baş verən gecə digər sakinlərin də evində olan elektrik cihazlarının sıradan çıxması yanğın hadisəsinin cavabdehin təqsiri üzündən baş verməsini təsdiq edir. Yanğın hadisəsindən sonra iki ildən artıq müddət ərzində iddiaçının müraciət etmədiyi dövlət orqanı qalmamışdır, lakin bu günədək müsbət nəticə əldə olunmamışdır. Yanğın nəticəsində evlə bərabər, evdə olan əşyalar da yanmışdır. Nəticədə iddiaçıya külli miqdarda ziyan dəymişdir. İddiaçıya dəymiş ziyan bu günədək ödənilmədiyi üçün o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, dəymiş maddi ziyana görə 60600 (altmış min altı yüz) manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən alınaraq, İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin təmin edilməyən hissədə ləğv edilərək, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbi ilə eynilik təşkil etməklə, orada qeyd olunur ki, iş materiallarında olan Fövqaladə Hallar Nazirliyinin İstintaq İdarəsinin aktında əmlakın bərpa edilmə dəyəri 80000 manat göstərilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi bu faktı araşdırmamış, yalnız ekspertin rəyinə əsaslanaraq qətnamə qəbul etmişdir. Eyni zamanda, məhkəməyə ev əşyalarının siyahısı təqdim edilmişdir. Həmin əşyaların siyahısı şahidlərin ifadələri ilə və Kürdəmir rayon İcra Hakimiyyətinin Cəyli Kənd İnzibati Ərazi İdarəsinin möhürü ilə təstiqlənmişdir. Bu faktla bağlı məhkəmə 3 dəfə ekspertiza təyin etmiş, lakin, ekspertiza zamanı əşyaların dəyərini müəyyən etmək mümkün olmamışdır. Qətnamədən cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin qismən təmin edilən hissədə ləğv edilməsini, iddianın həmin hissədə də təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, mülki iş üzrə keçirilmiş ekspertizanın nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 noyabr 2018-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, yanğının mənbəyi fərdi yaşayış evinin birinci mərtəbəsində üzbəüz durduqda sol tərəfdə yerləşən otağın daxilində otağa girişdən sağ tərəfdə soyuducu yerləşən hissədə olmuşdur. Yanğın mənbə zonasından inkişaf edərək otağa, otaqdan tavan vasitəsilə ikinci mərtəbədə yerləşən otağa, burdan da evin çardağı vasitəsilə ikinci mərtəbədə yerləşən otaqlara yayılmışdır. Rəyə əsasən baş vermiş hadisənin bilavasitə texniki səbəbini tam müəyyən etmək mümkün olmamışdır. Hadisə ilə bağlı eyni nəticəyə həm də yanğınla bağlı araşdırma aparmış Kürdəmir rayon prokurorluğunun faktla bağlı cinayət işi başlanmasının rədd edilməsi haqqında 29 iyul 2016-cı il tarixli qərarında gəlinmişdir. İstinad edilən qərarda qeyd edilir ki, Cəyli kəndində hadisə baş verən gün və əvvəlki günlərdə elektrik transformatorundan artıq gərginlikli enerji verilməsi kənd sakinlərinin izahatlarında göstərilsə də, yanğın hadisəsinin konkret olaraq qeyd olunan səbəbdən baş verməsi faktı təsdiqini tapmamışdır. Belə ki, FHN-in Əməliyyat və İstintaq İdarəsində aparılan araşdırma nəticəsində yanğın hadisəsinin yaşayış evində soyuducunun şəbəkəyə qoşulu qalması səbəbindən daxili elektrik naqillərində qısa qapanma üzündən baş verməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 noyabr 2018-ci il tarixli rəyində qeyd edilmişdir ki, baş vermiş yanğın hadisəsi zamanı qüvvədə olan hansı normativ aktların tələblərinin kimlər tərəfindən pozulması barədə tədqiqat aparılmamışdır. Buna baxmayaraq, məhkəmə yanğının evin elektrik naqillərində nasazlıq səbəbindən baş vermədiyini, evə elektrik enerjisinin verilməsini təmin edən elektrik xəttlərində problem olduğunu, bununla bağlı da cavabdehin məsuliyyət daşıdığını müəyyən etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli, 2(103)- 2767/2020 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Nəsimi rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli, 2(006)-377/2019 saylı qətnaməsi qismən, İddiaçı məxsus evdəki əşyalara 21.03.2020-ci il tarixdə yanğın nəticəsində vurulmuş zərərlə bağlı hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələblərinin həmin hissədə qismən təmin edilməsi, cavabdeh "xxxx" ASC-dən fərdi yaşayış evindəki əşyalara dəymiş zərərlə bağlı 30144 (otuz min yüz qırx dörd) manat pulun alınaraq İddiaçı ödənilməsi, cavabdeh "xxxx" ASC-nin apellyasya şikayətinin təmin edilməməsi qət olunmuşdur. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli, 2(103)-2767/2020 saylı qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020ci il tarixli, 2(103)-2767/2020 saylı qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2021-ci il tarixli, 2(102)-2579/2021 saylı qətnaməsi ilə cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli, 2(103)-2767/2020 saylı qətnaməsi ləğv edilməsi, yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi, İddiaçı kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X12, vəkili X13 öz apellyasiya şikayətlərini müdafiə edib, cavabdeh tərəfin apellyasiya şikayətini qəbul etməyərək, iddia tələbi və öz apellyasiya şikayətlərində göstərilənlərə uyğun məzmunda izahat verərək, öz apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X14 öz apellyasiya şikayətlərini müdafiə etdi, iddiaçı tərəfin apellyasiya şikayətini qəbul etmədi, öz apellyasiya şikayətlərində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin təmin olunan hissədə ləğv edilərək, iddianın rədd edilməsini xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti təmin edilməli, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli, 2(006)-377/2019 saylı qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, o, İddiaçı qonşusudur, Kürdəmir rayonunun Cəyli kəndində yaşayır. 21 mart 2016-cı il tarixdə gecə saatlarında evlərində işıq artıb-azalmağa başladı. Ümumiyyətlə, həmin tarixdən əvvəl son bir neçə ay ərzində işıqda tez-tez problemlər olurdu. 21 mart 2016-cı ildə işığın artıb-azalması nəticəsində onların evində soyuducu, modem, stablizator, su qızdırıcı yanaraq xarab oldu. Bir neçə qonşunun evində də elektrik cihazları yanmışdır. Həyat yoldaşı ona bildirdi ki, Şurəligilin evi yanır. Onlar tez həmin yerə getdilər. Ev dam hissəsindən yanırdı, aşağı mərtəbədə yanğın yox idi. Sonra yanğın şiddətləndi və ev yanaraq yararsız hala düşdü. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, o, İddiaçı qonşusudur, Kürdəmir rayonunun Cəyli kəndində yaşayır. 21 mart 2016-cı il tarixdə gecə saatlarında evlərində işıq artıb-azalmağa başladı. Evində televizor yanaraq xarab oldu. Həmin günü qonşusu Şurəligilin evi yandı. O da digər qonşular kimi ora getmişdir. Ev dam hissəsindən, üst hissədən yanırdı, aşağı mərtəbədə yanğın yox idi. Hazırda ev yararsız haldadır. Kəndlərindəki transformatorda tez-tez problemlər olurdu. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, o, İddiaçı qonşusudur, Kürdəmir rayonunun Cəyli kəndində yaşayır. 21 mart 2016-cı il tarixdə gecə saatlarında evlərində işıq artıb-azalmağa başladı. Nəticədə lampalar partladı, televizor tüstüləyərək yandı. Bir neçə qonşunun evində də elektrik cihazları yanmışdır. Kəndlərindəki transformatorda teztez problemlər olurdu. Həmin günü bildi ki, Zahra xanımgilin evi yanır. O, tez həmin yerə getdi. Ev dam hissəsindən yanırdı. O, öz mənzilininnaqillərinin 2015-ci ildə dəyişmişdir, yanğın baş verən vaxtı onun mənzilindəki xətlər təzə olub. Lakin ümumi xətlərdə və transformatorda problem olduğuna görə həmin hadisələr baş vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, o, iddiaçının qızıdır. 21.03.2016-cı ildə evlərində işıq artıb-azalmağı başlamışdır. Onlarda həmişə belə problemlər olurdu, çünki transformator və kəndin elektrik xətləri köhnə idi, hər gün müxtəlif problem olurdu. Həmin gün evlərində yanğın başladı. Evin damında yanğın başlamışdır. Sonra isə evləri tamamilə yandı. Evdə onların əşyaları, gəlinin cehizləri, bacısının əşyaları vardı. Hamısı yanıb sıradan çıxdı. Hazırda evləri yararsızdır. Müxtəlif dövlət orqanlarına müraciət etsələr də, nəticəsi olmamışdır. Bu günə qədər onlara dəyən ziyan ödənilmir İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 noyabr 2018-ci il tarixli 27061 nömrəli ekspert rəyindən görünür ki, yanğının mənbəyi fərdi yaşayış evinin birinci mərtəbəsində üzbəüz durduqda sol tərəfdə yerləşən otağın daxilində otağa girişdən sağ tərəfdə soyuducu yerləşən hissədə olmuşdur. Yanğın mənbə zonasından inkişaf edərək otağa, otaqdan tavan vasitəsi ilə ikinci mərtəbədə yerləşən otağa, buradan da evin çardağı vasitəsi ilə ikinci mərtəbədə yerləşən otaqlara yayılmışdır. Mənbə zonasında, yəni evin birinci mərtəbəsində sol tərəfdə yerləşən otaqda hadisə ərəfəsində istilik ixrac edə bilən texniki qurğulardan yeganə olaraq soyuducunun gərginliyə qoşulu vəziyyətdə olduğunu nəzərə aldıqda, yanğın otağın və ya soyuducunun elektrik naqillərində baş vermiş elektrik qəza (qısa qapanma və s.) hallarından baş verməsi üçün xarakterikdir. Baxış zamanı hadisə yeri yanğından sonrakı qalıqlardan təmizləndiyi üçün, eləcə də otağın daxili elektrik xətləri və otaqda gərginliyə qoşulu olan soyuducu hadisədən sonra çıxarılaraq atıldığından baş vermiş hadisənin bilavasitə texniki səbəbini tam müəyyən etmək mümkün olmadı. Bununla da baş vermiş yanğın hadisəsi zamanı qüvvədə olan hansı normativ aktların tələblərinin kimlər tərəfindən pozulması barədə tədqiqat aparılmadı. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2019-cu il tarixli 27326 nömrəli ekspert rəyindən görünür ki, Kürdəmir rayonu Cəyli kəndində yerləşən, İddiaçı məxsus olan fərdi yaşayış evində 21 mart 2016-cı il tarixdə baş vermiş yanğın nəticəsində həmin evin bərpası üçün mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 60600 manat məbləğində pul vəsaitinin tələb olunduğu müəyyən edilir. İş materiallarından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 sentyabr 2020-ci il tarixli, 9/2032 saylı ekspert rəyinə əsasən iddia ərizəsində qeyd edilən, tədqiqata təqdim olunmayan malların istifadə olması nəzərə alınmaqla normal vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 30144,0 manat müəyyən olunur. Həmin malların adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1096.2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın 10.1, 10.7, 19.17, 10.18.8, 10.18.8-ci bəndlərinə istinad edərək, iddianı qismən təmin edərkən aşağıdakıları qeyd etmişdir: İddiaçıya məxsus Kürdəmir rayonu, Cəyli kəndində yerləşən fərdi yaşayış evi 21 mart 2016cı il tarixdə yanmışdır. İş üzrə keçirilmiş ekspert rəyindən görünür ki, yanğın mənzilin elektrik naqillərində baş vermiş elektrik qəza (qısa qapanma və s.) hallarından baş verməsi üçün xarakterikdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid ifadələri və iş materialları ilə müəyyən edildi ki, həmin tarixdə qeyd olunan kənddə mənzilləri elektrik enerjisi ilə təmin edən elektrik xətləri normal vəziyyətdə olmamış, elektrik enerjisinin verilməsində tez-tez problemlər və qəza olmuş, həmin tarixdə kənddə yerləşən digər evlərdə də elektrik enerjisinin verilməsində problemlər olmuş, digər qonşuların mənzillərində də elektrik avadanlıqları yanaraq xarab olmuşdur. Göründüyü kimi, yanğın evin elektrik naqillərində nasazlıq səbəbindən baş verməmiş, evə elektrik enerjisinin verilməsini təmin edən elektrik xətlərində problem olmuşdur (evə qədər). Sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, elektrik enerjisinin keyfiyyət göstəricilərini qüvvədə olan standartların tələblərinə uyğun saxlamağa, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və qəzaya və yanğına qarşı təhlükəsizlik texnikası üzrə tədbirlərin həyata keçirilməsinə isə cavabdeh məsuliyyət daşıyır. İş üzrə keçirilmiş ekspert rəyinə əsasən Kürdəmir rayonu Cəyli kəndində yerləşən, İddiaçı məxsus olan fərdi yaşayış evində 21 mart 2016-cı il tarixdə baş vermiş yanğın nəticəsində həmin evin bərpası üçün mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 60600 manat məbləğində pul vəsaiti tələb olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi evə dəymiş ziyanın ödənilməsi hissəsində qismən təmin edilərək dəymiş ziyana görə 60600 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Kollegiya ilk olaraq qeyd edir ki, kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi baş vermiş yanğın hadisəsi ilə cavabdeh təşkilatın hərəkəti arasında səbəbli əlaqənin olub-olmamasını müəyyən etmək üçün sübutlara tam və hərətərəfli baxmamış, bu halın müəyyən etmək üçün mütəxəssis rəyinin alınması məsələsini müzakirə etməmiş, həmçinin keçirilmiş ekspertiza qarşısında bununla bağlı sualların qoyulmadığını nəzərə almamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Qeyd olunanlara münasibətdə kollegiya aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Kollegiya hesab edir ki, iddiaçı və cavabdeh arasında mübahisəyə mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn öhdəliklərə dair normalar tətbiq edilməlidir. Göründüyü kimi, maddi zərərlə bağlı öhdəliyin əmələ gəlməsi üçün mülki hüquq pozuntusu (delikt) mövcud olmalıdır. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq, maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Hazırki halda zərərin baş verməsi halı müəyyən olunsa da, bunun cavabdeh "xxxx" ASC-nin əməkdaşlarının qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz hərəkət (hərəkətsizlik) ilə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin “Təhqiqat materialının aidiyyəti üzrə göndərilməsi haqqında” 08 iyun 2016-cı il tarixli qərarına əsasən 21.03.2016-cı il tarixdə Kürdəmir rayonu, Çəyli kənd sakini, X11 məxsus fərdi yaşayış evində baş vermiş yanğınla əlaqədar əməldə cinayət tərkibinin olmadığını nəzərə alaraq cinayət işinin başlanılmasının rədd edilməsi, X5 vəzifəli şəxslərinin əməllərinə hüquqi qiyimət verilməsi üçün materialın aidiyyəti üzrə göndərilməsi qərara alınmışdır. Həmin qərarda qeyd olunmuşdur ki, yanğının baş verməsinə səbəb fərdi yaşayış evində soyuducunun şəbəkəyə qoşulu qalması nəticəsində daxili elektrik naqillərində qısa qapanmanın yaranması olmuşdur (i/v 20). Kurdəmir rayon prokurorluğunun “Cinayət işinin maşlanılmasının rədd edilməsi haqqında” 29 iyul 2016-cı il tarixli qərarına əsasən X8 21 mart 2016-cı il tarixdə evinin yanması hadisəsi ilə bağlı X5 aidiyyəti üzrə vəzifəli şəxslərin barəsində toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, yanğından sonra evin elektrik sayğacında heç bir qüsur olmamış, sayğac işlək vəziyyətdə olmuşdur. Çəyli kəndində hadisə baş verən gün və əvvəlki günlərdə elektrik transformatorundan artıq gərginlikli enerji verilməsi kənd sakinlərinin izahatlarında göstərilsə də, yanğın hadisəsinin konkret olaraq qeyd olunan səbəbdən baş verməsi faktı təsdiqini tapmamışdır. Belə ki, FHN-nin Əməliyyat və İstintaq İdarəsində aparılan araşdırma nəticəsində yanğın hadisəsinin yaşayış evində soyuducunun şəbəkəyə qoşulu qalması nəticəsində daxili elektrik naqillərində qısa qapanmanın baş verməsi müəyyən edilərək toplanmış material üzrə qeyd olunan xüsusatlarla bağlı cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar ləğv edilməyərək hazırda qüvvədədir. Azərbaycan Respublikası Baş X1 ünvanladığı 16.05.2018-ci il tarixli, 04-17072 saylı məktubuna əsasən araşdırma zamanı X5 aidiyyəti üzrə vəzifəli şəxslərinin təqsirinin olması faktı müəyyən edilmədiyindən, material üzrə vəzifəli şəxslərin təqsirinin olması faktı müəyyən edilmədiyindən, material üzrə 29.07.2016-cı il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Material tələb olunaraq Baş Prokurorluqda öyrənilmiş, qəbul edilmiş qərarın ləğv edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Qərardan narazı qalacağı təqdirdə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bundan əlavə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyun 2021-ci il tarixli, 2(103)-6077/2021 saylı qərardadı ilə təkrar məhkəmə yanğın-texniki ekspertizası təyin olunmuş, ekspertizasının keçirilməsinə Azərbaycan Respublikası Energetika Nazirliyinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Hazirliyinin mütəxəsisləri cəlb olunmuşlar. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 03 noyabr tarixli, 10/3888 saylı ekspert rəyinə əsasən, 07 oktyabr 2021-ci il tarixdə keçirilmiş baxış zamanı hadisə yerinin ilkin vəziyyətdə olmadığından mütəxəssislər tərəfindən 21 mart 2016-cı il tarixində baş vermiş yanğın hadisəsinin baş vermə səbəbinin müəyyən etmək mümkün olmadığının göstərildiyindən ekspertizaya təqdim edilmiş mülki iş materiallarında da yanğının mənbəyi və səbəbini müəyyən edən məlumatların (yanğının termiki təsirinin izləri, onların bir-birinə olan nisbi xarakteri, mənbə əlamətləri, istilik ixrac edə bilən qurğuların vəziyyəti, elektrotexniki qurğularında elektrik təbiətli qəza halları barədə məlumatların və s.) kifayət qədər olmadığından, Kürdəmir rayonunun Cəyli kəndində yerləşən X4 məxsus yaşayış evində 21 mart 2016-cı ildə baş vermiş yanğın hadisəsi ilə əlaqədar "xxxx" ASC-nin işçiləri tərəfindən normativ hüquqi aktların (yanğın təhlükəsizlik qaydalarının və s.) tələblərinin pozulub-pozulmaması, pozulduğu halda isə həmin tələblərin pozulması ilə baş vermiş hadisə arasında texniki cəhətdən səbəbli əlaqənin olub-olmamasını müəyyən etmək mümkün deyildir. Qeyd olunur ki, baş vermiş yanğın hadisəsi ilə əlaqədar hər hansı bir şəxsin, həmçinin "xxxx" ASC-nin işçilərinin hərəkəti (hərəkətsizliyi) arasında səbəbli əlaqənin olub-olmamasının müəyyən edilməsi hüquqi xarakter daşıdığından məhkəmə yanğın-texniki ekspertizasının həll etdiyi məsələlər dairəsindən kənardadır. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza rəyləri mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükütəkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qeyd etmişdir ki, həmin tarixdə qeyd olunan kənddə mənzilləri elektrik enerjisi ilə təmin edən elektrik xətləri normal vəziyyətdə olmamış, elektrik enerjisinin verilməsində tez-tez problemlər və qəza olmuş, həmin tarixdə kənddə yerləşən digər evlərdə də elektrik enerjisinin verilməsində problemlər olmuş, digər qonşuların mənzillərində də elektrik avadanlıqları yanaraq xarab olmuşdur. Göründüyü kimi, yanğın evin elektrik naqillərində nasazlıq səbəbindən baş verməmiş, evə elektrik enerjisinin verilməsini təmin edən elektrik xətlərində problem olmuşdur (evə qədər). Göründüyü kimi qeyd olunan hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, əksinə yanğın hadisəsinin yaşayış evində soyuducunun şəbəkəyə qoşulu qalması nəticəsində daxili elektrik naqillərində qısa qapanmanın baş verməsi səbəbindən olması müəyyən olunmuşdur. Bu hal həmçinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin “Təhqiqat materialının aidiyyəti üzrə göndərilməsi haqqında” 08 iyun 2016-cı il tarixli qərarı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 noyabr 2018-ci il tarixli 27061 nömrəli ekspert rəyi, Kurdəmir rayon prokurorluğunun “Cinayət işinin maşlanılmasının rədd edilməsi haqqında” 29 iyul 2016-cı il tarixli qərarı ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya şahid ifadələrinə iş üzrə tədqiq edilmiş digər sübutlarla birlikdə qiymət verərək, hesab edir ki, həmin ifadələr mötəbər sübut kimi qəbul oluna bilməz. Belə ki, şahidlər işığın artıb-azalması nəticəsində onların da avadanlıqlarının sıradan çıxmasını qeyd etsələr də, bununla bağlı işdə heç bir mötəbər sübut mövcud deyildir. Digər tərəfdən şahidlər iddiaçı ilə qonşuluqda yaşamaqla, sonuncunun xeyrinə ifadə vermişlər. “Yanğın təhlükəsizliyi Qaydaları”nın 1.10.2-ci bəndinə əsasən öz mülkiyyətində (istifadəsində) olan binalarda və tikililərdə, nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin təsdiq etdiyi siyahılara uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri və yanğına qarşı avadanlıq saxlamaq kimi tələbləri fiziki şəxslər (vətəndaşlar) yerinə yetirməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 3.4-cü bəndinə əsasən elektrik qurğularının istismara buraxılışı, xüsusi yaşayış evlərinin elektrik xətləri və elektrik avadanlıqları istisna olmaqla, yalnız sifarişçidə müvafiq elektrotexniki heyətin və elektrik təsərrüfatına cavabdeh şəxsin olduğu halda mümkündür. Xüsusi yaşayış evlərinin elektrik xətlərinin və elektrik avadanlıqlarının texniki vəziyyətinə və düzgün istismarına görə cavabdehlik onun mülkiyyətçisinin üzərinə düşür. Göründüyü kimi, iddiaçı öz evində olan elektrik avadanlıqları (konkret halda soyuducu) və elektrik xətlərinin (hansıki, qısaqapanma cavabdehin evinin naqillərində olmuşdur) düzgün istismarına görə cavabdehliyi özü daşıyır. İddiaçının evində olan elektrik naqilindəki qısaqapanma halı yaşayış evində soyuducunun şəbəkəyə qoşulu qalması nəticəsində baş vermişdir. Beləliklə iddiaçıya zərərin cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulması öz təsdiqini tapmır. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Hazırki halda faktiki hallar iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmır. Buna görə də, kollegiya qətnamənin ləğv edilərək, iddianın təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Kollegiya iddiaçının maddi vəziyyətini nəzərə alaraq, məhkəmə xərclərinin tərkib hissəsi olan 50 manat ekspertiza xərcinin iddiaçıdan tutulması qənaətinə gəlir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatları dəyəri olan 50 manat iddiaçıdan alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli, 2(006)- 377/2019 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı alınıb, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-6077/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6077/2021
08.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver