Məhkəmə qərarları › İş №2(103)-6078/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6078/2024

10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6078/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X1 və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Fərəcullayeva Aysel Elşən qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 31/2024 nömrəli 10 iyun 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 10 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 39 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya istehlak məqsədi ilə 300 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 47600 manat məbləğində kredit verilmişdir. Cavabdeh kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür.

2. Kredit müqaviləsinin təminatı qismində bağlanmış xx.xx.2007-ci il tarixli 22 nömrəli “alqı-satqı və ipoteka” müqaviləsinə görə Cavabdeh ona məxsus ümumi sahəsi 62,83 kv.m olan Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ipoteka ilə yüklü edilmiş və 56000 manat dəyərində qiymətləndirilmişdir.

3. 11 iyun 2007-ci il tarixli kassa məxaric orderinə görə Cavabdeh 56000 manat kredit verilmişdir.

4. 09 iyul 2019-cu il tarixli bildirişlə LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh borcun ödənilməsinə dair xəbərdarlıq edilərək pretenziya göndərilmiş, 08 iyul 2019-cu il tarixə 39817.48 manat məbləğində əsas, 10354.16 manat məbləğində faiz, 235.17 manat məbləğində cərimə olmaqla, cəmi 50406.81 manat məbləğində kredit borcu olduğu göstərilmişdir. Borc öhdəlikləri icra edilmədiyi halda borcun Bakı şəhəri, Nizami rayonu, ünvan 1-ə yönəldilməsi proseduruna başlanılacağı və məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 62136,73 manat, bundan 39817,48 manat əsas, 21798,76 manat faiz, 520,49 manat cərimə borcu və iş üzrə ödənilmiş 262,30 manat dövlət rüsumunun cavabdehdən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə cavabdehə məxsus olan Bakı şəhəri, Nizami rayonu, ünvan 1-də yerləşən 62,83 kv.m sahədən ibarət mənzilə yönəldilməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi belə əsaslandırılmışdır ki, Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.

7. İddiaçının təqdim etdiyi 20 iyun 2022-ci il tarixli maliyyə arayışına görə Cavabdeh 13 iyun 2022-ci il tarixinə 39817,48 manat əsas borcu, 17065,66 manat faiz borcu, 520,49 manat cərimə borcu olmaqla, cəmi 57403,63 manat borcu vardır.

8. “X2 Mərkəzi” MMC-nin 23 yanvar 2023-cü il tarixli yekun hesabat aktından görünür ki, mənzilin bazar dəyəri 94430 manat, likvid dəyəri 89700 manat müəyyən edilmişdir.

9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2024-cü il tarixli, 3-16-16/2-9/445/2024 nömrəli ekspert rəyindən görünür ki, 13 iyun 2022-ci il tarixə əsas borc üzrə 40509,69 manat, faiz borcu üzrə 16193,95 manat müəyyən edilmişdir.

10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 10 iyun 2024-cü il tarixli 2(007)-31/2024 nömrəli qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddia qismən təmin edilmiş, Cavabdeh 39817,48 manat məbləğində əsas, 10354,16 manat məbləğində faiz, 235,17 manat məbləğində cərimə olmaqla, cəmi 50406,81 manat məbləğində kredit borcu, ödənilmiş dövlət rüsumunun 212,78 manatı tutularaq LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 49,52 manatın iddiaçıya aid edilməsi, tutmanın Cavabdeh məxsus olan və banka ipoteka qoyulmuş Bakı şəhəri, Nizami rayonu, ünvan 1-də yerləşən 62,83 kv.m sahədən ibarət mənzilə yönəldilməsi, mənzilin açıq hərrac vasitəsi ilə satılaraq, əldə edilən vəsait hesabına LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan borcun ödənilməsi, mənzilin hərracda ilkin satış qiyməti (likvid dəyəri) 89,700 manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə əldə edilən pul vəsaitindən LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan borc ödənildikdən sonra, artıq pul vəsaiti qaldığı halda, Cavabdeh qaytarılması, hərrac yolu ilə satıldıqdan bir ay sonra Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən mənzilin boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 200 manatın 162,24 manatının Cavabdeh, 37,76 manatının iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, aparılmış qiymətləndirmə tədqiqatının dəyəri olan 200 manatın 162,24 manatının Cavabdeh, 37,76 manatının iddiaçı LPO İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq “X2 Mərkəzi” MMCnin hesabına köçürülməsi qət edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı 09 iyul 2019-cu il tarixdə cavabdehə pretenziya məktubu göndərərkən artıq müqavilədən imtina barədə iradə ifadəsini ona bildirməsi ilə müqaviləyə xitam vermiş sayılır. Bu səbəbdən cavabdehin mənafeyi nəzərə alınaraq 08 iyul 2019-cu il tarixə yaranmış 39817.48 manat məbləğində əsas, 10354.16 manat məbləğində faiz, 235.17 manat məbləğində cərimə olmaqla, cəmi 50406.81 manat borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

12. Məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka yönəldilməlidir. Tərəflər müqavilə ilə müəyyən edilmiş ilkin satış qiyməti ilə razı olmadıqlarından məhkəmənin qərardadı əsasında təyin edilmiş qiymətləndirmə tədqiqatı ilə likvid dəyəri 89700 manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir.

13. Məhkəmə iddia tələbinin ipoteka predmetinin açıq hərracda satıldıqdan sonra əmlakın boşaldılmasına dair hissəsinə qiymət verərək hesab etmişdir ki, həmin hissədə iddia tələbi əsaslıdır və təmin edilməlidir.

14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 319.1, 319.6, 385.1, 421.2, 423.2, 442, 448.1, 739.1, 739.2, “İpoteka haqqında” Qanunun 34.1.1, 34.1.3, 39.3.3, 59.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 107, 119.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi, iddia tələbinin xx.xx.2007-ci il tarixli, 39 saylı Kredit müqaviləsi üzrə 5189 manat faiz borcunun və 235,17 manat məbləğində cərimə məbləğinin tutulması hissəsinin təmin edilməməsi; ipoteka predmeti olan mənzilin hərracda ilkin satış qiymətinin 200.000 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayətində göstərilmişdir ki, kredit müqaviləsinə əsasən əsas kredit vəsaitindən istifadəyə görə faiz borcuna gecikdirilmiş gün və aylara görə cərimə məbləği də əlavə edilmişdir. Məhz bu səbəbdən 39817,48 manat məbləğində əsas borca münasibətdə 10354,16 manat məbləğində faiz məbləği göstərilmidir. Halbuki kredit müqaviləsi üzrə son ödəniş - 2021-2022-ci illər üzrə ödənişlər nəzərə alınmamışdır. Müqavilə üzrə müddətin sonuna (xx.xx.2032) 47600 manat əsas kredit məbləğinə 44349.60 manat faiz məbləği hesablanmalı idi. Mütəxəssis tərəfindən müqavilə üzrə ödənilmiş ödənişlərin əsas və ya faiz borcundan düzgün silinməsi araşdırıldığı halda və yaxud ödəniş qrafiki üzrə ödənilməyən məbləğə görə faiz və cərimə hesablanması ayrılıqda müəyyən edilsəydi öz təsdiqini tapardı. İpoteka predmeti olan mənzilin bazar dəyərinin 89,700 manat məbləğində müəyyən edilməsi inandırıcı deyil və reallığı əks etdirmir. Bu absurd rəyi verən “X2 Mərkəzi” MMC-nin qiymətləndirmə sahəsində geniş təcrübəsi mövcud deyildir. Çünki mülkiyyətində olan daşınmaz əmlakın bazar dəyəri 200.000 manat məbləği təşkil edir. Ehtimal edir ki, tutma yönəldilmiş daşınmaz əmlak baxış keçirilmədən, iddiaçı Bankın mövqeyi üstün tutulmaqla və ya qeyri-prosessual halla, borc tələbinə uyğun olaraq, əmlaka dəyərindən dəfələrlə aşağı qiymət qoyulmuşdur. Bu isə əmlakın əsassız və qanunsuz olaraq mənimsənilməsidir. Hesab edir ki, daşınmaz əmlak Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin mütəxəssisləri tərəfindən qiymətləndirilməlidir. “X2 Mərkəzi” MMC tərəfindən rəy verilən zaman daşınmaz əmlaka ümumiyyətlə baxış keçirməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

18. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

19. Cavabdeh teleqram ünvanlayaraq, məhkəmə iclasına üzrlü səbəbdən gələ bilmədiyindən məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, qeyd edilən hala dair hər hansı sənəd əlavə etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Mülki Məcəllə

20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.

23. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

24. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

25. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

26. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

Mülki Prosessual Məcəllə

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. Qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə - faiz və cərimə borcu, həmçinin ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilməlidir.

34. Cavabdeh apellyasiya şikayətində faiz və cərimə borcunun tutulmasını, həmçinin ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirmişdir.

35. Faiz və cərimə borcuna aid hissədə Kollegiya cavabdehin dəlillərini əsassız hesab edir.

36. Belə ki, iddiaçı tələbində 21798,76 manat faiz, 520,49 manat cərimə borcu tələb etmişdir.

37. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertiza nəticəsində 13 iyun 2022-ci il tarixə faiz borcu 16193,95 manat müəyyən edilmişdir.

38. Bununla belə, göründüyü kimi bank tərəfindən cavabdehə ünvanlanmış 09 iyul 2019cu il tarixli pretenziyada 08 iyul 2019-cu il tarixə 10354.16 manat məbləğində faiz, 235.17 manat cərimə borcu tələb edilmişdir.

39. Birinci instansiya məhkəməsi haqlı olaraq “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərilən mövqeyə əsasən pretenziya məktubuna uyğun olaraq 10354.16 manat məbləğində faiz, 235.17 manat məbləğində cərimə borcu tutmuşdur.

40. Cavabdeh faiz və cərimə borcunun düzgün hesablanmadığını göstərsə də bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, fikrinin ümumi sözlərlə əsaslandırmağa çalışmış, hər hansı bir konkret dəlil göstərməmişdir.

41. Apellyasiya şikayətinin digər dəlilinin yoxlanılması üçün Kollegiyanın xx.xx.2024-ci il tarixli qərardadı ilə qiymətləndirmə təyin edilmişdir.

42. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş qiymətləndirmə hesabatına əsasən Bakı şəhəri, Nizami rayonu, ünvan 1-də yerləşən mənzilin xx.xx.2024-cü il tarixə bazar qiyməti 125,660 manat, likvid dəyəri isə 113,100 manat məbləğində müəyyən olunmuşdur.

43. Qiymətləndirmə hesabatından müəyyən edilir ki, qiymətləndirmə aparılarkən obyektə vizual baxış keçirilmiş, həmçinin müqayisəli tədqiqat aparılmaqla internet saytlarında olan elanlardan istifadə edilmişdir.

44. Beləliklə Kollegiya qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə qətnamə dəyişdirilməli və Bakı şəhəri, Nizami rayonu, ünvan 1-də yerləşən mənzilin ilkin satış qiyməti 113,100 manat müəyyən edilməlidir.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-31/2024 nömrəli iş üzrə 10 iyun 2024-cü il tarixli qətnaməsi ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinə aid hissədə dəyişdirilsin. Bakı şəhəri, Nizami rayonu, ünvan 1-də yerləşən 62,83 kv.m sahədən ibarət mənzilin ilkin satış qiyməti 113,100 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış tədqiqatının dəyərini təşkil edən 500 manat məbləğində pul vəsaitinin 250 manatı İddiaçı ASC-dən, 250 manatı isə Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN:**********; Hesab AZ85ACAB**********000138902; VÖEN:**********; Müxbir hesab:AZ10NABZ**********000005644; Bankın kodu 505000) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar