Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6079/2022 04.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Əhmədiyyə qızına qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsindən istifadəyə yaradılmış maneənin aradan qaldırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu X4 nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Əhmədiyyə qızına qarşı (Bakı şəhəri Binəqədi rayonu X7 və "xxxx" QSC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) torpaq sahəsindən istifadəyə yaradılmış maneənin aradan qaldırılması tələbinə dair 2(001)-81/2022 saylı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri X1 31 oktyabr 2005-ci il tarixli 1644/1 saylı sərəncamına əsasən Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində 400 kv.m boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı qaydasında İddiaçı mülkiyyətinə ayrılmışdır.
2. "xxxx" QSC-nin məktubuna əsasən mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə dəmir yolunun təhkim zolağının eni 21 metr təşkil edir və həmin torpaq sahəsi dəmir yolunun təhkim zolağında yerləşir.
3. Bakı şəhəri Binəqədi rayonu X1 məktubuna əsasən 31 oktyabr 2005-ci il tarixli 1644/1 saylı sərəncamı ilə iddiaçıya ayrılmış 400 kv.m. torpaq sahəsi Binəqədi-Biləcəri şosesinin Binəqədi ərazisinə aid hissəsində Binəqədi-Biləcəri şosesini kəsən dəmir yol körpüsünün Binəqədi qəsəbəsindən Biləsəri istiqamətində gedən yolda dəmiryol körpüsünü keçən anda sağ tərəf hissədə Binəqədi-Biləcəri şosesinin 50 m-lik məsafəsində yerləşir. Həmin torpaq sahəsi dəmiryol xəttinə yaxın olsa da, qeyd olunan dəmiryol xətti yer səthindən 8-10 m hündürlükdən keçdiyindən, həmçinin ayrılmış torpaq sahəsi ilə dəmiryol xətti arasında 6-8 m eni olan avtomobil yolu, eyni zamanda avtomobil yolu ilə dəmiryol xətti arasında dəmir kollektor, 500 mm həcmli su və qaz xətləri keçir. Ərazi DSK massivi adlanır. Qeyd edilən ərazidə iddiaçıya aid torpaq sahəsindən başqa ətraf ərazilərdə şəxsi evlər tikilmişdir. Bu sahənin dəmiryol xəttinə aid edilməsi yanlışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Əhmədiyyə qızının adına Bakı şəhəri Binəqədi rayonu X2 bu və ya digər formada hər hansı sənədləşmə aparılmamışdır.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Əhmədiyyə qızı tərəfindən Bakı şəhəri X1 31 oktyabr 2005-ci il tarixli 1644/1 saylı sərəncamı ilə onun sahibliyinə və istifadəsinə verilmiş 400 kv.m torpaq sahəsindən sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsində ilə baxılarkən məhkəmənin təşəbbüsü ilə Bakı şəhəri X7 və "xxxx" QSC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.
6. İddia tələbinin əsasları ondan ibarət olmuşdur ki, Bakı şəhəri Binəqədi rayonu X4 31 oktyabr 2005-ci il tarixli 1644/1 saylı sərəncamı ilə Bakı şəhəri Binəqədi rayonu X1 ərazi hüdudları daxilində 400 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilmişdir. Mütəxəssis tərəfindən torpaq sahəsinin eskizi tərtib edilməklə təsdiq edilmişdir. Lakin iddiaçı hazırda ona məxsus olan həmin torpaq sahəsindən istifadə edə bilmir. Belə ki, cavabdehlər hər hansı əsas olmadan iddiaçıya həmin torpaq sahəsindən istifadə etməyə imkan vermirlər. Halbuki qeyd edilən torpaq sahəsinin sahibi məhz iddiaçıdır. Bu səbəbdən torpaq sahəsindən istifadə və ona sahiblik etməklə bağlı cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır.
7. Birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 mart 2021-ci il tarixli 10/811 saylı rəyinə əsasən Bakı şəhəri Binəqədi rayonu X1 31 oktyabr 2005-ci il tarixli sərəncamı ilə iddiaçıya verilmiş 400 kv.m. torpaq sahəsinin yerləşmə sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilmədiyindən, həmin şəxsə ayrılmış torpaq sahəsini də müəyyən etmək mümkün olmur. Bu səbəbdən torpaq sahəsinin hansı bələdiyyə ərazisinin hüdudları daxilində yerləşməsini də müəyyən etmək olmur. İddiaçıya verilmiş torpaq sahəsinin yerləşmə sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilmədiyindən, Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin 19 dekabr 1997-ci il tarixli qərarı ilə X5 verilmiş torpaq sahəsinin sərəncamı və yerləşmə sxemi təqdim edilmədiyindən, iddiaçıya verilmiş torpaq sahəsi ilə Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin 19 dekabr 1997-ci il tarixli qərarı ilə X5 verilmiş torpaq sahələrinin biri digərinə münasibətdə hansı qaydada yerləşməsini də müəyyən etmək mümkün olmur. Ölçülən mübahisəli torpaq sahəsinin faktiki ölçüsü 407 kv.m. təşkil edir.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli 2(001)-81/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Fuad Abdıyev)
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının hazırda mübahisələndirdiyi torpaq sahəsinin məhz Bakı şəhəri Binəqədi rayonu X1 31 oktyabr 2005-ci il tarixli sərəncamı ilə iddiaçıya verilmiş torpaq sahəsi olması müəyyən edilmir. Hüquqi nəticə etibarı ilə mövcud vəziyyətdə iddiaçı ona aid olmayan torpaq sahəsini mübahisələndirir. Məhkəmə hesab etmişdir ki, mövcud vəziyyətdə (yəni iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin Bakı şəhəri Binəqədi rayonu X1 31 oktyabr 2005-ci il tarixli 1644/1 saylı Sərəncamında göstərilən torpaq sahəsi olması sübuta yetirilmədiyindən) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Əhmədiyyə qızına qarşı hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyil.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 152.2-ci, 152.3-cü, 152.5-ci, 157.4-cü maddələrinə, eləcə də Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı, 67-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarına, “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Prenum Qərarına, “Eyrenin İrlandiyaya qarşı” iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci, 5.1-ci, 14.2-ci, 77.1-ci, 119.1-ci və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul ediməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisəli torpaq sahəsinin Binəqədi rayonu X1 31 oktyabr 2005-ci il tarixli 1644/1 saylı sərəncamı ilə ona ayrılmasını, cavabdehlərin isə həmin torpaq sahəsinə hər hansı hüquqlarının olmamasını nəzərə almamış, təqdim edilmiş sübutları düzgün araşdırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
15. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri X4 nümayəndəsi X6 izahatında iddiaçının haqlı olduğunu, mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olduğunu, cavabdehlərin həmin torpaq sahəsinə hər hansı hüquqlarının olmadığını bildirərək məhkəmədən şikayətin təmin olunmasını xahiş etdi.
16. Cavabdehlər və digər müstəqil tələblər irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər.
17. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehlərin və digər müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən maddi hüquq normaları
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
19. Həmin Məcəllənin 152.2-ci maddəsinə sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
20. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
21. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
22. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
23. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin birinci hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
24. Həmin Məcəllənin 66-cı maddənin 2-ci hissəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
25. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
26. Həmin Məcəllənin 67-ci maddəsinin 3-cü hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
27. Həmin Məcəllənin 67-ci maddəsinin 4-cü hissəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
30. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Belə ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının hazırda mübahisələndirdiyi torpaq sahəsinin məhz Bakı şəhəri Binəqədi rayonu X1 31 oktyabr 2005-ci il tarixli Sərəncamı ilə iddiaçıya verilmiş torpaq sahəsi olması müəyyən edilmir. Hüquqi nəticə etibarı ilə mövcud vəziyyətdə iddiaçı ona aid olmayan torpaq sahəsini mübahisələndirir.
34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
35. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; birinci instansiya məhkəməsi baxışı zamanı ekspertiza tədqiqatı keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 mart 2021-ci il tarixli 10/811 saylı rəyinə əsasən Bakı şəhəri Binəqədi rayonu X1 31 oktyabr 2005-ci il tarixli Sərəncamı ilə iddiaçıya verilmiş 400 kv.m. torpaq sahəsinin yerləşmə sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilmədiyindən, həmin şəxsə ayrılmış torpaq sahəsini də müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məhkəmənin sorğusuna verdiyi cavab məktubundan görünür ki, sözügedən ərazidə dəmir yolunun təhkim zolağının eni 21 metr təşkil edir və məhkəmə mübahisəsinin predmetini təşkil edən torpaq sahəsi dəmir yolunun təhkim zolağında yerləşir.
36. Göründüyü kimi iş materialları, işdə olan ekspert rəyi ilə iddiaçının hazırda mübahisələndirdiyi torpaq sahəsinin məhz Bakı şəhəri Binəqədi rayonu X1 31 oktyabr 2005-ci il tarixli Sərəncamı ilə iddiaçıya verilmiş torpaq sahəsi olması müəyyən edilmir, belə olan halda isə onun cavabdehə qarşı hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 nümayəndəsi izahatında mübahisəli torpaq sahəsinin məhz iddiaçıya ayrılmış torpaq sahəsi olmasını bildirsə də, ayrılmış torpaq sahəsinin məhz həmin torpaq sahəsi olması iş materialları ilə sübuta yetirilməmişdir.
37. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
38. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
39. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-81/2022 saylı mülki iş üzrə 23 may 2022-ci il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.