Məhkəmə qərarları › İş №2(103)-608/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-608/2020

02.03.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-608/2020 02.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Əzizov Sahib Ədalət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun müdafiəsi, qeyri-yaşayış sahəsindən məcburi çıxarılma və pul tələbi”nə dair Bakı şəhəri Yasamal rayon Мəhkəməsinin 2(004)- 207/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun müdafiəsi, qeyri-yaşayış sahəsindən məcburi çıxarılma və pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabbeh X6 üzərinə ona məxsus olan Yasamal rayonu, Təbriz Xəlilbəyli küçəsi 9 ünvanında yerləşən 15.8 kv.m qeyri-yaşayış sahəsini boşaltmaq, qeyri-yaşayış sahəsinin ona qaytarmaq vəzifəsi qoyulmaqla cavabdeh və həmin sahədə qanunsuz yerləşdirilmiş digər şəxslər qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılması, cavabdehdən ona məxsus olan Yasamal rayonu, Təbriz Xəlilbəyli küçəsi 9 ünvanında yerləşən 15.8 kv.m qeyri yaşayış zirzəmi sahəsindən onun qanunsuz zəbt edərək istifadə etməsi həmin sahədən çıxmaması nəticəsində vurulmuş zərər qismində 61800 manat pul vəsaitinin tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Proses gedişatında iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddia tələbinə dəqiqləşdirmə verərək, dəymiş zərərin müddətinin xx xxxxxx 2012-ci ildən xx xxxx 2019-cu il tarixədək, yəni 91 ay üçün, məbləğini isə 87 700 manat müəyyən edərək, cavabdehdən tutulmasını və həmçinin cavabdeh X6 üzərinə mülkiyyətində olan Yasamal r-nu, T.Xəlilbəyli küçəsi-9 ünvanda yerləşən 15,8 m2 qeyriyaşayış zirzəmi sahəsini boşaltmaq, həmin sahəni ona qaytarmaq vəzifəsi qoyulmaqla cavabdehin və həmin sahədə qanunsuz olaraq, yerləşdirilmiş digər şəxslərin adı çəkilən qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılması tələbini irəli sürmüşdür. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Yasamal rayonu, Təbriz Xəlibəyli küçəsi 9 ünvanında zirzəmi hissədə yerləşən 15,8 m2 sahəsi olan yaşayış sahəsi xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi və xx.xx.2012-ci il tarixli RX seriyalı ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin sahə Cavabdeh qeydiyatda olduğu və faktik yaşadığı Yasamal rayonu, Təbriz Xəlilbəyli küçəsi ev 9 ünvanının zirzəmi hissəsidir. Adı çəkilən sahə onun tərəfindən 2012ci ilin yanvar ayından etibarən qanunusuz olaraq zəbt edilmiş, qanunsuz olaraq kənar şəxslərə icarəyə verildiyi üçün göstərilən qeyri-yaşayış sahəsini aldığı xx.xx.2012-ci ildən etibarən o, özünə məxsus olan qeyri-sahəsindən istifadə edə bilmir və mülkiyyət hüququnu həyata keçirə bilmir. Ona məxsus qeyri-yaşayış sahəsini boşaltmağa dair o, dəfələrlə cavabdehə xəbərdarlıq etməyinə baxmayaraq, buna məhəl qoymamış və sahəni hal-hazıradək zəbt etməkdə davam edir. Sonuncu dəfə o, xx.xx.2018-ci il tarixdə o, cavabdehə mülkiyyətimdə olan sahənin 3 gün boşaldılması ilə əlaqədar yazılı xəbərdarlıq etməyinə baxmayaraq, bunun əhəmiyyəti olmamış, sahə boşaldılmamış, cavabdeh qanunsuz əməllərinə son qoymamışdır. Ona məxsus olan qeyri-yaşayış sahəsi Cavabdeh qeydiyatda olduğu və faktik yaşadığı Yasamal rayonu, Təbriz Xəlilbəyli küçəsi ev 9 ünvanının zirzəmi hissəsi olduğu üçün o, bu şəraitdən sui-istifadə edərək, mütəmadi olaraq, həmin sahəni ayrı-ayrı şəxslərə qanunsuz icarəyə verir və da külli miqdarda gəlir əldə edərək sahədən faydalanır. Əslində həmin qeyri-yaşayış sahəsindən əldə edilən gəlir ona məxsus olmalı, gəlir və bəhərindən o faydalanmalıdır. Cavabdeh isə uzun müddət ərzində onu bu imkanlardan məhrum etmişdir. Bundan başqa, onun təşəbbüsüylə vəkilli və nümayəndəsi Ə.Qafarov tərəfindən daşınmaz əmlakın qimyətləndirilməsi sahəsində nüfuzlu qurumlardan biri olan “X5” İctimai Birliyinə mülkiyyətində olan Yasamal rayonu, Təbiz Xəlilbəyli küçəsi-9 ünvanda yerləşən 15,8 m2 qeyri-yaşayış zirzəmi sahəsinin xx.xx.2012-ci il (yəni, alqı-satqı tarixindən) tarixdən xx.xx.2019-cu il tarixədək aylıq icarə haqqı məbləğinin dəqiq müəyyən edilməsindən ötrü sorğu verilmiş və qiymətləndirmə şirkəti tərəfindən müvafiq qiymətləndirmə sənədi təqdim edilmişdir. “X5” İctimai Birliyi tərəfindən təqdim edilmiş xx xxxxxx 2019-cu il tarixli, 44/08-19/A-04 saylı «Daşınmaz Əmlakın aylıq icarə haqqının müəyyən eidlməsi» haqqında arayışına əsasən Yasamal rayonu,Təbriz Xəlilbəyli küçəsi ev 9 ünvanda Mərkəzi Univermağın arxa hissəsində yerləşən sahəsi 15,8 m2 olan qeyri-yaşayış zirzəmi sahəsinin xx xxxxxx 2012-ci il tarixdən xx xxxx 2019-cu il tarixinə olan illər üzrə aylıq icarə haqqı xx xxxxxx 2019-cu il tarixinə aşağıdaki kimi müəyyən edilmişdir: 1) 2012-2013-cü illər üzrə : 1000-1200 manat, orta qiymət 1100 manat; 2) 2014-2015-ci illər üzrə : ***-**** manat, orta qiymət 1000 manat; 3) 2016-2017-2018-ci illər üzrə: ***-**** manat, orta qiymət 900 manat. 4) xx.xx.2019- cu il tarixinə kimi: 600-800 manat, orta qiymət 700 manat. Beləliklə, Qiymətləndirmə şirkətinin verdiyi və icarə haqqı məbləği üzrə həmin dövrlərin real qiymətlərini əks etdirən sənədinə əsasən alqı-satqı müqaviləsinin bağlandığı xx.xx.2012-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək 91 ay müddətin keçməsini nəzərə alaraq, hesab edir ki, dəymiş ziyan məbləği 91 ay müddəti üçün hesablanmalıdır. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-207/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən, sahəsi 15.8 kv.m olan qeyri-yaşayış sahəsi boşaldılaraq, Cavabdeh və digər şəxslərin həmin qeyri-yaşayış sahəsindən çıxarılması və ünvan 1 ünvanında yerləşən, sahəsi 15.8 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi, Cavabdeh maddi ziyan olaraq, 87700 (səksən yeddi min yeddi yüz) manat məbləğində pulun tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sözügedən əmlak onun iddiaçıya olan borcunun təminatı kimi iddiaçıya girov kimi verilmiş və buna görə də onunla iddiaçı arasında həmin əmlaka dair alqı-satqı müqaviləsi bağlanmışdır. Hazırda iddiaçı əmlakın harada yerləşdiyini bilmir və onun maddi zərər kimi hesabladığı məbləğ həqiqətə uyğun deyildir. Belə ki, sözügedən ərazidə kirayə haqqı maksimum 200 manat təşkil edir. Həmçinin sözügedən əmlak hazırda başqa şəxsin mülkiyyətindədir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisəli əmlakın hazırda nə ona, nə də iddiaçıya aidiyyəti var. Belə ki, əmlakın iddiaçıya satılması barədə alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Əvvəlki məhkəmə iclasında işitirak edən iddiaçının nümayəndəsi və vəkili Əzizağa Qafarov isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda cavabdehin şikayəti qətnamənin ləğvinə yönəldiyindən, kollegiya qətnamənin qanuniliyini və əsaslılığını tam yoxlayır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarından göründüyü kimi, həmin qeyri-yaşayış sahəsi xx xxxxxx 2012-ci il tarixdə İddiaçı tərəfindən alqı-satqı yolu ilə əldə edilmişdir. Buna baxmayaraq, mübahisəli mənzil bu günə qədər cavabdehin qanunsuz istifadəsindədir. İş materiallarına əlavə edilmiş “X5” İctimai Birliyi tərəfindən verilmiş “Daşınmaz əmlakın aylıq icarə haqqının müəyyən edilməsi barədə” arayışdan görünür ki, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin xx xxxxxx 2012-ci il tarixdən xx xxxx 2019-cu tarixinə olan illər üzrə aylıq icarə haqqı xx xxxxxx 2019-cu il tarixinə aşağıdaki kimi müəyyən edilmişdir: 1) 2012-2013-cü illər üzrə : 1000-1200 manat, orta qiymət 1100 manat; 2) 2014-2015-ci illər üzrə : ***-**** manat, orta qiymət 1000 manat; 3) 2016-2017- 2018-ci illər üzrə: ***-**** manat, orta qiymət 900 manat; 4) xx.xx.2019-cu il tarixinə kimi: 600-800 manat, orta qiymət 700 manat. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respbulikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilmiş xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli məktublardan və məktublara əlavə edilmiş sənədlərdən aydın olur ki, Bakı şəhəri, Yasamal rayonu, Təbriz küçəsi, 9 saylı ünvanda yerləşən 15.8 kv.m olan qeyri-yaşayış sahəsi 9 saylı NK-nın xx.xx.2012-ci il tarixli 4Ə-1/02 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına qeydiyyatdan keçmişdir; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-604/2016 nömrəli qətnaməsinə əsasən X3 ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir və sözügedən qeyri-yaşayış sahəsinin 1/2 hissəsi X1 və 1/2 hissəsi X2 adlarına qeydiyyatdan keçmişdir; 51 saylı NK-nın xx.xx.2018-ci il tarixli 4Ə-538 və 4Ə-537 reyestr nömrəli alqı-satqı müqavilələrinə əsasən tam payında X4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Göründüyü kimi X3 ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən iddiaçı mübahisəli əmlakın mülkiyyətiçisi olmamış və hazırki iddia tələbini irəli sürməkdə hüququ yaranmamışdır. Kollegiya onu da qeyd edir ki, hazırki iddia tələbi ilə yalnız əmlakın mülkiyyətçisi məhkəməyə müraciət edə bilər. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının müqavilənin etibarsız hesab edilməsindən xəbəri olmasa və hazırki iddia tələbini irəli sürməkdə hüququ olmuş olsa idi belə, hazırkı icraat çərçivəsində iddiaçının iddia tələbinin təmin (tam və ya qismən) mümkün deyildir; çünkü apellyasiya baxışı zamanı sözügedən əmlaka dair alqı-satqı müqaviləsinin iddiaçı ilə hazırki cavabdeh arasında deyil, X8 adlı şəxs arasında bağlandığı müəyyən edilmişdir. Bu o deməkdir ki, irəli sürdüyü iddia tələbinə münasibətdə iddiaçı məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən və iddiaçı cavabdehin əvəz edilməsi üçün heç bir təşəbbüs göstərmədiyindən təmin edilə bilməz; iddianın əsaslılığı məsələsinə isə, iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə müvafiq məhkəmə qərar verə bilər. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Həmçinin qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Həmin Məcəllənin 54-cü maddəsinə görə isə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Göstərilən maddi hüquq normalarının hazırki mübahisəyə tətbiqi nəticəsində müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir. Odur ki, MPM-nin 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan Məhkəmə hesab edir ki, qətnamə ləğv edilməli və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 384, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-207/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun müdafiəsi, qeyri-yaşayış sahəsindən məcburi çıxarılma və pul tələbi”nə dair iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Şeyda Məhərrəmova Hakimlər: Məmməd Məmmədov Elşad Şamayev Əsli ilə düzdür: Hakim: Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar